Əfəndi İsmiyev: “Biz hər bir obyekti monoton bir tikili yox, gözoxşayan bir abidə və sənət əsəri kimi görmək istəyirik”

Avro-Asiya İnşaat Korporasiyası “EVRASCON” Açıq Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının sədri, Respublikanın Əməkdar Mühəndisi Əfəndi Hacımurad oğlu İsmiyevlə müsahibə 

Onun keçdiyi ömür yolu bu gün nəinki Avro-Asiya İnşaat Korporasiyası “EVRASCON” Açıq Səhmdar Cəmiyyətinin kollektivinin, eləcə də ölkənin tikinti sahəsində çalışan bütün inşaatçıların hər biri üçün əsil nümunə və örnək ola bilər.

Bu son illərdə “EVRASCON” Açıq Səhmdar Cəmiyyətində, respublikamızda və onun hüdudlarından kənarda Əfəndi müəllimin rəhbərliyi altında çox böyük işlər görülüb. Əfəndi müəllim ancaq özünə məxsus olan xüsusi rəhbərliketmə və idarəçilik prinsipləri ilə, fərdi yanaşmasıyla rəhbərlə işçi arasında dost kimi, təcrübəli mütəxəssis və səriştəli rəhbər kimi gözəl işgüzar münasibətlər qura bilmişdir.

Görülən işlər o qədər çoxdur ki, onları sadalamaq üçün bir neçə qəzet səhifəsi də bəs etməz. Ancaq şirkətin 50 illik yubiley ilində bəzilərini yada salmaq pis olmazdı.

Bunun üçün “EVRASCON” Açıq Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının sədri Əfəndi İsmiyevlə görüşüb söhbətləşməyi lazım bildik. Aşağıda hörmətli Sədrlə geniş müsahibəni “İnşaatçı” qəzetinin dəyərli oxucularına təqdim edirik:

Ömrün anları

İsmayıl Əfəndi Hacımurad oğlu İsmiyev 10 fevral 1955-ci ildə Rusiya Federasiyasının Dağıstan Respublikası Rutul rayonunun İxrek kəndində anadan olub. 1978-ci ildə Saratov Politexnik İnstitutunun körpü və tunellər fakültəsini bitirib. SSRİ Nəqliyyat Tikintisi Nazirliyinin Yaroslavl şəhərindəki 6 nömrəli tikinti dəstəsində baş mühəndis işləyib.

1985-ci ildən Bakı şəhərindəki 100 nömrəli Körpü-Tikinti Dəstəsinin baş mühəndisi, 1994-cü ildən isə rəisi vəzifəsində çalışıb. 1997-ci ildən “Azərkörpü” Açıq Səhmdar Cəmiyyətinin sədridir.

2013-cü ildə “Azərkörpü” Açıq Səhmdar Cəmiyyəti öz adını Avro-Asiya İnşaat Korporasiyası “EVRASCON” adı ilə əvəz edib.

Hazırkı vaxtda Əfəndi İsmiyev Avro-Asiya İnşaat Korporasiyası “EVRASCON” ASC-nin Direktorlar Şurasının sədridir.

Əfəndi İsmiyev respublikada peşəkar mühəndis, bacarıqlı təşkilatçı rəhbər kimi tanınır və qəbul edilir. O, ötən illər ərzində Səhmdar Cəmiyyətə savadlı kadrlar toplamış, şirkətin material-texniki bazasını genişləndirmiş, peşəkar rəhbərlik və işçi qüvvəsindən ibarət komanda formalaşdırmış, şirkəti tikinti istehsalatının bütün sahələrində fəaliyyət göstərə bilən peşəkar və işlək bir quruma çevirmişdir.

Avro-Asiya İnşaat Korporasiyası “EVRASCON” ASC -ninn sədri Əfəndi İsmiyev tikinti fəaliyyəti sahəsində qazandığı böyük uğurlara görə 2006, 2007, 2008-cı illərdə MDB dövlətləri üzrə keçirilən II, III və IV Beynəlxalq Dövlətlərarası Müsabiqələrin “Ən yaxşı tikinti rəhbəri” sertifikatına layiq görülmüşdür.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 09 aprel 2010-cu il tarixli 843 saylı Sərəncamı ilə Azərbaycan Respublikasının tikinti kompleksinin inkişafındakı xidmətlərinə görə o “Əməkdar Mühəndis” fəxri adına layiq görülmüşdür.

Əfəndi İsmiyev həm də Dağıstan Respublikasının əməkdar inşaatçısıdır (2007-ci il). Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Büllur mükafatı və medal (2005-ci il), “İqtisadiyyat və biznes” sahəsində “İşgüzarlıq təcrübəsi” nominasiyası üzrə milli mükafat (2007-ci il), Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 5 illik yubiley medalı (2010-cu il), Ukrayna Nazirlər Kabinetinin Fəxri diplomu və medalı (2010-cu il), Hacı Zeynalabdin Tağıyev Adına Fəxri diplom və medal, Mətbuatın Dostu medalı (Xəzər İnformasiya Agentliyinin təqdim etdiyi), Beynəlxalq Tunelçilər İttifaqının Sertifikatı (2012-ci il), Azərbaycan Ziyalısı – Fəxri Diplom (2015-ci il), Əkinçi Mətbuat Cəmiyyətinin təqdim etdiyi Azərbaycan mətbuatının yaradıcısı Həsən Bəy Zərdabi adına medal və sair digər təltiflər son illərdə Əfəndi İsmiyevin respublikanın tikinti-quruculuq prosesindəki səmərəli fəaliyyətinə və ölkənin ictimai-siyasi həyatında tutduğu fəal vətəndaşlıq mövqeyinə görə təqdim olunmuşdur.

