HƏQİQƏT BİR OLAR (“İnşaatçı” qəzeti, 3 dekabr 1988-ci il.)

Telman ƏLİYEV,

Azərbaycan İnşaat Mühəndisləri

İnstitutunun dosenti, dekan müavini,

Sovet Sülh Fondunun üzvü


Aylardan bəridir ki, ölkə DQMV-nin uydurma problemləri ilə məşğuldur. Millətçi erməni ekstremistlərinin dövlət siyasəti səviyyəsinə qaldırdıqları ərazi iddiasının əsassızlığı siyasi aksiomdur və bu barədə qeydlərimi qısa olsun deyə, tezislər şəklində vermək istəyirəm.

1

Ermənilərin Dağlıq Qarabağa və ümumən Zaqafqaziyaya kütləvi surətdə köçürülmələri saysız-hesabsız mənbələrdə verilmişdir. Xüsusilə bu barədə rus mənbələri tutarlı, danılmaz faktlarla zəngindir. Onlardan ikisini göstərək. Birinci mənbə. A.S.Qriboyedov 1828-ci ildə rus çarına yazdığı qeyddə (“Ermənilərin fars ölkəsindən (İrandan – T.Ə.) bizim vilayətlərə köçürülməsi haqqında qeydlər”. Əsərləri, ikinci cild, səh. 339-341. “Pravda” nəşriyyatı, M., 1971) göstərir ki, biz, yəni ruslar, erməniləri Dağlıq Qarabağda yerləşdiririk və polkovnik Arqutinski ilə heç bir problemimiz yoxdur. Ona görə ki, müsəlman mülkədarları yaylaqdadırlar. Onlar yaylaqdan enəndə mərəkə qopacaqdır. Çünki erməniləri bütün dünya belə tanıyır ki, onlar harda bir müddət yaşasalar, sonra “sübut” edirlər ki, bura bizim dədə-baba torpağımız olubdur. Odur ki, Əlahəzrət, Sizdən xahiş edirik ki, bu müvəqqəti köçürdüyümüz erməniləri icazə verin mülkədarlar gələnəcən Arazın o tayına köçürək.

İndi demək çətindir: Əlahəzrət icazə verməyibmi, yoxsa müsəlman mülkədarları yaylaqdan enəndən sonra ermənilərə yazıqları gəlib, axır ki, 160 il əvvəl torpağa müvəqqəti köçürülən ermənilər Dağlıq Qarabağda qalıblar və… Qriboyedovun dedikləri 160 ildən sonra öz yerini tutub.

İkinci mənbə. N.İ.Şavrovun 1911-ci ildə Sankt-Peterburqda çaplanan əsəridir: “Muğanın gəlmələrə satılması ilə bağlı rus işinə Zaqafqaziyada törədilən yeni təhlükə”, səh. 59-61. Bu əsərdən aşağıdakı sətirləri yada salaq: “1826-1828-ci illərdə müharibə bitdikdən sonra, iki il ərzində, 1828-ci ildən 1830-cu ilə qədər biz Zaqafqaziyaya 40.000-dən artıq fars ermənisi və 84.000 türk ermənisi köçürdük və onları erməni əhalisinin yox dərəcəsində olduğu Yelizavetpol və İrəvan quberniyalarında ən yaxşı dövlət torpaqlarında yerləşdirdik…”. Ermənilərin gəlmə olmasına heç nə əlavə etmirəm, təkcə onu deyim ki, Dağlıq Qarabağ o zaman Yelizavetpola baxıbdır.

2

Ermənilər SSRİ-də həm müttəfiq respublikası və həm də muxtar vilayəti olan yeganə xalqdır: 1) Ermənistan SSR, 2) Azərbaycan SSR-də DQMV. Hətta sayca yüz milyondan xeyli çox olan böyük rus xalqının belə tək bir dövlət qurumu var: RSFSR. Bəs, özlərini əlahiddə sayan ermənilərin bu şərəfə nail olmalarını nə ilə izah etmək olar?! Sağlam məntiq bu faktı əsaslandırmaqda acizdir. Axı, Azərbaycan SSR-dəki muxtar vilayət qanunsuz qurumdur. Bunu tarixin gedişi də göstərdi DQMV öz statusunu doğrultmadı. Ermənistan SSR-də və xaricdə olan fitnəkar millətçilərə uyub, əvvəlcə iqtisadi bəhanələr uydurdu, sonra siyasi avantüralara qurşanıb Azərbaycan SSR-dən ayrılmaq iddiası qaldırdı. Bu, qanunsuz iddiadır. Çünki nə SSRİ Konstitusiyasında, nə də müttəfiq respublikaların konstitusiyalarında muxtar vilayətin respublikadan ayrılmaq hüququ müəyyənləşdirilməmişdir. Qanunsuz iddianı, qanunsuz yaradılmış qurumun qaldırması, bəlkə də təbiidir…

3

Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayəti respublikamızın milli suverenliyinə ciddi təhlükə törətdiyinə, öz statusuna uyğun olmayan əməllərə qurşandığına görə, onun rəhbərlərinin aylardan bəri demokratik mərkəziyyət prinsipini kobudcasına və ardıcıl pozduğuna, respublika hökumətinə tabe olmadığına görə burada muxtariyyətin saxlanıb-saxlanmaması tələbini xalqım düzgün qoymuşdur.

