Fikri ilə etdikləri üst-üstə düşən, inkişafa, tərəqqiyə can atan sahibkar

 Haqqında heç zaman eşitməmişdim. 15 ildən çox bir zaman içində ölkənin mənzil tikintisində bir sıra uğurlara imza atan bu gənc və perspektivli sahibkar haqqında mənə çox hörmət etdiyim və insanları tanımaqda heç zaman yanılmayan, böyük həyat və iş təcrübəsi olan ağqsaqqal dostum nişan vermişdi və onu necə xarakterizə eləmişdisə, o cür də gördüm, neçə illərin tanışı kimi görüşdük, söhbətimiz alındı, tikinti ilə bağlı mövqelərimiz çox məqamlarda üst-üstə düşdü və belə bir iş adamı ilə tanışlıqdan məmnun oldum. Və bu görüşün nəticəsi kimi Sizlərə təqdim etdiyim bu yazı ərsəyə gəldi. Söhbət Əliyev Cavid Əliqismət oğlundan gedir. Əvvəla tanışlıq üçün onun keçdiyi ömür illəri barədə qısa məlumat vermək istəyirəm.

Cavid Əliqismət oğlu Əliyev 23 iyul 1984-cü il tarixdə İmişli şəhərində anadan olmuşdur. Orta təhsilinə İmişli şəhərindəki 34 saylı məktəbdə başlamışdır. O, 1997-ci ildə ailəsinin Bakı şəhərinə köçməsi ilə əlaqədar orta təhsilini 8-ci sinifdən Bakı şəhəri 9 nömrəli orta məktəbdə davam etdirmiş, 2001-ci ildə orta təhsilini əla qiymətlərlə bitirərək elə həmin ildə Odlar Yurdu Universitetinin Hüquq fakültəsinin əyani şöbəsinə daxil olmuş və 2005-ci ildə  müvəffəqiyyətlə başa vurmuşdur.

2005 – 2006-cı illərdə Ordu İdman Klubunda hərbi xidmətdə olmuşdur. Orduda xidmətdən sonra 2007-ci ildə sənədlərini Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinə verərək qəbul olunmuş və 2010-cu ildə bu ali təhsil ocağında qiyabi təhsilini uğurla başa çatdırmışdır.

Atası Əliqismət Əliyev ixtisasca mühəndis-energetikdir. Əvvəllər neft sahəsində, rayon qaz idarəsində, sonralar isə tikintidə çalışıb.

O, həmişə axtarışda olan, çalışan, əslində etdikləri ilə, tikib ucaltdıqlarıyla ilə qane olmayan, inkişafa, tərəqqiyə can atan bir sahibkardır.

Onun bu sahəyə gəlişinin çox sadə bir səbəbi vardır. Belə ki, o, həyatı dərk edəndə ölkəmizdə tikinti sahəsində qazanılan uğurları, yüksələn göydələnləri görür və… bu sahənin cazibə qüvvəsi özü də bilmədən onu özünə çəkir. Və… hələ tələbə olduğu zaman – 2004-cü ildə bu istiqamətdə ilk addımlarını atır.  O, Yeni Yasamal yaşayış massivində, Xiyabani küçəsində ilk 8 bloklu 16 mərtəbəli özəl yaşayış binasının təsisçilərindən biri olur. Doğurdan da Cavid o dövr üçün, elə indinin özündə də çox çətin və məsuliyyətli olan bir işə qol qoyur. Və görünən odur ki, artıq o, 16 ildir ki, tikintidədir və özünü özəl sektorda təsdiq edə bilmiş iş adamlarından, bacarıqlı sahibkarlardan biri kimi tanıda bilib.

Xiyabani küçəsindəki ilk layihə uğurla tamamlandıqdan sonra o, artıq yeni qüvvə ilə şəhərin 9-cu mikrorayonunun ərazisində “Bursa” MMC-nin xətti ilə ikinci binanı tikib paytaxt sakinlərinə təhvil verir. Sonra paytaxtın digər ünvanlarında yeni layıhələr həyata vəsiqə alır.

2012-ci ildə “Qismət-M” MMC-ni təsis edib Xətai rayonunun Qaçaq Nəbi küçəsində 2 bloklu 16 mərtəbəli yaşayış binasını tikib təhvil verir.

Xətai rayonunun Qaçaq Nəbi küçəsində 2 bloklu 16 mərtəbəli yaşayış binası…

Yasamal rayonu A.M. Şərifzadə küçəsində inşa edilmiş yüksək mərtəbəli yaşayış kompleksi

(Pilot layihə)

“SKY RESİDENCE” MMC-nin xətti ilə Yasamal rayonunun ərazisində A.M. Şərifzadə küçəsində inşa etdikləri pilot layihə onların istifadəyə verdiyi son obyektdir. Müasir standartlara cavab verən yaşayış kompleksi əsas yoldan aralı və ekoloji cəhətdən təmiz ərazidə inşa olunmuşdur. 120 sakinin yaşadığı 5 mərtəbəli köhnə yaşayış kompleksinin sökülərək yerində tikilmiş bu gözəl dizaynlı bina 20-25 faiz yaşayış sahəsi artıq olmaqla sakinlərin istifadəsinə verilmişdir.

