İNSANLARA SEVGİ DOLU ÜRƏK SAHİBİ

Seyfəddin Ağayev – 65


Ölkənin tikinti sahəsində çoxillik iş stajına malik elə inşaatçı-mühəndislər vardır ki, onlar 45-50 ildir ki, tikintinin müxtəlif sahələrində çalışır və sözün əsl mənasında tikdikləri ilə böyük tarix yaradır və bu gün də ölkə inşaatında aparıcı mövqelərdə dayanaraq tikir, qurur, özlərindən sonrakı gənc inşaatçılar nəslinə nümunə göstərir, müəllimlik edirlər. Belələri tikintinin bütün istiqamətlərində var – sosial tikintidə də, sənaye, metro, yol, su və energetika tikintilərində də yetərincə çoxdurlar.

Onlardan biri haqqında – hardasa 50 ilə yaxın tikintidə can qoyan, bütün həyatı, yaşam tərzi ilə tikintiyə bağlı olan     Ağayev Seyfəddin Cüleyxan oğlu haqqında “İnşaatçı”nın dəyərli oxucularına məlumat vermək istəyirik. “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin “Akkord” Birləşmiş Həmkarlar İttifaqı Komitəsində sədr vəzifəsində çalışan Seyfəddin müəllimin bu gün – iyun ayının 12-də 65 yaşı tamam olur.

Onunla tanışlığımız 14 il əvvəldən – 2006-cı illin ortalarından başlayır. Onda Seyfəddin müəllim “İnşaat-İş” Həmkarlar İttifaqında məsul vəzifədə çalışırdı. İlk baxışdan olduğu kimi görünməyən bu təcrübəli inşaatçı ilk ünsiyyətdəcə insanın qəlbini fəth edə bilir.

Qalın gur səsi ilə hündürdən danışan Seyfəddin müəllimi kənardan seyr edən kimsə onu kobud, insana yovuşmaz biri kimi xarakterizə edə bilər. Ancaq əslində Seyfəddin müəllimin bu “guruldamağı” onun insanlara sevgisindən güc alır. O, heç zaman çox yüksək vəzifələrdə işləməyib. Mən tanıyandan ən böyük vəzifəsi həmkarlar işçisi olub. Ancaq o, bu kiçik vəzifəsi ilə elə ağır işlərin altına girib, elə böyük problemlərin həllinə çiyin verib ki, (bu gün də verir) əlində böyük imkanları olan şirkət rəhbərləri buna cürət eləməz. Bunun üçün böyük üyəyin olmalıdır. Bəli, Seyfəddin müəllim böyük ürək sahibidir və onun böyük ürəyi insanlara sevgi ilə doludur. Əlində elə böyük imkanı olmaya-olmaya hamıya əl tutmağa çalışan bu 65 yaşlı kişinin özü bu gün elə də böyük var-dövlətə, təminata sahib olmasa da, mənən çox zəngin insandır və çox sadə həyat tərzi keçirir. Və… ən başlıcası həyatından razıdır, yaşadığı ömür yoluna dəyər verir, asudə yaşamağı bacarır.

Gəlin Seyfəddin müəllimlə yaxından tanış olaq.

O, 12 iyun 1955-ci ildə Naxçıvan Muxtar Respublikasının Kənkərli rayonunun Qarabağlar kəndində anadan olub. 1963-1973-cü illərdə Qarabağlar kənd məktəbində orta təhsil alıb.

Orta məktəbi bitirdikdən sonra sənədlərini Azərbaycan Dövlət Universitetinin riyaziyyat fakültəsinə verib və qəbul olunub. Bir il orada təhsil aldıqdan sonra 1974-cü ilin may ayında hərbi xidmətə çağırılıb. 1974-1977-ci illərdə 3 il keçmiş SSRİ-nin Şimal Dəniz Donanmasında xidmət edib, baş çavuş rütbəsi alıb və müxtəlif fəxri adlar alıb.

S.C.Ağayev 1978-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutuna daxil olmuş və 1984-cü ildə həmin institutu bitirərək mühəndis ixtisası almışdır.

S.C.Ağayev ailə vəziyyəti ilə əlaqədar olaraq təhsilini axşam şöbəsində davam etdirərək 1973-cü ildən Bakı Baş Tikinti İdarəsinin 8 nömrəli Dəmir Beton Məmulatları zavodunda işə qəbul olunmuşdur. İşə fəhləlikdən başlayaraq sex ustası, sex rəisi, baş mühəndis və direktor müavini vəzifələrində çalışmışdır. 2006-cı ildən müxtəlif səbəblərdən zavodun işi zəifləməyə başladığı zaman S.C.Ağayev öz xahişi ilə işdən çıxmışdır.

