İNSANLIQ NÜMUNƏSİ OLAN MEMAR VƏ MÜƏLLİM ÖMRÜ

Təbrik edirik!


   Azərbaycan Respublikasının Əməkdar Memarı, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Elmi Şurasının və AzMİU-nun memarlıq və şəhərsalma ixtisasları üzrə Dissertasiya Şurasının üzvü, memarlıq doktoru, professor Nizami Həsən oğlu Nağıyevi respublikada çox az adam olar ki, tanımasın. Üzündən nur, baxışlarından xeyirxahlıq, insanlara sevgi hissləri “yağan” bu   təcrübəli memarla həmsöhbət olub onunla bircə kəlmə kəsmək kifayətdir ki, bu insana valeh olasan. 

  Nizami müəllim elə bir zəngin və parlaq memar müəllim ömrü yaşayıb və yaşayır ki, Azərbaycanımızın ən ləyaqətli insanlarından biri kimi təqdir və təbliğ olunmğa layiqdir.

Bir neçə gün əvvəl redaksiyamıza Nizami Nağıyevin Türk dünyasının elm və təhsilində üstün xidmətlərinə görə beynəlxalq mükafatla təltif olunması haqqında məlumat daxil olan kimi Nizami müəllimlə görüşməyə qərar verdik və görüşdük.

Bu barədə bir az sonra…

Əvvəlcə Nizami Nağıyevin möhtəşəm ömür və fəaliyyət illəri barədə zəruri bilgi verək ki, oxucularımız nüfuzlu beynəlxalq mükafatın niyə məhz Nizami Nağıyevə verilməsi barədə məlumatlı olsunlar.

Nizami Həsən oğlu Nağıyev 1943-cü ilin may ayının 6-da Gəncə şəhərində anadan olub.  Nizami 1950-ci ildə 160 nömrəli rus orta məktəbinə getmiş və 1960-cı ildə bu məktəbi müvəffəqiyyətlə bitirmişdir. Məktəbdə oxuduğu zaman rəssamlığa böyük həvəs göstərmiş və 6-cı sinifdən rəsm və heykəltaraşlıq dərnəklərinə getmişdir.

Nizaminin babası Gəncədə məşhur podratçı Məşədi Hümbət adlı bir ziyalı olmuşdur. 20-ci əsrin əvvəllərində babası Məşədi Hümbət bir sıra məşhur binaların cizgilərini çəkərək özü inşa etmiş və gördüyü işlərlə əlaqədar bir ustad-inşaatçı kimi Gəncədə böyük nüfuz qazanmışdır.

Hələ kiçik yaşlarından Nizami ailədə babası haqqında aparılan söhbətlərə həvəslə və maraqla qulaq asardı ki, gənc Nizamidə inşaat sənətinə, memarlığa böyük həvəs də o illərdə oyanmışdı.

Nizami 1961-ci ildə orta məktəbi bitirərək böyük arzularla Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsinin memarlıq bölməsinə qabiliyyət imtahanlarından əla qiymətlər alaraq qəbul olunur. O vaxtlar memarlıq fakültəsində rus bölməsi yox idi və Nizami Azərbaycan bölməsinə qəbul olunur. Gənc Nizami bununla əlaqədar oxuyarkən ictimai fənlərdən çətinlik çəkirdi və 2-ci kursdan Leninqrad (Sankt-Peterburq) İnşaat Mühəndisləri İnstitutunun şəhərsalma-memarlıq fakültəsinə köçürüldü.

1967-ci ildə Leninqrad (Sankt-Peterburq) İnşaat Mühəndisləri İnstitutunu yaxşı göstəricilərlə bitirən gənc Nizami vətənə qayıdır və praktiki fəaliyyətini, elmi işini və tədrisi birləşdirərək Bakının ayrı-ayrı elmi tıqdiqat və layihə institutlarında ixtisası üzrə işləyir.

Bu dövrdə o bir sıra layihələrin müəllifi olmuş, Füzuli, Yevlax şəhərlərinin baş planlarını işləmiş, Bakının bir sıra magistrallarının inşa olunma, şəhərsalma layihələrini hazırlamışdır. Bunların sırasında Dəmir yolu vağzalından Elmlər Akademiyası kompleksinə qədər yaşıl binalar və onun ətrafında yaşayış komplekslərinin inşası, “28 Aprel” küçəsinin (indiki “28 May”) və Neftçilər prospektinin layihələrini qeyd etmək olar.

Nizami Nağıyev bu dövrdə bir sıra memarlıq müsabiqələrində də iştirak etmiş və qələbə qazanmışdır.

