HALAL ZƏHMƏTLƏ UCALAN USTAD MÜHƏNDİS

Təbrik edirik!

Vahid Hilal oğlu Hacıyev – 80 il


Adı respublikamızın ustad inşaat mühəndisləri ilə yanaşı çəkilən Vahid Hilal oğlu Hacıyevin mənalı həyatının son 56 illik bir dövrü ölkəmizin tikinti-quruculuq tarixi ilə sıx bağlıdır. İlk əmək fəaliyyətinə “Kür-Arazsutikinti” Baş İdarəsindən başlayaraq bu sahədə pillə-pillə yüksələn, arxada qalan dövrdə respublikamızın tikinti kompleksində, meliorasiya və su tikintisi yönümündə böyük uğurlara imza atan, əsil inşaatçı-mühəndis ömrü yaşayan Vahid Hacıyev çağdaş nəsil inşaatçılar üçün əsil nümunə və örnək olacaq rəhbər  kadrlardandır.  

Bəlkə də “İnşaatçı” qəzetinin 1952-ci ildə Kür-Araz Su Tikinti Baş İdarəsinin orqanı kimi fəaliyyətə başlaması səbəbindəndir ki, Vahid müəllim meliorasiya sahəsində fəaliyyətə başladığı 1966-cı ildən “İnşaatçı” qəzetinə qəlbən, ruhən bağlanıb, qəzeti, onun kollektivini özünə doğma bilib və 56 il öncədən başlanan xoş münasibət bu gün də davam edir. Hər zaman qəzetin yanında olan Vahid müəllim özü və işi haqqında qəzetdə yazıların verilməsinin əleyhinə olmuşdur. Vahid müəllim bu gün də qəzetin doğması, əzizi kimi “İnşaatçı” qəzeti ilə sıx təmasdadır. Ötən illərdə özü haqqında yazmasaq da tikdiyi yüzlərlə obyektlər haqqında qəzetdə materiallar dərc olunmuşdur.

Və illərin uzaqlığından başlanan bu münasibət bu gün daha yüksək səviyyədə davam edir.

Bu gün – Vahid müəllim üçün çox əlamətdar bir gündə – onun 80 illik yubileyinə bir neçə gün qalmış yaradıcı kollektivimiz öz doğması, əzizi və ağsaqqalı kimi Vahid Hacıiyevin 80 yaşına bir yazı ərməğan etməyi lazım bildi. Əvvəlcə Vahid müəllimin keçdiyi möhtəşəm ömür yolunun mərhələləri barədə “İnşaatçı” qəzetinin oxucularına geniş məlumat vermək istərdik.

Hacıyev Vahid Hilal oğlu 1941-ci il oktyabrın 25-də qədim Bərdə torpağında anadan olmuşdur. Zəhmətə bağlı insan olan atası Hilal kişi 1933-cü ildə Sovet rejiminin repressiyasına məruz qalmış və ailəsi ilə birlikdə əvvəlcə Qazaxstana, sonra isə Qırğızıstana sürgün edilmişdir. Vahid müəllimin anası Hacıyeva Subar Xəlil qızı 1946-cı ildə ailəsi ilə birlikdə Vətənə qayıda bilib. Atası Hilal kişi isə 1953-cü ildə məlum qərardan sonra Vətənə qayıdıb və Ali Məhkəmənin qərarı ilə bəraət almışdır. Hacıyevlər ailəsinin əsli-kökü Bərdənin qədim nəsillərinə gedib çıxır. Hilal kişinin atası Qulu kişi XX əsrdə, babası Hacı Mehdi isə XIX əsrdə Bərdənin tanınmış insanlarından, ağsaqqallarından olmuşdur.

Hilal Hacıyevin 3 oğlu olub – Saleh, Valeh və Vahid. Böyük qardaşı Saleh Hacıyev ölkə meliorasiya və su tikintisinin korifey rəhbərlərindən olub. “Azərmeliorasiyasutikinti” Baş İdarəsi rəisinin birinci müavini, Kənd Tikinti naziri, “Azərmeliorasiyasutikinti” Baş İdarəsinin rəisi, Azərbaycan SSR Xüsusitikintiquraşdırma Nazirliyində nazir müavini,  Azərbaycan SSR Meliorasiya və Su Təsərrüfatı naziri vəzifələrində çalışmışdır. Üç çağırış Ali Sovetin deputatı olub. Dəfələrlə Hökumətin və Mərkəzi Komitənin üzvü seçilmişdir. Respublikanın Əməkdar Mühəndisi və Prezident təqaüdçüsü idi. 2011-ci ildə haqq dünyasına qovuşub.

