Füzuli aeroportunun “işıq sürəti ilə” inşasının DAHA BİR SİRRİ

Azərbaycan dövləti düşmənə Füzulinin artıq tarixə dönən işğal günündə müasir səviyyəli beynəlxalq hava limanına döyüş təyyarələrini endirməklə cavab verdi; F 16-lar üçün ideal imkanların yaradıldığı daha bir ünvan; uzunluğu 3 km, eni 60 metr olan uçuş enmə zolağı, 60 min kv.metrlik 8 hava gəmisinin dayanması üçün sahədən ibarət olan hava limanının açılışına günlər qaldı; polkovnik: “Ora təkcə F-16-lar deyil, ağır tonnajlı hərbi yük təyyarələri də enəcək”

Son 28 ildə ilk dəfə Füzuli və Cəbrayıl rayonlarının işğal tarixini geniş şəkildə qeyd etmədik, çünki artıq Qarabağın digər əraziləri kimi, bu yaşayış məntəqələri də düşməndən azad edilib. Üstəlik, Müzəffər Ordumuzun böyük zəfərindən keçən müddət ərzində Qarabağın yenidən qurulması istiqamətində nəhəng layihələr həyata keçirilməkdədir.

Füzuli Beynəlxalq Hava Limanında radiotexniki vasitələrin hazırlığı yoxlanılması istiqamətində görülən işlər də hər bir Azərbaycan vətəndaşı tərəfindən sevinclə qarşılandı. “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin yaydığı məlumata görə, 20-25 avqust tarixlərində Füzuli Beynəlxalq hava limanınında müntəzəm reyslərin yerinə yetirilməsi məqsədilə radiotexniki vasitələrin hazırlığının yoxlanılması üçün xüsusi hava gəmisilə uçuşlar həyata keçirilir. Xüsusi hərbi təyyarənin sınaq uçuşlarını uğurla həyata keçirərək, Füzuli Hava Limanının eniş-uçuş zolağına enməsi səhnəsi isə qürurvericidir. Özü də sınaq uçuşlarının məhz bu ərəfədə, Füzulinin işğal olunduğu tarixdə həyata keçirilməsinin də rəmzi mənası var, bu faktın özü erməni işğalına, vandalizminə növbəti mükəmməl cavabdır!

Keçən ilin bu vaxtı çoxumuzun ağlına gəlməzdi. Amma bu, bir reallıqdır, yayılmış kadrları təkrar-təkrar seyr etməyə dəyər: Füzulidə yeni tikilib istifadəyə verilmiş hava limanının pistinə ilk təyyarə endi… Gözəl mənzərədir. Özü də Qarabağda 3 hava limanı – Füzuli, Zəngilan və Laçında – tikilib istifadəyə veriləcək ki, bu faktın özü dövlətimizin qüdrətini nümayiş etdirir. Bu hava limanları Qarabağın qarantı, işğaldan azad edilmiş və yaxın gələcəkdə ediləcək (!) ərazilərin təhlükəsizliyinin ən ciddi təminatçısıdır. Bu, müasir hava limanlarının daha çox hərbi aerodrom kimi fəaliyyət göstərəcəkləri şübhəsizdir. Bunu Prezident İlham Əliyev bugünlərdə Laçında olarkən də açıq şəkildə söylədi. Dövlət başçısı bildirdi ki, Füzuli, Zəngilan və Laçın aeroportları daha çox hərbi təyinatlı olacaq. Bu, nə deməkdir? Yəni Vətən Müharibəsində Azərbaycanda olması ilə düşmən üçün göz dağına çevrilən, bizlərin üzə ürəyini qürurlandıran qardaş Türkiyənin F-16 tipli müasir qırıcıları vaxtaşırı yeni inşa olunaraq istifadəyə veriləcək bu aeroportlara eniş-qalxış etmək imkanı qazanacaq. Məntiqlə Türkiyədən havaya qalxan hərbi yük təyyarələri Lənkəran, Qəbələ, Zirə, Gəncə və s. aeroportlara deyil, birbaşa Qarabağdakı hava limanlarına enəcək. Azərbaycana 3-cü ölkədən hərbi aqressiya olarsa  – hazırkı reallıqda heç inandırıcı görünmür – bu hava limanları o hücumların dəf edilməsində böyük rol oynaya bilər.