Əfəndi İsmiyev artıq iki ildir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəqliyyat fakültəsinin Dövlət Attestasiya Komissiyasının sədridir.

Əfəndi İsmiyev ölkə tikintisində son 25-30 il ərzindəki fəaliyyəti ilə özünü təsdiq etmiş qabaqcıl və bacarıqlı inşaat mühəndislərindən biridir.

Ailəlidir, 3 övladı, 7 nəvəsi vardır.

Bu gün tikinti kompleksinin ən nüfuzlu inşaat qurumlarından biri səviyyəsinə çatmış Avro-Asiya İnşaat Korporasiyası “EVRASCON” ASC-nin bütün fəaliyyəti və qazanılan nailiyyətlər demək olar bütövlükdə Əfəndi İsmiyevin adı ilə bağlıdır. Şirkətdə çalışan bütün əməkdaşlarını ailəsinin bir üzvü kimi dəyərləndirən rəhbər kollektivdə çalışan işçilər üçün ən əziz, sevimli, qayğıkeş və doğma insandır.

Onun bütün uğurlarının təməlində də məhz onun insanlığı, əməksevərliyi, işinə vicdanla yanaşması, vətənpərvərliyi dayanır.

– Sizi “İnşaatçı” qəzetinin yaradıcı kollektivi, təəssübkeşləri və bütövlükdə isə ölkənin çoxminli tikinti kompleksi işçiləri – layihəçi-memar-konstruktor və inşaatçılar ordusu adından salamlayırıq.

– Çox sağ olun, mən də sizi və bütün tikinti kompleksi işçilərini – həmkarlarımızı səmimiyyətlə salamlayır və işinizdə uğurlar arzulayıram.

– Gəlin, yaşanmış maraqlı ömrünüzün yaxın və uzaq dünənini və keşməkeşli fəaliyyət illərinizi birlikdə vərəqləyək. Əgər etiraz etməsəniz

– Buyurun.

– Elə isə başlayaq. “EVRASCON” ASC körpülər, avtomobil yolları, tunellər, hidrotexniki və meliorasiya qurğuları, energetika obyektləri, limanların tikintisində, neft sahəsinin tikintiləri, sənaye-mülki tikinti, svay özülləri və dərin özüllərin tikintisi, metal konstruksiyaların istehsalı və quraşdırılması sahəsində ixtisaslaşmış korporasiyadır.

Və Siz Azərbaycanda fəaliyyətinizə 1985-ci ildə 100 saylı Körpü-Tikinti Dəstəsinin baş mühəndisi vəzifəsində başlamaqla 1997-ci ildən “Azərkörpü” Açıq Səhmdar Cəmiyyətinin sədrisiniz. Hazırkı vaxtda Siz Avro-Asiya İnşaat Korporasiyası “EVRASCON” ASC-nin Direktorlar Şurasının sədrisiniz. Bu il Sizin “EVRASCON” ASC-yə rəhbərlik etməyə başladığınız vaxtdan 20 il keçir. 20 il az zaman deyil. Bu günkü söhbətimizdə son 20 ildə Sizin rəhbərliyiniz altında görülən böyük işlərdən bəhs edəcəyik.

İşləriniz necə gedir, Əfəndi müəllim? Bu 20 ildə görmək istədiyiniz işlərdən hansıları reallaşdıra bilmisiniz? Respublikamızın inkişafındakı rolunuzu Səhmdar Cəmiyyətin sədri kimi necə qiymətləndirirsiniz?

– Bu gün, Azərbaycanın nəhəng inşaat meydançasını xatırlatdığı bir dövrdə, çoxsahəli ixtisaslaşmaya malik olan Avro-Asiya İnşaat Korporasiyası “EVRASCON” ölkədə genişmiqyaslı tikinti işlərində bilavasitə iştirak edən ən böyük şirkətlərdən biridir. Avro-Asiya İnşaat Korporasiyası “EVRASCON”-un tarixi ölkəmizin regionlarının inkişafı ilə və nəqliyyat və hidrotexniki tikintilərin dayaq şəbəkəsinin tikintisi ilə çox sıx bağlıdır.

Azərbaycanda fəaliyyət göstərən çoxsahəli şirkətlərdən biri olaraq “EVRASCON” korporasiyası ölkənin çox sürətli inkişafına öz töhfələrini verərək iqtisadiyyatın müxtəlif sahələrində bir sıra əhəmiyyətli layihələr həyata keçirir.