O, öz üzərində daim çalışır və elmə böyük maraq göstərirdi. 1969-cu ildə sənədlərini Moskva şəhərinin Şəhərsalma üzrə mərkəzi elmi-tədqiqat institutuna verərək əyani aspiranturasına daxil olunur. 3 il müddətində Moskva şəhərində aspiranturada oxuyaraq dissertasiya hazırlamış və 1974-cü ildə müdafiə edərək memarlıq sahəsində elmlər namizədi elmi dərəcəsinə nail olmuşdur. Aspiranturanı bitirdikdən sonra Nizami Nağıyev akademik M. Useynovun təklifi ilə Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun memarlıq şöbəsinə kiçik elmi işçi vəsifəsinə işə qəbul olunmuşdur.

1974-cü ildə Bakıda Azərbaycan Dövlət Tikinti Kömitəsi yanında yeni açılmış inşaat və memarlıq elmi-tədqiqat institutuna Nizami Nağıyev şöbə rəisi vəzifəsinə dəvət edilir. Bu zaman onun rəhbərliyi ilə bu şöbədə 12-yə qədər çox sanballı elmi-tədqiqat işləri hazırlanmış və müvəffəqiyyətlə Tikinti Komitəsinə təhvil verilmişdir.

Nizami Nağıyev 1976-cı ildə Azərbaycan Dövlət Tikinti Komitəsinin təklifi ilə ”Azdövlətlayihə” İnstitutunun 3-cü şəhərsalma emalatxanasının rəhbəri vəzifəsinə dəvət edilmiş və bu vəzifədə 1978-ci ilə qədər qüsursuz çalışmışdır.

Bu zaman onun rəhbərliyi altında və müəllifliyi ilə Azərbaycanın bir sıra şəhərlərinin baş planları işlənmişdir. Bunların sırasında Şəki, Şuşa, Qazax, Agstafa, Lənkəran, Şirvan (Əli Bayramlı), Göyçay və başqalarını xüsusilə qeyd etmək olar. Bundan başqa Göyçay, Ağcabədi, Laçın, Bakı, Cəlilabad və başqa şəhərlərdə ticarət komplekslərinin, yeyinti müəssisələrinin, kafelərin, Ağsu şəhərində İdman Sağlamlıq Kompleksinin, üstüörtülü bazarların, zavod və fabriklərin layihələri də Nizami müəllimin gördüyü işlər sırasındadır. O, həmçinin bir sıra elmi-tədqiqat işlərinin müəllifidir.

1978-ci ildə Nizami Nağıyev Azərbaycan Dövlət Tikinti Komitəsinin mənzil-ictimai tikinti baş idarəsinin rəisi vəzifəsinə dəvət edilmiş və respublikada böyük quruculuq işlərinin iştirakçısı olmuşdur.

Nizami Nağıyev 1980-ci ildə Moskva şəhərinin Bakıda yerləşən böyük filialının “Sentrosoyuzproyekt” Layihə İnstitutuna baş mühəndis, sonra isə 1984-cü ildə direktor təyin olunmuşdur. 1980-ci ildən “Sentrosoyuzproyekt” Layihə İnstitutunda Nizami Nağıyevin rəhbərliyi, özünün iştirakı və müəllifliyi ilə 100-dən artıq sənaye, ictimai və yaşayış binalarının layihələri hazırlanmış və inşa edilmişdir. Bu layihələr tək Azərbaycanda yox, həm də Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Rusiya kimi ölkələrdə də inşa edilirdi.

Nizami Nağıyevin institutun əməkdaşları ilə birgə iki layihəsi 1983 və 1985-ci illərdə SSRİ Memarlar İttifaqı tərəfindən Moskva şəhərində keçirilən SSRİ üzrə “İlin ən yaxşı layihəsi” müsabiqələrində və sərgilərdə qızıl medala və diplomlara layiq görülmüşdür.

Nizami Nağıyev 1989-cu ildə Azərbaycan Respublikasının Dövlət Tikinti Komitəsinə sədr müavini vəzifəsinə təyin edilmişdir, sonralar sədrin birinci müavini, sədr əvəzi olmuşdur.

Nizami Nağıyev layihə institutlarında və dövlət idarələrində işlədiyi zaman təhsillə sıx əlaqədə olmuşdur. Əvvəlcə Azərbaycan Politexnik İnstitutunun memarlıq bölməsində (axşam şöbəsi) saat hesabı dərs demişdir. Sonralar isə Azərbaycan Memarlıq İnşaat Universitetində dərs demiş və Universitetin elmi şurasının üzvü olmuşdur.

1996-cı ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinə tam işə keçmiş, “Memarlıq və şəhərsalma” kafedrasında professor vəzifəsində çalışmışdır. 1996-cı ildə memarlıq fakültəsinin dekanı seçilmişdir. 2001-ci ildən isə “Memarlığın əsasları” kafedrasının müdiridir.

Nizami Nağıyev 20-dən çox elmi-tədqiqat işlərinin, 40-dan çox elmi məqalələrin, bir sıra dərsliklərin, iki monoqrafiyanın müəllifidir.