Buradaca qeyd edək ki, Seyfəddin müəllim Bakı Baş Tikinti İdarəsində çalışdığı illərdə respublikamızın paytaxtında çoxlu sayda dövlət əhəmiyyətli obyektlərin tikintisində əmək sərf etmişdir. “Avropa” oteli, Musiqili Komediya Teatrının binası, Bakı Xoreoqrafiya Məktəbinin binası, Rusiya Səfirliyinin binası və bu sıradan onlarla digər tikililər Seyfəddin müəllimin zəhməti keçən tikililərdir.

Seydəddin müəllim 2006-cı ilin yanvar ayının 16-dan Azərbaycan İnşaat Kompleksi İşçilərinin Müstəqil Həmkarlar İttifaqında Əməyin Hüquq müfəttişi vəzifəsinə işə qəbul olunmuşdur. Hal-hazırda “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-də “Akkord” Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışır. Bütün çətinliklərə sinə gərərək çalışır ki,  bütün həlli tələb olunan problemlərin öhdəsində gələrək müsbət həll etsin.

Vəzifənin böyüyü, kiçiyi olmur. Vəzifəni o vəzifədə çalışan adam “böyüdür” və yaxud “kiçildir”, urvatdan salır. Seyfəddin müəllim hansı vəzifədə çalışıbsa o vəzifəyə sanbal gətirib, çəki verib, vəzifənin özünün nüfuzunu qaldırıb. Bu gün onun tutduğu vəzifə Həmkarlar İttifaqı Komitəsinin sədri ictimai işdir. Ancaq Seyfəddin müəllim bu vəzifəsini də hörmətə mindirməyi bacarıb. Necə? Tutduğu vəzifəni bütünlüklə insanlara xidmət etməyə həsr etmək yolu ilə, özünü əli qabarlı inşaatçıların xidmətçisi hesab eləməyi ilə, bütün həyatını imkansız insanlara kömək etməyə çalışmağı ilə və sair.

Seyfəddin müəllim kiminsə adi, əhəmiyyətsiz sandığı bir məsələnin həllinə elə ciddiliklə yanaşır ki, adam bəzən təəccüb eləyir, amma sonra görürsən ki, onun münasibəti daha düzdür. Çünki o, istənilən bir problemin həllinə başqa, fərqli bir prizmadan yanaşır və hər məsələnin həll yolunu tapa bilir.

AHİK-in qurultayında

Beynəlxalq seminarda

Konfransda

Qocaman inşaatçıya “Fəxri Fərman”ın təqdim edilməsi

İnşaatçılarla görüş zamanı

Ad günü təbriki

Xalq artisti ilə görüş

Ağır əməliyyata ehtiyacı olan vətəndaşın ziyarət edilməsi və maddi köməkliyin göstərilməsi

Uzun müddət yataq xəstəsi olan məcburi köçkün ailəsinin ziyarət edilməsi

S.C.Ağayevin həmişə bir amalı olub. İşlədiyi sahənin nüfuzunu qaldırmaq, müdafiə etmək və təşkilata üzv olan işçilərin hüquqi mənafelərini qorumaq. O, istənilən bir məsələ barədə müraciətləri qərəzsiz araşdırdıqdan sonra qərar verməyi xoşlayır və məhz buna görə də hamı ona güvənir, inanır.

Seyfəddin müəllim, ailəlidir, 4 oğlan övladı, 5 nəvəsi var.

O, inşaat işini çox sevir, inşaatçlarla hər zaman fəxr edir. İndi də bir həmkarlar sədri kimi hər zaman çalışır ki, inşaatda heç vaxt bədbəxt hadisə baş verməsin. Bunun üçün bütün qüvvəsini səfərbər edir.

S.C.Ağayev işlədiyi dövrlərdə çoxlu sayda “Fəxri Fərman”lar, pul mükafatları alıb. Həmkarlar təşkilatında işlədiyi dövrlərdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin 10 aprel 2008-ci il tarixli qərarı ilə “Yubiley medalı” ilə təltif olunmuşdur. Bundan başqa Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin 22 iyul 2019-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Əmək Veteranı vəsiqəsinə layiq görülmüşdür.

Seyfəddin müəllim ünsiyyətdə olduğu bütün insanların qəlbində tez bir zamanda özünə yer edə bilir. Hamının hörmətini qazanır, onu qəbul edirlər, yolunu gözləyirlər. Ölkənin tikinti kompleksində Seyfəddin müəllimi tanıyan, onunla iş yoldaşı olan və yaxud əlaqəli işləyən hər bir kəs onun haqında müsbət fikir söyləyə bilər. Kimi dindirdiksə Seyfəddin müəllimdən ağızdolusu danışdı.