Ötən illər ərzində “EVRASCON” Korporasiyasının kollektivi “Bakı-Tbilisi-Ceyhan” neft kəməri, “Bakı-Supsa” qaz kəməri, Xəzər hövzəsində liman və yanalma körpülərinin (Aktau-Qazaxıstan, Bakı-Azərbaycan), Ukraynada Kiyev-Çop avtomobil yolunun 322-348 km sahəsinin tikintisi layihələrinin reallaşmasında aktiv iştirak etmiş, Bakı-Samur avtomobil yolunun 28-45 km sahəsində çoxsaylı körpü və yol ötürücülərinin, Bakı-Şamaxı avtomobil yolunda körpülərin və yeraltı keçidlərin, Tovuz dolama yolunda Tovuz çayı üzərində orijinal konstruksiyalı körpünün tikintisini və digər çoxlu sayda böyük layihələri reallaşdırmışdır.

Bakı-Ələt a/yolunun 55 km-də Kür çayı üzərindən böyük körpünün tikintisi (Salyan şəhəri), M6 Hacıqabul-Horadiz avtomobil yolunda Kür çayı üzərindən körpünün tikintisi (Şirvan şəhəri), Araz çayının yeni qolunun 0÷5,0km hissəsinin tikintisi, Bakı, Sumqayıt şəhərləri və Abşeron yarımadasının su təchizatı üçün strateji əhəmiyyət kəsb edən Samur-Abşeron kanalı suvarma sisteminin yenidən qurulması layihəsi çərçivəsində “Taxtakörpü” su anbarının, uzunluğu 30 km olan “Vəlvələçay-Taxtakörpü” kanalının və uzunluğu 110 km olan “Taxtakörpü-Ceyranbatan” kanalının tikintiləri, Tovuzçay bəndinin tikintisi, Poylu stansiyasında Kür çayı üzərindən dəmir yolu körpü keçidinin tikintisi, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin 1-ci hissəsinin tikintisi, “Avtovağzal” metro stansiyasında start kamerasının tikintisi, “Avtovağzal-Memar Əcəmi-2” metro keçid tunelinin qolunun tikintisi, Bakı metropoliteninin “Əcəmi-2” stansiyası üçün “qruntda divar” üsulu ilə divarların tikintisi, “Əcəmi-2”-“B-3” stansiyaları arası tunelin qolunun, “B-3” və “B-4” stansiyaları arası tunelin qolunun tikintisi, “V-4” stansiyasının diafraqma divarlarının və start kamerasının tikintisi, Nobel prospektində E-15 metro stansiyası start kamerasının tikintisi, Kazan şəhərində (Rusiya) “Leninskaya” bəndinin bir hissəsinin yenidən qurulması və Kazanka çayı üzərində körpünün tikintisi, M-07 Kiyev-Kovel-Yaqodin avtomobil yolunun km 30+600 – km 64+000 hissəsinin əsaslı təmiri, M-06 Kiyev-Çop (Ukraynanın Kiyev vilayəti) avtomobil yolunun 21 km-də müxtəlif səviyyəli nəqliyyat qovşağının tikintisi, “RF sərhədi (Samaraya) – Şimkənd” (Qazaxstan) respublika əhəmiyyətli avtomobil yolunun km 2231-674 və km 1807-1837 hissələrinin yenidən qurulması, “20 Yanvar” metrosu dairəsində böyük yolötürücünün, metronun “Koroğlu” stansiyası rayonunda, Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişdiyi yerdə nəhəng yol qovşağının tikintisi, Bakı şəhərinin H. Seyidbəyli küçəsində böyük yaşayış kompleksi, Pirallahı adası ilə Abşeron yarımadasını birləşdirən uzunluğu 410, eni isə 14 metr olan yeni körpü, Şəki rayonunda Kiş çayı üzərində yeni körpü və sair tikintilər “Evrascon” ASC-nin son böyük layihələridir.

Hazırkı vaxtda “EVRASCON” ASC-nin inşaatçıları respublikamızın ərazisində və onun hüdudlarından kənarda bir sıra infrastruktur layihələri üzərində işlərini uğurla davam etdirirlər.

– Bu gün paytaxtımıza səfər edən əksər qonaqlar Bakı şəhərinin simasının çox dəyişdiyini və tanınmaz dərəcədə gözəlləşdiyini heyranlıqla qeyd edirlər. Bu gözəlliyin yaradılmasında Avro-Asiya İnşaat Korporasiyası “EVRASCON” ASC-nin kollektivinin rolunu necə xarakterizə edərdiniz?

– Deyə bilərəm ki, şirkətimiz bu prosesdə rolu olan aparıcı inşaat qurumlarından biridir. H.Əliyev hava limanından şəhərə giriş qapısında, “Koroğlu” metro stansiyası yaxınlığındakı nəqliyyat yol qovşağında inşa etdiyimiz incə və eyni zamanda əzəmətli yolötürücüləri (2012-ci il) artıq paytaxtımızın yeni simvolları (Heydər Əliyev Mərkəzi, “Bakı Alov Qüllələri”, “Bayraq Meydanı”) arasında öz layiqli yerini tutub.

