Nəsillərə örnək ömür yaşayan böyük inşaatçı

Unutsaq unudularıq!


 İnşaatçı-mühəndis sənətinin pərvanəsi, möhtəşəm inşaatçı olduğu kimi, insan kimi də mənəvi keyfiyyətləri ilə seçilən, Azərbaycan inşaat tarixini onsuz təsəvvür etmək sadəcə mümkün olmayan, Ulu Öndər Heydər Əliyevin hər zaman diqqətində olan, zəngin həyat təcrübəsi keçərək ömrün müdriklik məqamına çatan və əməlləri ilə əsrlərlə yaşamaq haqqı qazanan Qurban Camal oğlu Sultanovun ölkəmizin tikinti tarixindəki böyük xidmətləri, yaşadığı salnamə ömrü bu gün də sevilə-sevilə xatırlanır, sabah da xatırlanacaqdır.

Həyat yolunu sadə inşaatçı sənətindən başlayaraq, Azərbaycan Respublikasının sənaye tikinti naziri vəzifəsinə qədər ucalan, ölkəmizin inkişafında əvəzsiz xidmətləri olan və “Əməkdar İnşaatçı” adına layiq görülmüş Qurban Camal oğlu Sultanovun fəaliyyət illəri tikinti tariximizin çox önəmli səhifələridir və  onun adı görkəmli inşaatçılarla bir sırada hörmətlə çəkilir.

Qurban Camal oğlu Sultanov 1919-cu ilin 22 mart tarixində Gəncə şəhərində anadan olub. Gələcək elmi təhsilini fəhlə fakültəsində, Zaqafqaziya Dəmir yol Mühəndisliyi İnstitutunda, hərbi təhsilini isə Tbilisidəki Artilleriya Məktəbində alıb.

Qurban Sultanovun gənclik illəri çətin dövrlərə təsadüf etmişdir. Artıq 22 yaşında olarkən, Qurban müəllim faşist Almaniyasının SSRİ-yə gözlənilməz hücumu zamanı könüllü şəkildə orduya yazılmış, kapitan rütbəsinə qədər yüksəlməyə müvəffəq olmuşdur. Onun döyüş yolu odlu-alovlu müharibənin başladığı 1941-ci ildən 1945-ci ilə – Böyük Vətən Müharibəsində böyük qələbəmizə qədər davam edib.

Qurban Sultanov 1945-ci ilin 9 may qələbəsini Çexoslovakiyanın (İndiki Çexiyanın) Praqa şəhərində qarşılayıb. O, müharibənin keşməkeşli yolunu 1945-ci ilin 29 oktyabırnda kapitan rütbəsində başa vuraraq, doğma Vətəni Azərbaycana qayıdıb. O, “Qırmızı ulduz”, I və II dərəcəli “Vətən müharibəsi” ordenləri ilə və bir sıra medallarla təltif olunmuşdur.

Qurban Camal oğlu Sultanov Vətən müharibəsindən qayıtdıqdan sonra əmək fəaliyyətinə Azərbaycan Dəmiryolu İdarəsinin Həmkarlar İttifaqı Komitəsində başlamış, sonralar bu idarənin Mənzil tikintisi şöbəsində məsul vəzifələrdə çalışmış, 1947-1950-ci illərdə Azərbaycan KP Mərkəzi Komitəsinə təlimatcı vəzifəsinə təyin edilmişdir.

O, 1948-ci ildə Bakıda yeni yaradılan  “Azərneftelektrikquraşdırma” trestində işləyib. Orada baş mühəndis vəzifəsində çalışan Qurban müəllim, bir neçə aydan sonra Baş Qərb ərazi tikintisinin ən nüfuzlu təşkilatlarında Əsaslı tikinti şöbəsinin rəisi, daha sonra isə Layihə-Tikinti İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Bunun ardınca isə Qurban Sultanov “Azərdəniznefttikinti” sistemində məsul vəzifələrdə fəaliyyətini davam etdirib. Artıq bir neçə ildən sonra, Qurban müəllim Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasında tikinti şöbəsinin rəisi vəzifəsinə təyin edilir.

Gəncə şəhərində Aliminium zavodunun inşa olunması təmin edildikdən sonra respublikada İttifaq tabeli “Azmontajxüsusitikinti” Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilir.

