Fədakar elm adamı, ziyalı, nurlu insan

Təbrik edirik!

Xanlar Qurban oğlu Seyfullayev – 80 il


2021-ci ilin gəlişindəki ilk görüşümüzdə AzİMETİ-nin direktoru Abdı Qarayev 5 mart tarixində öz müəlliminin 80 illik yubileyinin olacağının anonsunu vermişdi və qəzetdə bu barədə bir yubiley yazısının dərc olunmasını diqqətdə saxlamağımızı xahiş etmişdi. Söhbət Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun “Normativ sənədlərin elmi-texniki ekspertizası” şöbəsinin müdiri, Texnika elmləri doktoru, professor, Ukrayna İnşaat Akademiyasının akademiki, AzİMETİ-nin fəxri doktoru Seyfullayev Xanlar Qurban oğlundan gedirdi. Əsil elm adamı, ziyalı, nurlu insan olan Xanlar müəllimin keçdiyi möhtəşəm ömür və fəaliyyət illərinə yaxından bələd olduğumdan belə bir yazının qəzetə ancaq başucalığı gətirəcəyini bildirmişdim…

         …Bu gün həmin tarixdir – 5 mart 2021-ci il. – Xanlar müəllimin 80 illik yubileyi günüdür.

Xanlar Qurban oğlu  Seyfullayev 1941-ci ilin 5 mart tarixində Azərbaycan Respublikasının Lerik rayonunda anadan olmuşdur.

“Elm zəmanəmizin əsəb sistemidir” – bu söz nəinki bədii və incədir, o həm də dərin və dəqiq gerçəkliyi əks etdirir. Məşhur fransız yazıçısı və filosofu Deni Didronun bu kəlamlarını daima axtarışda olan, fikrini və yaradıcılığını hərtərəfli zənginləşdirən görkəmli alim Xanlar Seyfullayevə də şamil etmək olar.

Xanlar Seyfullayev orta məktəbi bitirdikdən sonra 1958-ci ildə Azərbaycan Politexnik İnstitutuna daxil olur və 1963-cü ildə  “İnşaat”  fakultəsinin “Sənaye və mülki tikinti” ixtisası üzrə təhsilini bitirdikdən sonra fərqlənmə diplomuna layiq görülür. İnstitutu bitirdikdən sonra 1964-cü ildə həmin institutun aspiranturasına daxil olur, təhsilini başa vurduqdan sonra 1967-ci ildə “İnşaat konstruksiyaları, bina və qurğular” ixtisası üzrə Azərbaycan Politexnik İnstitutunda dissertasiya müdafiə edərək, texnika elmləri namizədi elmi dərəcəsini almış və 1975-ci ilə qədər institutun “Materiallar müqaviməti” kafedrasında assistent, baş müəllim və dosent vəzifələrində çalışmışdır.

1975-1992-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun “Dəmir-beton konstruksiyaları” kafedrasının  dosenti və professoru olmuşdur. Eyni zamanda 1985-ci ildə Moskvada “İnşaat konstruksiyaları Mərkəzi Elmi-Tədqiqat institutunda” (ЦНИИСК им. Кучеренко) “İnşaat mexanikası” ixtisası üzrə “Dəyişən qalınlıqlı və əyrilikli yatıq qabıqların və lövhələrin qovuşma məsələləri” mövzusunda dissertasiya müdafiə edərək texnika elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür.

1993-2012-ci illərdə Xanlar müəllim Azərbaycan Memarlıq və İnşaat Universitetində “Dəmir-beton və daş konstruksiyaları” və sonradan “İnşaat konstruksiyaları” kafedralarına rəhbərlik etmişdir. Bu 20 il ərzində Xanlar müəllim inşaat konstruksiyalarının “Nazikdivarlı fəza konstruksiyalarının statika, dinamika və dayanıqlığı” istiqamətində respublikada elmi məktəb yaratmışdı.

Elmdə uğurla addımlar atan texnika elmləri doktoru, professor Xanlar Qurban oğlu Seyfullayev 1985-ci ildə Moskva şəhərində keçmiş SSRİ-nin ən qabaqcıl elm ocağı sayılan Moris Torez adına xarici dillər institutunda fransız dilində kurslar keçdikdən sonra Tunis Respublikasının “Milli mühəndislər ali məktəbi”ndə 1990-cı ilin axırınadək professor vəzifəsində uğurla çalışmış və yerli kadrların hazırlanmasında çox işlər görmüşdür. Ölkəmizi xaricdə layiqincə təmsil edən Xanlar müəllim işlədiyi dövr ərzində fransız dilində “Dəmir-beton konstruksiyaları” fənnindən dörd dərs vəsaiti yazmışdır. O, 100-dən çox elmi məqalə, dərslik və dərs vəsaitlərinin müəllifidir. Onun rəhbərliyi altında 20 nəfərə qədər elmlər namizədi alimlik dərəcəsi almışdır. Onların içərisində Sudan, Konqo, İran, Rusiya və başqa ölkə vətəndaşları, həmçinin  Universitetin müəllim heyəti də vardır.

