Dövlət Şəhərsalma və Arxitektura Komitəsi əməkdaşlarının şərəfli döyüş yolu

Prezident İlham Əliyev:

“İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərmişdir. Atılan addımlar bütün bir məqsədi güdürdü ki, qısa müddət ərzində az itkilərlə düşmənə elə sarsıdıcı zərbə vuraq ki, düşmən məcbur olub torpaqlarımızdan çıxsın. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Əgər döyüş meydanında biz bu qələbəni qazanmasaydıq, inanmıram ki, işğalçı qalan torpaqlardan çıxacaqdı. Necə ki, torpaqlarımızı 30 ilə yaxın müxtəlif yollarla işğal altında saxlamağa can atan düşmən bu işğalı əbədi etmək istəyirdi, biz danışıqlar yolu ilə də heç bir nəticə əldə edə bilməzdik. Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq…”.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, müzəffər Ordumuzun misilsiz şücaəti nəticəsində topraqlarımız işğaldan azad olundu, Azərbaycan Vətən Müharibəsində böyük Zəfər qazandı. 44 günlük müharibədə tarix yazan qəhrəman əsgər və zabitlərimiz Azərbaycanın haqq mübarizəsində qələbə əzmini, hərb meydanında yüksək döyüş məharətini bütün dünyaya nümayiş etdirdi.

Müzəffər Ali Baş Komandanın vurğuladığı kimi, bu peşəkarlıq, qəhrəmanlıq nümunəsi sayəsində, cəsarət, hünər, əzm hesabına 44 gün ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu. Düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu darmadağın edildi, atəşkəs ərəfəsində isə artıq vahid komandanlığı olmayan, müqavimət qabiliyyətini itirən, başıpozuq dəstələrə çevrildi. Azərbaycan Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi işğalçıdan təmizləməklə, Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi.

Beləliklə, sentyabrın 27-dən başlanan müharibə Azərbaycanın tarixi qələbəsi ilə nəticələndi. 44 günlük Vətən Müharibəsi Azərbaycan xalqına zəfər sevinci bəxş etməklə yanaşı, xalqımızın qəhrəman oğullarını da bir daha öz xalqına tanıtdı.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun işğalçı Ermənistana qarşı apardığı “Dəmir yumruq” əks-həmlə hərbi əməliyyatında – Vətən Müharibəsində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müxtəlif strukturlarında çalışan 4 gənc əməkdaşı da iştirak edib. Hərbi səfərbərlik zamanı könüllü şəkildə Silahlı Qüvvələrimizin sıralarına qoşulan bu cəsur və vətənpərvər gənclərin hamısı tərxis olunduqdan sonra öz iş yerlərinə qayıdıb və kollektivi tərəfindən böyük coşqu ilə qarşılanıblar.

Düşmən üzərində möhtəşəm zəfərin qazanılmasına öz töhfəsini verən Vətən Müharibəsi iştirakçıları ilə Komitədə görüş keçirilib. Komitənin rəhbərliyi onları qələbə münasibətilə təbrik edib, torpaqlarımızın işğaldan azad olunması üçün göstərdikləri fədakarlığa görə hər birinə minnətdarlıq bildirib.

Komitənin müharibədə iştirak edən əməkdaşlarının hərbi əməliyyatlarda göstərdikləri şücaət kollektivdə qürur və iftixar hissi doğurub.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ümumi işlər və ictimaiyyətlə əlaqələr şöbəsinin kargüzarlıq sektorunun müdiri Babayev Zahid Sabir oğlu İkinci Qarabağ müharibəsinin ilk günlərindən cəbhəyə yollanmış və 3 aya yaxın müddətdə cəbhədə, döyüşən ordunun tərkibində qalibiyyət yolu keçmişdir.

Zahid Babayev 5 avqust 1972-ci ildə Zərdab rayonunun Təzəkənd kəndində anadan olub, orta məktəbi əla və yaxşı qiymətlərlə bitirib, ilk əmək fəaiyyətinə 1989-cu ildə Zərdab rayonunda, Təmir-Tikinti sahəsində fəhlə, mühasib köməkçisi vəzifəsində başlayıb. 1990-1992-ci illərdə hərbi xidmətdə olub.

1992-1997-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının mühəndis-iqtisad fakultəsində ali təhsil alıb.