Vahid müəlllimin ortancıl qardaşı Valeh Hacıyev də ali təhsillidir, tanınmış alimdir, Lomonosov adına Moskva Dövlət Universitetini riyaziyyat ixtisası üzrə bitirib. Bir müddət Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunda elmi işçi işləyib, hazırda Bakı Dövlət Universitetinin müəllimidr, elmlər doktoru, professordur.

Vahid Hacıyev evin sonbeşiyi olub. O, 1958-ci ildə Bərdə şəhər 2 nömrəli rus orta məktəbini bitirmiş və 1961-ci ilə kimi Bərdə rayonunda Dəmir-Beton zavodunda armaturçu işləmişdir.

V.H. Hacıyev 1961-ci ildə Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsinə sənaye və mülki tikinti ixtisası üzrə əyani şöbəsinə daxil olmuşdur.

1963-1966-cı illərdə Sovet ordusu sıralarında xidmət etmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra ailə vəziyyəti ilə əlaqədar institutda təhsilini axşam şöbəsində davam etdirərək 1969-cu ildə oranı müvəffəqiyyətlə bitirmişdir.

V,H. Hacıyev 1966-1967-ci illərdə SSRİ Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin “Kür-Arazsutikinti” Baş İdarəsində texnik-layihəçi, 1967-1968-ci illərdə həmin təşkilatın 1 nömrəli trestinin 26 nömrəli tikinti idarəsində usta, 1968-1970-ci illərdə iş icraçısı və baş iş icraçısı vəzifələrində işləmişdir.

O, daha sonra 1970-ci ildə “Azmeliosutikinti” Baş İdarəsinin Yevlax rayonunda yerləşən 5 nömrəli trestində istehsalat şöbəsinin rəisi, 1970-1972-ci illərdə həmin trestin Beyləqandakı 4 nömrəli SMD-sində baş mühəndis, 1972-1973-cü illərdə həmin trestin 14 nömrəli SMD-sində rəis, 1973-1974-cü illərdə 4 nömrəli trestin 19 nömrəli Zərdab tikinti idarəsində rəis vəzifələrində çalışmışdır.

V.H. Hacıyev 1974-1983-cü illərdə Baş İdarənin Bakı şəhərində yerləşən “Ortexsutikinti” trestində şöbə rəisi və Sənaye trestində baş mühəndisin müavini, 1983-1987-ci illərdə SSRİ Neft Qaz Tikinti Nazirliyinin “Azərborusutikinti” trestində müdir müavini işləmişdir.

1987-ci ildə Azərbaycan KP Mərkəzi Komitəsinin katibliyində təsdiq olunaraq “Azmeliosutikinti” Baş İdarəsinin “Samur- Abşeronsutikinti” trestinin müdiri vəzifəsinə təyin olunmuş və 1992-ci ilə kimi burada çalışmıdır.

Bu illər ərzində ona həvalə olunan bütün vəzifələrdə yüksək məsuliyyət hissi ilə çalışaraq etimadı doğruldan, bu sahənin kamil rəhbərlərindən biri olduğunu işi ilə təsdiq edən Vahid Hacıyevin uğurları diqqətdən kənarda qalmadı və ona daha böyük etimad göstərildi.

Belə ki, V. Hacıyev 1992-ci ildə Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin Tikilməkdə olan Su Təsərrüfatı Obyektlərinin Müdriyyətinin müdiri vəzifəsinə təyin olunur və 1995-ci ilə kimi burada qüsursuz fəaliyyət göstərir.

Vahid Hilal oğlu Hacıyev 1995-ci ildən bu günə qədər Meliorasiya və Su Təsərrüfatı Komitəsinin (2004-cü ildən Meliorasiya və Su Təsərrüfatı Agentliyi, 2009-cu ildən isə “Meliorasiya və Su Təsərrüfatı” ASC) Tikilməkdə olan Meliorasiya və Su İrriqasiya Obyektlərinin Birləşmiş Müdriyyətində müdir müavini vəzifəsində çalışır.

