Müəllimliyi ləyaqət ölçüsü, alimliyi düşüncə tərzi, publisistikası mübarizə meydanı olan alim

Vida sözü

(Telman Əliyevin əziz xatirəsinə ithaf olunur)


 Texnika elmləri doktoru, akademik, Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat mexanikası kafedrasının professoru, Ukrayna İnşaat Akademiyasının akademiki, Beynəlxalq Ekoenergetika Akademiyasının elmlər doktoru, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının akademiki Telman Xurşud oğlu Əliyev 07 mart 2021-ci il tarixində haqq dünyasına qovuşdu.

Telman Əliyev bənzərsiz, işıqlı bir ziyalı ömrü yaşadı. 

Telman Xurşud oğlu Əliyev 3 aprel 1940-cı ildə Azərbaycan Respublikası Füzuli rayonunun Aşağı Rəfədinli kəndində ziyalı ailəsində anadan olmuşdur. Atası Mustafayev Xurşud Alı oğlu ixtisasca hesabdar olmuş və kolxozda baş mühasib işləmişdir. Xurşud Mustafayev kəndin ziyalılarından olmuş, o vaxtlar Sovet hökumətinin yaratdığı savadsızlığın ləğvi kurslarında dərs demişdir. O, 1941–ci ildə orada dünyasını dəyişmişdir. Anası Mustafayeva Gülgəz Vəli qızı 1912–ci ildə orada anadan olmuşdur. O, orta məktəbdə təhsil almaqla yanaşı evdə atası molla Vəlidən islam dininin əsaslarını öyrənmiş, Quran dərsi keçmişdir.

T.X.Əliyev 1948-ci ildə həmin kənddə orta məktəbə daxil olmuş, 1958–ci ildə Böyük Pirəhmədli kənd orta məktəbini əla qiymətlərlə bitirib, fərqlənmə ilə kamal atestatı almış və həmin ildə Azərbaycan Dövlət Politexnik İnstitutunun inşaat fakültəsinin sənaye və mülki tikinti şöbəsinə qəbul olunmuşdur. Bu ali texniki məktəbi əla qiymətlərlə oxuyub fərqlənmə diplomu ilə 1963-cü ildə bitirmişdir.

Oxuduğu illərdə əla qiymətlərlə oxumaqla bərabər o, böyük ictimai-fəal tələbə kimi tanınmışdır.

T.X.Əliyev Moskva Hərbi Mühəndislik Akademiyasının kafedra rəisi, Rusiya Federasiyasının Əməkdar elm və texnika xadimi A.P.Sinitsinin elmi rəhbərliyi ilə 28 yaşında dissertasiya müdafiə etmişdir. Onun birinci opponenti 12 ballıq seysmik şkalanın əsas müəllifi dünya şöhrətli seysmoloq S.V.Medvedov olmuşdur.

T.X.Əliyev 55 ildən artıq Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat mexanikası kafedrasında çalışıb. O, üç istiqamətdə – müəllimlik, alimlik və publisistika sahələri üzrə çalışmışdır.

Telman müəllim həmişə özü deyirdi ki, müəllimlik mənim ləyaqət ölçüm, alimlik düşüncə tərzim, publisistika mübarizə meydanımdır. O, dəfələrlə universtetin elmi konfranslarında, eləcə də, respublika elmi konfranslarında və beynəlxalq elmi konfranslarda məruzələr etmişdir. Bu məruzələr, əsasən, zəlzələ hadisəsinə və zəlzələyə davamlı mühəndis qurğularına aid olmuşdur. T.Əliyev elmə, xüsusilə zəlzələyə davamlı qurğular nəzəriyyəsinə xeyli yeniliklər, yeni anlayışlar gətirmişdir.