4

Fevral ayından bu günə qədər erməni millətçi ekstremistləri bizə çoxlu böhtanlar atmışlar. Onlara havadarlıq edənlər də bəzən bu böhtanları təkrar etmişlər. Bunlardan birini tarixi sənədlə inkar etmək istərdim. H.Boravik “Pozisiya”da dedi ki, guya 1920-ci ildə Dağlıq Qarabağ Ermənistana verilmiş, sonra Azərbaycana qaytarılmışdır. Bu yalanı erməni mətbuatı dəfələrlə təkrarlamış, hətta “Avrora” jurnalının 10-cu nömrəsində bir idmançı-jurnalist də “təsdiq” etmişdir.

Atalar demişkən, ən qorxulu yalan azacıq təhrif olunmuş həqiqətdir. Həqiqət bir olar, yalanın isə sonsuz variantı, versiyaları mümkündür. Dağlıq Qarabağ Ermənistana bir saniyəliyə də olsa verilməmişdir. “Verilmişdir” demək bu söhbətin yalan hissəsidir. Həqiqət odur ki, Dağlıq Qarabağın Azərbaycanda saxlanılması, yaxud Ermənistana verilməsi məsələsinə baxılmışdır. Öncə deyim ki, bu işə erməni qonşularımızın dedikləri kimi, 1920-ci ildə yox, 1921-ci ildə baxılmışdır. Mən onların bu məsələnin tarixini niyə saxtalaşdırdıqları barədə çox düşünmüş və deyəsən, səbəbini tapmışam. Əgər tarixi düzgün göstərsəydilər, onda paxırlarının üstü tez açılardı… Bəs bir olan həqiqət nədən ibarətdir? Əlimizdə 1921-ci ildən arxiv sənədi kimi qalmış iki protokol vardır. RK(b)P Qafqaz bürosu plenumunun 4 iyul və 5 iyul 1921-ci il tarixli 11 və 12 nömrəli protokolları. Plenum iyunun 4-də axşam iclasında Dağlıq Qarabağın Azərbaycanda saxlanması, yaxud Ermənistana verilməsi barəsində məsələ müzakirə etmiş, ziddiyyətli təkliflər irəli sürülmüş və N.Nərimanovun bəyanatından (protokolda çıxış yox, məhz bəyanat yazılmışdır) sonra bu məsələ RK(b)P MK-nın sərəncamına keçirilmişdir. İyulun 5-də isə, yəqin ki, böyük Lenin işə qarışdıqdan sonra plenum bu məsələni həll etmişdir: Dağlıq Qarabağ Azərbaycan SSR-də saxlanmışdır.

5

Erməni ekstremist millətçilər bizim doğma torpağımızı – Pənahəli xanın, İbrahim xan Cavanşirin, Molla Pənah Vaqifin, Mir Möhsün Nəvvabın, Xan qızı Natəvanın, Hacı İsinin, Məşədi Hüsünün, Qaryağdı oğlu Cabbarın, Üzeyir bəy Hacıbəyovun, Bülbülün, Xanın, Yusif Vəzir Çəmənzəminlinin, Nəcəf bəy Vəzirovun, Əbdürrəhim bəy Haqverdiyevin torpağını – “Qarabağ şikəstəsi”nin Vətənini istəyəndə SSRİ Konstitusiyasının 78-ci maddəsini bilmirdilərmi? Qarabağın dağlıq hissəsini bizdən almaq istəyən təcavüzkarlar bundan yaxşı xəbərdardırlar. Onlar “Tutar qatıq, tutmaz ayran” prinsipi ilə hərəkət edirdilər. Ancaq ayranı da yaman qıcqırtdılar!

Bəs nəyə nail oldular? Azərbaycanlıları kütləvi surətdə doğma torpaqlarından – indiki Ermənistan SSR ərazisindən, hətta DQMV ərazisindən qovub çıxarmağa, evlərini yandırmağa və qarət etməyə, Əsgəran, Sumqayıt, Zvartnots, Yerevan, Masis, Bakı, Naxçıvan, Kirovabad hadisələrini törətməyə…

Qarabağda ermənilərin kimi olmuşdur? Mən iki məşhur ermənini tanıyıram: Qıdı Kirvə və Böyük Vətən müharibəsinin həqiqi qəhrəmanı, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Nelson Stepanyan. Ona da biz gözəl Şuşamızda heykəl qoymuşuq.