V.H. Hacıyevin ölkə tikintisində əl izləri yüzlərlədir. Respublikanın elə bir bölgəsi, elə bir rayonu yoxdur ki, Vahid müəllimin orada əl izləri olmasın. Onun fəal rəhbərliyi altında Baş Mil kanalının çəkilişi, Köndələnçay Su Qovşağının, Kürdən Bakıya çəkilən II növbə içməli su kəmərinin, Quba rayonunda yerləşən 250 yerlik doğum evi kompleksinin, Qusar rayonunda yerləşən illik istehsalı 50.0 milyon olan konserv zavodunun, Nasos stansiya qurğularının, Xəzər dənizində və respublikanın çaylarında mühafizə bəndlərinin tikintiləri, açılışında hörmətli Prezidentimizin iştirak etdiyi Göytəpə Su Anbarının (Cəlilabad rayonu) tikintisi, su təsərrüfatı obyektlərinin tikintisi və yenidən qurulması, Kür-Araz ovalığı torpaqlarının meliorativ vəziyyətinin yaxşılaşdırılması, Dəmir-beton zavodunun, Sənaye müəssisələrinin tikintisi, yenidən qurulması, Qarabağ-Mil-Muğan kollektoru, Füzuli, Cəbrayıl, Zəngilan, Beyləqan, Zərdab, Ucar, Yevlax, Bərdə, Tərtər, Astara, Lənkəran, Masallı, Ağdam, Ağcabədi və digər rayonlarda melioratorlar qəsəbələrinin salınması, kolxoz və sovxozlarda kompleks meliorasiya işlərinin aparılması, onlarla məktəb və uşaq bağçalarının tikintisi böyük zəhmətlə inşa olunaraq başa çatdırılmışdır. Göstərilən tikinti kompleksləri daxilində bir çox hidrotexniki qurğular, su anbarları, akveduklar, dükker, yol tikintisi, körpülər, yaşayış evləri və kommunal binalar vardır.

1972-ci ildə Beyləqan rayonunun Daşburun qəsəbəsi yaxınlığında, Füzuli yolunun üstündə olan böyük ərazidə Vahid Hacıyev vaqonda yaşayaraq işləmiş və yaşayı qəsəbəsinin tikintisini başa çatdırmışdır. Hazırda həmin qəsəbədə 8 min nəfərə yaxın əhali yaşayır.

Vahid müəəlimin Samur-Abşeron Kanalının Baş qurğusunda, Samur çayında və kanalda aparılan yenidənqurma işlərində çox böyük əməyi vardır.

1995-ci ildən başlayaraq İran İslam Respublikası və Azərbaycan Respublikası arasında sərhəd boyu Astara, Araz çayları və digər yerlərdə sərhəddə aparılan sahilbərkitmə və layihələndirmə işlərində İran və Azərbaycan mütəxəssisləri ilə birlikdə (hər iki sərhədin) tikinti işlərinin yerində razılaşdırılmasında Vahid müəllim fəal iştirak etmişdir.

Vahid Hacıyev irili-xırdalı 20-dək səmərəli təklifin müəllifi kimi dövlətə milyon manatlarla xeyir vermişdir. Dəfələrlə fəxri fərmanlar, döş nişanları, pul mükafatları almış, Zərdab şəhər Sovetinə (1973-1975) və Abşeron rayon Sovetinə (1990-1992) deputat seçilmişdir. Vahid müəllim deputat kimi hər zaman təmsil etdiyi rayonun əhalisinin qayğı və problemləri ilə maraqlanmış, öz səlahiyyətləri daxilində onlara köməklik göstərmişdir.

2014-cü ildə su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə Hacıyev Vahid Hilal oğlu “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

…Burada kiçik bir haşiyə çıxmaq istərdim. Respublikanın meliorasiya və su tikintisi sahəsində 56 illik möhtəşəm bir yol keçən, sahə üzrə bir neçə mühəndis nəslinin yetişib formalaşmasında bir müəllim kimi böyük rol oynayan və bu gün də hamının məsləhət yeri olan ustad mühəndisimiz Vahid Hacıyevə hələ də “Əməkdar Mühəndis” adı verilməyib. Doğrusu Vahid müəllimin hələ də bu fəxri adı almaması başa düşülən deyil.  Xalq və hökumətə sadiq, vicdanla xidmət edənlər, həmişə haqqın yanında olan, şərəfli ömür yaşayanlar layiq olduqları qiyməti mütləq almalıdırlar.

V.H. Hacıyevin şəxsiyyət kimi, bacarıqlı və savadlı bir kadr kimi, korifey mühəndis kimi formalaşmasında Ümummilli lider Heydər Əliyevin rolu əvəzsizdir. Belə ki, Vahid Hacıyevin respublikanın meliorasiya və su tikintisi sahəsində vəzifə pillələrində yüksəlişi, uğurlar qazanması, səmərəli və səriştəli fəaliyyəti Ulu Öndər Heydər Əliyev cənablarının respublikaya rəhbərlik etdiyi illərə təsadüf edib.

