BÖYÜK QƏLƏBƏ 2020-ci il – bəşəriyyət üçün pandemiya, Azərbaycan üçün isə həm də Qələbə ili

Düşmənin davranışları müharibəni labüd etdi

Müharibə. Qanla yazılan tarix. Anaların fəryadı, qız-gəlinlərin göz yaşı. Gücün önə çıxdığı məqam. Müharibə döyüşənlərin sayından və hərbi əməliyyatların məzmunundan asılı olmayaraq iki tərəfin bir qanlı meydanı. Müharibə siyasətçilərin danışıqlar yolu ilə həll edə bilmədikləri problemin döyüş meydanlarında həlli. Otuz il idi ki, ölkəmiz mənfur qonşularımız tərəfindən zorla müharibəyə cəlb edilmişdi. Torpaqlarımızın təbii baxımdan ən səfalı, iqtisadi baxımdan ən məhsuldar, ərazi baxımdan ən strateji hissəsi Ermənistan tərəfindən işğal olunmuş, əhali yurd-yuvasından didərgin salınmışdı. BMT Təhlükəsizlik Şurası işğal olunmuş ərazilərimizdən erməni qoşunlarının dərhal çıxarılmasına dair 4  qətnamə qəbul eləsə də, illərdir ki, bu qətnamələr icra olunmamış qalırdı. Beynəlxalq güclərin, böyük dövlətlərin təmsil olunduğu və münaqişənin danışıqlar yolu ilə həllinə vasitəçilik  etmək məqsədi ilə yaranan Minsk Qrupu və onun həmsədrləri əslində hər vasitə ilə status-kvonu qoruyub saxlamaqdan başqa heç nəyə nail ola bilmədilər. Azərbaycan hakimiyyətinin problemin sülh yolu ilə həlli üçün göstərmiş olduğu çabalar da təəsüf ki, qarşı tərəfdən dəyərləndirilmədi. Əksinə, özgələrin kölgəsində boylarını böyük görən mənfur düşmən daha da azğınlaşaraq bizi təhdid etməkdə davam etdi. Ermənistan rəhbərləri Azərbaycan əsgərinin və Azərbaycan xalqının heysiyyətinə toxuna biləcək ifadə və hərəkətlərdən çəkinmədi. Elə düşünürdülər ki, məşhur el məsəlində deyildiyi kimi elə «dəyirman bildiyin edəcək, çax-çaxsa baş ağrıdacaq». Amma bu mümkün olan hal deyildi. Odur ki, sülh danışıqlarını davam etdirməklə yanaşı problemin lazım gələrsə hərbi müstəvidə həllinə də səylə hazırlıq gedirdi. Birbaşa ölkə Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin daimi şəxsi nəzarəti altında ordu quruculuğuna xüsusi diqqət verilir, ildən-ilə hərbi xərclər artırılır, şəhid və qazi ailələri daim dövlətin qayğı və diqqət mərkəzində saxlanır, əsgər və zabitlərin, hərbi qulluqçuların sosial problemlərinin həlli istiqamətində xüsusi dövlət proqramları həyata keçirilirdi. Əsgərlərimizin döyüş hazırlığı, ordunun müasir silahlarla təchizatı, yeni növ silahlardan istifadə vərdişləri və peşəkarlığı da bilavasitə cənab Ali Baş Komandanın nəzarəti altında gücləndirilirdi. Prezidentin «Biz torpaqlarımızı heç kimə güzəştə getməyəcəyik», «Sülh yolu ilə həll edilməsə, problemin hərbi yolla həlli qaçılmazdır», «Qarabağ Azərbaycandır» kimi qətiyyətli bəyanat və çağrışları Qarabağın Azərbaycan olduğuna heç kimdə şübhə yeri qoymurdu. Dünyada «məxməri inqilabların” sifarişçisi, sponsoru və ideoloqu olan Sorosun «layihəsi» olaraq Ermənistanda hakimiyyətə gələn, siyasət və dövlət idarəçiliyi sahəsində anlayışı belə olmayan N.Paşinyan özünün gülünc hərəkətləri və sərsəm bəyanatları ilə Azərbaycan rəhbərliyinin və Azərbaycan xalqının onsuz da tarıma çəkilmiş hisslərini daha da gərginləşdirirdi. Xalqın müxtəlif təbəqələri, xüsusilə də gənclər düşmənin bu cür provoaktiv davranışına cavab olaraq israrla müharibə çağırışları edir, zəbt olunmuş torpalarımızı döyüş yolu ilə geri qaytarmaq əzmində olduqlarını qətiyyətlə bildirirdilər. Beləliklə, müharibə artıq xalqın əksər təbəqəsində sosial sifarişə çevrilmişdi. Bir daha təkrar edirik ki,  erməni  baş nazirinin açıq-aşkar qıcıqverici düşük hərəkətləri, onun xanımının ölçüsüz-biçisiz davranışları, əzəli və əbədi Azərbaycan torpaqlarında «kor atı minib köndələn çapmaları» Azərbaycan xalqının, respublika rəhbərliyinin səbrini daşırmaya bilməzdi. Nəhayət, 27 sentyabr 2020-ci il tarixdə Ermənistan ordusunun 2016-cı ilin aprelində S.Sarkisyanın hakimiyyəti dönəmində Qarabağda itirilmiş torpaqları, Lələtəpə və digər əraziləri geri qaytarmaq məqsədi ilə ağır artilleriyanın, uzaq vuran topların gücündən istifadə edərək geniş miqyaslı hərbi əməliyyatlara başlamaları Azərbaycan Silahlı Qüvvələrinin işğal olunmuş torpaqlarımızı geri qaytarmaq üçün son və həlledici döyüşə başlaması ilə nəticələndi.

