MEMARLIĞA HƏSR EDİLƏN ÖMÜR

Təbrik edirik!

Süleyman Cabbarov – 55


Bizi 8 il öncə – 2012-ci ildə o zaman Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri vəzifəsində çalışan Cahangir Qocayev tanış elədi və Süleyman Cabbarovun “Arxproyekt” MMC layihə qurumunun rəhbəri kimi bir sıra maraqlı layihələrin müəllifi olduğunu dedi. Az sonra Süleyman müəllimin layihələri ilə tanış oldum, layihə təşkilatının fəaliyyəti barədə qəzetdə ayrı-ayrı vaxtlarda yazılarla çıxış elədim və qəzetlə “Arxproyekt” MMC arasında bir əlaqə – körpü yarandı… 2015-ci ildə isə artıq Süleyman Cabbarov Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin “Azərmemarlayihə” İnstitutunun direktoru təyin olundu və son 5 il ərzindəki fəaliyyəti birbaşa gözlərim önündədir.
Məlumat üçün deyim ki, instituta müxtəlif illərdə Sabir Məmmədov, Ernest Nağızadə, Elbay Qasımzadə, Bəkir Əhmədov, Malik Babayev, Faiq Sarıyev kimi təcrübəli mütəxəssislər rəhbərlik etmişlər.