Xanlar Seyfullayev dəfələrlə keçmiş SSRİ-nin müxtəlif şəhərlərində (Moskva, Rostov, Kutaisi, Tbilisi, Xarkov, Kiyev, Leninqrad və s.) qabıqlar nəzəriyyəsinə həsr olunmuş beynəlxalq konfrans və simpoziumlarda məruzələr ilə çıxış etmişdir. Hal-hazırda 10-dan çox xarici vətəndaşlar onun rəhbərliyi altında alimlik dərəcəsi almaq üçün elmi-tədqiqat işləri aparırlar.

Xanlar müəllim Azərbaycan Memarlıq və  İnşaat Universitetində fəaliyyət göstərən iki ixtisaslaşdırılmış doktorluq elmi şurasının üzvü olmuşdur. Azərbaycan Respublikası Prezidenti yanında Ali Atestasiya Komissiyasında “Maşınqayırma və İnşaat” ekspert Şurasının üzvü olmuşdur.

“Azdövlətneftqazlayihə”  elmi-tədqiqat institutunun inşaat konstruksiyaları üzrə elmi şuranın üzvü olmuşdur. Müxtəlif  illərdə Azərbaycan Təhsil Nazirliyinin Elmi-Metodik və Tədris-Metodik şuralarının  “İnşaat” bölümünün sədri, sədr müavini və üzvü olmuşdur.

Müxtəlif  illərdə Memarlıq və  İnşaat Universitetinin “İnşaat”  fakültəsinin Dövlət Attestasiya  Komissiyasının sədri olmuş və magistr dissertasiyalarının ixtisaslaşdırılmış elmi şuralarına rəhbərlik etmişdir.

1996-cı ildə Ukrayna İnşaat Akademiyasının akademiki seçilmişdir. 2009-cu ildən AzİMETİ-nin fəxri doktorudur. “Dəmir-beton konstruksiyaları” kafedrasında bakalavr və magistr pillələrində ixtisas kurslarında mühazirələr oxumuş, magistr və xarici vətəndaşların dissertasiyalarına rəhbərlik etmişdir.

Azərbaycan dilində iki dərslik dərc etdirmişdir.

Magistrlər üçün iki dərsliyin “Nazikdivarlı dəmir-beton fəza konstruksiyaları”, Bakı, 2009, 780 səh. və “Mühəndis dəmir-beton konstruksiyaları”, (Bakı, 2010, 612 səh.) müəllifidir.

Elmlər doktoru, professor Xanlar Qurban oğlu 2013-cü ilin noyabr ayındən Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun “Normativ sənədlərin elmi-texniki ekspertizası” şöbəsinin müdiridir.

Şöbə yaranan vaxtdan işlədikləri bir neçə Dövlət Tikinti normalarının (“Polad konstruksiyaları”, “Ağac konstruksiyaları”, “Yüklər və təsirlər”, “Beton və dəmir-beton konstruksiyaları”, “Dam örtükləri”, “Svay bünövrələri”, “Bina və qurğuların qrunt əsasları” “Seysmik rayonlarda tikinti”, “Yerli inşaat materiallarından istifadə edilməklə seysmik rayonlarda tikintinin aparılması  üzrə Tövsiyələr”,  “Daş və armaturlanmış daş konstruksiyalar”, “Armaturlu sement konstruksiyalar”, “Ərazilərin, bina və qurğularin sürüşmə və uçqunlardan mühəndis mühafizəsi. Əsas müddəalar”) elmi-texniki ekspertizasını həyata keçirmiş və bu normalar Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq olunduqdan sonra respublikanın ərazisində qüvvəyə minmişdir.

Hazırkı vaxtda  Xanlar müəllimin rəhbərlik etdiyi şöbədə “İnşaat konstruksiyalarının korroziyadan mühafizəsi”, “Anbar binaları”, “Alüminium konstruksiyalar”, “Hidrotexniki qurğular. Əsas müddəalar”, “Meliorasiya sistemləri və qurğuları”; “Hidrotexniki qurğuların beton və dəmir-beton konstruksiyaları”,  “Şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin planlaşdırılması və tikilib abadlaşdırılması”, “Hidrotexniki qurğulara yüklər və təsirlər (dalğalar və gəmilərdə)”, “Birmənzilli yaşayış evləri”, “İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular və Avtoyanacaq doldurma məntəqələri”  layihələndirmə normaları normativ sənədlərinin hazırlanması üzərində iş davam etdirilir.

