ÇOX ŞÜKÜR Kİ, BU QƏLƏBƏ GÜNLƏRİNİ YAŞADIQ

Nazim  Şükürov, “Azəraqrartikinti” ASC-nin “Füzuli İxtisasquraşdırma” filialının rəisi


Yaşadığımız bu günlər Azərbaycan tarixinə ən unudulmaz və şanlı səhifələr kimi həkk ediləcəkdir. Sentyabrın 27-dən bəri hamımız bu şanlı tarixin yazılmasının şahidi və iştirakçılarıyıq. Bu möhtəşəm tarixi Ali Baş Komandanın rəhbərliyi ilə xalqımızın qeyrətli və vətənpərvər oğulları yazdılar. Xalqımız neçə illərdən bəri susuz adam suya təşnə olduğu kimi, bu Qələbənin həsrətində idi. Çox şükür ki, bu günləri yaşadıq.

Ötən əsrin 90-cı illərinin əvvəllərində Qarabağda başlanan müharibə bizim də həyatımızı alt-üst etdi. Düşmənin işğalı altına düşən Füzuli rayonu və doğulduğum Kürdlər kəndi erməni vandallarının əsarəti altına düşdü və  yerlə yeksan edildi. Quldurlar rayonumuzda daşı daş üstə qoymadılar. 1993-cü ilin avqustun 17-si tarixində doğulduğum rayonu, böyüyüb başa çatdığım kəndimizi tərk etdim. O zaman mən “Azəraqrartikinti” ASC-nin “Füzuli İxtisasquraşdırma” filialında işləyirdim. Deyim ki, mən 1983-1987-ci illər ərzində Füzuli rayonunda onlarla obyektin tikintisində fəhlə və usta kimi çalışmışam. 1988-1993-cü illərdə isə iş icraçısı kimi Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarında mülki və hərbi obyektlərin tikintisində fəal iştirak etmişəm.

1993-cü ildən – artıq 27 ildir ki,  “Azəraqrartikinti” ASC-nin “Füzuli İxtisasquraşdırma” filialı Bakı şəhərində fəaliyyətini davam etdirir. Bu 27 il ərzində yüzlərlə sosial-infrastruktur layihələrinin həyata keçirilməsinə rəhbərlik etmişəm. Bu illərdə həmçinin məcburi köçkünlərimiz üçün yeni qəsəbələrin və yaşayış məhəllələrinin tikintilərində yaxından iştirak etmişəm, doğma yurdundan didərgin salınmış vətəndaşlarımızın problemlərinin həllinə çiyin verməklə təskinlik tapmışam. Ancaq ürəyim həmişə doğma Qarabağımla, Füzuli ilə və digər itirdiyimiz yurd yerləri ilə döyünüb.

Dünyada torpaq qədər müqəddəs və qiymətli başqa bir nemət nə ola bilər axı?  Ulu babalarımızın qoynunda uyuduğu bu torpaq hamımızın müqəddəs məskənidir. Harada olur-olsun, harada yaşayır-yaşasın, insan dünyaya göz açdığı müqəddəs məkanı heç vaxt unutmur.

Bəli, otuz ilə qədər işğal altında olan torpaqlarımız qəhrəman əsgərlərimizin gücü, canı, qanı bahasına erməni işğalından azad edildi. Bu qələbələr düşməni məcbur etdi ki, Ağdam, Laçın və Kəlbəcər rayonlarını hərbi əməliyyatlarsız qaytarsın.

44 gün ərzində Azərbaycan xalqı tarixində olmadığı dərəcədə yüksək birlik, həmrəylik nümayiş etdirdi və daxildəki həmrəylik ordumuza əlavə güc verdi. Hamı bir nəfər kimi yerində əsgər oldu, Ali Baş Komandanın hər müraciətini birmənalı qəbul edərək öz Liderimizin ətrafında “dəmir yumruq” kimi birləşdik. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz milli məsələlərdə hamımız birləşə bilirik və bizim gələcəyimiz üçün çox önəmlidir.

Və təbii ki, Qarabagda viran edilmiş şəhər və kəndlərimizi tikmək, abadlaşdırmaq biz inşaatçıların üzərinə düşür. Artıq bölgədə abadlaşdırma işlərinə start verilib və bir Füzulili, Füzuli rayonunun tikinti təşkilatının rəhbəri kimi Qarabağdakı şəhər və kəndlərimizin tikintisini aparan şirkətlərin önündə addımlamaq başlıca məqsədimizdir. Çünki bu günü 27 ildir ki, gözləyirdik, inanırdıq ki, biz bu torpaqlara qalib ölkənin qalib vətəndaşları kimi dönəcəyik. Və milli ordumz bizə bu sevinci yaşatdı, arzularımız həyata keçdi. İndi sözümüzü tikinti meydanında deyəcəyik. Biz kollektivimizlə ötən əsrin 1993-cü ilinə qədər tikinti apardığız Füzulidə, Ağdamda, Kəlbəcərdə, Laçında, Qubadlıda, Şuşada və digər azad edilmiş rayonlarımızda quruculuq işləri aparmaq üçün tam səfərbər olmuşuq.

Bundan başqa dogulduğum yerd yeri ilə – Füzuli rayonu ilə, doğma Kürdlər kəndimlə bağlı bir sıra arzularım var. İlk öncə ermənilər tərəfindən kəndimizdə dağıdılmış qəbiristanlığın yerində burada dəfn olunmuş ata və babalarımızın adları yazılmaqla bir məqbərə (məzarlıq) kompleksinin inşa olunmasını istəyirəm. Bundan başqa Kürdlər kəndindəki bölgənin ən böyük, ən bol sulu tarixi abidə stausunda olan qədim Mehdibəy kəhrizinin ətrafında abadlıq, yaşıllaşdırma işləri aparmaq arzusundayam. Bir sözlə beşqat gücümüzlə işləyəcəyik ki, doğma yurdumuz yenidən gözəl məkana çevrilsin, 27 illik yurd həsrətimizin ağrı-acısını çıxardaq, izini-tozunu silək, Qarabağ deyə-deyə dünyadan köçən əzizlərimizin ruhlarını şad edək.

Bu qələbə gününü qeyd edərkən bu yolda canını fəda edən qəhrəman oğullarımızn xatirəsini bir an da unutmamalıyıq. Həmçinin, bu böyük Qələbəmizdə qardaş Türkiyə Respublikasının, ölkəmizin sərhədlərindən uzaqda yaşayan soydaşlarımızın unudulmaz və böyük payı vardır.

Çox şükür edirəm ki, balalarımızın qanı yerdə qalmadı. Böyük əziyyət, min bir zəhmət hesabına olsa da, bu günləri gördük. Ümid edirəm ki, Qarabağda həyat bərpa olunandan və məcburi köçkünlər uzun illərdən bəri həsrətində olduğu doğma torpaqlara qayıdandan sonra xalqımıza daha xoş günlər yaşamaq nəsib olacaq.

Və…illər ötüb keçəcək, zaman təzələnəcək, biz bu günün sevincini, təkrarsızlığını uzun müddət xatırlayacağıq. Bu möhtəşəm sevinci bizə yaşatdığına görə Azərbaycan Milli Ordusuna, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı və varisi, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə ürəkdən təşəkkür edirik.

Oxşar xəbərlər

Leave a Comment