Tikintisində iştirak etdiyimiz “Avtovağzal” metro stansiyası, “Avtovağzal-Memar Əcəmi-2” metro keçid tuneli, “Əcəmi-2” metro stansiyası, “Exselsior” mehmanxanası dairəsində dəmir yolu körpüsü, “20 Yanvar” metrosu dairəsində böyük yolötürücü, Bakı şəhərinin H. Seyidbəyli küçəsində “Gumush Residence” çoxmərtəbəli yaşayış binaları kompleksi, paytaxtın bir sıra ünvanlarında gözəl memarlıq nümunələri olan bir neçə 12 və 16 mərtəbəli yaşayış binaları şirkətimizin Bakının gözəlləşməsinə verdiyi töhfələrdəndir. “Evrascon” ASC həmçinin Dənizkənarı bulvarda “Biznes Mərkəzi”nin, Bulvar istirahət zonasında “Bayraq qülləsi”nin tikintisində iştrak etmiş, Heydər Əliyev Mərkəzinin tikintisində svay işlərini, Bayıl qəsəbəsində sürüşmə zonasında yamacbərkitmə işlərini həyata keçirmişdir.

– Tikintinin bütün istiqamətləri üzrə bütün zamanlarda istedadlı mütəxəssislərə ehtiyac duyulub və bu gün də duyulur. Siz mütəxəssis çatışmazlığının yerini necə doldurursunuz?

Şirkətimizdə kadr potensialı hər zaman diqqət mərkəzində olub, deyim ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin 4 və 5-ci kurslarında oxuyan tələbələr hər il bizim şirkətdə təcrübə keçirlər. Onlar həm tikintidə, həm zavodda, həm də layihələndirmə istiqamətində təcrübə keçirlər. Onların arasında fərqlənən, daha istedadlı tələbələri universiteti bitirdikdən sonra biz şirkətimizə işə qəbul edirik və onlar təcrübəli işçilərimizin nəzarəti altında yetişib formalaşır, şirkətdə özlərini təsdiq edirlər. Biz uzun müddətdir ki, bu praktikadan istifadə edirik. Ona görə də bizdə kadr çatışmazlığı yoxdur və heç zaman olmayıb. Çünki kadr məsələsi hər zaman əsas diqqət yetirdiyimiz sahə olub.

Həmçinin, Universitetlə şirkətimiz arasında işgüzar əlaqələr yaradılıb. Biz onların təşkil etdiyi elmi-texniki konfranslarda mütəmadi iştirak edirik. Bilirsiniz ki, universitetlərdə dərs deyən müəllimlər hər 5 ildən bir ixtisasartırma kursu keçirlər. Artıq “EVRASCON” ASC-də bütün şərait yaradılıb ki, həmin müəllimlər lazım gəldikdə burada ixtisasartırma kursu keçə bilsinlər. Bundan əlavə, biz universitetə əyani vəsaitlərlə, təcrübəmizdən irəli gələn materiallarla kömək edirik və müəllimlər dərs zamanı real layihələrə, əyani vəsaitlərə istinad edirlər.

Biz keçən il Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəqliyyat fakültəsi ilə dünyanın ən qabaqcıl firmalarından olan Almaniyanın “MAURER” firması arasında əlaqələrin yaradılmasında yardımçı olduq. Bu yaxınlarda onlar universitetə böyük əhəmiyyətli əyani vəsaitlər hədiyyə elədilər ki, həmin əyani vəsaitlər üzərində nəqliyyat tikintisi üzrə ixtisaslaşan tələbələr və magistrlər müasir texnologiyaları öyrənə biləcəklər.

– Əvvəldən razılaşdığımız kimi bu məqamda ömrünüzün yaşanmış illərinə boylanaq. Əfəndi müəllim, Siz 35 ilə yaxın bir müddətdir ki, ölkə tikintisindəsiniz. Bu illər ərzində Sizin rəhbərliyiniz altında yüz kilometrlərlə yollar çəkilmiş, körpülər, yolötürücüləri, qovşaqlar, sənaye və mülki tikinti obyektləri tikilmiş və Siz respublikamızın və paytaxt Bakı şəhərinin tikilib inkişaf etdirilməsinə sözün əsil mənasında töhfə vermisiniz. Gəlin bu barədə danışaq

Mənim bütün tikinti həyatım bu təşkilatla bağlıdır, desəm səhv olmaz. Bu illər ərzində nə tikmişiksə, hamısını ən xırda detallarınacan xatırlayıram. Çünki mənim üçün heç zaman obyektin irisi, yaxud xırdası, əhəmiyyətlisi və yaxud az əhəmiyyətlisi olmayıb, hər bir işə məsuliyyətlə yanaşmışam, bütün bacarığımla işləmişəm ki, insanlara xidmət edəcək hər layihəmiz ilk növbədə kollektivimizə şərəf, baş ucalığı gətirsin. Və deyim ki, buna nail olmuşuq. Tikdiyimiz çoxsaylı layihələri təkrarən sadalamaq istəmirəm, fikrimcə təkcə müstəqillik illərində respublikamızın paytaxtında və bölgələrimizdə tikib istifadəyə verdyimiz obyektlər “Evrascon” ASC kollektivinin tarixdə qalması üçün yetərli ola bilər. Açılışlarda və təməlqoyma mərasimlərində dövlət başçımızın dəfələrlə iştirakı, açılışlar etməsi, təməl qoyması, işin gedişi ilə tanışlıq, kollektivlə görüşləri, təmasları bizim üçün heç zaman unudulmayacaq bir tarixdir.

