Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Xırdalan şəhərində qanunsuz tikinti-quraşdırma işlərinin qarşısını aldı

 Piyadaların hərəkətinə maneə yaradan konstruksiya səki üzərindən götürüldü.

Abşeron rayonu, Xırdalan şəhəri, Zərifə Əliyeva küçəsində – Heydər Əliyev parkının yaxınlığında piyada səkisi üzərində ticarət köşkünün quraşdırılması ilə bağlı yerli sakinlərin şikayəti Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə daxil olmuşdur. Komitənin mütəxəssisləri tərəfindən dərhal yerində baxış keçirilərək müəyyən olunmuşdur ki, ticarət köşkü qeyd edilən ünvanda səki üzərində şəhərsalma qanunvericiliyinə və normalarına riayət edilmədən, zəruri razılaşdırılma və icazə prosedurları həyata keçirilmədən quraşdırımış, bununla da piyadaların gediş-gəlişinə maneə yaradılmışdır.
Bununla əlaqədar Komitə tərəfindən Abşeron rayon İcra Hakimiyyətinə müraciət edilmiş və Azərbaycan Respublikası Prezidentinin 24.11.2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın tələblərinə uyğun olaraq qanunsuz tikinti-quraşdırma işləri dayandırılmış, konstruksiyanın piyada səkisi üzərindən götürülməsi təmin edilmişdir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi şəhərsalma proseslərinə ictimai nəzarətin xüsusi əhəmiyyətini vurğulayır, qeyri-qanuni tikinti-quraşdırma işlərinin qarşısının alınması üçün təşəbbüskarlığa və vətəndaş borcunun yerinə yetirilməsinə görə sakinlərə təşəkkür edir.
Eyni zamanda, Komitə tikinti fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə bir daha müraciət edərək, Azərbaycan Respublikasının şəhərsalma qanunvericiliyinin bütün tələblərinə riayət etməyə çağırır. Müvafiq icra hakimiyyəti orqanlarından tikintiyə icazə sənədi alınmadan hər hansı tikinti-quraşdırma işlərinin aparılması qadağandır və bu sahədə müəyyən olunmuş tələbləri pozan şəxslərə qarşı qanunvericiliyin tələblərinə uyğun tədbirlərin görülməsi təmin ediləcəkdir.

arxkom.gov.az

Oxşar xəbərlər

Leave a Comment