AzİMETİ-nin direktoru Abdı Qarayevin yanında
növbəti normativ sənədin müzakirəsində…

Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun yaradılmasının
30 illiyinə həsr olunmuş beynəlxalq konfransda İnstitutun direktoru
A.Qarayev şöbə müdiri X.Seyfullayevə “Fəxri Fərman” təqdim edir.

AzİMETİ-nin yaradılmasının 30 illiyinə həsr olunmuş
beynəlxalq konfransın açılış günü…

Xanlar Seyfullayev “Tikinti normalarının elmi-texniki ekspertizası” şöbəsinin əməkdaşları ilə…

Xanlar Seyfullayev AzİMETİ-da işlədiyi müddətdə rəhbərlik etdiyi şöbədə “Beton və dəmir-beton konstruksiyalar”ın layihələndirilmə normasının təkmilləşdirilməsi və layihələndirmədə tətbiq olunması mövzusunda elmi tədqiqat işi üzrə elmi işlər aparmış və AzDTN 2.16-1 normativ sənədin Avrokodlarla uzlaşan variantının əldə olunması məqsədi ilə təkliflər hazırlanmışdır. Bu təkliflər barədə “Azərbaycanda İnşaat və Memarlıq” jurnalında №2(25), 2020 ətraflı bəhs edilmişdir.

Bu təkliflər dünyanın aparıcı ölkələrində – Rusiyanın “Строительная газета”-sında № 19, 9 may 2014-cü ildə R.Sanjarovski və T.Musabayevin “Нестыковка актуализированного норматива по железобетону и Еврокода-препятствие в стpоительстве” məqaləsi AzİMETİ-da müzakirə olunduqdan sonra qüvvədə olan AzDTN 2.16-1 dəmir-beton üzrə sənədlə və Avrokodlar arasında olan fərqlər və uyğunsuzluqlar aşkar edilmiş və onların aradan qaldırılma yolları Moskvada БСТ № 9, 2017, Ukraynada XI ümumukrayna elmi-praktik konfransda, 10-14 sentyabr 2018-ci il, Odessa şəhəri, Avropa ölkələrində Çexiyada “Sciences of Europe” № 33 (33) vol.1.2018 və Polşada “Polish journal of science № 10, 2018, vol.1, ”Строительная механика и расчет сооружений №1, 2020, Москва“, ”Azərbaycanda İnşaat və Memarlıq” № 2, №4, 2017 və №1, № 4 2018-ci il jurnallarında çap edilmişdir.

X.Seyfullaayev AzDTN 2.16-1-dəmir-beton üzrə Azərbaycanda qüvvədə olan normativ sənədlə Avrokod-2 (İngiltərə) və BAEL-85 (Fransa) normativ sənədləri arasında olan uyğunsuzluqları aradan qaldırmaqla onu Avrokodlarla uzlaşdıraraq layihələndirmədə tətbiq olunmaq və dəmir-beton nəzəriyyəsini inkişaf etdirmək üçün AzDTN 2.16-1-də dəyişikliklər etməyə təklif olunan Tövsiyələrin       layihəsini hazırlamışdır.

Tovsiyə layihəsində qüvvədə olan AzDTN 2.16-1 dəmir-beton üzrə layihələndirmə normalarında “Qeyri-xətti deformasiya modeli əsasında normal kəsiklərin möhkəmliyə görə hesablanması”nda və “Dəmir-beton konstruksiyaların möhkəmliyə görə hesablanması” bölümlərində betonun uzun müddətli möhkəmliyini və armaturun axıcılıq həddindən sonra möhkəmlənməsini nəzərə alaraq ilk dəfə dəmir-beton elementlərin birinci və ikinci qrup həddi-hallara görə hesablanmasının yeni redaksiyada verilməsi təklif olunur.

***

80 illik yubileyinə sayılı günlər qalmış Xanlar müəllimlə onun iş otağında görüşdüm, ailəsi, bu günlə və gələcəklə bağlı arzuları, görəcəyi işlər barədə danışmasını rica etdim. O, qəzetimizin kiçik sorğusunu cavablandırdı, əvvəlcə övladları barədə danışdı:

-İki övladım var, oğlum Emil Seyfullayev institutu bitirdikdən sonra bir müddət dövlət orqanlarında çalışdı, ancaq sonra o, öz istəyi ilə işindən ayrılaraq özəl sektorda tikinti yönümlü təşkilatda işləməyə başladı, hazırda tikinti təşkilatlarını mexanizasiya avadanlıq və qurğuları ilə təmin edən şirkətdə çalışır. Qızım Gülnarə Cəbrayılova Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosentidir, elmlər namizədidir, mənim yolumu davam etdirir. Nəvəm Selcan Cəbrayılova AZMİU-nun yetirməsidir, memardır və “Bakıdövlətlayihə” İnstitutunda memar vəzifəsində işləyir. Celcan “2019-cu ulin gənc memarı” müsabiqəsinin laureatıdır.