Fuzuli aeroportu BU TARIXDEN sernisinleri qebul edecek - AÇIQLAMA

Qarabağda tikilən hava limanları Azərbaycanda Türkiyə hərbi bazasının olması ilə bağlı fikirləri də arxa plana keçirə bilər. Yəni ki, düşmənlə üzbəüz bölgələrimizdəki bu üç hava limanı Türkiyə qırıcılarının qısa müddətdə qardaş ölkədən uçuşlar edib, ölkəmizdə bərqərar olması üçün əlavə imkanlar yaradır. Bu isə Şuşada imzalanmış Müttəfiqlik Bəyannaməsinin müvafiq maddəalərinin həyata keçirilməsi üçün unikal imkan yaradacaq! Belə olan təqdirdə hərbi bazaya o qədər də zərurət duyulmayacaq. Təsəvvür edin, Ermənistanda Azərbaycan Ordusunun Qafan aeroportunu “ovuc içi” kimi öz nəzarətindən saxladığı barədə ajiotaj yaşandığı halda, Azərbaycan düşmənin “gözünün içində”, “qulağının dibində” müasir hava limanları inşa edir, özü də qısa müddətdə. Artıq onların birincisinin tam istifadəyə verilməsi, sadəcə, gün məsələsidir.  Bir müddət öncə Füzulidə jurnalistlərə açıqlamasında Azərbaycan Hava Yolları QSC-nin (AZAL) nümayəndəsi Valeh Əmiraslanov demişdi ki, Füzuli aeroportu beynəlxalq hava limanı olacaq və çəkisi 400 tona qədər olan təyyarələri qəbul edə biləcək.

İlham Əliyev və Mehriban Əliyeva işğaldan azad olunmuş ərazilərdə - YENİLƏNİB + FOTO/VİDEO

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il yanvarın 14-də birinci xanım Mehriban Əliyeva ilə birlikdə bölgəyə səfəri zamanı Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoymuşdu.

“Eniş-uçuş zolağı artıq hazır olan Füzuli Beynəlxalq Hava Limanında ilk sınaq uçuşu həyata keçirilib. Hava limanınında müntəzəm reyslərin yerinə yetirilməsi məqsədilə radiotexniki vasitələrin hazırlığının yoxlanılması üçün xüsusi hava gəmisilə həyata keçirilən uçuşlar avqustun 20-da başlayıb və bu həftənin çərşənbə günü tamamlanacaq”.

KONKRET.az xəbər verir ki, bu fikirlər isə Füzuli rayonunu Milli Məclisdə təmsil edən deputat Vüqar Bayramova məxsusdur.

Millət vəkili qeyd edib ki, Füzuli Aeroportu regionda ən qısa zamanda inşa edilən Beynəlxalq Hava Limanlarından biridir: “Bu ilin əvvəlində inşaatına başlayan hava limanında artıq gələn ay ilk uçuşları həyata keçirmək mümkün olacaq. Hava limanına bu ilin may ayında səfər edəndə işlərin intensivliyini müşahidə etmişdik. Bu ilin may ayında sadəcə torpaq sahələrindən ibarət olan ərazi artıq eniş-uçuş zolağına çevrilib. Cəmi 4 aya yaxın müddətdə hava limanının ilkin infrastrukturunu əsaslı şəkildə formalaşdırmaq mümkün olub. Qeyd edim ki, hava limanı uzunluğu 3 km, eni 60 metr olan uçuş enmə zolağı, 60 min kv metrlik 8 hava gəmisinin dayanması üçün sahə, sərnişlərə xidmət göstərək terminal, hava gəmilərinin idarəedilməsi üçün qüllə, transformator yarım stansiyası, qazanxana, su anbarı və başqa köməkçi tikililərdən ibarət olacaq. Hava limanı 1 saatda 200 sərnişinə xidmət edə biləcək”.

Vüqar Bayramov: "Zəngəzur dəhlizi region üçün strateji əhəmiyyətə malik olacaq”

