Dövlət və xalq üçün yaşanan ömür

1930-cu il yanvarın 15-də Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1948-ci ildə Bakıdakı  171 saylı orta məktəbi bitirdikdən sonra Moskva Polad İnstitutuna daxil olub və 1952-ci ildə öz arzusuyla Moskva Yeyinti Sənayesinin Texnologiyası İnstitutuna köçürülüb. 1955-ci ildə isə həmin institutun tikinti şöbəsini bitirərək inşaatçı-mühəndis ixtisasına sahib olmuşdur.

Azərbaycan Respublikası Avtomobil yollarının tikintisi və istismarı naziri, Kənd tikinti naziri, Dövlət Tikinti və Arxitektura Komitəsinin sədri, Respublika Nazirlər Soveti sədrinin müavini kimi yüksək vəzifələrdə çalışmışdır.

Respublikanın Əməkdar Mühəndisidir. “Şərəf nişanı”, “Qırmızı Əmək Bayrağı” ordenləri ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 09 aprel 2010-cu il tarixli Sərəncamı ilə tikinti kompleksinin inkişafındakı xidmətlərinə görə Prezident təqaüdünə layiq görülmüşdür.

2020-ci ilin yanvarın 15-i tarixində bu böyük və məşhur inşaat mühəndisinin 90 yaşı tamam olur. Bütün mənalı həyatı respublikanın tikinti-quruculuq tarixi ilə sıx bağlı olan Dadaş Mirzə oğlunun 90 illik yubileyi ölkə inşaatçılarının böyük bir nəsli üçün unudulmaz bir tarixdir. Çünki bu gün ölkə inşaatının hansı qoluna baxsaq orda Dadaş Mirzə oğlunn tələbələri, onun inşaat məktəbini keçmiş yüzlərlə məzunlar var və onlar öz müəllimlərini həmişə, hər an böyük hörmət və ehtiramla xatırlayır, onun ardıcılları olduqları üçün qürur duyurlar.

Dadaş Mirzə oğlu Asanov… Bu ad son 30-40 ildə Azərbaycan ictimai mühitində hamının eşitdiyi, tanıdığı ad, soyaddır. Çünki 90 illik ömrü boyunca tikinti kompleksində briqadirlikdən nazir vəzifəsinədək yüksəlmiş  Dadaş Mirzə oğlunun bütün fəaliyyəti Azərbaycan cəmiyyətinin gözü qabağında olmuşdur. Bu isə o deməkdir ki, o hansı vəzifədə işləməsindən asılı olmayaraq heç vaxt kabinet işçisi olmayıb, həmişə inşaatçıların içində olmağa, qarşıya çıxan problemləri əl-ələ verib həll etməyə üstünlük vermişdir. İnşaatçıların Dadaş Mirzə oğluna olan sevgisinin mayasında da məhz  bu amil durur. O, sıravi insanların içindən çıxdığı üçün də bu gün tikintidə çalışanların böyük hörmət və rəğbətini qazanmışdır. Bu gün mübaliğəsiz deyə bilərik ki, Dadaş Mirzə oğlu qeyri-adi bir şəxsiyyət olduğu üçün hamı tərəfindən sevilir. Çünki onun xoş simasında olan əzəmət və zəhm qarşısındakına öz yerini göstərir. Bəlkə də elə buna görə zaman-zaman hamı onunla hesablaşıb, heç bir mübahisəyə getmədən onun gəldiyi qənaətlər, verdiyi məsləhətlər qeyd-şərtsiz qəbul olunub. Heç də təsadüfi deyil ki, tikinti kompleksində ən çətin və mürəkkəb işlərin həlli məhz vaxtı ilə ona həvalə olunub. Dadaş müəllim belə yüksək səviyyənin sahibidir.

Dadaş Asanov əmək fəaliyyətinə 1955-ci ilin əvvəlindən Bakıdakı 4 nömrəli tikinti trestinin 41 nömrəli tikinti idarəsində briqadirlikdən başlayıb. O, 4 il ərzində briqadir, iş icraçısı, baş iş icraçısı vəzifəsində çalışaraq 1959-cu ilin martında həmin trestin 4 nömrəli Dəmir-Beton Məmulatları Zavoduna baş mühəndis vəzifəsinə irəli çəkilib. Bu isə artıq onun topladığı təcrübəyə, bacarığına, qabiliyyətinə verilən qiymət demək idi.