Qarabağ Azərbaycandır!

27 sentyabrda Qarabağ və ətraf rayonların sakinləri səhəri erməni toplarının, raketlərinin atəş səslərindən diksinərək açdılar. Rəşadətli Azərbaycan Ordusu düşmənin növbəti xaincəsinə hücumunu dəf etmək üçün dərhal əks-hücum əməliyyatına başladı. Azərbaycan Prezidenti, Ali Baş Komandan xalqa  müraciət edərək xaincəsinə hücum və Azərbaycan Ordusunun başlamış olduğu sülhə məcburetmə əməliyyatı barədə məlumat verdi. O, yumruğunu dəmir kimi düyünləyərək Ordumuzun, əsgərlərimizin düşmənə həddini bildirəcəyini, xain düşməni əzəli və əbədi torpaqlarımızdan «iti qovan kimi qovacağını» bildirdi. Cənab Prezident növbəti dəfə, həm də bu dəfə daha qətiyyətlə «Qarabağ Azərbaycandır» dedi.

Müharibə xəbəri adətən insanlarda daha çox qorxu, çaşqınlıq, dərd, qayğı yaradar. Bu dəfə isə tam əksi oldu. Xalq Qarabağda müharibənin başlanması xəbərini sevinclə, coşquyla, yüksək əzmkarlıqla qarşıladı. Müzəffər Ali Baş Komandanın xalqa müraciətindəki qətiyyəti, ordumuza inamı gördü və rəhbərinə daha artıq inandı. İnandı ki, bu dəmir yumruq torpaqlarımızı azad etmək əzmindədir. İnandı ki, onun dəmir yumruğu ərazilərimizi bütövləşdirmək, düşməni öz yerində oturtmaq, üstümüzdə olan məğlubiyyət ləkəsini təmizləmək üçün düyünlənib. Beləliklə, qısa bir zaman kəsiyində xalq bir yumruğa döndü. Prezident xalq – xalq prezident tondemi yarandı. Xalq bütövlükdə bir  ordu oldu. Gənclərimiz hərbi səfərbərlik idarələrinin qarşısına axışdı. Analar oğullarının ardınca su ataraq «düşmənə çəpər, sinəsi sipər oğlum, düşməni əz, gəl», dedilər. Nənələr nəvələrinə «Canavarsan, canavar! Bəs, səni niyə böyütmüşəm? Düşmənə aman vermə, onu parçala», – dedilər. Bir ailədən 2, bəzən  də 3 qardaş eyni vaxtda vətəni düşmən işğalından azad etmək üçün yola düşdü. Atalar və oğullar düşmənə qarşı eyni səngərdə döyüşməli oldu. Millət hər şey qələbə, hər şey vətən üçün, – deyə hayqırdı. Oğlu şəhid olan analar, «Təki vətən sağ olsun. Qisasa qisas», dedilər.

27 sentyabr 2020-ci il tarixdə başlayan və 44 gün davam edən bu müharibə bəlkə də, dünya hərb tarixində yeganə müharibədir ki, bir nəfər də olsun belə fərarisi olmadı. On milyon əhalidən döyüşə getmirəm, deyən olmadı. Hər kəs ön cəbhədə, düşmənlə üz-üzə durub mərdi-mərdanə döyüşə can atdı.

27 sentyabr Dağlıq Qarabağdakı şiş qayalar da sanki atılan mərmi səslərindən diksinmədilər, qorxmadılar. Başlarını qəmli-qəmli əymədilər. Qamətlərini düzəldib, «çoxdandır bu nəriltini, bu gurultunu gözləyirik, övladlarım, gəlin-gəlin, bizi bu xəcalətdən, düşmənin murdar çəkməsinin altında qalıb inildəməkdən xilas edin», – dedilər. «Qırxqız» zirvəsindən «Qız qalaya» xəbər getdi. «Namusumuz təmizlənir, gələn bizimkilərdir», –  dedi dağlar. «Dəli dağ» bir dəliyə dönüb dəli bir nərə çəkdi, «gəlin, gəlin balalarım, tez gəlin, bizi bu utancdan qurtarın, Qarabağ Azərbaycandır!», –  dedi. «Camış» dağı şiş buynuzlarının sivri ucunu düşmənə bir ox kimi tuşladı. Böyük Kirs başını dik qaldırıb «Qarabağ Azərbaycandır!», deyə bağırdı. Elə bərkdən, elə inamla bağırdılar ki, səsləri uca Tanrıya qədər gedib çatdı. Tərtərin, Köndələn çayın, Həkərinin məcrası dolub-daşaraq, durulaşaraq sanki «Qarabağ Azərbaycandır!», – dedi. Bərgüşad və Qarqar çayları coşaraq, daşaraq məhvərindən çıxmaqla sinəsi dağlı Qarabağın yarasına məlhəm olmaq istədi. Suların səsi yanıqlı, həzin bir nəğməyə döndüb aləmə yayıldı.