 Vüqar Bayramov

V.Bayramovun sözlərinə görə, Füzuli hava limanı işğaldan azad edilmiş ərazilərimizə xarici turistlərin gəlməsi baxımından olduqca faydalıdır və yeni imkanlar yaradacaq: “Nəzərə alsaq ki, Qarabağın incisi hesab olunan və Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə gəlmək istəyən xarici turistlərin sayı kifayət qədər çoxdur. Füzulidə hava limanının tikilməsi imkan verəcək ki, həmin turistlər daha sərfəli və qısa yolla, praktik olaraq birbaşa işğaldan azad olunan ərazilərimizə səfər edə bilsinlər. Bu amil işğaldan azad edilmiş ərazilərimizə eləcə də Füzuli rayonuna gələcək turistlərin sayına müsbət təsir göstərəcək və daha çox turistin ölkəmizə gəlməsinə imkan yaradacaq. Eyni zamanda hava limanı yükdaşımalar, xüsusən də beynəlxalq yükdaşımalar üçün vacib əhəmiyyət kəsb edir. İşğaldan azad edilmiş ərazilərimizin sənaye potensialını nəzərə alsaq, Füzulidə açılacaq hava limanı həm də həmin ərazilərdə istehsal olunacaq sənaye məhsullarının dünya bazarına çıxarılması və bütövlükdə regionun ixrac imkanlarının genişləndirilməsi baxmından vacibdir”.

Deputat xatırladıb ki,1993-cü ilin bu günü Füzuli şəhəri erməni silahlı qüvvələri tərəfindən işğal olunaraq 27 il işğal altında saxlanıldı: “Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuz tərəfindən 2020-ci il oktyabrın 17-də işğaldan azad olunan Füzuli rayonu artıq bərpa və quruculuq mərhələsinə qədəm qoyub. Və tezliklə Qarabağ səmasında havaya qalxan təyyarələr beynəlxalq uçuşlar həyata keçirəcəklər”.

Düşmənin mənasız müqavimətinə və uğursuz dirənişlərinə baxmayaraq, açılacağı şübhə doğurmayan Zəngəzur dəhlizinə yaxın ərazidə Füzuli və Zəngilan hava limanının açılması həm bölgə üçün böyük perspektivlər vəd edir, həm turizm potensialına töhfəsi qaçılmazdır, həm də regional əməkdaşlıq üçün fürsətlər yaradır. Azərbaycan 6-lıq formatında əməkdaşlıq təklif edib və hətta cinayətlərinə rəğmən Ermənistanın da bu formatda iştirakını təklif edib. Lakin Azərbaycanın uğurlarına xor baxan, ona qarşı hər hansı məkrli niyyətlərlə çıxış etmək istəyən qüvvələr və dövlətlər üçün bu hava limanlarının imkanlarından məqsədəmüvafiq istifadə olunacaq, buna kimsənin şübhəsi olmasın.

Bu ilin mayında Türkiyə cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Şuşanı ziyarət edərkən Azərbaycan Prezidenti İlham Əliyev dostu-qardaşını Füzulidə qarşılamışdı. Bu zaman hər iki prezident yolüstü Füzuli hava limanına da baxış keçirmişdilər. Heç şübhəsiz ki, Müttəfiqlik haqqında Bəyannamənin imzalanmasına gedən yolun üzərindəki hava limanına keçirilən baxış təsadüfi deyildi. O zaman belə fikirlər var idi ki, Şuşada imzalanan sazişin ardınca Türkiyənin Azərbaycanda – Qarabağda hərbi mövcudluğu rəsmiləşə bilər. Qeyd edək ki, R.T.Ərdoğan hələ səfərdən öncə imzalanacaq müqaviləni “Türkiyə və Azərbaycan arasında ən böyük saziş” adlandırmışdı. Şuşaya isə təkcə Zəfər yolu aparmır, bunu bir neçə gün əvvəl Azərbaycan Prezidenti də Laçında beynəlxalq hava limanının təməlini qoyarkən bəyan etdi.  Dövlət başçısının dediklərini bir daha xatırlayaq: “Laçın rayonunda beynəlxalq hava limanının tikintisinə start verilir. Bu hava limanının tikintisi mənim tərəfimdən bir müddət əvvəl elan edilmişdir. Demişdim ki, azad edilmiş torpaqlarda üç beynəlxalq hava limanı tikiləcək. Artıq Füzulidə və Zəngilanda bu işlərə start verildi. Füzuli Beynəlxalq Hava Limanı bu ilin sonuna, ya da gələn ilin əvvəlinə istismara tam hazır olacaq. Zəngilan Hava Limanının istifadəyə verilməsi tarixi yəqin ki, 2022-ci il olacaq”.