Aşağıda bu ürək sözlərinin bir neçəsini təqdim edirik:

 Umud Hüseynov – “İnşaat-İş” Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri:

-O, mənim orta məktəbdə sinif yoldaşım olub, əlaçı şagirdlərdən biri idi. Birlikdə işlədiyimiz dövrdə isə məsuliyyətli və işinin öhdəsindən bacarıqla gələn bir işçi, yaxşı bir dost kimi özünü göstərmişdir.

Mən “İnşaat-İş” Həmkarlar İttifaqı Respublika Komitəsi adından dostumuz Seyfəddin Ağayevi doğum günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, ona sağlam ömür, ailəsində xoşbəxt və səmimi münasibət, işlərində yeni uğurlar arzu edirəm. Bu gün çalışdığı şərəfli və məsuliyyətli işdə, Həmkarlar İttifaqı Komitəsinin sədri olaraq işçilərin və əmək kollektivinin bütün üzvlərinin hüquq və mənafelərinin qorunmasında əzm, mətanət və başarılar diləyirəm.

Aslan İsmayılov – Əməkdar Mühəndis:

– Seyfəddin müəllimin yaşadığı ömür, keçdiyi fəaliyyət illəri o qədər zəngin və maraqlıdır ki, onun haqqında nə desəm azlıq edər. Onun işə münasibəti, insanlara yanaşma tərzi, mübahisəli məsələlərdə tutduğu ədalətli mövqeyi, böyük-kiçik yeri bilməsi, əsil ağsaqqallara xas olan ağır oturub batman gəlməyi, dostluqda sədaqətli olması, təmənnasızlığı, aza qane olmaq keyfiyyətləri onun yaxşı insan olduğunu təsdiqləyən keyfiyyətlərdir. 65 yaş nədir ki? Ömrün ən yaşayıb yaratmalı illəridir. Arzum budur ki, o, hər zaman indiki kimi şux, həyat eşq gözlərindən oxunan, insanlara kömək etmək arzusuyla yorulmadan çalışan qaynar bir insan kimi qalsın və uzun illər tutduğu vəzifədə dövlətimizə və vətəndaşlarımıza həvəslə və sədaqətlə xidmət edə bilsin.

Məşədi Verdiyev – “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin “Hidravlik mexanizm kompani” MMC-nin baş mühəndisi:

-Seyfəddin müəllimi Bakı Baş Tikinti İdarəsində işlədiyim vaxtdan tanıyıram. Tanıdığım ilk vaxtlardan həmişə xüsusi hörmət bəsləmişəm. 2007-ci ildən “Akkord” Korporasiyasinda birlikdə işləmişik. İşlədiyimiz gündən onu bilikli, bacarıqlı və işgüzar mühəndis kimi tanımışam. Bu gün də işlədiyim kollektivdə Seyfəddin müəllimə çox boyuk hörmət bəsləyirlər. Seyfəddin müəllim dostluqda, yoldaşlıqda çox etibarlı adamdır. Bir gun dostunu görmədikdə ona zəng edib hal-əhval tutur, hamıya yardımçı olur. Mən çox xoşbəxtəm ki, Seyfəddin müəllim kimi gözəl bir dost və mütəxəssislə birlikdə işləyirəm və dostluq edirəm. Seyfəddin müəllim kollektivdə istənilən işçinin vəziyyəti ilə maraqlanır və köməklik göstərir. Seyfəddin müəllimi tanıyan butun insanlar onun xeyirxah və yaxşı münasibətindən ağız dolusu danışır, təqdir edirlər. 2019-cu ildə bizim dostumuz və ağsaqqalımız Rəhman Orucov dünyasını dəyişdi. O gündən bütün bayramlarda, ad günlərində dostları və kollektivi bir yerə toplayaraq məzarını ziyarət edir. Seyfəddin müəllim haqqında günlərlə gözəl fikirlər bildirmək olar. Onun valideyinlarinə rəhmət diləyirəm ki, cəmiyyət üçün belə bir övlad böyütmüşlər.

Mən dostumu təbrik edir, bundan sonrakı əmək fəaliyyətinin daha ugurlu olmasını arzu edirəm.