– Əfəndi müəlim, Siz texniki mütaliəni çox sevən, daim axtarışda olan, mühəndis fantaziyalı, yenilikçi fikirli bir mühəndissiniz. Bilirik ki, həyata keçirdiyiniz əksər layihələrin ideya müəllifi də Sizsiniz. Siz iştirakınızla layihələndirilən və tikilən bina və qurğulara heç vaxt standart linzadan baxmamış, daim onların memarlıq görünüşündən başlayıb müasir materialların və texnologiyaların tətbiqinədək düşüncələrinizi həkk etmisiniz. Siz hər bir tikilən obyekti monoton bir tikili yox, yaddaqalan və gözoxşayan br abidə, sənət əsəri kimi görmək istəyirsiniz və buna da nail olursunuz. Və siz ətrafınızdakı rəhbər komandanı və mühəndis-texniki heyəti bu istiqamətdə fəaliyyətə yönəltmiş, yetişən cavan kadrların məhz bu ideyalara yiyələnməsinə şərait yaratmısınız.

Ötən illər ərzində Sizin rəhbərliyiniz altında yüzlərlə mühəndis kadrlar istehsalata vəsiqə almışlar. Sizdən son onilliklərdə necə öyrəniblərsə, bu gün də öyrənirlər və sabah da öyrənəcəklər. İstərdik ki, yetirmələrinizdən danışasınız. Çünki bu gün özlərini Sizin şagirdləriniz sayan yüzlərlə inşaatçı tanıyırıq. Rica edirik, bu barədə danışın

– Tikinti istehsalatı özü bir böyük məktəbdir, buraya sənəti sevərək işləməyə gələn hər bir gənc bu prosesdə əyani şəkildə işi mənimsəyə bilər, təki sənət sevgisi olsun. Biz bu məktəbdə uzun illər ərzində necə öyrənmişiksə, bizdən də eləcə öyrənirlər, mən burada konkret ad çəkmək istəmirəm, ancaq deyim ki, mənə müəllim kimi, yolgöstərən kimi yanaşan, hörmət edən onlarla inşaatçılar vardır və onlar bu gün həm “Evrascon” ASC-də, həm də digər tikinti şirkətlərində çalışırlar.

– Sözsüz ki, ötən əsrin 90-cı illərinin əvvəllərində müstəqillik qazandıqdan sonra baş verən hadisələr, ölkədə gedən nizamsız proseslər tikinti məsələlərinə diqqəti arxa plana keçirmişdi. O ağır illəri necə xatırlayırsınız, Əfəndi müəllim? Bu barədə bir az ətraflı danışın

– 1989-cu ildə Azərbaycan Respublikası hələ Sovet İttifaqının tərkibində olan zaman 100 saylı Körpü Tikinti Dəstəsi Saatlıda Araz çayı üzərində böyük körpü tikirdi. Körpünün aşırım qurğuları tirləri 33 m. uzunluğunda olub, onların istehsalı və çatdırılması yeganə olaraq Moskvaətrafı Dmitrov zavodundan təmin edilirdi. Körpünün iki aşırım qurğusu üçün tirlər obyektə göndərilmiş və quraşdırılmışdı. Sovet İttifaqının dağılması ilə digər 3 aşırım qurğusu üçün aşırım tirlərinin göndərilməsi mümkünsüz olmuş və tikintini başa çatdırmaq mümkün olmamışdı. Bu halda biz yeganə çıxış yolu olaraq öz zavodumuzda istehsal oluna bilən 18 m-lik tirlərdən kombinə etməklə konsol tipli 33 m-lik aşırım qurğuları tikməklə körpünün tikintisini başa çatdıra bildik. Və yaxud, digər bir fakt. Sovet İttifaqının dağılmasına və 100 saylı Körpü Tikinti Dəstəsinin artıq ittifaq tabeçiliyindən çıxmasına baxmayaraq biz şirkəti və onun maddi-texniki bazasını və peşəkar kollektivini qoruyub saxlaya bildik və inkişaf etdirdik.

Bilirsiniz ki, 1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə daxili vəziyyət daha da pisləşdi və hakimiyyət böhranı yarandı. İctimai həyatın bütün sahələrində xaos, hərc-mərclik hökm sürürdü. Tikintidə də vəziyyət ürəkaçan deyildi. Vətənin belə ağır günündə xalq Naxçıvandan Azərbaycanın görkəmli oğlu Heydər Əliyevi Bakıya dəvət etdi. Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi.

Heydər Əliyev çox az zamanda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi. İqtisadiyyatın bütün sahələrində vəziyyət yavaş-yavaş düzəlməyə başladı və gördüyünüz kimi Heydər Əliyevin düşünülmüş daxili və xarici siyasəti, böyük uzaqgörənliyi nəticəsində xalqımız bugünkü günlərə, firavan yaşayışa gəlib çıxdı. Müstəqillik illərində qazandığımız nailiyyətlər yalnız nağıllarda mümkün ola bilərdi ki, xalqımız bunu bacardı və bu gün uğurlu sabaha mətin addımlarla gedirik.