«Könlüm keçər Qarabağdan,

Gah o dağdan, gah bu dağdan,

Axşam üstü qoy uzaqdan,

Qoy, ucalsın «Harop» səsi,

Geri dönsün, Qarabağın təntənəsi»

27 sentyabrda sanki Qarabağ Xanı Pənahəli xanın da ruhu məzardan baş qaldırıb igidlərimizi salamladı. Üzeyir bəyin «Koroğlu»su daha möhtəşəm bir coşqu ilə nər oğulları həlledici döyüşə səslədi. Xan qızı Natəvan qollarını geniş açaraq bu yurdun qəhrəman oğullarına dastan qoşdu. Göylərdə sərgərdan dolaşan şəhid ruhları sanki dil açaraq Qarabağın əsil sahiblərinə «xoş gəldin», – dedi. Düşmənin ayağının altından yer qaçdı. Başının üstündə göylər titrədi. Hər qaya – hər daşın «Qarabağ Azərbaycandır!» hayqırtısı dağlarda əks-sadə verərək sanki bütün dünyaya yayıldı.

Nəhayət, düşmən də açılan hər bir atəşin, guruldayan hər mərmi səsinin «Qarabağ Azərbaycandır» dediyini anladı. Yad torpağında qalib ola bilməyəcəyini, özgə torpağından ona vətən olmayacağını nəhayət ki, o da dərk etdi. Bu torpaqların onun olmadığını hiss etdi. Torpaqdan güc alanlar, ruhu bu torpaqdan maya tutub qida alanlar yalnız belə döyüşə bilərdi. Şəhər və kəndlərimizin bir-birinin ardınca azad olunması xəbərləri xalqımızı bəxtiyar etdi.

Prezident xalq-xalq Prezident tandemi

Müharibə günlərində xalq Azərbaycan əsgəri ilə Ali Baş Komandan tondemini görüb daha artıq səfərbər oldu. Qısa bir zamanda ölkə sanki vahid bir komandaya çevrildi. Gənclərimiz sosial şəbəkələrdə düşmənin feyk xəbərlərini tutarlı faktlarla alt-üst  edirdi. Diplomatlarımız sağdan-soldan üstümüzə yağdırılmaqda olan böhtan və təhdidləri ifşa edir, polis və təhlükəsizlik orqanları, digər dövlət strukturları hərbi vəziyyət rejimində sanki daha peşəkarcasına çalışırdılar. Bir sözlə, ölkə bütövlükdə son dərəcə güclü və sağlam bir orqanizmi xatırladırdı. Ordumuz mükəmməl taktiki-strateji hazırlıq əsasında dəqiq zərbələr, sərrast atəşlərlə düşmən ordusunu tar-mar etməkdə davam edirdi. Hər gün düşmən işğalından azad olunan yeni-yeni şəhər və kəndlərimizdə, strateji nöqtələrdə  Azərbaycan Bayrağının dalğalanması xəbəri milli birliyimizi daha da gücləndirirdi. Qələbə xəbərləri itirilən əsgər acılarına, tökülən şəhid qanlarına bir məlhəm olurdu. Əsgər nəyin uğrunda canını fəda etdiyini gözəl bilirdi. Müqəddəs şəhidlik zirvəsinə ucalan igidlərimizin, can paralarımızın gözləri arxada qalmırdı. Gözəl başa düşürdülər ki, onların hər birinin Prezident Əliyevin şəxsində dərdlərinə yanan bir lideri, döyüş yoldaşları, əsgərinin qayığsına candan yanan Müzəffər Ali Baş Komandanları var.

Hərbi əməliyyatların elə ilk anlarından rəzil vəziyyətə düşən azğın düşmən 2016-cı ilin aprel döyüşlərində olduğu kimi, bu dəfə də döyüş meydanındakı uğursuzluqlarını öz xalqından və dünyadan gizlətməkdə idi. Bununla belə baş nazir N.Paşinyanın təlaş içində zəng etmədiyi dövlət başçısı, döymədiyi qapı qalmamışdı. Ümidsiz vəziyyətdə qalaraq çapalaması hətta sosial şəbəkələrdə günün ən çox izlənən gülüş və ironiya mövzusuna çevrilmişdi. Çox güvəndiyi Rusiya, Fransa və ABŞ-dan real dəstək ala bilməməsi onu və komandasını dəli vəziyyətinə salmışdı. Rusiya prezidenti V.Putin anladanda ki, müharibə Azərbaycan ərazisində gedir, Azərbaycan ordusu 30 ildir ki, işğal altında saxlanılan torpaqlarını azad etmək uğrunda döyüşür. Belə olan halda nə Rusiya, nə də Kollektiv Təhlükəsizlik Təşkilatı Ermənistan tərəfindən hərbi əməliyyatlara qoşula bilməz. V.Putinin bu açıqlaması ermənilərin olan-qalan ümidlərini də puç etmiş oldu.