6

Bu müddətdə erməni millətçi ekstremistlər dünyaya sübut etdilər ki, beynəlmiləlçilik, xalqlar dostluğu, qonşuluq haqqı onların təbiətinə yaddır. Biz təzədən tarixi vərəqləyib – Metsin “Müsəlman renessansı”nı, Aleksandr Dümanın “Qafqaz səfəri”ni, İlya Çavçavadzenin “Erməni alimləri və daşların göz yaşları” əsərini, Veliçkovun “Qafqaz” əsərini, Rusiya imperiyasının Vena və Ərzurumdakı səfiri general Mayevskinin qeydlərini, rus zabiti Tvyordoxlebovun qeydlərini, Lalayanın əsərini, ölməz Puşkinin misralarını, qədim roma tarixçisi Petroniyin fikirlərini, böyük Sovet Ensiklopediyasının 1928 və 1930-cu illər nəşrindəki “Erməni məsələsi” məqaləsini və Leninin, Engelsin əsərlərini, erməni mənbələrinin özünü yenidən oxumalı olduq. Erməni xalqı erməni fitnəkarlığından tarix boyu yaxa qurtara bilməyəcəkdirmi?! Erməni yamanlığı bizim ölkəmizə neçəyə başa gəldi?

7

Sual oluna bilər: ermənilərin “Qarabağ əməliyyatı” təsadüfdürmü? Yox, bir daha yox! Bu, əsl səbəbi hələ də mətbuatımızda tam açılmamış planlı, beynəlxalq fitnəkarlığın çılpaqlaşmasıdır. “Azərbaycan kommunisti” və “Kommunist Azerbaydjana” jurnallarının 1987-ci il 10-cu nömrəsində SSRİ-yə qarşı yönəldilmiş xarici təxribat haqqında bir məqalə var. Məqalədə vaxtilə Ermənistan SSR-dən qovulmuş, ancaq xaricdə hələ də fəaliyyət göstərən Daşnaksütyun partiyasının XXIII qurultayının (maşallah!) Afinada 1985-ci ilin dekabrında keçirilmiş qurultayı haqqında yazılır: Qurultayın qətnaməsindən bir parça verilib. Orada deyilir ki, SSRİ-ni milli zəmin əsasında dağıtmaq və onun xarabalığı üzərində Böyük Ermənistan dövləti yaratmaq lazımdır… Buna nə deyəsən? Görəsən, alman faşistlərinin iştahası böyük idi, yoxsa erməni daşnaklarının?!

Azərbaycan bəhanədir, Dağlıq Qarabağ bəhanədir, söhbət SSRİ-ni sarsıtmaqdan gedir. Bunu erməni dissidenti Ayrikyan xaricə ötürüldükdə demişdi və “Pravda” bu barədə açıq yazdı. Yeri gəlmişkən, dissident dissidentin ayağını basmazmış. Akademik A.Saxarov yad “səs”lərlə çıxışında Ayrikyanı keçmişdir. O, erməniləri bizə qarşı silahlandırmaq tələbini irəli sürür. Görünür, “Literaturnaya qazeta”da rus publisistinin yazdığı fikrin əsası varmış. Ermənilərin Azərbaycana və Türkiyəyə qarşı atom silahı əldə etmək cəhdləri əbəs deyilmiş. “Hidrogen bombası”nın atası Saxarova arxalanırmışlar…

8

Biz də silahlanmalıyıq, ancaq əqidə ilə, dostluq duyğuları ilə, beynəlmiləlçiliklə. Mənim konsepsiyam belədir: indi SSRİ xalqlarının beynəlmiləlçiliyinin, dostluğunun alternativi yoxdur. Çünki xalqlarımızın taleyi elə qaynayıb-qarışmışdır ki, onları bir-birindən ayırmaq mümkün deyildir. Kim ayrılsa təklənər! Kim hansı millətin düşmənidirsə, o, bütün sovet xalqlarının düşmənidir. Bunu çoxmillətli Bakımızda yaşayan bütün millətlərin nümayəndələrinin bizimlə həmrəy olduqları da göstərdi. Mitinqlərdə çıxış edən rus, ukraynalı, belorus, gürcü, yəhudi, qırğız, türkmən, qazax… bizim haqq işimizi alqışladı. Mətbuatda çıxış edən Bakı erməniləri Şahnazaryan, Mirzoyan və onlarla başqaları erməni millətçilərini lənətlədi. Şahnazaryan “Azərbaycan gəncləri” və “Molodyoj Azerbaydjana” qəzetlərində yazdı ki, əgər Azərbaycan SSR öz torpaqlarının bir hissəsini verməsəydi, Ermənistanda respublika yarana bilərdimi? Onun sözünün qüvvəti, biz Zəngəzur torpaqlarını nəyə görə Ermənistan SSR-ə vermişik?!