– Və əməyiniz hər zaman dövlət tərəfindən yüksək qiymətləndirilib… Sizcə vətən və xalq qarşısındakı xidmətləriniz öz layiqli dəyərini alıbmı, halal haqqını qazanıbmı? Aldığınız təltiflərdən danışın

– Deyim ki, tikintidə çalışdığım bütün zamanlarda əməyim dövlət tərəfindən layiqincə qiymətləndirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 09 aprel 2010-cu il tarixli 843 saylı Sərəncamı ilə Azərbaycan Respublikasının tikinti kompleksinin inkişafındakı xidmətlərimə görə “Əməkdar Mühəndis” fəxri adına layiq görülmüşəm. 2006, 2007, 2008-cı illərdə MDB dövlətləri üzrə keçirilən II, III və IV Beynəlxalq Dövlətlərarası Müsabiqələrdə tikinti kompleksinin ən yaxşı tikinti rəhbəri sertifikatını almışam.

2007-ci ildən Dağıstan Respublikasının əməkdar inşaatçısıyam. Həmçinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Büllur mükafatı və medalı ilə (2005-ci il), “İqtisadiyyat və biznes” sahəsində “İşgüzarlıq təcrübəsi” nominasiyası üzrə milli mükafatla (2007-ci il), Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 5 illik yubiley medalı ilə (2010-cu il), Ukrayna Nazirlər Kabinetinin Fəxri diplomu və medalı ilə (2010-cu il), Hacı Zeynalabdin Tağıyev Adına Fəxri diplom və medalla, Mətbuatın Dostu medalı ilə (Xəzər İnformasiya Agentliyinin təqdim etdiyi), Beynəlxalq Tunelçilər İttifaqının Sertifikatı ilə (2012-ci il), Azərbaycan Ziyalısı – Fəxri Diplomu ilə (2015-ci il), Əkinçi Mətbuat Cəmiyyətinin təqdim etdiyi Azərbaycan mətbuatının yaradıcısı Həsən Bəy Zərdabi adına medalla və sair mükafatlarla təltif olunmuşam və deyim ki, bütün bu mükafatlar və təltiflər son illərdə respublikanın tikinti quruculuq prosesindəki səmərəli fəaliyyətimə və ölkənin ictimai-siyasi həyatında tutduğum fəal vətəndaşlıq mövqeyimə görə təqdim olunmuşdur.

Düşünürəm ki, çoxillik səmərəli fəaliyyətim dövlətimiz tərəfindən yetərincə qiymətləndirilib.

– Rəhbərlik etdiyiniz peşəkar kollektivinizin bu günündən danışın. Səhmdar Cəmiyyətdə gənclərin xüsusi çəkisi nə qədərdir? Gənclər etimadınızı doğruldurmu? Bu gün Səhmdar Cəmiyyətdə rəhbərliyiniz altında çalışan gənc mütəxəssislərin hazırlıq səviyyəsinin yüksəldilməsi üçün nə kimi işlər görürsünüz?

– Bu gün şirkətimizdə çalışan işçilərin sayı, xarici ölkələrdəki layihələrimizi də nəzərə alsaq, müxtəlif dövrlərdə 2500-6000 nəfər arasında dəyişib. Bu işçilərin demək olar ki, 80 faizini gənclər təşkil edir. Biz gənc mütəxəssislərimizin zamanın tələblərinə uyğun yetişməsi, müasir texnologiyalara və texnikalara yiyələnməsi üçün bir sıra tədbirlər görürük. Bu sırada müxtəlif ixtisasayiyələnmə və ixtisasartırma kurslarına göndərişlər, sertifikat və lisenziyaların alınması və sair vardır ki, bu məqsədlə ya xarici ölkələrə mütəxəssis göndərişləri, yaxud da xarici ölkələrdən mütəxəssislərin dəvəti təşkil olunur. Gənc mütəxəssislərimiz şirkətimizin fəaliyyət siyasətinə uyğun çalışırlar və onların işindən çox razıyam.

– 2013-cü ildə “Azərkörpü” Açıq Səhmdar Cəmiyyətində keçirilmiş rebrendinq nəticəsində şirkət öz adını Avro-Asiya İnşaat Korporasiyası “EVRASCON” adı ilə əvəz etdi. Bu hansı zərurətdən yaranmışdı?

– Bizim fəaliyyət dairəmiz artıq genişlənərək Asiya və Avropada Türkiyə, Rusiya, Ukrayna, Moldova, Qazaxıstan, Özbəkistan respublikalarını da əhatə edir. Odur ki, şirkətimizin beynəlxalq arenaya çıxaraq fəaliyyət dairəsinin genişləndirməsini nəzərə alaraq şirkətimizin adının daha universal bir ada dəyişilməsi zərurətini hiss etdik və nəticədə 08 yanvar 2013-cü ildə “Azərkörpü” Açıq Səhmdar Cəmiyyətində keçirilmiş rebrendinq nəticəsində şirkət öz adını Avro-Asiya İnşaat Korporasiyası “EVRASCON” ASC adı ilə əvəz etdi.