Ermənilərin dünya informasiya məkanını feyk xəbərlərlə doldurulmasına baxmayaraq, hərbi əməliyyatların gedişi və tərəflərin davranışından tədricən hər şey hər kəs üçün aydınlaşmaqda idi. Artıq çox aydın şəkildə hiss olunurdu ki, Ermənistan idarə olunmur. Axı, narıncı inqilab dalğasında hakimiyyətə gələn, əslində isə dövlət idarəçiliyi mətbəxindən tam xəbərsiz olan naşı və diletant bir şəxs dövləti elə belə də «idarə» etməli idi. Düşmən ordusunda pərəm-pərəm başlamışdı. Onların 30 il ərzində qurmuş olduqları keçilməz ohanyan sədləri hər gün bir-birinin ardınca Azərbaycan əsgəri tərəfindən ələ keçirilir, hərbi texnikası, silah və sursat anbarları ya məhv edilir, ya da qənimət olaraq ələ keçirilirdi. Cəbhənin Azərbaycan  tərəfində isə qalibiyyət əhval-ruhiyyəsi hər an güclənərək bütövlükdə cəmiyyətə də sirayət etməkdə idi. Çünki, N.Paşinyandan fərqli olaraq Azərbaycan dövlətini idarə edən, orduya Ali Baş Komandanlıq edən şəxs sorosların layihəsi olan meydan hərəkatı dalğası altında deyil, xalqın istəyi və sosial sifarişi əsasında hakimiyyətə gəlmiş İlham Əliyev artıq dünya çapında kifayət qədər yaxşı tanınan nüfuzlu bir dövlət xadimi idi. Ulu öndər Heydər Əliyevin dövlət idarəçilik məktəbini görmüş olan təhsilli, təcrübəli, iradəli və qətiyyətli bir dövlət xadimi, lazımi anda lazımi qərarlar verə bilən tədbirli və qüdrətli sərkərdə idi. Xalqla məsləhətləşən, hərbi əməliyyatların gedişinə dair ən isti informasiyaları anındaca xalqına çatdıran bir dövlət adamı, əsl xalq qəhrəmanı! Qərarı qəti, amalı aydın, addımları qətiyyətli bir Müzəffər Ali Baş Komandan! Paşinyanın 7 düşük şərtinə qarşı cəmi bir şərt qoyan ötkəm bir lider! «Düşmən torpaqlarımızdan çıxmalıdır. Heç bir şərt ola bilməz», «Heç kim bizimlə şərtlə danışa bilməz», «Düşmən işğal olunmuş ərazilərimizdən rədd olub getməlidir», – deyən yenilməz Komandan!

Elin gözündən heç nə yayınmır. Təsadüfi deyildir ki, aqillərimiz «elin gözü tərəzidir» deyiblər. Cəbhədə şiddətli döyüşlər getdiyi günlərdə Ali Baş Komandan gecələri də gündüz edərək, sutkalarla Baş Qərargahdan ayrılmayaraq ordunun və arxa cəbhənin balanslı və dinamik işini təşkil etməkdə idi. Qazanılan qələbələr, azad olunan torpaqlar haqqında dərhal xalqı məlumatlandırmaqda idi. Bu səmimiyyət, bu birlik vətəni sevən, onun bütövlüyünü arzulayan hər bir Azərbaycan vətəndaşının qəlbində Müzəffər Ali Baş Komandanın möhtəşəm abidəsini yaradırdı. Onun hər bir çıxışı xalq tərəfindən sevinc və sevgi ilə qarşılanaraq dillər əzbərinə çevrilməkdə idi. Bu günlərdə xalqla onun rəhbəri arasında ilahi bir bağlılıq olduğunu hər kəs dərk edirdi, anlayırdı. Azərbaycan ordusu düşmənin ağır texnikasını, hərbi gücünü məhv etdiyi kimi, Azərbaycan Prezidenti də düşmənin mənfur ideologiyasını, saxta xəbərlərini, yalan üzərində qurulmuş səltənətlərini darmadağın etməkdə idi. Erməni yalanlarına uyub üstümüzə gələn, dünyanın aparıcı media qurumlarında və informasiya agentliklərində kök salan erməni kimilər Müzəffər Ali Baş Komandanın qarşısında necə rəzil bir duruma düşdüklərini özləri də yaxşı dərk edirdilər. Dəmir yumruq əməliyyatı dəmir məntiq, dəmir iradə, zəngin elmi və siyasi təcürbə ilə cilalandığı üçün düşmənin məhv ediləcəyi şübhəsiz idi.