Azərbaycan Memarlıq və İnşaat Universitetində çalışan alim bu 50 ildə böyük nailiyyətlər qazanaraq elm və təhsilimizin qızıl fonduna daxil olmuşdur. O, 130 elmi əsərin, dövlət qeydiyyatından keçmiş (2003 və 2005-ci illər) iki kəşfin, patentləşdirdiyi ondan çox ixtiranın, 15 yeni modelin, 17 kitabın, 3 monoqrafiyanın, yüzlərlə elmi populyar əsərin müəllifidir.

Alim, pedaqoq, publisist, Milli Ensiklopediyamızın elmi məsləhətçisi olan Telman müəllim uzun illər (1983-cü ildən) Azərbaycan Dövlət televiziyasının “Elm və həyat” verilişinin aparıcısı olub. O, bu verilişdə 45 böyük elmi məsələlərə aid verilişin ssenarisini özü yazmış və aparıcı olmuşdur.

T.Əliyevin alim kimi ən böyük xidmətlərindən biri onun Bakı metrosunun naturada zəlzələyə davamlılığının sınaq üsulu ilə (eksperimental yolla) həyata keçirməsidir. Bu eksperimentdən sonra Bakıda baş vermiş Xəzər zəlzələsi (2000-ci il) onun aldığı nəticələri tamamilə sübut etdi. Metromuzda heç bir dağıntı, çat olmadı. Onun ən böyük əsərlərindən biri “Seysmik riskin azaldılmasının yeni metodudur”. Bu metodu o, 2002-ci ildə Beynəlxalq konqresdə məruzə etmişdir. Sonra konqresin seçilmiş materiallarında çap olunmuşdur.

Telman Əliyev 2000-ci ildə sürüşmə hadisəsinə və onun aradan qaldırılmasına aid məqalə çap etdirmişdir. Bu məqalə də mütəxəssislərin böyük marağına səbəb olmuşdur.

Telman Əliyev Azərbaycan Memarlıq və İnşaat Universitetində işləməklə bərabər uzun illərdir ki, AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzində də böyük elmi işçi vəzifəsində çalışır. Orada elmi-texniki şuranın üzvüdür. O, həmin elmi-texniki Şurada dəfələrlə antiseysmik qurğular nəzəriyyəsi sahəsində məruzə etmişdir.

İnsan orqanizmində üç trilyondan artıq hüceyrənin olduğu və onların çeşidli funksiyalarının olduğu bəllidir. Bu müxtəliflik cəmiyyətdə, təbiətdə, orqanizmlərdə o dərəcədə fundamental yer tutur ki, Telman Əliyev növbəti əsərini “Müxtəliflik nəzəriyyəsi” adlandırır. Bu əsər onun əvvəlki əsərlərinin üçüncü nəşridir.

T.X.Əliyev iki beynəlxalq akademiyanın – Beynəlxalq Ekoenergetika Akademiyasının, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının akademiki (1966), (2008) seçilmişdir. O, həmçinin Ukrayna İnşaat Akademiyasının (2000) akademikidir. T.Əliyev Beynəlxalq Ekoenergetika Akademiyasının elmlər doktoru, professorudur.

T.X.Əliyev 2017-ci ildən Beynəlxalq Sülh Şurasının üzvüdür və Azərbaycan üzrə Sülh səfiri seçilmişdir.

O, sosial aktiv ziyalı idi. Onun publisist kimi ömrü boyu media ilə bağlı olması da bununla bağlıdır.

T.Əliyevin təklifləri respublika, Bakı və dünya miqyasında həyata keçmişdir. Bu da təsadüf deyildir. T.Əliyev Azərbaycan İxtiraçılıq institutunu bitirmiş, özü də ixtiraçıdır. İxtira qarşısında üç tələb qoyulur. Bunun biri odur ki, ixtira dünya yeniliyi olmalıdır.

T.Əliyev Qarabağ müharibəsinin veteranıdır.