Ölkənin tikinti quruculuq tarixinin haradasa 56 illik  bir dövrünün iştirakçısı və bir çox uğurlara imza atmış korifey mühəndis olaraq Azərbaycanın, paytaxtımızın, onun regionlarının problemləri Vahid müəllimi hər zaman narahat etmiş, mövcud problemlərin aradan qaldırılması yolları barədə təcrübəli mühəndis kimi öz təklif və tövsiyələrini yüksək səviyyələrdə səsləndirmişdir. Onun 2007-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, YUNESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya unvanlanmış müraciəti o zaman dövri nəşrlərdə dərc olunmuş, maraqla qarşılanmışdı. Vahid müəllim müraciətində Bakı şəhərində yaranan tıxaclar, ekologiya problemləri, Bakı şəhərinin gələcək inkişaf perspektivləri, turizmin inkişafı problemləri, fövqəladə halların qarşısının qabaqcadan alınması kimi problemlərin həllinə dair öz mülahizələrini səsləndirmişdir. Deyək ki, Vahid müəllimin o zaman səsləndirdiyi problemlərin çoxu onun düşündüyü kimi artıq öz həllini tapmışdır.

…İnsan dünyaya göz açandan onun ömür yolu da müəyyənləşir. Kim xeyirxahlıq və zəhmət yolunu seçirsə, uğur da, ad-san da onu tapır.  İşlədiyi illər ərzində tale Vahid müəllimin qismətində, ömür payında yadda qalan neçə-neçə cığırlar açıb. Fərəhli anları da olub, ədalətsizliklə də üzləşib, amma çətinliklədən qorxub geri çəkilməyib. O, zəhmətinə, biliyinə, bir də bizləri yaradan Xudavəndi aləmin vəhdətinə bel bağlayıb, elinə, obasına, həmkarlarının sadəqətinə arxalanıb. Çünki Vahid Hacıyev harada və nə vəzifədə işləyibsə insafını əldən verməyib, əli təmiz, gözü tox olub və ətrafdakılar da onun özü kimi pak və təmiz olublar. Vahid müəllim bu gün də eyni amal və pak vicdanla işini davam etdirir.

Kamil ziyalı, təcrübəli, peşəkar mütəxəssis və səmimi insan olan Vahid Hacıyev maraq dairəsi çox geniş olan insandır. O, tükənməz enerjiyə, əhatəli və səmərəli işgüzarlığa malik mühəndis və yüksək təşkilatçılıq qabiliyyəti olan rəhbər, böyük vətənpərvərdir.

Vahid Hacıyev tikinti kompleksində o ranqlı mühəndislərdəndir ki,  onu hamı tanıyır və tikinti ictimaiyyəti arasında böyük nüfuz və hörmət sahibidir. Çünki, o, çox təmiz bir ömür yaşayıb, halal əməyə üstünlük verib, heç vaxt əli qabarlı insanların ruzisində gözü olmayıb, heç kəsə pislik etməyib, imkan daxilində çalışıb ki, hamıya kömək etsin, yardımçı, arxa-dayaq olsun. Ona görə də işi əsasən respublikanın bölgələri ilə bağlı olan Vahid müəllimin bütün bölgələrimizdə xüsusi hörməti var. O, bu gün hara getsə, yaxşılıq etdiyi insanların xoş çöhrələrini görür, özünə qarşı olan rəğbıt hissi onu hələ yaşamağa və işləməyə sövq edir, hədər bir ömür yaşamadığını anlayır və qürur hissi keçirir.

Bu gün ölkə inşaatında Saleh və Vahid Haciyevlərin tikinti yolunu, quruculuq estafetini onların bacısı oğlu, “Fərid İnşaat” Tikinti Firmasının direktoru, tikinti kompleksində hardasa 40 illik staja malik tanınmış inşaatçı Sübhan Həsənov uğurla, onların adına layiq yüksək səviyyədə davam etdirir.

Göytəpə Su Anbarının tikintisindən 2 görüntü. Su Anbarının açılışında Azərbaycan Prezidenti iştirak edib.

Hacıqabul Padar beton kanalı

Cəlilabad rayonu. İncəçay Su Anbarı

Köndələnçay Su Anbarı

Lənkəranda sahilbərkitmə işləri

Neftçala rayonunda dəmir beton kanalı

Tikinti kompleksində kimdən Vahid müəllim haqqında fikir soruşduqsa onun mühəndisliyindən, insanlığından ağız dolusu danışdı.