Və elə ilk illərdən Dadaş Mirzə oğlu üzərinə düşən böyük məsuliyyəti gərəyincə dərk etdiyi üçün hər zaman hamının etimadını doğrulda bilib. Dadaş Mirzə oğluna tapşırılan iş yüksək səviyyədə icra olunmalıydı. O, ilk vaxtlardan özünü ölkə tikinti kompleksinə belə təqdim etmişdi və o, bu günəcən də olduğu kimidir, dəyişməzdir.

1960-cı ilin əvvələrində məşhur inşaatçı, tikinti kompleksinin və onun maddi texniki bazasının inkişafında, eləcə də kadrların yetişdirilməsində böyük rolu olan Məmmədəli Abbasov Azərbaycan Respublikası Tikinti Nazirliyinə rəhbərlik edirdi.

Dadaş Mirzə oğlunun nümunəvi, bənzərsiz fəaliyyəti onun diqqətini cəlb edir. 1962-ci ilin yanvar ayında nazir Məmmədəli Abbasov Dadaş Asanovu yanına çağırır və onu Dəmir-Beton Məmulatları trestinin baş mühəndisi vəzifəsinə təyin edir.

Bu vəzifədə Dadaş müəllimin böyük biliyi, təşkilatçılığı, işçilərlə gözəl ünsiyyətə malik olması özünü dərhal biruzə vermişdir.

1966-cı ilin iyun ayından 1973-cü ilin noyabr ayına kimi Dadaş Asanov Azərbaycan SSR Kənd Tikinti nazirinin müavini və birinci müavini vəzifələrində işləyib. 1973-cü ilin noyabrında isə o, Azərbaycan KP MK-nın birinci katibi, Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə Azərbaycan SSR Avtomobil Yollarının Tikintisi və İstismarı naziri vəzifəsinə təyin edilib və 5 il bu vəzifəni şərəflə icra edib.

Onun buradakı fəaliyyəti də çox uğurlu olub. Araz çayı üzərində salınmış körpü, Qəbələ, Oğuz, Şəki, Qazax, Füzuli, Beyləqan, Zaqatala rayonlarında irili-xırdalı 20-dək körpü, Bakı-Salyan, Bakı-Kürdəmir, Yevlax-Qazax və Yevlax-Şəki magistral yollarının asfaltlaşdırılması, o cümlədən respublikamızın ayrı-ayrı bölgələrində yeni qum-çınqıl karxanalarının, dəmir-beton məmulatı zavodlarının və asfalt zavodlarının işə salınması nazir Dadaş Asanovun 5 illik fəaliyyətinin bəhrələridir.

1978-ci ilin noyabr ayından isə o, kənd tikinti naziri təyin olunub və 4 il bu vəzifədə çalışaraq Azərbaycan kəndinin abadlaşmasında böyük işlər görmüşdür.

Dadaş Mirzə oğlu 1982-ci ilədək respublika kənd tikinti naziri kimi Azərbaycanda onsuz da böyük olan nüfuzuna, hörmətinə yeni çalarlar əlavə edə bildi. Artıq o, respublikamızda ən yüksək dövlət postları üçün layiqli kadrlardan biri sayılırdı və o, hansı vəzifəyə təyinat alsaydı, mütləq o sahədə bir dirçəliş olacaqdı. Bu, Dadaş Mirzə oğlunun fərdi keyfiyyətlərindən irəli gəlirdi. Və 1982-ci ilin noyabrında Dadaş Mirzə oğlu Asanov Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini vəzifəsinə təyin olunur və burada öz bacarıq və istedadını sərf edir.

Xüsusilə qeyd etmək lazımdır ki, Dadaş Mirzə oğlu Asanovun tikinti kompleksində ən yüksək vəzifə pillələrinə yüksəlməsi Ulu Öndər Heydər Əliyevin qayğısı və himayəsi sayəsində mümkün olmuşdur.

