Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri “UN-HABITAT” – BMT-nin Məskunlaşma Proqramının direktoruna Ümumdünya Şəhərlər Günündə məktub ünvanlayıb

 İşğalçı Ermənistanın Azərbaycanın dinc şəhərlərinə raket zərbələri endirdiyi, mülki əhalinin öldürüldüyü, tarixi-memarlıq abidələri və şəhər infrastrukturunun dağıdıldığı diqqətə çatdırılıb.

“Təəssüflə qeyd etməliyik ki, “Cəmiyyətimizin və şəhərlərimizin qədrini bilək” mövzusuna həsr olunmuş bu ilki Ümumdünya Şəhərlər Günü ölkəmizin bəzi şəhər və yaşayış məntəqələrində insanlıq əleyhinə cinayətlərin törədilməsi, günahsız insanların qətlə yetirilməsi ilə eyni vaxta təsadüf edir. Ermənistanın Azərbaycanın böyük şəhərlərinə intensiv raket hücumları, mülki insanları qətlə yetirmək məqsədilə həyata keçirdiyi dövlət terroru nəinki ayrı-ayrı şəhərlərimizi, həmçinin bütün regionu və bütövlükdə dünyanı böyük təhlükəyə məruz qoyur.”  – Bu fikirlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin BMT-nin Məskunlaşma Proqramının direktoru xanım Maimunah Mohd Şərifə ünvanladığı məktubunda qeyd olunub. Bildirilib ki, bütün dünya Ümumdünya Şəhərlər Gününü qeyd etdiyi bir vaxtda, Azərbaycanın bir sıra şəhərləri və digər yaşayış məntəqələri Ermənistan silahlı qüvvələrinin davamlı hücumuna məruz qalır.

BMT Baş Assambleyasının 2013-cü ildə qəbul etdiyi qətnaməyə əsasən 31 oktyabr Ümumdünya Şəhərlər Günü kimi qeyd olunur. Əsas şüarı “Daha yaxşı şəhər, daha yaxşı həyat” olan Ümumdünya Şəhərlər Günü hər il müxtəlif mövzuya həsr olunur. Bu il “Cəmiyyətimizin və şəhərlərimizin qədrini bilək” mövzusuna həsr olunan bu günün əsas məqsədi beynəlxalq ictimaiyyətin diqqətini urbanizasiya problemlərinə cəlb etmək və şəhərlərin davamlı inkişafı ilə bağlı dünya dövlətlərini birgə əməkdaşlığa sövq etməkdir. Bu məqsədlərə nail olmaq üçün BMT-nin Məskunlaşma Proqramı (“UN-Habitat”) dünyanın 90-dan çox ölkəsində hökumətlər, yerli hakimiyyət orqanları və qeyri-hökumət təşkilatları ilə birgə işləyərək kiçik və böyük şəhərlərin üzləşdiyi çətinliklərdən yeni çıxış yollarını tapmağa çalışır. Əsas ideyası “Urbanizasiya yaşayan dünyada hər kəs üçün daha yaxşı həyat keyfiyyəti” olan bu proqramın məqsədi ayrı-seçkiliyi, yoxsulluğu azaltmaq, şəhərləri və yaşayış məntəqələrini insanlar üçün təhlükəsiz hala gətirməkdir.

28 oktyabr 2020-ci il tarixində Bərdə şəhərinə edilən xain raket hücumu nəticəsində uşaqlar da daxil olmaqla 21 mülki şəxs həlak olmuş, 70-dən çox insan ağır yaralanmışdır. 4, 11 və 17 oktyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin ardıcıl raket və ağır artilleriya hücumları Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə 10 qadın və 6 uşaq olmaqla 26 nəfərin həyatına son qoymuş, 138 nəfər yaralanmış, yaşayış evləri, tarix və mədəniyyət abidələri dağıdılmışdır. Tərtər şəhərinə edilən hücum nəticəsində 4 mülki insan həyatını itirmiş, 4 nəfər isə yaralanmışdır.

Məktubda həmçinin erməni silahlı qüvvələrinin münaqişə zonasından uzaqda yerləşən digər şəhərlərimizi və yaşayış məntəqələrini qəsdən ağır artilleriya və raket atəşinə məruz qoyması faktları da öz əksini tapıb. Bildirilib ki, bu hücumlar nəticəsində çox sayda mülki insan həlak olmuş, evlərə, inzibati binalara, tarix-memarlıq abidələrinə və digər sosial obyektlərə ziyan dəymişdir.

Ümumdünya Şəhərlər Günündə dünya ictimaiyyətinin diqqətini bir daha Azərbaycanın hücuma məruz qalan şəhərlərinə çəkən Komitə sədri, günahsız insanlara qarşı törədilən bu cinayətlərin Ermənistanın terror xarakterini ifşa etdiyini, dinc əhalinin qəsdən öldürülməsini isə soyqırım və insanlığa qarşı müharibə olduğunu qeyd edib.

“Bu terror aktları bir daha sübut edir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq humanitar hüququ, xüsusən 12 avqust 1949-cu il tarixli “Müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında” Cenevrə Konvensiyası və BMT-nin “Uşaq Hüquqları Konvensiyası”nı, habelə insan hüquqları sahəsində digər beynəlxalq hüquq sənədlərini bilərəkdən kobud şəkildə pozur. Bir daha dünya ictimaiyyətini Ermənistan tərəfindən müntəzəm şəkildə törədilməkdə davam edən qəddar, qeyri-insani əməllərinə biganə qalmamağa, Azərbaycanın şəhərlərinin dinc əhalisinə qarşı Ermənistanın barbar hücumlarını pisləməyə, hüququn bütün normalarını pozaraq mülki şəxsləri məqsədli şəkildə hədəf seçməsini dayandırmaq üçün lazımi addımlar atmağa və işğalçı qüvvələrin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən çıxmasını tələb etməyə çağırırıq”, – deyə Anar Quliyev bildirib.

Oxşar xəbərlər

Leave a Comment