9

Sovet dövlətinin bu məsələdə siyasi platforması tam aydındır: 21 fevral (bazar günü!) Siyasi Büro bu məsələyə baxmış, sonra Azərbaycan SSR Ali Sovetinin televiziya ilə birbaşa ölkəyə yayılan sessiyası öz sözünü demiş və nəhayət, hələlik ölkədə ən ali hakimiyyət orqanı olan SSRİ Ali Sovetinin Rəyasət Heyəti 8 saatdan artıq müddətdə bu problemi müzakirə etmiş və birdəfəlik həll etmişdir. Qorbaçov yoldaş iki dəfə dedi ki, bu iclas tarxi iclasdır. Tarixi iclas o deməkdir ki, ölkəmizdə bu tipli iddialar gələcəkdə də baş verərsə, onları da yalnız və yalnız SSRİ Konstitusiyasında yazılan kimi həll edəcəyik. Mən ona görə SSRİ Ali Soveti Rəyasət Heyətini hələlik ən ali orqan yazdım ki, Konstitusiyada ediləcək dəyişiklikdə bu səlahiyyətin SSRİ Xalq Deputatları Sovetinin qurultayına verilməsi nəzərdə tutulur.

Bəs ən ali orqanın qərarına necə əməl edildi? SSRİ tarixində görünməmiş bir fitnə-fəsad törədən erməni ekstremistləri DQMV-də Sovet hakimiyyətini büsbütün iflic vəziyyətə saldılar. Cinayətkarlara qarşı, Sovet hökumətinə, yenidənqurmaya, demokratiyaya açıq qəsd edənlərə qarşı qəti tədbir görülmədi. Azərbaycan xalqı ayağa qalxmalı oldu. Xalqımız yaralanmış torpağımızı – Topxana meşəsini xilas etmək üçün ayağa qalxdı! Bakının Lenin meydanındakı mitinq və nümayişlərin dinc xarakterini şəhərimizə gətirilmiş tank və avtomatlı əsgərlər də təsdiq etdilər. Tankları uşaqlarımız gül-çiçəklə, al-əlvan şarlarla bəzədilər. Əsgərlər uşaqlarımızı tankın üstünə qaldırıb onların tankla oynamalarına imkan yaratdılar. Əcəb oyuncaqlar tapdı uşaqlarımız.

Təbiət hər bir canlıya zireh verib, silah verib. Ön zamanlar deyirdilər ki, insanın silahı onun ağlıdır. Mən əlavə etmək istərdim ki, silahımız, həm də dostluq duyğularıdır. İndi zorla, güclə məsələ həll etmək zamanı deyildir.

10

Üzeyir bəy inqilabdan əvvəl erməni və müsəlmanlar arasına qırğın salınanda qırğına qarşı məqalə yazmışdı. Məqalənin adı məzmununu açır: “Biz qafqazlı qardaşlarıq!”. Azərbaycanlılar bu qardaşlığı heç zaman pozmamışlar. Biz həmişə cavab reaksiyası göstərməli olmuşuq. Bu dəfə də belə olub. Yeri gəlmişkən, ermənilər qisasçılıq hissi ilə yaşayır və “genosid”dən dəm vururlar. Haaqada olan Beynəlxalq məhkəmə onların uydurluqları genosidi təsdiq etməmiş və uydurma kimi rədd etmişdir. Özü də bir neçə dəfə. Axırıncı dəfə “Humanite” qəzetinin yazdığına görə, Beynəlxalq məhkəmə onların iddiasını 1986-cı ildə rədd etmişdir…

Əbədi düşmən yoxdur! Biz müharibə illərində iyirmi milyon adam itirdiyimiz halda alman xalqına düşmən kimi baxmırıq. Partiyamız qisasçılığı haqlı olaraq pisləyir və kommunist ideologiyasına yad hesab edir. Xalqlarımızın dostluğunu pozan erməni millətçiləri bilməlidirlər ki, onlar birinci olaraq öz xalqlarının düşmənidirlər!

Azərbaycan xalqı – Azərbaycanda yaşayan bütün xalqlar bu gün bir olan həqiqət ətrafında toplaşmış və onun qərarı qətidir. Qarabağ Azərbaycandır, Gəncə Azərbaycandır, Şirvan Azərbaycandır, Naxçıvan Azərbaycandır, İsa bulağı Azərbaycandır, Göyəzən Azərbaycandır, Topxana Azərbaycandır.

Bir olan həqiqəti hamı bilməlidir: Azərbaycan xalqının heç kəsə torpaq borcu yoxdur!

 

Oxşar xəbərlər

Leave a Comment