Dadaş Mirzə oğlu 1989-cu ilin dekabrından 1993-cü ilin mayına kimi Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin sədri vəzifəsində çalışıb. O illərdə Komitədə yüksək ixtisaslı kadrların yetişdirilməsi sahəsində böyük işlər görülmüşdür.  Onun tikinti kompleksinə rəhbərlik etdiyi illəri Dövlət Tikinti Komitəsinin əməkdaşları indi də xoş təəssüratla yada salırlar.

Dadaş Mirzə oğlu haqqında söz düşəndə bu gün də Dövlət Şəhərsalma və Arxitektura Komitəsində hamı onun haqqında “təmkinli, səriştəli, böyük müəllim, rəhbərlik etdiyi kollektivin hər bir üzvünə öz səxavətini və qayğısını əsirgəməyən, vətənini sevən bir insandır, əsl Azərbaycanlıdır “– deyirlər.

Göründüyü kimi, Dadaş Mirzə oğlu ilk əmək fəaliyyətinə başladığı çağlardan həmişə seçilib, üzdə olub. Onun özünə məxsus olan fenomenal istedadı və fərdi qabiliyyəti nəticəsində o vəzifə pilləsində yüksək sürətlə irəliləyə bilmişdi. Hansı dövlət vəzifəsində işləməsindən asılı olmayaraq Dadaş Mirzə oğlu Azərbaycan xalqının firavanlığı, xoşbəxt yaşayışı, normal güzəranı üçün çalışıb. Bu gün cəsarətlə etiraf edə bilərik ki, ölkə tikinti kompleksində Dadaş Asanovun özünəməxsus yeri, mövqeyi, xüsusi çəkisi var. Ondan zaman-zaman öyrəniblər, bu gün də öyrənirlər, sabah da bir məktəb kimi ondan öyrənəcəklər.

Dadaş Asanov 1993-cü ilin may ayından 2010-cu ilin aprel ayına kimi uzun illər birgə çiyin-çiyinə çalışdığı respublikanın görkəmli inşaatçısı, “Şöhrət” ordenli, Prezident təqaüdçüsü, Əməkdar Mühəndis Litvin Abasovun rəhbərlik etdiyi Kəndtikinti Nazirliyinin bazasında yaradılmış “Azərkəndtikinti” ASC sədrinin birinci müavini vəzifəsində işləyib.

Ölkə Prezidentinin Fərmanı ilə Prezident təqaüdünə layiq görüldükdən sonra da Səhmdar Cəmiyyətlə sıx əlaqədədir.

O, bu gün də şahanə duruşu və gümrah görkəmi ilə neçə-neçə onilliklər öncədə olduğu kimi əzəmətlidir. Tikinti kompleksində və şirkətdə qazandığı dostlarını görməyəndə darıxır. Çünki hamının sevə-sevə “ağsaqqal”, “Dadaş Mirzəyeviç” deyə müraciət elədiyi bu insan işlədiyi bütün kollektivlərə öz varlığıyla coşqunluq, əməksevərlik, məsuliyyət hissi aşılayıb, stimul yaradıb.

Dadaş Mirzə oğlunun həyatda qazandığı uğurlar, bir-birinin ardınca fəth etdiyi zirvələr onun valideynlərindən və ailə tərbiyəsindən gəlir. Çünki yaxşı ailə tərbiyəsi almayan insan həyatda öz qabiliyyətilə çox arxalı-köməkli kəslərin himayə ilə yüksələ bildiyi vəzifələrə özü, köməksiz, arxasız qalxa bilməzdi. Məhz hər şey kökdən, nəsildən gəldiyi üçün Dadaş Mirzə oğlu həyatda özünü təsdiq edə bildi, tikinti tariximizdə Dadaş Asanov səhifəsini açdı.

Dadaş Asanov IX-X-XI çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub.

Yaşadığı ömür boyunca MDB ölkələrində, eləcə də Kanada, Bolqarıstan, Avstriya, Çexiya, Macarıstan, İran, Suriya, Meksika, ABŞ və Almaniya kimi xarici ölkələrdə işgüzar ezamiyyətlərdə olub, respublikamızı ləyaqətlə təmsil edib. O, harada olubsa, oraya özüylə bərabər Azərbaycanı aparıb, Azərbaycanı və xalqını tanıdıb. Və hər bir işgüzar gediş onun üçün yeni dostlar, tanışlarla yadda qalıb.