Bununla yanaşı Nizami Nağıyev bir sıra respublika və Beynəlxalq Elmi konfranslarda Azərbaycan memarlığı və şəhərsalması üzrə çıxışlar edərək respublikamızda bu sahənin hərtərəfli inkişafını konkret faktlarla göstərmişdir. Belə çıxışlar İtaliya, Rusiya, İran İslam Respublikası, Portuqaliya, Türkiyə, Rumıniya, Özbəkistan, Gürcüstan və başqa ölkələrdə olmuşdur.

Nizami Nağıyev 1991-ci ildə Azərbaycan Milli Yaradıcılıq Akademiyasının memarlıq doktoru elmi dərəcəsini almışdır, ona 1997-ci ildə Beynəlxalq Ekoenergetika Akademiyasının professor-doktoru adı verilmiş və 2014-cü ildə həmin akademiyanın akademiki seçilmişdir. 1995-ci ildə Azərbaycan Dövlət Tikinti Komitəsinin İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun fəxri doktoru seçilmişdir.

1992-ci ildə Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvü, 1994-cü ildə həmin akademiyanın Vitse-Prezidenti, 2000-ci ildə birinci Vitse-Prezidenti seçilmişdir.

Nizami Nağıyev 2011-ci ildə doktorluq dissertasiyasını müdafiə edərək memarlıq doktoru elmi dərəcəsi almışdır.

1995-ci ildən Azərbaycan Memarlıq və İnşaat Universitetində professor vəzifəsində çalışır.

Nizami Nağıyev Azərbaycan Memarlıq və İnşaat Universitetinin Elmi Şurasının və AzMİU-nun memarlıq və şəhərsalma ixtisasları üzrə Dissertasiya Şurasının üzvüdür.

Nizami Nağıyev memar kimi fəaliyyəti dövründə ictimai işlə də məşğul olmuşdur. O, 1980-ci illərdə Bakının Oktyabr rayonunun deputatı olaraq rayonun abadlıq işlərində çalışmışdır.

1969-cu ildən Azərbaycan Respublikasının Memarlar İttifaqının üzvlüyünə qəbul edilmişdir, 1970-ci ildə Memarlar İttifaqı Rəyasət Heyətinin üzvü, SSRİ Memarlar İttifaqının Rəyasət Heyətinə seçilmişdir.

1990-cı ildə ona Azərbaycanın “Əməkdar Memarı” fəxri adı verilmişdir.

2018-ci ilin may ayında Azərbaycan Respublikası Təhsil Nazirliyinin qərarı ilə “Qabaqcıl Ali Təhsil İşçisi” döş nişanı ilə mükafatlandırılıb. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Azərbaycan Memarlar İttifaqının Fəxri Fərmanları ilə təltif olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə 2016-cı ildə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Nizami Nağıyev yaşadığı zəngin ömürlə illərdir ki, cəmiyyətdə və işlədiyi kollektivlərdə bir insanlıq və rəhbər nümunəsi formalaşdırıb.

Bu gün çalışdığı Azərbaycan Memarlıq və İnşaat Universitetində həm rəhbərlik və müəllim kollektivi arasında, həm də tələbələr arasında (Nizami müəllimin dərs demədiyi digər fakülətələrdə oxuyan tələbələr də ona hörmətlə yanaşır) yüksək nüfuz və hörmət sahibidir, hamı onun yolunu tutur, ağsaqqalığına, böyük müəllimliyinə dəyər verir.

Nizami Nağıyev bütün bunlarla bərabər yaradıcı insan olaraq sözə, sənətə, mətbuata və jurnalist peşəsinə dəyər verən rəhbər olub və bu gün də belədir. Bir kiçik məqamı da yada salaq ki, Nizami Nağıyev Dövlət Tikinti Komitəsinin sədr müavini və sədr əvəzi işlədiyi zamanlarda Komitənin qəzeti olan “İnşaatçı” qəzetinə xüsusi qayğı ilə yanaşıb, köməyini əsirgəməyib.

Bu günlərdə Nizami Nağıyev daha bir beynəlxalq uğura imza atmış, onun çoxillik fəaliyyəti öz layiqli qiymətini tapmışdır.

  Belə ki, Türk dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının beynəlxalq mükafat komitəsinin 28 may 2021-ci il tarixli qərarı ilə professor Nizami Həsən oğlu Nağıyev Türk dünyasının elm və təhsilində üstün xidmətlərinə görə beynəlxalq “Qızıl ulduz” medalı ilə təltif edilmişdir.

Həmçinin Türk dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının ümumi məclis üzvlərinin yekdil qərarı ilə Türk dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademik üzvü seçilmiş və Nizami müəllimə Akademik üzv diplomu təqdim olunmuşdur.

Nizami müəllimi, onu tanıyan minlərlə insanların adından bu münasibətlə səmimiyyətlə təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür, yeni yaradıcılıq uğurları arzulayırıq.  

Zərbalı MİRZƏ

Oxşar xəbərlər

Leave a Comment