Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında İctimai Şuraya seçkilər keçiriləcək

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında İctimai Şuraya namizədlərin qeydə alınması prosesi başa çatıb və 9 avqust tarixində Şuranın fəaliyyətinin təmin edilməsi ilə əlaqədar yaradılmış Seçki Komissiyasının iclası baş tutub. İclasda İctimai Şura üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi zamanı təqdim olunan sənədlər qiymətləndirilib və qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun olan 18 namizəd qeydiyyata alınıb. Seçki Komissiyası tərəfindən İctimai Şura üzvlərinin say həddi 11 nəfər müəyyən edildiyindən, irəli sürülmüş namizədlər içərisindən üzvlük hüququ qazanacaq şəxslərin təyin edilməsi məqsədi ilə 11 sentyabr 2021-ci il tarixində Komitənin inzibati binasında (AZ 1014, Bakı, Füzuli küçəsi, 65) gizli səsvermə yolu ilə seçkilərin keçirilməsi nəzərdə tutulur.

Bildirək ki, seçkilərdə yalnız vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak edə bilər. Təmsilçilərin qeydiyyatı 11 avqust 2021-ci il tarixindən başlayaraq 1 sentyabr 2021-ci il tarixinədək davam edəcək. Seçkilərdə təmsilçilərinin iştirak etməsini istəyən vətəndaş cəmiyyəti institutları həmin şəxslər barədə aşağıdakı sənədləri təqdim etməklə müraciət edə bilərlər:

  • Səsvermədə iştirak edəcək nümayəndənin şəxsiyyət vəsiqəsinin surəti;
  • Vətəndaş cəmiyyəti institutunu təmsil etdiyini təsdiq edən sənədin surəti;
  • Təmsil etdiyi vətəndaş cəmiyyəti institutunun dövlət qeydiyyatı ilə bağlı sənədin surəti;
  • Səsvermədə iştirak edəcək nümayəndənin əlaqə vasitəsi.

İştirak etmək istəyən şəxslərin məlumatları təşkilatlar tərəfindən iş günləri saat 10:00-dan 17:00-dək Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə (Seçki Komissiyasına) şəxsən və ya ictimaishura@arxkom.gov.az elektron ünvan vasitəsilə onlayn formada təqdim edilə bilər.

Əlavə məlumat üçün Seçki Komissiyası ilə +994 12 492 31 89 (703) nömrəli telefonla əlaqə saxlanıla bilər.

 

Oxşar xəbərlər

Leave a Comment