2002-ci ildən Dövlət Tikinti və Arxitektura Komitəsidə əmək fəaliyyətinə başlayıb – Mütəxəssis, məsləhətçi, baş məsləhətçi, şöbə müdirinin müavini vəzifələrində çalışib.

2005-ci ildə ehtiyatda olan zabit olduğu üçün hərbi xidmətə çağrılmış, 2005-2006-cı illərdə cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissədə tağım komandiri vəzifəsində xidmət etmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra Komitədə əmək fəaliyyətini davam etdirmişdir.

Hal hazırda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ümumi işlər və ictimaiyyətlə əlaqələr şöbəsinin kargüzarlıq sektorunun müdiri vəzifəsində çalışır.

27 fevral 2016-cı ildə Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Zahid Babayev 21 sentyabr 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsi tərəfindən hərbi təlim toplanışlarına çağrılıb (Baş leytenant rütbəsi). Elə həmin gün “N” saylı hərbi hissədə təlimlərdə, uyğun məşğələlərdə iştirak edir, atış hazırlığı keçir. Və hərbi xidmətdə olarkən zenit raket tağım komandiri olan Zahid Babayev Zenit Raket Batereyasına təhkim edilir.

Bundan sonrasını Zahid Babayevin özü nəql edir:

– 27 sentyabr 2020-ci il tarixində mənfur düşmən təxribat törədərək bütün cəbhə boyu hücuma keçdiyi bir vaxtda həyacan siqnalı ilə biz yola çıxdıq. Yol boyu hərbi kalon düzülmüşdü. Bütün şəxsi heyət sevinirdi ki, gözlənilən an gəlib çatdı. Hadisə yerinə tez çatmaq istəyirdik. Yol boyu insanlar maşın karvanlarını salamlayırdı. Bir neçə gün Ağcabədi-Beyləqan rayonu istiqamətində meşəlik ərazidə yerləşdik.

Artıq hərbi əməliyyatlar başlamışdı. Burda bizə döyüş tapşırığı bir daha izah edildi. Və az sonra biz ayrı-ayrı hərbi hissələrə ezam olunduq. Bizim döyüş tapşırığımız həmin hərbi hissəni düşmənin hava hücumundan qorumaq idi. Sonra biz Füzuli rayonu istiqamətində hərəkətə keçdik. Mənfur düşmən vaxtilə yaşayış olmuş əraziləri xarabalığa çevirmişdi. Düşmən ən çox minaatanlardan və snayperlərdən istifadə edirdi. Artillelriya qüvvələrimiz tərəfindən düşmənin mövqeləri darmadağın edilirdi. Düşmən silahlarını, texnikalarını qoyub qaçmağa məcbur olurdu. Füzuli rayonundan sonra Cəbrayıl rayonunda olduq. Düşmən burada da hər tərəfi xarabalığa çevirmişdi. Rayonun Daşkəsən kəndində ermənilər böyük bir alayı vardı. Rəşadətli ordumuzun hücumu nəticəsində onlar oranı da qoyub qaçmağa məcbur oldular. Həmin alay dağların əhatəsində görünməz bir yerdə yerləşirdi. Təpələrin başında onların səngərləri, bir az aşağıda topları və digər texnikaları yerləşmişdi. İgid əsgərlərimiz tərəfindən düşmən qüvvələri məhv edildi və döyüş texnikaları qənimət kimi ələ keçirildi.

Başımızın üstündən dronlar uçurdu. Əlbəttə bunlar bizim dronlar idi. Bizə radiostansiya vasitəsilə məlumatlar idarəetmə məntəqəsindən verilirdi. Biz bütün hava hədəflərini izləyir, fasiləsiz müşahidə aparırdıq.

Ordudan tərxis olunan Komitə əməkdaşlarının
Komitədə qarşılanma mərasimindən xatirə foto-şəkil…

 

Zahid Babayev Cəbrayıl rayonunun
Daşkəsən kəndində cəbhə yoldaşları ilə…

Xocavəndin Düdükçü kəndində.
Foto-şəkildə əbədiləşmiş bir an…

Adam indi rahat danışır. Fikirləşəndə bilmirsən ki, nə edəsən, 19-20 yaşlı əsgərlərimiz, rütbəli zabitlərimiz şəhid oldular. Bizim batareyanın bir əsgəri Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ona minamiyotun qəlpəsi dəymişdi.