Dadaş Mirzə oğlu haqqında yazdıqca yazmaq olar. Çünki bu insanın bütün həyatı maraqlıdır. O, Azərbaycanda peşəkar inşaatçı-mühəndis kadrlarının yetişdirilməsindən tutmuş, iri sənaye komplekslərinin, yeni yaşayış qəsəbələrinin salınmasına qədər var qüvvəsini sərf etmişdir.

Bu gün cəsarətlə deyə bilərik ki, 1969-70-ci illərin əvvəllərində Ümummilli Lider Heydər Əliyevin məktəbini keçmiş ustad inşaatçılar, mühəndislər, mütəxəssislər və alimlər – Məmmədəli Abbasov, Əliş Lənbəranski, Yaqub İsmayılov, Əlövsət Əbdülrəhimov, Ənvər İsmayılov, Mirzə Səmədov, Qurban Sultanov, Qəni Məmmədov, Tofiq Əhmədov, Teymur Qasımov, Ənvər Hüseynov, Abuzər Əliyev, Şair Həsənov, Telman Kazımov və onlarca başqaları ilə yanaşı Dadaş Mirzə oğlu Asanovun da sanballı yeri vardır.

Bu gün ölkə tikintisində Dadaş Mirzəyeviç haqqında kimdən fikir soruşsaq onun haqqında ağız dolusu danışar, ünvanına xoş sözlər söyləyər.

Onun keçdiyi ömür yolu nəinki inşaatçılar, memarlar üçün, həm də bütün Azərbaycan vətəndaşları üçün örnəkdir, nümunədir.

Dadaş Mirzə oğlu tikinti kompleksimizdə elə bir maraqlı yol keçib ki, onun rəhbərliyi altında neçə-neçə bacarıqlı tikinti mütəxəssisləri, istehsalat komandirləri yetişib. Onun bütün həyat və fəaliyyəti Azərbaycan dövlətinin iqtisadi cəhətdən qüdrətlənməsinə böyük bir töhfədir.

Dadaş Mirzə oğlu savadlı mütəxəssis və bacarıqlı rəhbər olmaqla yanaşı həm də həssas və nəcib insan, insanlara arxa, kömək olan əsl Allah adamıdır.

O, bu gün ömrün 90 yaşında da  öz zəngin təcrübəsini səxavətlə gənc inşaatçı mühəndis kadrlara öyrədir və bundan qürur duyur.

Dadaş Asanovun ardıcılları – Litvin Abasov, Ənvər Əliyev, Bürhan Həmidov, Rauf Məmmədzadə və digərləri uzun müddət ölkə tikinti kompleksində onunla çiyin-çiyinə çalışmışlar.

Ötən il aparılan kadr və struktur islahatları, eləcə də iqtisadi, siyasi və sosial sahələrdəki islahatlar 2019-cu ili dərin islahatlar ili kimi tarixin yaddaşına yazdı. Prezident Administrasiyasında çox ciddi struktur və kadr islahatlarının aparılması, Nazirlər Kabinetinin yenidən formalaşması və həmin vəzifələrə müasir çağırışlara cavab verən, yeni düşüncə tərzi olan gənc kadrların gətirilməsi, yerli icra orqanlarında kadr dəyişikliklərinin aparılması və bu islahatların davamlı olması artıq tikinti kompleksində də öz bəhrəsini verməkdədir.

Və…çox təqdirəlayiq haldır ki, Ulu Öndər Heydər Əliyevin məktəbini keçmiş Dadaş Asanovun ardıcılları bu gün, ölkənin sosial iqtisadi inkişafının yeni mərhələsində respublikanın inşaat kompleksində ölkəmizin inkişafı, tikilib abadlaşdırlması və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı islahatların davamlı və uğurlu olması üçün var qüvvə ilə çalışırlar.

Dadaş Mirzə oğlu Asanovu anadan olmasının 90 illik yubileyi münasibəti ilə ölkənin inşaat kompleksi işçiləri adından ürəkdən təbrik edir, ona möhkəm can sağlığı və uğurlar arzulayırıq! 

 

Eldar NURİYEV,

İqtisadiyyat üzrə fəlsəfə doktoru

Zərbalı MİRZƏ,

Əməkdar Jurnalist

Oxşar xəbərlər

Leave a Comment