Noyabrın 2-si tarixində Süleyman Cabbarovun 55 yaşı tamam oldu və bu yazını oxucularımıza Süleyman müəllimin 55 yaşına “İnşaatçı” qəzeti kollektivinin kiçik hədiyyəsi kimi təqdim edirik.
Süleyman Müzəffər oğlu Cabbarov 1965-ci ildə anadan olub. Orta məktəbi orada bitirdikdən sonra 1982-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun memarlıq fakültəsinin axşam şöbəsinə qəbul olunub. Axşamlar memarlıq elminin sirlərinə yiyələnib, gündüzlər isə Bakı Baş Tikinti İdarəsinin Layihə İnstutunda işləyib. O, həmin institutda müxtəlif vəzifələrdə on il yaradıcı əmək sərf etmiş, son iki il ərzində isə layihə institutunun baş mühəndisi vəzifəsində çalışmışdır.
S.M. Cabbarov 1993-cü ildə köçürmə yolu ilə Suraxanı rayon Layihə Smeta Bürosunun rəisi vəzifəsinə təyin olunmuş və 1997-ci ilədək həmin vəzifədə çalışmışdır. O, sonra bir müddət Qaradağ rayon Enerji Nəzarəti və Satışı İdarəsində rəis müavini, daha sonra isə Suraxanı rayon Enerji Nəzarəti və Satışı İdarəsinin rəisi vəzifələrində çalışıb. Sonra Yasamal Bələdiyyəsinin baş memarı təyin olunub. Memarlıq sahəsində ixtisaslı kadrlara böyük ehtiyac olduğundan, az sonra o, İçərişəhərin baş memarı vəzifəsinə təyin edilib.
Nəhayət tikinti-layihələndirmə yönümündə özünü bir bacarıqlı və səriştəli memar kimi təsdiq edən və qəbul olunan Süleyman Cabbarov bu istiqamətdə olan arzularını və ideyalarını həyata keçirmək üçün özəl şirkətini – “Arxproyekt” MMC-ni təsis edib. Əsasən inzibati binalar, fərdi yaşayış evləri, sənaye, səhiyyə obyektləri və s. müxtəlif yönümlü infrastruktur obyektlərinin layihələndirilməsi sahəsində ixtisaslaşmış “Arxproyekt” MMC kollektivinin paytaxtımızın müasirləşməsində özünəməxsus xidmətləri vardır. Cəmiyyət daha çox dövlət sifarişlərini yerinə yetirib.
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 16 iyul 2015-ci il tarixli əmri ilə Süleyman Cabbarov “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutunun direktoru vəzifəsinə təyin olunmuşdur.
Respublikanın layihə-tikinti sektorunda qazanılan uğurlarda pay sahibi olan “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutunda son illərdə müəyyən geriləmə hiss olunurdu. S. Cabbarovun bu instituta direktor təyin olunması da institutda həllini gözləyən problemlərin aradan qaldırılması və layihə institutunun keçmiş şöhrətinin özünə qaytarılması zərurətindən irəli gəlmişdi.
Yeni direktor “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutunun direktoru təyin olunmağını üzərinə qoyulan böyük məsuliyyət və etimad yükü kimi qəbul elədi və bütün gücüylə işə başladı, işini yeni dövrün tələblərinə uyğun olaraq qurdu, institutda təmizləmə işləri aparıldı, işləməyən şöbələrin fəaliyyəti bərpa edildi, bacarıqlı mütəxəssislər işə qəbul olundu, zamanın tələbi ilə ayaqlaşmayanlar isə öz ərizəsi ilə yola salındı. Və az zaman içində çox işlər görüldü və bu gün də görülməkdədir.
Qısa müddətdə institututun yerləşdiyi bina əsaslı şəkildə təmir edildi. Binanın dam örtüyünü dəyişdirildi. Uzun illər ərzində istismar olunmuş avadanlıqlar yenisi ilə əvəz olundu. İnstitut üçün müasir orqtexnika – kompüter avadanlıqları alındı, internet sistemi yaradıldı, müşahidə kameraları quraşdırıldı. 8-9 ay ərzində maaş ala bilməyən kollektivin bu sahədə problemlərinin xeyli hissəsini həll edildi və bu gün də bu istiqamətdə çalışır.
Bu böyüklükdə institutda cəmi bir memar var idi. Memarlıq şöbəsi yaradıldı. İstedadlı memarlar kollektivə dəvət olundu. Rayon planlaşdırılması və şəhərsalma şöbəsini bərpa etdi. Konstruktor şöbəsi və müayinə qrupu yaratdı. Deyək ki, bütün şöbələr və qruplar bu gün normal templə fəaliyyətini davam etdirirlər. Bu gün institutda 67 nəfər mütəxəssis işləyir, hamısı öz işinin öhdəsindən layiqincə gəlməyə çalışır. Hamı işinin başındadır və yüksək məsuliyyət hissi ilə çalışır.
Əməkdaşların aylıq məvacibi çox aşağı idi, bu problem də aradan qaldırıldı.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişləri əsasında kollektivin gücü ilə respublikamızın bir sıra rayon və şəhərlərinin baş planları işlənib hazırlanaraq sifarişçiyə təhvil verildi. Bunlardan – Göygül şəhərinin baş planının tərtibi, Masallı şəhərinin yeni baş planının tərtibi, Salyan şəhərinin baş planının və Xazmaz şəhərinin baş planının hazırlanmasını qeyd edə bilərik.