Cəbrayıl rayonunun Daşkəsən kəndində olarkən məlumat aldıq ki, bizim manqada olan əsgərin qardaşı Qubadlı istiqamətində gedən döyüşlərdə şəhid olub. Təsəvvür eləyin ki, biz həmin əsgəri arxaya göndərməliyk və ona nə deyəcəyimizi də bilmirik…. Elə hallar olurdu ki, artıq hər şeyin bitdiyini düşünürdük…

Sonra Xocavənd rayonu istiqamətində irəlilədik. Yol boyu düşmənin vurulmuş, yanmış maşınları və döyüş texnikaları qarşımıza çıxırdı. Əkinə yararlı torpaqlarımızda mənfur düşmən tərəfindən taxıl əkilmişdi. Düdükçü kəndində olduq. Düdükçü kəndi böyük bir kənd idi. Kənd əhalisi (ermənilər) qaçmışdılar. Bura meşəlik ərazi idi. Hər tərəf dağ-dərə, eniş-yoxuş idi. Biz əsasən təpələrdə mövqe tuturduq.

Bir anlığa gözümün qabağına düşmənin bizim millətimizə etdikləri gəldi. Onlar bizim torpağımıza göz dikmiş, sərvətlərimizi talan etmişdilər. Biz isə öz torpaqlarımızı azad edirdik. Ona görə ədalət, haqq bizimlə idi.

Təhkim olunduğumuz hərbi hissə ilə Azıx kəndinə girdik. İgid əsgərlərimiz sayəsində kənd azad olunmuşdu. Burda da mülki erməni əhalisi kəndi tərk edib qaçmışdı. Evlərdə əsasən hərbiçilər yaşayıblar. Düşmən burdada qaçarkən xeyli silah və döyüş texnikası qoyub qaçmışdı.

8 noyabrda Şuşa şəhəri işqaldan azad olundu. Hamımız çox sevinirdik. Qələbənin çox yaxında olduğunu hiss edirdik. Bu vaxtlar Qırmızı bazar adlanan ərazi istiqamətində çox qızğın döyüşlər gedirdi. Bizim toplardan, raketlərdən düşmən mövqelərinə güclü zərbələr endirilirdi. 9 noyabrda daha qızğın döyüşlər getdi.

Geçə bizim manqa istirahət edirdi. Birdən çox güçlü atəş səsləri gəldi. Döyüş yoldaşlarımız düşmənin ağ bayraq qaldıraraq təslim olduğunu bildirdilər. Artıq müqavilə imzalanmışdı. Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan ordusu tarixi zəfərə imza atmışdı.

18 noyabrda biz öz batereyamıza qoşulduq. Bir müddət Cəbrayıl rayonunda qaldıq.

Dekabr ayı idi. Artıq havalar soyumuşdu. Bir neçə dəfə qar yağmışdı.

30 dekabr 2020-ci il tarixində təxris olunduq. Mən Azərbaycan Respublikasının müdafiəsi və ərazi bütövlüyünün bərpası uğrunda gedən xüsusi döyüş əməliyyatlarında iştirak etdiyimə görə özümü xoşbəxt sayıram və bununla fəxr edirəm.

18 yanvar 2021-ci il tarixində Dövlət Şəhərsalma və Arxitektura Komitəsində bizim qarşılanmağımız təşkil edildi. Komitənin əməkdaşları bizi bayraqlarla qarşıladılar. Şəkillər çəkildi. Sonra rəhbərlik tərəfindən qəbul edildik. Ali Baş Komandanımızın rəhbərliyi ilə qazanılan böyük Qələbə münasibətilə bizi təbrik etdilər. Biz də öz növbəmizdə qazanılan qələbədə bütün Azərbaycan xalqının zəhməti olduğunu bildirdik. Rəhbərlik bizim səhhətimizlə, problemlərimizlə maraqlandı.

Hərbi əməliyyatlarda iştirak etdiyimizə görə Komitə rəhbərliyi tərəfindən və Komitənin Birləşmiş Həmkarlar İttifaqı Komitəsi tərəfindən bizə maddi yardım göstərildi.

Bir məqamı da xüsusi qeyd edim ki, cəbhədə olduğum zaman Komitənin rəhbərliyi və əməkdaşları tərəfindən mütəmadi olaraq ailəmlə əlaqə saxlanılmış, onların problemləri ilə maraqlanmışlar. Bununla əlaqədar olaraq Komitənin rəhbərliyinə və əməkdaşlarına təşəkkürümü bildirirəm.