Q.C. Sultanov 1970-ci ilin axırlarında Ulu öndər Heydər Əliyevin təqdimatı ilə Sənaye Tikinti Nazirliyinə nazir vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikasının Sənaye tikinti naziri vəzifəsində işlədiyi dövr ərzində Qurban Sultanov cavan, yerli kadrların yetişdirilməsini həmişə diqqət mərkəzində saxlamış, nazirliyin maddi-texniki bazasının möhkəmləndirilməsi, onun elmi-texniki tərəqqinin və tikintinin gündəlik tələblərini nəzərə almaq məqsədilə yığma dəmir-beton məmulatlarının artırılması vəzifəsini nazirliyin təşkilatları qarşısında bir vəzifə kimi qoymuşdur.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında həmin illərdə Bakı Kür Su kəməri, Kondisioner Zavodu, Heydər Əliyev Sarayı, Sirk binası, Maşınqayırma zavodlarının yenidən qurulması, Sumqayıtda “Orqsintez”, “Sintezkauçuk”, “Boruprokat” zavodları, Mingəçevirdə “Azərkabel” müəssisəsi, Neftçalada Yod Zavodu, Salyanda plastmas məmulatları istehsal edən müəssisə və bir çox mülki-yaşayış binalarının, eləcə də digər xidmət obyektlərinin tikilərək istifadəyə verilməsi uğurla reallaşdırılmışdır. Həmçinin, 1970-ci illərdə Naxçıvanda vacib obyektlər istismara verilmiş, yaşayış kompleksləri tikilmiş, o cümlədən, Qızıl Vəngdəki nəhəng su anbarının tikintisi uğurla reallaşdırılmışdır. Eyni zamanda, Dağlıq Qarabağ Muxtar Vilayətində İpək Kombinatı işə başlamış, Bakıda Buzovna qəsəbəsində neftçilər üçün yaraşıqlı yaşayış binaları istifadəyə verilmişdir.

Qurban Sultanov hər zaman Ulu Öndər Heydər Əliyevin diqqət mərkəzində olmuş, onun respublikaya rəhbərlik etdiyi dövrlədə verdiyi tövsiyə və tapşırıqları ləyaqətlə yerinə yetirmişdir. Yetmişinci illərdə Bakı şəhərinə içməli su çəkilişi Azərbaycan Respublikası rəhbərliyinin diqqət mərkəzində idi. Heydər Əliyev bu işə xüsusi önəm verirdi. Ulu Öndər Kür Su kəmərinin açılışında iştirak edərkən, Qurban müəllimin əməyini yüksək dəyərləndirmişdi.

30 sentyabr–4 oktyabr 1970-ci ildə Azərbaycan Respublikasının və Kommunist Partiyasının
yaradılmasının 50 illiyi ilə əlaqədar keçmiş Sov.İKP MK-nın Baş Katibi L.İ. Brejnev
Bakı şəhərində Dənizkənarı Parkda yaradılmış Azərbaycan xalq təsərrüfatı nailiyyətləri sərgisinə
gəlmişdir. Qurban Camal oğlu Sultanov Leonid İliç Brejnevə, Heydər Əliyevə və
digər qonaqlara tikinti sərgisində nümayiş etdirilən nümunələr haqqında məlumat verir.

Qurban müəllim sənətinin pərvanəsi olub. İnşaatçı-mühəndis sənətinə kölgə salan, nüfuzuna xələl gətirən inşaatçılara qarşı çox barışmaz idi. O, hər zaman etiraf edirdi ki, əgər ikinci dəfə gənclik illərinə qayıtsaydı, sənət seçərkən yenə də inşaatçı sənətini seçərdi.

O, 1974-cu ildən uzun muddət Respublikanın Tikinti Materialları Nazirliyinin tabeçiliyində olan Bak Şifer və Keramika Məmulatları Kombinatının direktoru vəzifəsində çalışmış və 1979-cu ildə təqaüdə çıxmışdır.

O, şair təbiətli, yaradıcı bir insan idi. Ədəbiyyatımızı, musiqimizi (xüsusən muğamlarımızı), klassik operalarımızı çox sevirdi.

Qurban Sultanovun əməyi dovlət tərəfindən yüksək qiymətləndirilmiş, o, 1964-cu ildə Azərbaycanın əməkdar inşaatçısı fəxri adına layiq görülmüş, 1966-cı ildə   “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif edilmiş, 60-cı illərdə Gəncə şəhər Sovetinin və iki çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.

Qurban müəllim inşaatçı kimi necə möhtəşəm idisə, insan kimi də mənəvi keyfiyyətləri ilə seçilirdi. Azərbaycan inşaat tarixini onsuz təsəvvür etmək sadəcə mümkün deyil. O, bu günkü gənc nəslə örnək ola biləcək zəngin fəaliyyət illəri ilə əsrlərlə yaşamaq haqqı qazanmışdır.

Sıravi fəhləlikdən nazir vəzifəsinəcən ucalan, zəngin həyat təcrübəsi keçərək ömrün müdriklik məqamına çatan Qurban Camal oğlu Sultanovun ölkəmizin tikinti tarixindəki böyük xidmətləri, yaşadığı salnamə ömrü bu gün də sevilə-sevilə xatırlanır, sabah da xatırlanacaqdır.

Qurban Camal oğlu Sultanov 1999-cu il sentyabrın 30-da 80 yaşında haqq dünyasına qovuşub.