Tanınmış inşaatçı-mühəndis Ələmşah Cəfərovun 60 illik yubiley mərasimində…

Telman Əliyev (soldan) “İnşaatçı” qəzetinin redaktoru Oqtay Cəfərovla…

Bu foto-şəkil 2007-ci ildə “İnşaatçı” qəzetinin 55 illik yubileyinə həsr olunmuş
təntənəli tədbirdən sonra çəkilib. Şəkildə (soldan birinci) professor Telman Əliyev
tikinti kompleksinin say-seçmə rəhbərləri, BDU-nin jurnalistika fakültəsinin müəllimləri ilə…

O, işlədiyi universitetdə 15 il dekan müavini, on ilsə onun təşəbbüsü ilə yaranan tikinti–iqtisad fakültəsində dekan olmuşdur. Bu 55 ildə o, Azərbaycan xalqının 3 nəslinə mühəndislik dərsi demişdir. Onun tələbələri ordu halındadır. Onların arasında generallar, istehsalat komandirləri, Rusiya Federasiyasının Əmək qəhrəmanları, Əməkdar inşaatçı və mühəndisləri də vardır. Onlar öz müəllimləri ilə hər zaman əlaqə saxlamışlar. Telman müəllim deyirdi ki, bu tələbələrim mənim yeganə ən böyük sərvətimdir.

T.Əliyev öz əsas işləri ilə bərabər bir müddət AMEA-nın orqanı olan “Elm və həyat” jurnalında da texniki elmlər şöbəsinin müdiri vəzifəsində çalışmış və həmin jurnalda rubrika açmış və çoxlu məqalələr yazmışdır.

T.Əliyev Milli Geofizika Komitəsinin, Azərbaycan Seysmoloqlar Assosiasiyası Rəyasət Heyətinin, Zadə İrsi və Süni İntellekt Assosiasiyası Rəyasət Heyətinin, Üzeyir bəy Hacıbəyli Cəmiyyətinin, Həsən bəy Zərdabi adına dünya Azərbaycanlıları Xeyriyyə Cəmiyyətinin üzvü seçilmişdir.

Telman Əliyev 1967-ci ildə Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Ümumittifaq zəlzələyədavamlı qurğular üzrə konqresdə məruzə etmiş (sədr akademik M.T.Urazbayev) və onu Ümumittifaq zəlzələyədavamlı qurğular üzrə koordinasiya Şurasının üzvü seçmişlər.

T.X.Əliyev ölkəmizdə də bir sıra mükafatlarla təltif olunmuşdur. O, Respublika Təhsil Cəmiyyətinin birinci mükafatına (2003), o, iki dəfə Azərbaycan Təhsil Nazirinin fərmanı ilə (2000, 2005-ci illər), Beynəlxalq Ekoenergetika Akademiyasının xüsusi qızıl medalına layiq görülmüşdür (1999–cu ildə). Azərbaycan Ağsaqqallar Şurasının fəxri fərmanı ilə təltif olunmuşdur (2010).

Moskvadan Nobel mükafatı laureatı, dahi alim, akademik Basovun imzası ilə fəxri fərman almışdır. Moskvadan iki dəfə Bilik cəmiyyətinin döş nişanı ilə təltif olunmuşdur.

T.Əliyev 2010-cu ildən Nobel mükafatı Komitəsinin ekspertidir. Onun yeni konsepsiyaları və kəşfləri 2010–cu il dekabrın 16-da Nobel mükafatına təqdim olunmuşdur.

Elmi-pedaqoji fəaliyyətinin 50 illiyi ilə bağlı olaraq qeyri-hökumət təşkilatı olan və “Əsrin ziyalıları” Xeyriyyə İctimai Birliyi (sədri M.Göyçəli) T.X.Əliyev “Əsrin ziyalısı”, “İlin ən yaxşı elm adamı” medalı ilə təltif etmişdir.