Komitənin 2-ci Qarabağ savaşında iştirak edən əməkdaşlarından biri də Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin torpaq məlumatları şöbəsinin mütəxəssisi Abbaslı Vahid Mübariz oğludur.

Vahid Abbaslı 26.02.1992-ci ildə Bakida anadan olub. 1999-cu ildə 239 nömrəli orta məktəbə daxil olub və 2007-ci ildə Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 8-ci sinifə daxil olaraq 2010-cu ildə liseyi bitirmişdir.

2010-2014-cü illərdə Memarlıq və İnşaat Universitetində Neft-qaz qurğuları mühəndisliyi ixtisası üzrə təhsil alıb. 2014-2015-ci illərdə Milli Orduda Ağdamın “N” saylı hərbi hissəsində xidmət edib. 2017-2020-ci illərdə “Qorqud Assosiasiyası” MMC-də işləyib. 2020-ci ıldən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin torpaq məlumatları şöbəsində mütəxəssis olaraq işə başlayıb və hazırkı vaxtda da burada işləyir.

Vahid Abbaslı 2020-ci ilin oktyabr ayının 5-də II Qarabağ döyüşlərinə çağrılıb. Elə həmin gün Ağcabədiyə yola düşmüş, ordan da “N” saylı hərbi hissənin 1-ci Taborunun Tank əleyhinə tağımında operator olaraq xidmətə başlayıb. Füzuli-Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib. Noyabr ayının 10-da müharibə tarixi qələbəmizlə bitdikdən sonra Daşaltı kəndindən çıxıb Qoşa təpə deyilən yerdə yerləşib, Xankəndi ilə Laçın dəhlizini birləşdirən yola nəzarət etməyə başlamışlar və dekabr ayının 27-sinə kimi orda xidmət edib, elə həmin gün “N” saylı hərbi hissədən təxris olunmuşdur.

Vahid Abbaslı “N” saylı hərbi hissədə əsgər dostları ilə…

Şuşada. Vahid Abbaslı cəbhə dostları ilə qələbə sevincini yaşayır…

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

2-ci Qarabağ savaşının daha bir iştirakçısı, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutunda memar vəzifəsində işləyən Qasımov Sənan Ceyhun oğludur.

Sənan Qasımov 04 noyabr 1994-cü ildə Bakı şəhərində anadan olub. 2001-2012-ci illərdə Əliağa Şıxlinski adına 135 nömrəli məktəbdə orta təhsil alıb. 2012-2016-cı illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsində ali təhsil alıb. 2016-2017-ci illərdə Goran qəsəbəsində “N” saylı hərbi hisssədə hərbi xidmətdə olub.

14.08.2017-ci ildən Bakı Dövlət Layihə İnstitutunda memar kimi ilk əmək fəaliyyətinə başlayıb.

Sənan Qasımov 29.09.2020-ci il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsi tərəfindən səfərbərliyə cəlb olunmuşdur. Əvvəlcə Goranboy rayonunun Yuxarı Ağcakənd kəndinə, 3 gün sonra Bərdə şəhərinə, sonra isə Ağdamda “N” saylı hərbi hissəyə gəlib. Hərbi hissənin şəxsi heyəti ayrı-ayrı rayonlarda yerləşdirilmişdi. Sənanın xidmət etdiyi tabor Ağcabədi rayonunun Taynaq kəndində yerləşmişdi.

Sənan Qasımov qələbə xəbərini
Ağdamda alır…

Sənan Qasımov döyüş dostları ilə…

Sonrasını Sənan Qasımov özü danışır:

– Taynaq kəndi müharibə zonasına yaxın olduğundan təhlükəsliyimiz üçün məktəbin zirzəmisində yerləşdik. I Qarabağ döyüşçüləri bizi tez-tez ziyarət edir, mənəvi dəstək olur, öz bacarıqlarını öyrədir və döyüş üçün ruhlandırırdılar. Hər gün döyüşə hazırlıq təlimləri keçirdik. Uzun müddətdən sonra nəhayət döyüş günü çatdı. Noyabrın 9-dan 10-na keçən gecə Ağdam istiqamətində döyüşə yola düşdük. Gecə saat 02:00 radələrində sülh müqaviləsi imzalandığı barədə xəbər aldıq. Səhərə yaxın biz artıq Xocavənd rayonunun ərazisindəydik. Bizə orada mövqe tutmağımız əmr olundu. 6 gecə Xocavəndin Hadrut qəsəbəsi yaxınlığında qaldıq. Ermənilər silah-sursatlarını, ərzaq ehtiyatlarını döyüş meydanında qoyub qaçmışdılar. Çöl şəraitində olduğumuza baxmayaraq təminatımız lazimi qaydada idi. Daha sonra Ağdamın Mollalar kəndinə gəldik. Qarşıda çətin günlərin bizi gözlədiyindən xəbərsiz idik. Ağdam rayonunun işğal altında olan ərazilərinin minalanması irəliləməyimizi xeyli çətinləşdirirdi. Qarşıda istehkamçılar minaları təmizləyir, biz isə onların açdığı yol ilə irəliləyirdik. Mollalar kəndi erməni mülki əhalisi tərəfindən talan edilmiş, evlərin əksəriyyəti yandırılmışdı. Ağdamın dağlıq və meşəlik ərazilərdən keçərək adsız yüksəkliklərində üçrəngli bayrağımızı zirvələrə sancır, öz postumuzu qururduq. Hava şəraiti get-gedə pisləşdiyindən təminatın dağlıq əraziyə gəlib çatmağı da çətinlərişdi.

Dekabr ayının son günü – 31 dekabr 2020-ci ildə tərxis olunduq. Bakıya qayıtdıqdan sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Bakı Dövlət Layihə İnstitutunun kollektivi bizi çox gözəl qarşıladılar və təbrik etdilər.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 2-ci Qarabağ savaşında iştirak edən 4-cü nümayəndəsi Bakı Dövlət Layihə İnstitutunda memar vəzifəsində çalışan Rzayev Anar Novruz oğludur.

Anar Rzayev 10 yanvar 1995-ci il tarixində Bakı şəhərində anadan olub. 2000-2002-ci illərdə Bakı şəhəri 6 saylı tam orta məktəbdə, 2002-2009-cu illərdə Səbail rayonu 91 saylı tam orta məktəbdə, 2009-2011-ci illərdə isə Samux rayonunda tam orta məktəbdə orta təhsil alıb. 2011-2015-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsində ali təhsil alıb. 2015-2016-cı illərdə hərbi xidmətdə olub. 2016-2019-cu illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində magistr pilləsi üzrə təhsilini davam etdirib. 19.02.2020-ci il tarixindən Bakı Dövlət Layihə İnstitutunda memar kimi əmək fəaliyyətinə başlayıb.

29.09.2020-ci il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsi tərəfindən səfərbərliyə cəlb olunub. Cəbrayıl və Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edib və 03.01.2021-ci il tarixdə hərbi xidmətdən tərxis olunub.

Anar Rzayev cəbhə dostları ilə…

Qubadlı rayonundan xatirə foto-şəkillər…

Vətən müharibəsinin ilk günlərindən cəbhədə olan Anar Rzayev keçdiyi şərəfli hərb yolu barədə fikirlərini bölüşdü:

– 29 sentyabrda çağrışçıların toplandığı Səbail rayonu 49 saylı tam orta məktəbdə hərbi ixtisasıma uyğun olaraq Mühəndis-İstehkamçı vəzifəsinə qeydiyyata düşdüm. Elə həmin gün avtobusla təyin olduğumuz hərbi hissəyə yola düşdük. İlk olaraq Goranboy rayonunun Goran qəsəbəsində yerləşən hərbi hissəyə gəldik. Orada ixtisasımla bağlı təlimlərə başladıq. Təlimlər təxmini 1 həftə çəkdi. Mina axtaran cihazla davranmağı, işlətməyi, daha sonra praktikada piyada, tank əleyhinə minaların axtarıb tapıb zərərsizləşdirilməsi və quraşdırılması öyrədildi. Bununla yanaşı bizə təhkim olunmuş silahlarla bağlı hər cür təlimləri keçdik. Daha sonra təyin olunmuş plan üzrə Füzuli rayonunun Əhmədbəyli kəndində yaxınlıqda yerləşən açıq ərazilərdə və təpələrdə təlimlər keçdik. Müharibənin gərgin davam elədiyi müddətdə oktyabr ayının ortalarında xüsusi döyüş tapşırığı ilə Cəbrayıl rayonu istiqamətində 3 dəfə döyüş tapşırıqlarına çıxdıq. Bu tapşırıqlar təhlükəli idi, düşmən pilotsuz dronlarla dəfələrlə bizi izləyib olduğumuz əraziləri ağır artilleriya ilə atəşə tutsa da bizə həvalə olunan döyüş tapşırığını yerinə yetirdik. Oktyabr ayının 20-si tapşırıq gəldi ki, bütün heyət Cəbrayıl istiqamətində irəliyə doğru çıxsın. Biz öz bölüyümüzlə Cəbrayıl rayonuna gəldik və təyin olunmuş yerlərdə şübhəli ərazilərdə minatəmizləmə işlərinə başladıq. Daha sonra Zəngilan və Qubadlı rayonları istiqamətində irəlilədik. Müharibə davam etdikcə, ərazilərimiz azad olunduqca biz irəliyə doğru gedib lazımi olan əraziləri minalardan təmizləyirdik.