Aparılan düzgün siyasət nəticəsində Azərbaycanın bu gün regionun iqtisadi cəhətdən ən qüdrətli ölkəsi olduğu heç kimdə mübahisə yaratmır. 44 günlük müharibə isə artan iqtsadi gücün  hərbi qüdrətə çevrilməsinin nə demək olduğunu bütün dünyaya sübut etdi. Son dövrlərin hərbi hesabatlarında Azərbaycan Ordusunun dünyanın 50 ən güclü ordusu sırasında yer alması əleyhidarlarımızın, bizi istəməyənlərin ironiya ilə qarşılamalarını başa düşmək olar. Çünki 90-cı illərin acı məğlubiyyətləri, torpaqlarımızın ard-arda işğal olunması ordumuzun gücü haqqında  şübhələrə əsas verə bilərdi. Amma müdrüklər əbəs yerə deməyiblər ki, siyasətin açarı iqtisadiyyatın cibindədir. Güclü iqtisadiyyat elə güclü siyasət deməkdir. Azərbaycan hakimiyyəti çox gözəl bilirdi ki, ölkənin hərbi gücünün artması müstəqil dövlətin siyasi qüdrətinin güclənməsi deməkdir. Elə buna görə də hərbi sahəyə qoyulan xərclər, silahlanmaya sərf edilən məsrəflər həmişə diqqət mərkəzində olub. Ən müasir silahların ordumuzun balansına daxil olması, aparılan 44 günlük müharibənin böyük qələbə ilə başa çatması Allahın möcüzəsi nəticəsində baş vermədi. Orduya, ordu quruculuğuna olan diqqətin nəticəsi, əsgərlərimizin şücaəti, əzmkarlığı, düzgün idarəetmə, qətiyyətli qərarlar nəticəsində mümkün oldu. Düşmən rəşadətli ordumuza diş qıcadaraq müqavimət göstərməkdə davam edirdi. Lakin relyefi təbii istehkam olan, əlçatmaz, ünyetməz dağların zirvəsində məskən salan Şuşa şəhərinin qəhrəman əsgərlərimizin gücü ilə işğaldan azad edilməsi düşmənin belini qırdı, müqavimət gücünü sarsıtdı. Onu diz çökməyə, kapitulyasiya aktını imzalamağa məcbur etdi. İlahi sevgi, ilahi eşq, torpaq müqəddəsliyi igidlərimizə ilahi bir güc vermişdi.

Beləliklə, sentyabrın 27-də başlanan zəfər yürüşümüz 10 noyabrda tarixi qələbə ilə başa çatdı. Yolumuz zəfər, adımız Müzəffər olaraq tarixə yazıldı. Düşmən aman dilədi. Rəzil bir duruma düşüdüyünü gec də olsa dərk etmək məcburiyyətində qaldı. Ermənistan Respublikasının baş naziri Nikol Paşiniyan Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin vasitəçi ilə kapitulyasiya aktına yalvara-yalvara imza atdı.

Dövlətlərarası münasibətlərdə şəxsiyyətin rolu

44 günlük müharibə Azərbaycana, həm də öz dostunu və düşmənini daha yaxından tanımaq şansı oldu. Təbii ki, bu münasibətlər son 44 günün deyil, uzun illər aparılan ardıcıl və doğru-dürüst siyasətin nəticəsində formalaşıb öz bəhrəsini verdi.

Heç kimə sirr deyil ki, dövlətlərarası münasibətlərdə şəxsiyyətin rolu mühüm əhəmiyyətə malikdir. Vətən Müharibəsində biz bir daha bunun şahidi olub, gözəl nəticəsini gördük. Belə ki, heç bir idarəçilik təcrübəsi olmayan Paşinyan özünün  düşük hərəkətləri, diplomatik etikadan uzaq, gülüş doğuran müsahibələri Ermənistanı daha da pis vəziyyətə saldı. Ermənistandakı səriştəsiz və kriminal rəhbərlik onun müttəfiqlərini və havadarlarını da arzuolunmaz duruma saldı. Həmsədr ölkə olan Fransa da Azərbaycana qarşı qərəzli mövqeyi və beynəlxalq hüquqa söykənməyən əsassız qərarları ilə özünü bütün dünyanın gözü qarşısında hörmətdən və nüfuzdan salmış oldu. İşğalçı və terrorçu Ermənistanı  himayə etmək yolu tutan digər dövlətlər də onun kimi.

Ermənistanın Türkiyə ilə sərhədləri təbii ki, hələ münaqişənin başlandığı ilk vaxtlardan bağlı idi. İkinci Qarabağ müharibəsi başlayan ilk gündən isə qonşu Gürcüstan da hava və quru yollarını Ermənstana bağlamaqla Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha bəyan etdi. Analoji bəyanat qonşu İrandan da gəldi. Beləliklə, Ermənistan rəhbərliyinin yarıtmaz siyasəti nəticəsində ölkəsi faktiki olaraq dünyadan təcrid olunmuş bir vəziyyətə düşdü. Xatırladaq ki, analoji hadisələr 1992-1993-cü illərdə Azərbaycanda da baş vermişdi. Sonralar Kəlbəcərin işğalı barədə danışan sabiq prezident Ə.Elçibəy «İrandan və Türkiyədən əhalini təxliyyə etmək üçün iki helikopter istədim, vermədilər. Daha nə istəyəcəkdim», –  deyərək acı bir etiraf etmək zorunda qalmışdı. Bəli, təsadüfi şəxslərin hakimiyyətə gəlişi, çox zaman onların xalqa olan sevgisindən çox bəlalar gətirir. Bizim 80-ci illərin sonu 90-cı illərin əvvəllərində keçdiyimiz təəssüf dolu bu tarixi yolu erməni xalqı indi keçir.