T.X.Əliyev ABŞ-da “Dünyanın İntekllektual Lideri” qızıl medalı (ABŞ, 2004), “Dünyanın 500 elm Lideri” nominaqasiyasının qalibi ordeni ilə (ABŞ, 2002), Beynəlxalq Akademiyanın qızıl medalı ilə (1999) təltif olunmuş və “Dünyanın 500 elm lideri” nominasiyasının qalibi ordeninin təsis üzvü seçilmişdir.

T.X.Əliyev akademik Yusif Məmmədəliyev və akademik Zahid Xəlilov adına mükafat almışdır (1993, 2017). O, həmçinin akademik Yusif Məmmədəliyev adına medalla təltif olunmuşdur (1993).

O, qabaqcıl təhsil işçisi adını almış, dəfələrlə Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif edilmişdir.

T.X.Əliyev ailəli idi. Həyat yoldaşı Nazilə İbrahim qızı Əliyeva təqaüdçüdür.

Üç övladı var. Oğlu Əliyev Rövşən orta məktəbi qızıl medalla, Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmiş, riyaziyyatçıdır, 26 yaşında fizika-riyaziyyat elmləri namizədi, 2017-ci ildə isə riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsini almışdır. Hazırda BDU-da əməliyyatlar tədqiqi və ehtimal nəzəriyyəsi kafedrasının professorudur. 2018-2021-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında şöbə müdiri olmuşdur. R.T.Əliyev bu müddətdə xeyli beynəlxalq təcrübə qazanmışdır. O, 2006–cı ildə riyaziyyatçı kimi elmi stajirovka keçmiş, ilk müsəlman alimi Nobel mükafatı almış Əbdüs Salam adına Mərkəzdə İtaliyada keçmiş, üç il Türkiyədə Trabzon universitetində müəllim işləmişdir. Ailəlidir, bir oğlu, bir qızı vardır.

Qızı Nüşabə Telman qızı Əliyeva orta məktəbi qızıl medalla, Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. Ailəlidir, bir oğlu, bir qızı vardır. Hazırda Sərhəd Xidmətinin Hərbi Hospitalında tibb xidmət mayoru vəzifəsində çalışır.

Qızı Günay Telman qızı Məmmədova orta məktəbi qızıl medalla bitirmiş, Bakı Dövlət Universitetinin biologiya fakültəsini və həmin fakültənin magistraturasını fərqlənmə diplomu ilə bitirmişdir. Hazırda AMEA Botanika İnstitutunun dissertantıdır. Ailəlidir, bir qızı, bir oğlu vardır.

T.Əliyevin 6 nəvəsi məktəblidir, hamısı dərs əlaçısıdır. Oğlan nəvələri idmançıdır. Onlar dəfələrlə medal qazanmışlar.

****

Buracan yazdıqlarım Telman müəllimin keçdiyi ömür yolunun rəsmi təqdimatı idi. Ancaq onun yaşadığı ömür, keçdiyi fəaliyyət illəri, çoxillik insanlıq mücadiləsi bu rəsmi təqdimata sığan deyil.

“Müəllimlik mənim ləyaqət ölçüm, alimlik düşüncə tərzim, publisistika mübarizə meydanımdır.” – deyən və bütün həyat və fəaliyyətini bu meyarlara uyğun quran Telman Əliyev MÜƏLLİM, ALİM VƏ PUBLİSİST böyüklüyü ilə öz adını Azərbaycanımızın çağdaş tarixinə yaza bildi.

Telman Əliyev elə bir ömür yaşadı ki, dərs verdiyi minlərlə tələbələrinin qəlbində özünün mənəvi abidəsini ucalda bildi. O, tələbələrinə təkcə inşaatdan dərs keçmədi, həm də insanlıq dərsi, təmizlik, saflıq, təmənnasızlıq dərsi, kişilik dərsi verdi tələbələrinə.

Telman Əliyev təmizliyin simvolu idi.