O, həmçinin özünəməxsus təşkilatçılıq keyfiyyətləri olan sahibkardır. Ətrafındakı insanlara qarşı diqqətcil və qayğıkeş, nəzakətli, mənəvi dəyərlərin daşıyıcısı, geniş mütaliəli, saf əqidəli, dövlətcil adamdır. Onunla istənilən mövzuda söhbət aparmaq olar. Onun hər kəslə öz dilində danışa bilmək bacarığı vardır.

Və bir də onun dövlətə, dövlətçiliyimizə və cənab Prezidentimizə necə sadiq bir insan, əqidə adamı olduğunu xüsusi vurğulamaq istərdim. Burada bu məqamı oxucularımızın diqqətinə çatdırmaq istərdim ki, “SKY RESİDENCE” MMC Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilk vəsait köçürən təşkilatlardandır.

Cavid Əliyev cavan olsa da tikinti ilə bağlı diqqətçəkən fikirləri, düşüncələri var.

İndyəcən 5 ədəd yaşayış binasının tikintilərinə rəhbərlik eləmişəm. Bu 5 bina mənim özəl tikinti sektorunda 16 illik sahibkarlıq fəaliyyətimin əsas nəticələridir. Təbii ki, tikidiyimiz hər bir yaşayış binası ilə qürur duyuruq, çünki biz bura bütün potensialımızı sərf etmişik, həyatımızı həsr eləmişik.

Hal-hazırda biz Nizami rayonunun ərazisində gözəl bir layihəmizin inşasına başlamaq ərəfəsindəyik. Deyim ki, 16 mərtəbədən ibarət olacaq bu yaşayış kompleksi əsil arxitektura nümunəsi kimi yerləşdiyi məkana xüsusi gözəllik bəxş edəcəkdir. Yaşayış kompleksinin layihəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin “Azərmemarlayihə” İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanır və işlər başa şatmaq üzrədir.

Nizami rayonunda inşa olunacaq 16 mərtəbəli yaşayış binasının layihəsindən görüntülər…

Əlavə edim ki, bizim əsas layihəçilərimiz elə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin iki institutudur. “Azərmemalayihə” DBLİ və “Bakıdövlətlayihə” İnstitutu. Bundan əlavə biz ölkənin layihələndirmə sektorunda yaxşı tanınan bir sıra memarlarla da iş birliyində olmuşuq.

Cavid Əliyevlə müasir dövrümüzdə tikintinin qlobal problemləri barədə də fikir mübadiləsi apardıq. Dedi ki, bu gün çağdaş tikintimizdə elə bir problem yoxdur. Bütün tikinti prosesi səlahiyyətləri genişləndirilmiş Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən peşəkarlıqla tənzimlənir və tikintinin bütün mərhələlərinə ciddi nəzarət olunur. Tikintilərə icazə verilərkən yeni binaların memarlığına ciddi fikir verilir.

Son zamanlar paytaxtımızda çox sayda unikal layihələr həyata vəsiqə almışdır. Dənizkənarı Milli parkda yerləşən, Avropa standartları ilə inşa edilən Beynəlxalq Muğam Mərkəzi paytaxtın mənzərəsinə xüsusi gözəllik verir.  Hər il bu siyahıya yeni-yeni möhtəşəm və bənzərsiz tikililər əlavə olunmaqdadır. Dünyaca məşhur memarların layihələndirdiyi Heydər Əliyev mərkəzi, Bakının müasir rəmzinə çevrilmiş “Alov qüllələri” (Baku Flame Towers) və başqaları şəhərimizin müasir memarlıq nümunələrindəndir.

Cavid Əliyev ailəldir, iki oğul atasıdır. Atasının adını verdiyi böyük oğlu   Əliqismətin texniki fənlərə, müasir texnoloji yeniliklərə hədsiz maragı var, tarixlə, tarixi şəxsiyyətlərlə maraqlanır, arzusu politoloq olmaqdır. Kiçik oğlu Cəfər isə hərbiçi olmaq arzusundadır.

İnsanın əməli ilə işi bir olanda, fikri ilə etdikləri üst-üstə düşəndə o insanın həyatda və çalışdığı sahədə uğurları qaçılmaz olur. Cavid Əliyev işi ilə özünü dürüst ifadə etməyi bacaran sahibkardır.

“Soruşma ki, ölkən sənin üçün nə edib, soruş ki, sən ölkən üçün nə etmisən” kəlamının hikmətinə söykənib “Tikilən qalacaq” deyə bütün varlığını quruculuğa həsr edən Cavid Əliyevin ölkənin tikinti sektorunda həyata keçirəcəyi böyük layihələr hələ qabaqdadır.

            Yeni uğurlar arzusu ilə,

Zərbalı MİRZƏ

 

Oxşar xəbərlər

Leave a Comment