Ata və oğul Əliyevlərin hakimiyyətdə olduğu illərərdə bütün dünya Türkiyə-Azərbaycan münasibətlərinin təkcə sözdə deyil, həm də real həyatda «Bir millət, iki dövlət» fəlsəfəsi üzərində qurulduğuna, bütün beynəlxalq platformalarda vahid orqanizm kimi eyni mövqeydən çıxış etidyinə şahidlik etmiş oldu. 44 günlük müharibə zamanı bu birlik hər iki dövlət başçısının və xalqlarının timsalında özünün qızıl dövrünü yaşadı. Bəli, xalqlarımız, dövlət başçılarımız dünyanın həsəd apara biləcəyi bir birlik nümunəsi göstərmiş oldu.

Böyük təcürbə, uzun illərin gərgin zəhməti, aparılan dürüst siyasət öz gözəl bəhrəsini verməkdəydi. Qardaş Pakistan, dost İsrail, İtaliya, Ukrayna, Qoşulmama Hərəkatına üzv dövlətlər Azərbaycanın yanında olduqlarını ifadə edərək, qətiyyətli mövqeləri ilə dövlətimizə dəstək verməkdən çəkinmədilər. Fikrimizcə, bu məqamda Qoşulmama Hərəkatına üzv dövlətlərin BMT Təhlükəsiszlik Şurasında etdikləri fədakarlığı xüsusi qeyd etməyə dəyər. BMT Təhlükəsizlik Şurasınının, ermənilərə himayədarlıq edən böyük güclərin təhriki ilə Azərbayacana qarşı qərəzli qərar qəbul etməsinə məhz Qoşulmama Hərəkatına üzv dövlətlər imkan vermədi. Bütün bu münasibətlər heç şübhəsiz ilk növbədə məhz cənab Prezident, Müzəffər Ali Baş Komanadan İlham Əliyevin şəxsi nüfuzu, fədakarlığı, diplomatiya sahəsindəki məharəti və yüksək insani keyfiyyətləri sayəsində yaranan siyasi reallıqların nəticəsi kimi başa düşülməlidir.

Qələbənin qazanılmasında əhval-ruhiyənin, ovqatın da böyük rolu olduğunu danmaq olmaz. Razılaşaq ki, Azərbaycan əsgərinin qələbəsində bütün bunlar da, rolu olan amillərdəndir. Yəni, əsgər dövlətinin digər dövlətlər, o cümlədən region dövlətləri tərəfindən müdafiə olunduğunu, siyasi meydanda tək qalmadığını və arxasında əzəmətli bir gücün, arxanın olub-olduğunu görüb fərəhlənməyə bilməzdi.

«Qələbə güc ilə qazanılır, ağıl ilə qorunub saxlanılır», deyib müdriklər. Biz düşmənə birliyimizi, birliyimizdən yaranan gücümüzü göstərdik. Düşmənin 30 ildə fantastik xərc çəkib tikdiyi keçilməz istehkamlarla möhkəmləndirilmiş üç böyük rayonumuz – Ağdam, Kəlbəcər və Laçını heç bir itki vermədən, əlavə qan tökülmədən işğaldan azad etdik. Bununla da, Azərbaycan təkcə siyasi baxımdan deyil, həm də əraziləri ilə sözün həqiqi mənasında öz müstəqilliyinə və ərazi bütövlüyünə qovuşmuş bir ölkə oldu.  Prezidentimizin qətiyyət və inamla demiş olduğu «Qarabağ Azərbaycandır!» NİDA-sı indi düşmənin bağrının başına sancılmış sağalmaz bir yaraya, dərdə, Azərbaycan xalqı üçün qətiyyət rəmzinə, müqəddəs bir simvola çevrildi.

Artıq yurdumuzun hər yerində olduğu kimi, 30 ildir ki, gözü həsrət, ürəyi xiffət çəkmiş Qarabağımızda da yenidənqurma və abadlıq işlərinə başlanıb, infrastruktur bərpa olunur. Heç şübhəsiz ki, yaxın zamanlarda düşmən tərəfindən dağıdılmış yurd yerlərimiz, xarabazarlığa çevrilmiş şəhərlərimiz yenidən bərpa olunacaq. Obalarımız doğma sakinlərini yenidən öz qucağına alacaq. Qarabağımızda yenidən izdihamlı həyat bərpa olunacaq. 30 il öncə qorxu, göz yaşı, ahu-nalə ilə evlərini tərk etmiş soydaşlarımız sevinclə, fərəhlə, iftixar hissi ilə öz doğma yurd-yuvalarına dönəcəklər.