2013-cü ildən AzİMETİ-dəyəm. Bura Abdı müəllimin dəvəti ilə gəldim və yeni yaradılmış “Normativ sənədlərin elmi-texniki ekspertizası” şöbəsinin müdiri təyin olundum və normativ sənədlərin hazırlanması sahəsinə  yeniliklər gətirdim, “Dəmir-beton konstruksiyalar” normativ sənədini Avropa standartlarına uyğunlaşdırdım. Təkliflər verdim. Bilirsiniz, SSRİ-dən qalmış normativ sənədlər Avropa kodlarına uyğun gəlmir. Bizdə də bütün normativ sənədlər ruscadan tərcümələrdir. Bunlar düzəldilməlidir. Çalışıram ki, Azərbaycanın dəmir-beton normativ sənədini dünya standartlarına uyğunlaşdırmaq sahəsində işləri davam etdirim.

Bu gün Azərbaycanda dəmir beton nəzəriyyəsi sahəsində çalışan mütəxəssislərin sayı çox azdır. İndi biz Azərbaycanda ilk dəfə olaraq normativ sənədi Avropa standartlarına uyğunlaşdırmışıq. Çox böyük zəhmət hesabına başa gələn bu sənədin tətbiq olunmasını və əməyimizin bəhrəsini görmək istəyirik.

Kollektiv haqqında ayrıca danışmaq istərdim. Doqquzuncu ildir ki, burdayam. Mən bu kollektivdə özümə ikinci ev tapmışam. İnstitutun bütün əməkdaşları ilə çox gözəl münasibətlərim var. Onlar da mənə çox böyük, xüsusi hörmətlə yanaşırlar və yaşamağımın səbəbini kollektivin mənə olan münasibətində görürəm.

Kollektivdə əsas olan yüksək vəzifə tutmaq deyil, ən əsası hörmət qazana bilməkdir. Bu gözəl kollektivlə yaşamaq, yaratmaq, yeniliklər etmək həvəsi ilə işləyirəm. 80 yaş kifayət qədər yüksək yaş olsa da, düşünürəm ki, hələ çox illər yaşayıb, yarada, innstitutda bu sahədə yeniliklər edə, uğurlaq qazana bilərəm.

  ***

Xanlar müəllim ömrünün əlli beş ildən çoxunu elmə sərf etmiş, bu yolu şərəflə keçmiş, müstəqil ölkəmizdə və onun xaricində tanınmış ziyalı alimlərdən biridir. Harada, hansı vəzifədə işləməsindən asılı olmayaraq, həm tanınmış alim, həm də şöbə müdiri kimi Xanlar Seyfullayev hər zaman öz meyarları ilə seçilib, onunla çiyin-çiyinə çalışan institut əməkdaşlarının bu meyarlara hörmətlə yanaşmasına çalışıb. İşdə yüksək nizam-intizam, son dərəcə məsuliyyətli olmaq vərdişi, doğruçul və dürüst olmaq kamilliyi, yaşayıb yaratmaq eşqi, təşəbbüskarlıq və daim yenilik axtarışında olmaq fəallığı… və Azərbaycan insanına xas olan ən gözəl dəyərlər 80 yaşlı ustad elm adamının, elmimizin təmənnasız fədaisinin – Xanlar Qurban oğlu Seyfullayevin xarakterini bütöv edən dəyərlərdir.

İnsanın qədr-qiyməti onun ömrünün uzunluğunda deyil, məhz onun insani keyfiyyəti ilə ölçülür. Atalar yaxşı deyib “İnsan cəmiyyətdə yalnız hər kəsə yaxşılıq etmək, xalqa yaxşı rəftar etməklə yüksəlir”. Xanlar müəllimin belə insanların sırasında özünəməxsus yeri var. Xeyirxah insanların yaşamağa daha çox haqqı var. Çünki onlar cəmiyyətə lazımlı insanlardır.

Yubileyin mübarək, Xanlar Seyfullayev! Yaşayib-yaratmaq, elmimizə yeniliklər gətirmək, alim töhfəsi vermək arzuların reallıq olsun! 100 yaşa!

 

 Zərbalı MİRZƏ,

Əməkdar jurnalist

 

 

Oxşar xəbərlər

Leave a Comment