DOST İTKİSİ

Dünya, səndən kimlər keçdi?

Hörmətli “İnşaatçı”! Sənə müraciət edən daimi oxucun, 30 illik dostun Səmayıl Quliyevdir. Yanvarın 4-də uzun illər “Azəraqrartikinti” Səhmdar Cəmiyyətində bizimlə bir yerdə müxtəlif məsul vəzifələrdə işləmiş iş yoldaşımız Firdovsi Əmir oğlu Yusifov haqq dünyasına qovuşdu. Onun ölümü təkcə ailə üzvlərini, yaxınlarını deyil, iş yoldaşlarını, dostlarını da kədərləndirdi. İmkan daxilində bu xatirə yazısını qəzetinizdə dərc etsəniz, unudulmaz Firdovsi müəllimin ruhu az da olsa dinclik tapar…

… Qəbrin nurla dolsun, yerin behişt olsun əziz dostumuz, mehriban iş yoldaşımız! İnanmaq olmur ki, artıq aramızda yoxsan – ailə üzvlərini, qohum-əqrəbanı, çoxsaylı dostlarını, 25 ilə yaxın bir müddətdə birgə çalışdığın iş yoldaşlarını tərk edib getdin və birdəfəlik çıxıb getdin – görüşmədən, xudahafizləşmədən haqq dünyasına üz tutdun… Firdovsi müəllim, sənin haqqında keçmiş zamanda danışmaq, haqqında layiq olduqlarının cüzi bir hissəsini bu xatirə yazısında əks etdirmək mənim üçün çox çətin və ağrılıdır. İş yoldaşlarımızdan heç kim sənin yoxluğuna inanmır, lap nağıllardakı kimi fikirləşirik ki, uzaq bir səfərə çıxmısan və gec-tez qayıdıb gələcəksən ailə üzvlərinin, nəvələrinin, qohum-əqrəbanın, dostlarının və bizim yanımıza – iş yerinə, özünün səliqəli iş otağına. Təəssüf, min təəssüf ki, bu fikirləşdiklərimiz ancaq və ancaq özünü aldatmaqdır, xəyallardır.

                                                               Nə xoş anlar idi…

Əziz qardaşım, səninlə tanışlığım 1996-cı il avqust ayının 1-ə təsadüf edir.Taleyin qisməti ilə mən həmin tarixdən, sonralar 25 ilə yaxın birgə çalışdığımız “Azəraqrartikinti” Dövlət Şirkətində (indiki “Azəraqrartikinti” Səhmdar Cəmiyyətində) işə qəbul olundum. Şirkətdə çalışanların əksəriyyətini iş prosesində çoxdan tanısam da məni yeni iş yerində ən isti qarşılayan sən oldun, Firdovsi müəllim. Bu illər ərzində bizim çox səmimi yaxınlığımız, dostluğumuz oldu və bu yaxınlıq, dostluq bizim ailə üzvlərimizin, qardaşlarımızın, digər yaxın qohumlarımızın çox isti ünsiyyətinə qədər gedib çıxdı. İlk tanışlığımızdan səni digərlərindən fərqləndirən bir sıra keyfiyyətlərini müşahidə etdim: başqalarına etika və yüksək ehtiramla müraciət edər, kimliyindən asılı olmayaraq tərəf müqabilinə hörmətlə yanaşardın. Çox bahalı paltarlar geyməsən də olduqca zövqlü və səliqəli geyinərdin, işə səliqəli gələrdin, kollektivin üzvləri arasında heç vaxt nalayiq, utanc gətirən və yersiz sözlər işlətməzdin – bütün bunlar isə ailədən, gendən gəlirdi. Axı uzun illər Yevlax rayonunda müxtəlif məsul vəzifələrdə çalışmış və dünyasın çox erkən dəyişmiş, rayonda böyük hörmət sahibi olmuş atanız Əmir dayı ətrafındakılara olduğu kimi ilk növbədə ailəniz üçün də bir məktəb, nizam-intizam meyarı, yol göstərən olmuşdur. Və bu ənənənin davamı, rəhmətlik Əmir dayının qoyduğu yol idi ki, sən həyatın boyu ancaq halal zəhmətlə, düzlüklə yaşadın. Harada işlədinsə həmin kollektivin sevimlisinə çevrildin, nüfuz sahibi oldun. Əziz qardaşım, bizim hamımıza doğma olan “Azəraqrartikinti” Səhmdar Cəmiyyətinin yaradılmasında və formalaşmasında böyük zəhmətin danılmazdır.