Telman Əliyev Azərbaycanın o müəllimlərindəndir ki, heç zaman tələbə müəllim münasibətində ən kiçik təmənnada belə olmamış, onlara tək müəllim yox, həm də ata, qardaş, dost olmuşdur. İnsanlara sevgı, köməksizə, imkansiza arxa-dayaq olmaq, yardımçı olmaq, xalqını sonsuz məhəbbətlə sevə bilmək kimi yüksək dəyərlər bu böyük insanın xarakterini bütöv edən keyfiyyətlər idi. Telman müəllimi 30 ildən çoxdur ki, tanıyıram. Bu 30 ildə qarşıma elə bir adam çıxmadı ki, yaxşılıq etdiyi tanımadığı bir vətən övladının sevincinə ağsaqqal yaşında uşaq kimi sevinsin. Telman Əliyev onunla birgə doğulub cilalanmış uşaq kimi sevinmək böyüklüyünü ömrünün sonunacan qoruya bilən az insanlarımızdandır. Belə say-seçmə kişilərin əlində imkan, hakimiyyıt olsa, gör onlar bu millət üçün hansı işləri görə bilərdilər. Telman müəllim bütün ömrü boyu maaşla, yazdığı kitabların, yazıların qonorarı ilə yaşayan barmaqla sayılacaq ziyalılardandır. O. başqa cür yaşamağı heç təsəvvürünə belə gətirmirdi və söz düşəndə həmişə deyirdi ki, mənim ailəm müəllim ailəsidir, övladlarım da mənim kişi halal maaşla yaşamağı özləri üçün həyat kredosu seçib. Deyirlər ki, halal ailədə böyümüş Telman müəllimin övladları onun adına layiq yaşamalıdır, bu nəsildə halallıq, təmizlik, düzlük kimi meyarlar nəsildən nəsilə ötürülməlidir.

Ona görə də onun nüfuzu respublikada hədsiz dərəcədə çox idi. O, təkcə universitetdə deyil, ictimaiyyət arasında, həyatda da xeyirxah insan idi. Ona üz tutan hər kəsə kömək olmağa, dəstək verməyə çalışırdı, bəzən səlahiyyətləri daxilində olmayan işlərin həllinə də çiyin verirdi. Və əgər Telman müəllim bir işə əl buladısa mütləq həll olunmalıydı.

Telman Əliyev dost adamı idi. Dostlarını təmiz qəlblə sevirdi, ünsiyyətdə səmimi idi. Onun minlərlə dostları arasında jurnalistlər də az deyildi. Gözəl publisit olduğu üçün jurnalistlərlə münasibəti alınırdı, söhbəti tuturdu.

Telman Əliyevin qəlb dostları arasında “İnşaatçı” qəzetinin redaktoru, görkəmli jurnalist Oqtay Cəfərov da var idi. Və onların bu dostluğu çox səs-küyə səbəb olmuş çox sayda publisistik yazıların meydana çıxması ilə nəticələnmişdi. Ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərin əvvəllərində Telman Əliyevin qələmindən çıxan  “Erməni millətçiliyi və yaxud kiçiyin böyüklük iddiası”, “Qabaqdangəlmişlik”, Həqiqət bir olar!” , “Şovinist Nuykinin kinli gündəliyi” və digər yazıları o dövrdə erməni faşizminin iç üzünü açan ən yaxşı publisitika nümunələri idi.

****

Heç kimin yaşaya bilməyəcəyi möhtəşəm bir ömür yaşayan Azərbaycanımızın böyük ziyalısı Telman Əliyevin əziz xatirəsi onu tanıyan bütün insanların qəlbində əbədi yaşayacaqdır.

Allah sənə rəhmət eləsin, əziz dost, böyük insan. Sən cənnətini bu dünyada yaşadığın ömürlə qazanmısan. Nur içındə yat!

Ruhuna böyük ehtiramla,

Zərbalı MİRZƏ

Oxşar xəbərlər

Leave a Comment