Bu ərəfədə noyabrın 9-dan 10-na keçən gecə saat 02:00-da xəbər gəldi ki, müharibə artıq dayanıb və atəşkəsdir. Biz Xanlıq kəndində qalıb Zəngilan və Qubadlı istiqamətində mina təmizləməsi ilə bağlı tapşırıqlara çıxırdıq. Noyabr ayının 26-sı Qubadlı rayonunun mərkəzinə gəldik. Noyabrın 26-dan yanvarın 3-nə kimi mərkəzdə yerləşib öz fəaliyyətimizlə məşğul idik. Yanvar ayının 3-ü tərxis olundum. Bakıya qayıtdıqdan sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Bakı Dövlət Layihə İnstitutunun kollektivi bizi çox gözəl şəkildə qarşılayıb təbrik etdilər.

Söz ardı:

Müharibə artıq arxada qalıb. Müzəffər Azərbaycan Ordusu bizə Zəfər paradının sevinclərini də yaşatdı. Dövlət başçısının da qeyd etdiyi kimi, İkinci Qarabağ savaşı bizim əyilməz iradəmizi, birliyimizi, müharibə, qələbə rəmzinə çevrilən dəmir yumruğun gücünü göstərdi: “Bu, həm birlikdir, həm gücdür. Cəmiyyətimizdə birlik də var, ölkəmizin gücü də var və həmişə olacaq. Əgər kimsə Ermənistanda bu gün revanş hissi ilə yaşayırsa, böyük səhv edir. O 44 günlük müharibəni onlar heç vaxt unutmasınlar. Bundan sonra əgər kimsə Azərbaycan xalqını təhqir etməyə çalışsa, elə dərsini alacaq ki, o 44 günlük müharibə onun yanında yalan olacaq”.

Bəli, artıq üç aydır ki, Vətən müharibəsi başa çatıb. Bu müddət ərzində Qarabağa yeni nəfəs gətirəcək xeyli işlər görülüb. Onlardan ən əsası 30 ilə yaxın xəyallarımızda getdiyimiz Şuşaya, Laçına, Kəlbəcərə yolların çəkilməsi, erməni vandallarınn barbarlığı nəticəsində tamamilə xarabalığa çevrilən yurdlarımızın yenidən bərpası istiqamətində aparılan təxirəsalınmaz tədbirlər atılan ilk və uğurlu addımlardandır.

İşğaldan azad etdiyimiz ərazilərdə quruculuq işlərinin aparılması ilə əzəli torpaqlarımıza Böyük Qayıdış başlayır. Döyüş meydanında öz sözünü demiş Dövlət Şəhərsalma və Arxitektura Komitəsi əməkdaşlarının işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, Qarabağın güclü iqtisadiyyata və yüksək rifaha malik inkişaf etmiş regiona çevrilməsinə də öz töhfəsini verəcəklərinə əminik.

Bu qalibiyyət yolunda, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanlar da oldu, qazi adını alanlar da. Allah bütün şəhidlərimizə rəhmət eləsin, bütün qazilərimizə can sağlığı versin.

Qarabağ bizimdir!

Qarabağ Azərbaycandır!

Zərbalı MİRZƏ

 

Oxşar xəbərlər

Leave a Comment