Firdovsi müəllm, sən uzun müddət 21 may 1999-cu ildən 08 dekabr 2015-ci ilədək Səhmdar Cəmiyyətin Müşahidə Şurasının sədri, həmin tarixdən ömrünün son günlərinədək isə əvvələr çalışdığın vəzifədə – Cəmiyyətin Kadrlar və Xüsusi İşlər şöbəsinin rəisi vəzifəsində ləyaqətlə, vicdanla çalışdın, Səhmdar Cəmiyyətin nüfuzunu həmişə uca tutmağa çalışdın. İşinin peşəkarı idin, axı sən Yevlax Şəhər və Yevlax Rayon Xalq Deputatları Sovetlərində pillə-pillə irəliləyərək müxtəlif məsul vəzifələrdə çalışmış, böyük həyat məktəbi keçmişdin. Şübhəsiz ki, sənin peşəkarlığında, prinsipiallığında o vaxt çoxları üçün əlçatmaz olan, məzunu olduğun Bakı Ali Partiya Məktəbindəki təhsilin də təsirsiz ötüşməmişdir. Həyatında başqalarının ibrət götürəcəyi anlar çox olmuşdur, lap çox. Ötən 25 ildə səninlə birlikdə yadda qalan, indi isə xatirələrə dönən çox günlərimiz olmuşdur. Ailənin böyük övladı olaraq qardaş və bacılarına həmişə düzgün yol göstərməyə çalışardın və onlar da böyük qardaş kimi sənin məsləhətlərinə həmişə əməl edərdilər. Vətən sevgisi, Qarabağ-Şuşa həsrəti sənin canında, qanında idi. Məhz bununun bariz nümunəsidir ki, ehtiyatda olan zabit kimi 1992-ci ildə könüllü olaraq orduya yazıldın və Fizuli istiqamətində gedən döyüşlərdə iştirak etdin. Sən hər yerdə nizam-intizama riayət edən müsəlləh əsgər idin. Yaxşı yadımdadır – “Azəraqrartikinti” Dövlət Şirkətinin ləğvi və onun bazasında “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin yaradılması ilə bağlı işləri yerinə yetirən işğüzar komandada sən ən fəallardan idin. Bu prinsipiallığının, işgüzarlığının nəticəsidir ki, sən uzun illər “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətində Müşahidə Şurasının sədri və İdarə Heyətinin üzvü – “Kadrlar və Xüsusi İşlər” şöbəsinin rəisi vəzifələrində səmərəli fəaliyyət göstərdin. Çox təəssüf ki, bütün bunlar haqqında indi keçmiş zamanda yazıram…

Qardaş, səninlə bağlı xatırlanası çox günlərimiz olub. Yaxşı yadımdadır, uzun illər böyrək çatışmamazlığından əziyyət çəkən Sevda bacının səhhətindəki problem səni çox ciddi narahat edirdi və 1999-cu ildə qardaş Türkiyənin nüfuzlu hospitallarının birində digər qardaşların təkid etsələr də böyük qardaş kimi öz böyrəyinin Sevda bacıya köçürülməsinə qərar verdin. Bu hadisə indi çox adi görünsə də o, illər üçün az rast gəlinən tibbi hadisələrdən idi. “Sənin zarafatla- qardaş, niyə bu hadisəyə bir şeir həsr etmirsən? sualına yarızarafat, yarıciddi bildirərdim ki, sənin bu qəhrəmanlığının qarşısında qələm acizdir…” Haqqında söz düşəndə səni çoxları XIX əsrin böyük maarifçisi Firudin bəy Köçərliyə bənzədərdi. Kollektiv üzvlərinin iştirak etdiyi məclislərin, tədbirlərin əksəriyyətində səninlə bir masada əyləşirdik və həmin günlərdən hər ikimizin ailə albomunda çoxlu sayda fotolar yadigar qalıb. Xalq musiqisinin, muğamlarımızın pərəstişkarı idin. Zərərli adətlərin qatı düşməni idin, məhz sənin ciddi iradlarından sonra siqaret aludəçisi olan iş yoldaşımız Şahin Qurbanov papiros çəkməyə birdəfəlik əlvida dedi və sağlam- gümrah yaşamasına görə səni minnətdarlıq hissi ilə xatırlayır.