Eyni zamanda Qaçqınların və Məcburi Köçkünlərin sifarişi əsasında Goranboy rayonu ərazisində 596 məcburi köçkün ailəsi, Şəki rayonu ərazisində 423 məcburi köçkün ailəsi, Ağdam rayonunun İmamqulubəyli qəsəbəsi ərazisində 632 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni qəsəbələrin salınması, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rayonlarda statistika idarələrinin inzibati binalarının tikintisi və əsaslı təmiri, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin inzibati binasının yenidənqurması və bir sıra digər obyektlərin layihə-smeta sənədlərinin hazırlanması və digər işlər İnstitut tərəfindən aparılmışdır.
2018-ci ilin əvvəllərindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətlərinin artırılması və Komitənin işində köklü dəyişikliklər edilməsi, yeni dövrün tələblərinə uyğun daha çevik idarəetmə mexanizminin tətbiq olunması institutun fəaliyyətinə də öz müsbət təsirini göstərmişdir.
2019-2020-ci illər ərzində S. Cabbarovun rəhbərliyi altında institut çoxlu sayda obyektlərin memarlıq və planlaşdırma həlləri, şəhərsalma layihələndirilməsi, işçi layihələri, smeta sənədlərinin hazırlanması və digər istiqamətlərdə fəaliyyət göstərmişdir.
Bunlardan – Milli Aviasiya Akademiyasının ərazisində inşası nəzərdə tutulan simulyatorlar üçün korpusun, inzibati binanın və tələbə yataqxanasının şəhərsalma əsaslandırılması, Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi 71, 77 və 83 ünvanında yerləşən istismar müddətini başa vurmuş yaşayış binalarının sökülərək yerində müasir tələblərə cavab verən yeni çoxmərtəbəli yaşayış binalarının inşası məqsədi ilə Tofiq Abbasov, Əlif Hacıyev və Rizvan Teymurov küçələrinin əhatəsində olan məhəllənin şəhərsalma əsaslandırılması layihəsi, memarlıq planlaşdırma həlli və işçi layihəsi, Göyçay şəhəri, Natavan küçəsi 118 ünvanında tikiləcək Ailə və Əyləncə Mərkəzinin konstruksiya gücləndirmə işləri üçün müayinə işləri, Bakı şəhəri, Xətai rayonunda “Azəriqaz” İB-nə məxsus torpaq sahəsində tikilməsi nəzərdə tutulan 4 mərtəbəli və mansardlı inzibati binanın şəhərsalma əsaslandırılması, Quba şəhəri, Quba-Bakı magistral yolunun 4-cü kilometrliyində yerləşən “Quba Olimpiya İdman Kompleksi”ndə yenidənqurma və rekonstruksiya işlərinin həyata keçirilməsi üçün Quba şəhərinin baş planına uyğunlaşdıraraq ərazinin təklif edilən baş planının şəhərsalma əsaslandırılması layihəsinin hazırlanması, Şamaxı rayonunda baş vermiş zəlzələ nəticəsində təmirə ehtiyacı olan yaşayış evlərində təmir işlərinin yerinə yetirilməsi üçün smeta sənədlərinin hazırlanması, Gəncədə təmir deposunun yenidən qurulması üçün yekun dizayn və tikinti işləri, elektrik yarımstansiyasının inşası, siqnallaşdırma işləri, dəmir yolunun tikintisi və kontakt şəbəkənin quraşdırılması, Salyan şəhərində müfəssəl ərazi planlaşdırılması layihəsinin hazırlanması, “Kurort” QSC-nin Naftalan şəhərində mövcud sanatoriya kompleksinin yenidən qurulmasının müayinəsi və şəhərsalma əsaslandırılması, Gəncə şəhərində Məhsəti Gəncəvi adına müzeyin tikintisi üçün layihə-smeta sənədlərinin hazırlanması və müəllif nəzarəti, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Salyan şossesi 29-cu km “VIEN GROUP” MMC-yə məxsus 12A saylı sahədə inşa olunacaq istehsalat sahəsinin şəhərsalma əsaslandırılması, Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsində tikilməsi nəzərdə tutulan yaşayış kompleksinin şəhərsalma əsaslandırılması, Şamaxı rayonunda və bir sıra kəndlərində tikilməsi nəzərdə tutulan 1 və 2 mərtəbəli (mansardlı) fərdi yaşayış evlərinin memarlıq təkliflərinin hazırlanması, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları, İ. Əbilov, C. Məmmədquluzadə və S. Əsgərova küçələrinin əhatə etdiyi ərazinin şəhərsalma əsaslandırılması layihəsinin hazırlanması, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar və Cavadxan küçələrinin kəsişməsində çoxmərtəbəli yaşayış binasının şəhərsalma əsaslandırılması, Balakən rayonunda “İNTERTOBACCO” MMC-yə aid 2 ha ərazidə tikiləcək “Balakən Tütün İstehsalı və Emalı Məntəqəsinin”, hər biri 9 ton gücünə malik 60 ədəd qurutma kameralarının və layihə tapşırığında qeyd olunacaq digər aidiyyatı infrastruktur və inzibati obyektlərin layihələndirilməsi və sair işləri qeyd etmək olar.