Füzuli hava limanında işlərin “işıq sürətilə” həyata keçirilməsinin sirri açılır…

Oxu.az - Üzeyir Cəfərov polkovnik kimi hərbi xidmətə qayıtdı

 Üzeyir Cəfərov

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov bildirib ki, Qarabağda və ətraf rayonlarda bu il və gələn il istifadəyə veriləcək aeroportların Azərbaycan və region üçün hansı mühüm əhəmiyyət daşıdığını bizlər daha aydın şəkildə görəcək, hiss edəcəyik: “Bu, yüz ölçülüb, bir biçilən məsələlərdən biri və bəlkə də birincidir. Şəxsi düşüncəmə görə, bu ideyanı verən və onu reallaşdıran hər kəsə xüsusi təşəkkürlər düşür. Bu, o deməkdir ki, Qarabağda yaxın illərdə Azərbaycanın nəzarəti alıtında geniş iqtisadi və siyasi, həmçinin hərbi siyasi proseslər həyata keçiriləcək və bizim yaxın 90-cı illərdə rast gəldiyimiz bədnam qonşularımızın ərazi iddiaları bir daha təkrarlanmayacaq, bu prosesdə ölkəmiz tək olmayacaq, qardaş Türkiyə, eləcə də Pakistan, həmçinin digər müttəfiq dövlətlər yanımızda olacaqlar”.

Hərbi ekspert Qarabağdakı hava limanlarının hərbi təyinatını istisna etmir: “Bəli, o aeroportların həm hərbi, həm də iqtisadi məqsədlər üçün istifadəsi birmənalıdır! Keçmiş SSRİ zamanında bu işləri görmək mükün idimi? Mümkün idi. Sadəcə, o zamanlar bunu bilərəkdən etməyənlər başa düşürdülər ki, bu tip aeroportların o ərazilərdə olması gələcəkdə uzaqgedən məqsədlər üçün istifadə edilə bilər. Gec oldu, amma güc olacaq. O aeroportlar elə səviyyədə qurulur ki, ora F-16 müasir hərbi təyyarələr də rahat enib-qalxa bilsinlər. Biz bunu heç vaxt gizlətməmişik və gizlətmirik. Ora təkcə F-16-lar deyil, ağır tonnajlı hərbi yük təyyarələri də enəcək. Bütün məsələlər nəzərə alınıb. Mütəxəssislər bu amili də nəzərə alıblar”.

Polkovnik Cəfərov hesab edir ki, həm Füzulidə, həm də yaxın vaxtlarda Qarabağın digər ərazilərində istifadəyə veriləcək aeroportlar bölgənin inkişafından əlavə, regionun əmin-amanlığında, sabitliyində mühüm rol oynayacaq: “Başqa onlarla müsbət elementlər də sadalamaq olar. Amma uzun müddət erməni və havadarlarının işğalı altında olmuş bölgənin tez bir zamanda dirçəldilməsində o aeroportların rolunu biz yaxın 2-3 ilə daha yaxşı görəcəyik. Azərbaycanla bağlı bəzi xülyalar və ərazi iddialarına düşmək istəyən qüvvələr də yəqin ki, ciddi düşünməli olacaqlar. Azərbaycan və yaxın müttəfiqlərinin yaxın illərdə bölgədə məskunlaşdıracağı müasir təyyarə və digər hərbi təyinatlı avadanlıqlar üçün bu aeroportların əhəmiyyətini təsəvvür etmək çətin deyil. Bir sözlə, mən o aeroportların bölgədə çox önəmli rol oynayacağını düşünürəm”.

Qeyd edək ki, 2020-ci ilin 17 oktyabrında Ermənistanın işğalçı qüvvələrindən azad olunan Füzuli şəhərində vaxtilə yerli əhəmiyyətli də olsa, hava limanı olub. Həmin hava limanının uçuş zolağı da 1600 metr idi. Amma bu hava limanı da bütün şəhər kimi işğal dövründə xarabalığa çevrilib. Yeni limanda tikinti ilə yanaşı minalardan təmizləmə işi paralel aparılıb. İngiltərə istehsalı olan, ərazini minalardan zərərsizləşdirən unikal “AARDVARK” modelli mexanizm alınıb və əraziyə gətirilib. Aeroportun tikintisində müasir texnologiyalardan istifadə edilib. Ermənistan Füzuli ərazisindəki mina xəritələrini təqdim etsə də, onların yalnız 25 faizi təsdiqini tapıb, bu da əlavə çətinliklər yaradıb. Amma Azərbaycan yenə də qarşıya qoyulan hədəfə çatıb. Belə ki, 2021-ci ilin yazından sonra tikintidə 24 saatlıq iş rejiminin təşkil edilməsi nəticəsində dövlət başçısının qarşıya qoyduğu tapşırıq vaxtında icra edilib./musavat.com/

Oxşar xəbərlər

Leave a Comment