Biz xalq olaraq hər zaman səmamızda raketlərin, ölüm saçan güllələrin deyil, sülh göyərçinlərinin uçmasını istəmişik. Elə bu 44 günlük müharibə zamanı da Azərbaycan ordusunun yalnız hərbi hədəfləri dəqiq nişan alması, dinc əhalini, yaşayış məntəqələrini hədəf seçməməsi xalqımızın mənəvi cəhətdən kimliyinin, müharibə qanunlarına sadiqliyinin və humanist təbiətinin bariz nümunəsi oldu.

Bu günlər xalqımız çoxdan haqq etdiyi, yolunda təşnə olduğu QƏLƏBƏ sevincini yaşamaqdadır. Müharibə sözü, qan-qada, ölüm, göz yaşı, yarımçıq qalmış ömürləri, nakam taleləri, xaraba qalmış yurd-yuvaları, viran qalmış şəhərləri ifadə etsə də, vətən müharibəsində çalınan qələbə göz yaşı içində sevinc, qəhrəmanlıq, mərdlik, qürur, iftixar deməkdir. İndi xalqımız ona bu iftixarı yaşadan, bu qələbə uğrunda canını fəda edən oğulları ilə fəxr etməkdədir. Əlbətdə, qalib ölkənin vətəndaşı, qalib ordunun əsgəri və ya zabiti olmaq xoşbəxtliyini dünyanın heç bir neməti ilə müqayisə etmək olmaz. Bizə bu xoşbəxtliyi yaşadan Azərbaycan əsgərinin, Azərbaycan ordusunun, ordumuzun Müzəffər Ali Baş Komandanın heyrətamiz xidmətləri hər zaman qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaqdır.

Qalib ölkənin  zəfər paradı!

10 dekabr 2020 ci il, qalib ölkənin zəfər paradı! Müharibədən qalib çıxmış ordumuzun qüdrətinin nümayişi olan zəfər paradı! O gün Bakıda təkcə Azərbaycan ordusunun qələbəsi nümayiş etdirilmədi. Bu parad həm də milli iradənin, milli birliyin, milli həmrəyliyin, özünə inamın, xalq – hakimiyyət birliyinin paradı oldu. Bu parad eyni zamanda Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının sarsılmazlığını nümayiş etdirən, bundan sonra bu münasibətlərin yeni müstəvidə daha da inkişaf etdiriləcəyinin göstəricisi oldu. İstər ekran qarşısında, istərsə də Bakı küçələrində bu paradı seyr edənlərin sevinc və fərəhinin həddi-hüdudu yox idi. Bəli, yüz minlərlə insan bu fərəhi, bu sevinci ona yaşadan qalib ordunun əsgərlərini  salamlamaq, onlarla bir olmaq üçün Bakı küçələrinə çıxmışdı. Üzlərdə sevinc, qəlblərdə fərəh hissi vardı. Qələbə paradında bu və ya digər formada iştirak edən hər kəs öz qalib ordusunu, əsgərlərini, döyüş komandanlarını salamlamaq, ordumuzun qüdrətini, əzəmətini bir daha əyani şəkildə görmək arzusunda idi. Türkiyə və Azərbaycan Prezidentləri Rəcəb Taib Ərdoğan və İlham Əliyev cütlüyünü, xalqlarımızın birlik rəmzinə çevrilmiş münasibətlərini bü cütlüyün dostluğu timsalında yenidən seyr etmək arzusu idi. İnsanlar öz sevincini gözlərdən mirvari dənəsi kimi süzülən göz  yaşları ilə ifadə edirdi. Qalib ordunun Müzəffər  Ali Baş Komandanı Cənab İlham Əliyevin paraddakı proqram xarakterli dərin məzmunlu çıxışı onun  xalqın arzularının ifadəçisi, qələbəmizin təminatçısı, dəmir yumruq, dəmir iradə sahibi olduğunu bir daha təsdiqləmiş oldu. Türkiyə Prezidenti Rəcəb Taib Ərdoğanın paradın yüksək tribunasından toxundğu notlar, səsləndirdiyi qlobal və regional əhəmiyyətli çağrışlar hər kəsi bir daha kövrəltdi və növbəti dəfə qürurlandırdı. «Tək millət iki dövlət» taleyini yaşıyan xalqlarımızın bunadn sonra da əbədi birlliyini ifadə edən bu çıxış bizi sevindirdi, dostları ürəkləndirdi, düşmənləri isə yenidən düşünməyə vadar etdi.

Qələbə paradına da rəmzi olaraq 2783 türk əsgərinin iştirakı və onların paraddakı əzəmətli keçidi bir növ xalqlarımızın tarixi ənənələrini ləyaqətlə davam etdirməklə, «bir ölüb, min dirilmək»fikrinin ifadəsinə çevrildi.