Tural Həmzəyev – “Akkord” Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədrinin köməkçisi:

-Mən 2013-cü ilin avqust ayından “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin Keyfiyyətin İdarəolunması Departamentinin SƏTƏM şöbəsində, 2014-cü ilin iyul ayına kimi isə Texnik peşəsində çalışmışam. Həmin dövrdə “Akkord” Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Seyfəddin Ağayev haqqında işçilərdən çox eşitmişdim. Təbii ki, bu eşitdiklərim Seyfəddin müəllim haqqında yalnız müsbət fikirlər idi. Tale elə gətirdi ki, 2014-cü ilin avqust ayından etibarən mən Həmkarlar Təşkilatında Seyfəddin müəllimin köməkçisi kimi işləməyə başladım. Artıq 6 ilə yaxındır ki, Seyfəddin müəllimlə bir yerdə çalışırıq. Bu dövr ərzində onu daha yaxından tanıya bildim.

Bu illər ərzində Seyfəddin müəllimdən çox şey öyrənmişəm. Həm savadlı mütəxəssis kimi iş barəsində, həm də ağsaqqal kimi həyatda nə cür və necə addımlamaq barəsində ondan öyrəndiklərim bir məktəb oxumağa bərabərdir. Seyfəddin müəllim işdə iş yoldaşı kimi, yolda yol yoldaşı kimi çox gözəl insandır. O, şəxsiyyətindən, vəzifəsindən, kimliyindən asılı olmayaraq hər bir insanla gözəl davranır, ona işdə yaranan hər hansı bir çətinlik barədə müraciət edən hər hansı bir işçiyə əlindən gələn köməkliyi edir və yalnız bundan sonra rahat olur. Seyfəddin müəllim məhz bu müsbət xüsusiyyətlərinə görə tək “Akkord” Korporasiyasında deyil, həm də siravi vətəndaşlar arasında da tanınır. Məhz buna görə də çətinliyi olan vətəndaş Seyfəddin müəllimə müraciət edir. O, isə əlindən gələn köməliyi edir.

O, “Akkord” Korporasiyasında işlədiyi dövrlər ərzində hər zaman Korporasiyanın nüfuzunu qoruyub. Bu isə işdə onun əsas meyarıdır. Ona verilən tapşırıqları hər zaman vaxtında və layiqincə yerinə yetirir. Seyfəddin müəllim tək işdə yox, həm də şəxsi həyatda gözəl həyat yoldaşı, ata, qayınata və babadır. 4 oğlan övladı var. Hər birinə təhsil verib və onların əsl vətəndaş kimi formalaşmaları üçün əlindən gələni edib. Övladlarını tanıdığım üçün bu fikirləri söyləməyə cürət edirəm. Seyfəddin müəllim haqqında çox uzun danışmaq olar. Amma qısa bir sözlə ifadə edərək deyə bilərəm ki, Ağayev Seyfəddin Cüleyxan oğlu nümunə göstəriləcək bir ağsaqqal, etalon bir insandır. Belə bir insanla işləmək mənim üçün qürurvericidir.

Mən də Seyfəddin müəllimi 65 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür, bundan sonrakı həyat yollarında daha xoşbəxt illər arzu edirəm.

…Yazımın sonunda onu da deyim ki, Seyfəddin müəllim bütün inşaatçıların dostu, siradaşı olduğu kimi bizim “İnşaatçı” qəzeti ilə dostluq münasibətləri saxlayır. Özü də bu dostluq mən tanıdığım vaxtdan yox, çox-çox uzaq illərdən başlanır və Seyfəddin müəllim qəzetlə münasibətini bu gün də yüksək səviyyədə davam etdirməklə əlindən gələn dəstəyi əsirgəmir.

Adam var, əlində böyük imkanları olsa da heç yaxınlarına, qohumlarına belə əl tutmur, köməklik göstərmir, onlar kölgəsiz ağac, barsız meyvə kimidirlər. Adam da var elə böyük imkan və səlahiyyət sahibi olmasa da tanıdığı və tanımadığı bütün insanlara kömək əli uzadır, yardım etməkdən zövq alır. Bu, onların həyat tərzidir, yaşamaq stimuludur. Onların adı böyük hərflərlə yazılan İNSANdır və onlar çox azdırlar. Seyfəddin müəllim belə az insanlarımızdandır.

Əziz dostumuzu 65 yaşı münasibəti ilə “İnşaatçı” qəzetinin inşaatçı və memar oxucuları adından səmimiyyətlə təbrik edir, ona gələcək ömür yollarında və iş fəaliyyətində yeni və parlaq zəfərlər arzulayıram.

65-in mübarək, əziz dost! 70-də, 80-də və sonrakı yubileylərində görüşmək arzusu ilə,

 Zərbalı MİRZƏ

Oxşar xəbərlər

Leave a Comment