Bu gün təqaüddə olan, keçmiş su tikinti mühəndisi, uzun müddət Samur-Abşeronsutikinti” trestinin müdiri olmuş Rafiq Əhmədovun Vahid Hacıyev haqqındakı ürək sözlərini təqdim edirik:

-Vahid Hacıyev kimi korifey inşaatçının, cəmiyyətdə böyük nüfuz sahibi olan tanınmış insanın rəhbərliyi altında işləmək ikiqat məsuliyyət və şərəfli bir işdir.  Mənə də bu böyük mühəndislə, onun rəhbərliyi altında işləmək, ondan öyrənmək nəsib olub. Vahid müəllim Samur-Abşeronsutikinti” trestinin müdiri olarkən məni Ceyranbatan qəsəbəsində yerləşən 26 nömrəli TQİ-nə rəis təyin etdi və bir müddət onun rəhbərliyi altında işlədim. Bu az müddət olsa da Vahid müəllimi tanımaq üçün kifayət idi. Vahid müəllim böyük bir məktəbdir və mən bu məktəbdə meliorasiya və su tikintisinin incəliklərini öyrənmişəm. Savadlı mühəndis olan Vahid müəllim sahəsinin yüksək peşəkarıdır, respublikanı yaxşı tanıyır. Çalışdığı bütün kollektivlərdə, istər mühəndis-texniki işçilər arasında, istərsə də fəhlələr arasında hər zaman sevilib, hörmət olunub. Çünki əli təmiz, gözü tox rəhbər idi, heç kəsin bir qəpiyində gözü yox idi, təmənnasız insan idi, düz adam idi. Kollektivin hər bir üzvünə eyni münasibət bəsləyirdi, heç vaxt ayrı-seçkilik etmirdi. İşinin peşəkarı və ən başlıcası düz adam olduğuna görə bu gün də onun təcrübəsindən istifadə olunur. O, həm də yaxşı inzibatçıdır.

Bu gün Vahid müəllimi tanıyan kimdən soruşsanız mənim fikirlərimi təkrar edər. Hamı onun haqqında təmiz rəhbər kimi, gözü, könlü tox, fəhlə qədri bilən halal bir rəhbər və böyük mühəndis kimi ağız dolusu danışar, ona öz sevgilərini bildirər. Çünki, Vahid Hacıyev 56 ildir ki, respublikamızın bölgələrində meliorasiya və su obyektlərinin tikintilərini aparır və bu gün də iş başındadır.

Mən böyük müəhəndisimiz Vahid Hacıyevi yubileyi münasibəti ilə təbrik edir, ona möhkəm cansağlığı, bundan sonrakı iş fəaliyyətində uğurlar arzulayıram.

Vahid Hacıyev həm də gözəl ailə başçısıdır. 2 oğlu, 6 nəvəsi var. Vahi müəllimin övladları Bəxtiyar və Vaqifatasının yolunu davam etdirərək Azərbaycan İnşaat Mühəndisləri Universitetinə qəbul olunaraq “Hidrotexniki qurğular” ixtisası üzrə təhsil almışlar. Hazırda Bəxtiyar Bakı şəhərində yaşayır və layihə işləri üzrə şirkət rəhbəridir. Vaqif isə Almaniyada yaşayır, tikinti şirkətinin rəhbəridir.

Dünyada təmiz ad-sanla, yaxşı əməllə özündən sonra iz qoymağı bacarmaq hər kəsin qismətində və gücündə deyil. Bunun üçün gərək lap əvvəldən halal kök üzərində rişələnəsən, mayan halallıqdan yoğrulsun.  

 Vahid müəllimin 1966-cı ildən başlanan tikinti-quruculuq yolu halallıq üzərindən başlayıb və bu gün də köhnə məcrasında-halal yolla davam edir. Ona görə də Vahid müəllim bu gün ölkənin tikinti ictimaiyyəti tərəfindən sevilir, cəmiyyətdə böyük nüfuz sahibidir. O, hələ bundan sonra çox illər ölkə inşaatında qurub yaradacaq, iqtisadi inkişafımıza ağsaqqal mühəndis töhfəsini verəcəkdir.

Vahid Hacıyev bu gün də ona məxsus olan gənclik enerjisi və həvəsi ilə, yüksək işgüzarlıq və əzmkarlıqla iş fəaliyyətini davam etdirir.

Biz xalqının və ölkəsinin  başını həmişə uca edən ağsaqqal mühəndisimizi, 80 illik ömrünün zirvəsində dayanan Vahid Hilal oğlu Hacıyevi yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, şəxsi həyatında və iş fəaliyyətində yeni-yeni uğurlar arzu edirik. 

Yaşa, yarat, Vahid müəllim! Yubileyiniz mübarək olsun!

 

Zərbalı MİRZƏ,

Əməkdar Jurnalist

Oxşar xəbərlər

Leave a Comment