– Möhtərəm cənab Prezident İlham Əliyev son illərdə dəfələrlə “EVRASCON” ASC tərəfindən yerinə yetirilmiş tikinti obyektlərinin açılış, təməlqoyma və tanışlıq mərasimlərində iştirak etmişdir. Bu barədə nə deyə bilərsinz?

Ölkə prezidenti cənab İlham Əliyev hər zaman “Evrascon” ASC inşaatçılarının fəaliyyətini diqqətdə saxlamış, dəfələrlə “Evrascon” Açıq Səhmdar Cəmiyyətinin inşa etdiyi obyektlərdə olmuş, inşaatçılarla görüşlərdə onların əməyini yüksək qiymətləndirərək öz tövsiyələrini bildirmişdir. Belə ki, dövlət başçısı “Koroğlu” dairəsi” nəqliyyat yol qovşağının buraxılış komplekslərinin tikintisində 2 dəfə, Taxtakörpü su anbarının və SES-in tikintisi, Vəlvələçay-Taxtakörpü kanalının və Taxtakörpü-Ceyranbatan kanalının tikintisi obyektlərində, eləcə də Ələt Limanı kompleksinin birinci mərhələsinin birinci növbəsinin açılışında iştirak etmişdir.

– Respublikamızın inşaat kompleksində 35 il rəhbər vəzifədə çalışaraq böyük uğurlara imza atan tanınmış inşaat mühəndisi, EVRASCON” Açıq Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının sədri Əfəndi İsmiyev yaşadığı ömürdən razıdırmı?

– Bəli, həm məni tanıyan insanların mənə münasibəti, həm dövlət rəhbərliyinin və hökumətimizin mənim fəaliyyətimə verdiyi qiymət, həm də kollektivimizdə və ailəmdə olan xoş ab-hava məni yaşadığım ömürdən məmnun edir.

– EVRASCON” Açıq Səhmdar Cəmiyyətinin qazandığı mükafatlar barədə danışın

– “Evrascon” ASC həm özü, həm də bir çox işçiləri uğurlu fəaliyyətlərinə görə bir sıra dövlət və hökumət və qeyri-hökumət təşkilatları tərəfindən mükafatlandırılmışdır.

Avro-Asiya İnşaat Korporasiyası “EVRASCON” ASC tikinti fəaliyyəti sahəsində qazandığı böyük uğurlara görə 2006, 2007, 2008-cı illərdə MDB dövlətləri üzrə keçirilən II, III və IV Beynəlxalq Dövlətlərarası Müsabiqələrin “Ən yaxşı tikinti təşkilatı” nominasiyası üzrə qalib diplomlarını almışdır. Həmçinin şirkət müasir texnologiyaları Rusiya bazarına çıxardığına görə (2009-cu il) və Kazan şəhərinin yol infrastrukturunun inkişafına verdiyi töhfəyə görə (2013-cü il) Azərbaycan-Rusiya işgüzar əməkdaşlıq Palatasının “Tərəqqi” mükafati ilə təltif olunmuşdur.

– Əfəndi müəllim, bilirsiniz ki, ölkə Prezidentinin 6 dekabr 2016-cı ildə imzaladığı fərmanla təsdiq olunmuş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Staratejı Yol Xəritələri’” hal -hazırda dünyada baş verən tendensiyalar fonunda ölkə iqtisadiyyatının hərtərəfli inkişaf proqramı kimi qiymətləndirilir. Prezident İlham Əliyev qeyri-neft sektorunun inkişafının ölkə üçün xüsusi önəm daşıdığını qeyd etmişdir və artıq qeyri-neft sektoru Azərbaycanın iqtisadi inkişafının prioritetinə çevrilib. “Evrascon” şirkəti qeyri-neft sektorunun inkişafına nə kimi töhfələr verə bilmiş və bu gün bu istiqamətdə vəziyyət necədir?

– Azərbaycanın tikinti sektorunda fəaliyyətinin 50 illiyi 2018-ci ilə təsadüf edən “Evrascon”şirkəti ölkəmizin iqtisadi cəhətdən çiçəklənməsinə layiqli töhfəsini vermişdir. Şirkətimiz ötən illərdə görülmüş işlərlə bərabər, bu son bir neçə ildə də ölkə prezidenti cənab İlham Əliyevin ölkəmizdə qeyri-neft sektorunun sürətli inkişafı üçün görülən və görülməli tədbirlər sırasında nəqliyyat sektorunun və kənd təsərrufatının inkişafı üçün tələb kimi qoyduğu tədbirlər sırasında bir sıra layihələr həyata keçirmişdir və bu işlər bu gün də davam etdirilir.

Belə ki, ölkədə nəqliyyat infastrukturunun inkişaf proqramına uyğun olaraq şirkətimiz Şimal-Cənub istiqaməti tranzit yolunun bir hissəssı olan Ələt-Astara a/yolunun km 55-km 80 hissənin tikintisini 2017-ci ildə bitirmiş, km31-km 55 hissəsini isə bitirmək üzrədir. Həmin bu trassa üzərində, Salyanda Kür çayı üzərində böyük körpünün tikintisi 2016-cı ildə, həmçinin, Hacıqabulda Kür çayı üzərində böyük körpünün tikintisi 2014-cü ildə uğurla bitmişdir.