Bakı şəhəri, Nərimanov rayonu, çoxmərtəbəli yaşayış binaları

Nizami rayonu, Ə.Əzimzadə, M.Abbasov, R.Rüstəmov və K.Balakişiyev küçələrinin kəsişməsində                                    16 mərtəbəli yaşayış binası

KUBİNKA çoxmərtəbəli yaşayış binaları

Nizami rayonu, R. Rustəmov  küçəsi ilə Q. Qarayev prospektinin kəsişməsində çoxmərtəbəli yaşayış binaları

Fərdi yaşayış evi

Süleyman Cabbarov özünəməxsus təşkilatıçılıq qabiliyyətinə malik direktordur. İnstitutun son illərdə əldə etdiyi nailiyyətlərdə onun xidmətləri böyükdür. Son iki ildə institutun yaradıcılıq fəaliyyətində əsaslı keyfiyyət və kəmiyyət dəyişikliyinin baş verməsi, işin səmərəliliyinin artırılması Komitə rəhbərliyinin böyük dəstəyi və S. Cabbarovun əzmkar fəaliyyəti ilə əlaqədardır.
S. Cabbarov hərtərəfli savada sahib yaradıcı memardır. O, “Azərmemarlayihə” DBLİ-yə gəldiyi ildən institut kollektivinin hörmətini qazana bilmişdir. Və hər zaman, iş fəaliyyətinin bütün dövrlərində onun yaradıcılığa, memarlıq axtarışlarına böyük marağı olmuş, institutun yaradıcı kollektivini vahid məqsəd ətrafında səfərbər edə bilmişdir.
O, institutun uğurları üçün öz potensialını sərf etmiş, özünü sadə və təvazökar insan, səriştəli mühəndis və direktor kimi tanıda bilmişdir. O, sadə və təvazökar olduğu qədər də, sənətinin xiridarı və xeyirxah insandır.
Doğurdan da bu gün nstitutda görülən işlər yetərincə çoxdur və bu işlərə rəhbərlik eləmək ikiqat əzmkarlıq və iradə tələb edir.
S.Cabbarov gənc kadrların hazırlanması prosesində yaxından iştirak edir. İnstituta qəlbində sənət sevgisi olan istedadlı gənclərin gəlməsi üçün daim çalışır.
Onun ölkənin tikinti-memarlıq ictimaiyyəti arasında da hörməti vardır.
O, bu gün də iş başındadır, rəhbərlik etdiyi institut bütün tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirir.
Ümummilli lider Heydər Əliyevin siyasi kursunu, keçdiyi şərəfli yolunu layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin quruculuq siyasətindən irəli gələn bütün tapşırıqları layiqincə yerinə yetirmək üçün “Azərmemarlayihə” DBLİ-nin kollektivi bu gün ölkədə tikinti və memarlıq üzrə aparıcı institutlardan biri olaraq yeni uğurlar qazanmaq əzmi ilə bütün potensialından layiqincə istifadə edir.
S. Cabbarov ailəlidir. İki oğlu və iki nəvəsi var.

Yazımı Süleyman müəllimin arzuları ilə bitirirəm:
-Sabaha böyük ümidlə baxırıq. Əminik ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan iqtisadi inkişaf strategiyası cənab Prezidentimiz İlham Əliyev tərəfindən bundan sonra da uğurla davam etdiriləcək, xalqımız daha firavan günlərə qovuşacaqdır. Çox istərdim ki, Azərbaycanın iqtisadiyyatı daha da güclənsin, ölkəmiz daha yüksək templə tikilib-abadlaşdırılsın. Respublikamızda dünya memarlığı üçün hadisə sayıla biləcək unilkal layihələr işləyək və o layihələr tikilsin.
Həmişə arzulamışıq ki, doğma Qarabağımız qüdrətli ordumuzun gücü ilə yağı düşməndən azad olunsun. Orda da yeni şəhərlər və kəndlər salaq, quruculuq işləri aparaq. Çox şükürlər olsun ki, bu gün arzuladığımız o tarixi günlərə şahidlik edirik.
Azərbaycan Ordusu dövlətimizin qətiyyəti, xalqın iradəsi sayəsində döyüş meydanında qələbə yürüşünü uğurla davam etdirir. Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarına Azərbaycan Ordusunun qətiyyətli cavabı, əks-hücum əməliyyatları həyata keçirərək işğal altında olan torpaqlarımızı azad etməsi artıq reallaşmaq üzrədir. Bu gün Prezidentimiz İlham Əliyev Ali Baş Komandan kimi həm hərb meydanında öz sözünü deyir, həm də müdrik və qətiyyətli siyasi lider kimi informasiya meydanında ölkəmizin mövqeyini müdafiə edir, haqq səsimizi bütün dünyaya çatdırır. Azərbaycan Ordusu qələbə əzmi ilə bir daha Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu Ermənistana, ona havadarlıq edən dövlətlərə və beynəlxalq təşkilatlara sübut edir. İnşallah, Azərbaycan ordusu yaxın günlərdə Şuşanı və digər yaşayış məntəqələrini də azad edəcək, bununla da dövlətimizin ərazi bütövlüyü tam şəkildə təmin olunacaqdır.

Bu da bizim arzumuz:
Süleyman müəllimi 55 illik yubileyi münasibəti ilə qəzetimizin yaradıcı kollektivi, oxucularımız və tikinti kompleksi işçiləri adından səmimiyyətlə təbrik edir, ona məsuliyyətli işində böyük əmək qələbələri, yeni yaradıcılıq uğurları arzulayırıq.

Zərbalı MİRZƏ

Oxşar xəbərlər

Leave a Comment