10 dekabr 2020-ci il Bakıda keçirilən hərbi parad düşmən üzərində hərbi, mənəvi və psixoloji qələbənin nümayişi idi. Düşməndən qənimət götürülümüş hərbi texnikanın miqyası ordumuzun, əsgər və zabitlərimizin hərbi bilik və bacarıqlarının, müasir silahlardan istifadə məharətinin nümayişi demək idi.

İlhamabad – Qarabağın gələcək paytaxtı

Dünya bizim bildiyimiz, istinad etdiyimiz qanunlarla deyil, öz qanunları ilə idarə olunur. Haqlı olmaq üçün mütləq güclü olmaq lazımdır. Fərəh hissi ilə deməliyik ki, bu gün dünyanın super gücləri belə reallığı olduğu kimi dəyərlədirərək, Azərbaycan ordusunun çaldığı qələbə ilə razılaşırlar. Rusiya, Amerika, İtaliya, İngiltərə və adını çəkmədiyimiz neçə-neçə dövlətlər işğaldan azad olunmuş torpaqlarımızda həyata keçiriləcək lahiyələrdə iştirak etmək niyyətində olduqlarını bəyan edirlər.

Çinin Şhaanxi əyalətində çinlilərin dünyanın səkkizinci möcüzəsi olaraq qəbul etdikləri «Yeraltı heykəllər ordusu» adlandırdıqları tarixi bir məkan var. Orada boyları 1.83 – 1.93 metr arasında, üz ifadələri fərqli olan 8000 əsgərin, 520 atın və 130 döyüş arabasının abidəsi var. Rəvayətə görə, bu ordu ilk Çin imperatoru Sin Şi Xuandinin məzarını qoruyur. Heykəllər ordusu haqqında yazılanların həqiqəti nə dərəcədə əks etdirdiyini deyə bilmərik. Yalnız bir həqiqət var ki, heykəlllər real döyüşçü abidələridir. Bu məkan turistlərin Çində ən çox getdiyi ünvandır. 2020-ci il dünya üçün çox ağır bir il oldu. Bəşəriyyət dünyanı bürümüş amansız pandemiyanın hücumları qarşısında hələ də acizdir. Prezident İlham Əliyev isə pandemiya ilə mübarizəni uğurla təşkil etməklə yanaşı, bu ili tanınmış iş adamı Fərhad Əhmədovun təbirincə desək həm də tarixi Qələbə ili etdi. Tariximizə Vətən müharibəsi kimi daxil olan II Qarabağ müharibəsində göstərdiyi şücayət, etdiyi qəhəramanlıqlarla xalqımızın qəlbində öz abidəsini ucaldan minlərcə igidimiz var. Onların adını əbədiləşdirmək, abidələrini ucaltmaq, tarixin qan yaddaşına yazaraq yaşatmaq borcumuzdur. İnanırıq ki, Qarabağda bərpa işləri vüsət alanda, dağılmış kənd və şəhərlərimiz bərpa olunarkən oradakı şəhərlərimizin sırasına daha bir yeni şəhər adı da əlavə olunacaqdır. Çox istərdik ki, bu şəhərə ordumuzu quran, onu qələbələrə aparan, qələbəmizin təminatçısı və baş memarı olan Müzəffər Ali Baş Komanadanın şərəfinə İLHAMABAD adı verilsin. Müasir arxitektura incilərinin ən gözəl nümunələrini özündə birləşdirəcək və turistlərin ən çox ziyarət edəcəyi bu şəhərin küçə və meydanlarına yaxşı olardı ki, məhz bu torpaqlar uğrunda vuruşub canından keçmiş igidlərimizin adı verilsin,  onların abidələri ucalsın. Belə etmiş olsaq, vətən uğrunda döyüşərək şəhid olan, qəhrəmanlıq göstərən igidlərimiz qarşısında borcumuzun ən azı bir hissəsini qaytarmış olarıq. Düşünürük ki, bu yeni şəhərin sakinlərinin əksəriyyəti həm də o torpaq uğrunda döyüşən insanlar olmalıdırlar. Bu təklifi verərkən strateji amilləri də nəzərə almışıq. Olkəmizdə fəaliyyət göstərən, xalqımızın qəhrəmanlıq ənənələrini gələcək nəsillərə çatdıran və yaşadan ali məktəblər, (Polis Akademiyası, digər hərbi məktəblər və universitetlər) bundan sonra öz fəaliyyətlərini həm də İLHAMABAD şəhərində davam etdirməlidirlər. Bu şəhər Böyük Qələbənin şərəfinə ucaldılmış ən gözəl abidə olar. Gələcəkdə bütöv Qarabağın baş kəndi olacaq müasir İLHAMABAD şəhəri. Qələbə şəhəri. Qəhrəmanlıq şəhəri. Şəhid ruhlarının qoruduğu və qorunacağı şəhər. Ən müqəddəs arzuların çin olduğu, vətən sevgisinin simvolu olan şəhər.

 

Qafar CƏBİYEV,

Tarix elmləri doktoru, professor, əməkdar jurnalist.

Elşən QƏNİ,

publisist.

Oxşar xəbərlər

Leave a Comment