Ələt qəsəbəsində tikilən Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin 1-ci mərhələsinin 1-ci buraxılış kompleksi 2015-ci ildə istismara verilmişdir, haraya ki, 3 km-dək avtomobil yolu və tunel, 36 km -dək dəmir yolları, liman bərə-keçid körpüləri və bir sıra bina və qurğular daxil idi. 2017-ci ilin dekabrında isə Liman Kompleksinin 2-ci buraxılış kompleksinə aid olan konteyner daşıyan Ro-Ro tipli gəmilərin yanalması üçün nəzərdə tutulan yanalma körpüləri istismara verilmişdir. Liman kompleksinin 1 mərhələsinin tikintisi tam olaraq bu ilin birinci yarısında bitəcəkdir və bu halda liman tam gücü ilə işləyəcəkdir.

Kənd təsərrüfatının inkişafı istiqamətinə yönələn tədbirlər sırasında yeni suvarılan əkin sahələrinin yaradılması da dövlət səviyyəsində prioritet məsələlərdən sayılır. Bu istiqamətdə regionlarda bir sıra layıhələr həyata keçirilir ki, “Evrascon”ASC də bu layihələrin fəal istirakçısıdır.

Yaxın illərdə tikilib istismara verilmiş və tikintinin baş podratcısı “Evrascon”ASC olan Taxtakörpü su anbarı, Vəlvələcay-Taxtakörpü kanalı, Taxtakörpü-Ceyranbatan kanalı, Qusarçay, Qudyalçay və Caqacuqçayda baş sugötürücü qurğuların tikintisi, Tovuzçay su anbarı və s. obyektlər kənd təsərrufatının inkişafında önəmli rol oynayır.

“Evrascon”ASC tərəfındən yeni suvarılan əkin sahələrinin yaradılması və bununla da kənd təsərrufatı məhsullarının istehsalı və heyvandarlığın inkişafı istiqamətində “Yalama aqroparkı”, “Şabran aqroparkı” obyektləri üçün su təminatı hidrotexniki qurğuları tikilmiş, “Xızı rayonu ərazisində mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yenidən suvarılan torpaqların istifadəyə verilməsi” obyektinin tikintisi hal-hazırda davam etdirilir. Eyni zamanda “Şəki və Oğuz rayonları ərazisində yaradılacaq aqroparkın suvarma suyu ilə təmin edilməsi” obyektinin tikintisinə başlanmışdır.

– Kollektiv bu gün daha hansı obyektlərdə çalışır?

– Bu gün həmçinin Gəncə şəhərinin su-kanalizasiya sistemlərinin yenidənqurulması layihəsi normal tempdə davam etdirilir.

Şirkətimiz xarici ölkələrdəki layihələrdəki işini də uğurla davam etdirir. Belə ki, Moldovada və Özbəkistanda yol tikintisi, Qazaxıstanda isə yol və liman tikintiləri davam etdirilir.

– Perspektivdə görəcəyiniz və nəzərdə tutduğunuz layihələr barədə danışın

– Azərbaycan Respublikası-Rusiya Federasiyası dövlət sərhədində Samur çayı üzərindən yeni avtomobil körpüsünün tikintisi üçün müqavilə imzalanmışdır və artıq tikintisinə başlanır.

– Gələcək arzular barədə…

– Çox arzulayıram ki, şirkətimizin fəaliyyət dairəsi daha da genişlənsin, MDB-dən kənara – dünya miqyasına çıxa bilək. Buna bizim intellektual və texniki bazamız imkan verir.

– “İnşaatçı” qəzetinə sözünüz və iradlarınız

– Bizim şirkət uzun illərdir ki, “İnşaatçı” qəzetinin daimi abunəçisidir və “Evrascon” ASC-nin fəaliyyəti hər zaman rəngarəng yazılarla oxuculara çatdırılır. Mənim fikrimcə, ”İnşaatçı” mövzu rəngarəngliyi ilə seçilən, dünya və yerli inşaat sektorundakı yenilikləri, ölkənin normativ bazasındakı yenilik və dəyişiklikləri bizlərə çatdıran, oxunaqlı, zövqlü tərtibatı və dizaynı ilə seçilən, yüksək poliqrafik nəşrli bir qəzetdir. Qəzetə öz fəaliyyətində maraqlı mövzular və bir də abunəçilərinin sayının qat-qat artmasını arzulayıram.

– Əfəndi müəllim, Sizi və kollektivinizi şirkətinizin 50 illik yubileyi münasibəti ilə təbrik edir, böyük və məsuliyyətli işinizdə yeni-yeni nailiyyətlər arzulayırıq. Maraqlı və hərtərəfli söhbətə görə sağ olun!

– Sağ olun.

Müsahibəni apardı:

Zərbalı MİRZƏ

 

Oxşar xəbərlər

Leave a Comment