Toy şənliklərinin əksəriyyətində bir sual verərdin – görəsən Allah bizə övladlarımızın toyunu qismət edəcəkmi? Çox şükürlər, 4 övladından 3-ü ailə qurub, ev-eşik sahibidirlər, bir-birindən gözəl nəvələrin var. Təkcə sonbeşiyin İntiqam ailə həyatı qurmamışdır- təsəllimiz budur ki, İntiqam balamız ali təhsilli savadlı mütəxəssisdir, dövlət qurumlarının birində çalışır, inşallah qohum-qardaşının, dostlarının iştirakı ilə baş tutacaq toy günündə sənin narahat ruhun dinclik tapar…

Son vaxtlar səhhətində problem yaranmasını, özün büruzə verməsən də çoxlarımız hiss etmişdik. Yaxınlarının həkimə müraciət et sözlərinə isə , Azərbaycan Ordusunun zabiti, oğlun İbrahim müharibədən qayıtmayınca həkimə getməyəcəyini deyirdin. Çox şeyi, hərdən sənə edilən haqsızlaqları belə ürəyinə salardın. Bütün bunlar isə, nəticədə öz işini gördü. Məzuniyyət götürdün və həkimlərə müraciət etdin. Uzun illər bu kollektivə rəhbərlik etmiş, onun Səhmdar Cəmiyyəti kimi formalaşmasında müstəsna xidmətləri olmuş Səhmdar Cəmiyyətin Müşahidə Şurasının sədri, çox hörmətli Millət vəkili cənab Ağalar Vəliyev deputat kimi qayğılarının çox olmasına baxmayaraq sənin sağlamlığınla tez-tez maraqlanar, səhhətinin yaxşılaşması üçün müalicə olunduğun xəstəxanaların rəhbərlərinə, ən məsul şəxslər səviyyəsində zəng edərək müalicənə daha həssaslıqla yanaşmalarını dönə-dönə xahiş edərdi. Mənimlə və Elbrus qardaşla söhbətlərində Ağalar müəllim dəfələrlə müalicəni daha nüfuzlu xəstəxanalarda, ilk növbədə qardaş Türkiyədə davam etdirmək barədə təkliflər etdi, bütün müalicə xərclərin öz boynuna götürdüyünü bildirdi. Sən isə israrla Bakıda müalicə olunmağına üstünlük verdin (görünür ürəyinə damıbmış…).

Yuxarıda qeyd etmişdim, Vətən sevgisi, Qarabağ-Şuşa sevgisi sənin canında, qanında idi. Bizim hər ikimizin tanıdığı, sənin müalicə aldığın nüfuzlu özəl klinikaların birində tibb bacısı işləyən yaxın qohumuma müalicə həkimin Şuşa şəhəri azad olunan gün sənin klinikadakı palatada sevincdən sakit-sakit göz yaşı axıtdığını söyləmişdi. Bu sənin Vətənə, Qarabağa, Şuşaya olan hədsiz sevginin, məhəbbətinin parlaq təcəssümü idi, qardaşım!

Söhbətlərimizdə təqaüdə çıxdıqdan sonra Mingəçevirdə həyət evi alaraq xırda təsərrüfatla məşğul olacağını bildirirdin. Bir neçə dəfə “Qardaş, onsuz da hamımız bu dünyada qonağıq, gec-tez hamımız son mənzilə köçməliyk. Arzumdur ki, doğma kəndimdə – əzizlərimin uyuduğu məzarlıqda torpağa tapşırılım deyərdin. Həmişə şux gəzən səliqəli geyinən Firdovsi qardaşım! Xəstəxanada olarkən dostlarla, iş yoldaşların ilə görüşməkdən hər vəchlə imtina etdin – görünür istəmirdin ki, kimsə səni belə vəziyyətdə görsün- sən hamının hafizəsində əvvəlkitək qalmaq, xatırlanmaq istəmişdin. Torpaq səni çəkmişdi qardaş, vəfatından bir neçə gün qabaq ata evinə getdin, əhvalın nisbətən yaxşılaşmışdı… Çox ağrılı da olsa hamımızın kiçik qardaş hesab etdiyi İlhami yanvarın 4-də saat 7-də zəng edərək ikicə kəlmə “Qardaş Firdövsi köçdü” dedi. Sanki sənin ölümündə günahkar mən idim, ona cavab verə bilmədim… Yaxınların, doğmaların, dostların üçün nə qədər ağır olsa da deməliyəm – bu arzuna da çatdın, qardaşım! Ruhun əzizlərinin ruhuna qovuşdu.”

 

Qəbrin nurla dolsun, əziz qardaşım,

Karvanın köç etdi, ölümü seçdin.

Neçə arzuların qaldı yarımçıq,

Məzara köçmədən qəlblərə köçdün.

 

Bəli, bir cana borcludur hamı,

Vaxtın tamam oldu, ömrün tez bitdi.

Həyata keçmədi çox arzuların,

Ürəyində qaldı, səninlə getdi.

 

Əlvida, əziz dost! Allah qismət edər, haqq dünyasında görüşərik…

 

Səmayıl QULİYEV,

“Azəraqrartikinti” Səhmdar Cəmiyyəti

İdarə Heyəti sədrinin müavini

02-05 fevral 2021-ci il

 

Oxşar xəbərlər

Leave a Comment