Bu gün Qurban Sultanovun məktəbini keçmiş yüzlərlə inşaatçı ölkə inşaatının aparıcı sahələrində ləyaqətlə çalışırlar. Onun rəhbərlyi altında  və yaxud onunla eyni dövrdə əlaqəli işləmiş, onu tanıyan insanlardan kimi dindirsək hər biri Qurban Camal oğlu haqqında ancaq xoş söz deyə bilər…

Aşağıda 84 yaşlı qocaman inşaatçı Quluzadə Qüdrət Sadıq oğlunun Qurban Sultanov haqqında xatirələrini təqdim edirik:

          Quluzadə Qüdrət Sadıq oğlu 1936-cı ildə Gəncə şəhərində anadan olub. 7-ci sinfi bitirdikdən sonra Gəncədə İnşaat Texnikumuna daxil olmuş, 1957-ci ildə  texnikumu bitirdikdən sonra ilk əmək fəaliyyətinə başlamışdır. 1967-1972-ci illərdə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunda təhsil almışdır. İnstitutu bitirdikdən sonra Azərbaycan SSR Sənaye Tikinti Nazirliyində mühəndis-kurator vəzifəsində işə başlamışdır.

Qüdrət Quluzadə uzun illər ərzində Azərbaycanın böyük inşaatçısı, Sənaye tikinti naziri Qurban Camal oğlu Sultanovun rəhbərliyi altında çalışmışdır.

Mən Qurban Sultanovu necə tanımışam və necə xatırlayıram?

Atam Gəncədə Toxuculuq fabrikindən aşağıda yerləşən Yerli Sənaye İdarəsində işləyirdi. O zaman burada barama qurdu üçün çəkil ağacları yetişdirilirdi və atam da orada işləyirdi. Bostana o zaman “dirlik” deyirdilər. Qurban Sultanovun atası Camal kişinin dirliyi ilə bizim dirliyimiz yan-yana idi. Atam da Camal kişi ilə dostluq edirdi. Mən də hərdən onların dirliyinə keçib kömək edirdim. Qurban Sultanov dirliyə gələndə məni orada görürdü və beləcə ilk tanışlığımız yaranmışdı. Sonralar Gəncə İnşaat Texnikumunda təhsil alanda (əvvəllər adı Gəncə Neft Texnikumu idi) o zaman geodeziya dərsinin (dərs səthdə yerləşən binaların yüksəkliyi və alçaqlığından bəhs edirdi) praktikasına Alüminium zavodunda mən rəhbərlik edirdim. Qurban Sultanov zavodda olarkən məni orada gördü və yaxınlaşıb burada nə etdiyimi soruşdu. Bildirdim ki, müəllimin tapşırığı ilə praktikaya mən rəhbərlik edirəm. Yaxından tanışlığımız belə baş tutdu və mənimlə maraqlanmağa başladı. Daha sonra 1957-ci ildə Gəncədə Kommunal Təsərrüfatı İdarəsində işləməyə başladım.

1969-cu ilin oktyabrından Qurban Sultanovun rəhbərliyi altında işləməyə başladım. Mən 1967-ci ildə Gəncədən Bakıya gələndə Qurban Sultanovun yanına getdim və bildirdim ki, Bakıda işləməyə, eyni zamanda Politexnik İnstitutunda təhsil almağa gəlmişəm. Və Qurban Sultanov Qaraxan Nazarova zəng elədi və mən BBTİ-nin 7 nömrəli tikinti idarəsinə iş icraçısı kimi işə qəbul olundum və Bakı şəhərində uşaq bağçasının tikintisində iş icraçısı kimi inşaatın sirlərini öyrənməyə başladım. 1967-1968-ci illərdə orada çalışdım. Daha sonra 1968-1969-cu illərdə Mərdəkanda yerləşən Təmir Tikinti İdarəsində çalışdım. Bu müddətdə Qurban Sultanovla əlaqələrim itmişdi və onun Sənaye Tikinti Naziri vəzifəsinə təyin olunmasından da xəbərsiz idim. Daha sonra Qurban müəllim məni axtarmağa başlamışdı və öz nümayəndəsini mənim arxamca göndərmişdi.

O zaman Sənaye Tikinti Nazirliyi Hökumət Evinin 9-cu mərtəbəsində yerləşirdi, oraya gedib Qurban Sultanovla görüşdüm. O, bu vaxta qədər harada olduğumu, nə işlədiyimi və işlədiyim idarədə işimin qaydasında olub olmamasını   soruşdu. Mən də harda işlədiyimi və işlərimin tər-təmiz olduğunu bildirdim. Dedi ki, obyekti təhvil verim və onun yanında nazirlikdə çalışım. Mən də obyekti təhvil verib sənədlərimi alıb Nazirliyə gəldim. O zaman Politexnik İnstitutun axşam şöbəsində oxuyurdum. Qurban Sultanov məni  Sənaye Tikinti Nazirliyinə mühəndis kurator vəzifəsinə işə götürdüyünü  bildirdi.  Və mən Qurban müəllimin rəhbərliyi altında işləməyə başladım. O, nazir vəzifəsindən getdikdən sonra da mən burada fəaliyyətimi davam etdirdim və 1997-ci il Nazirlik fəaliyyətini dayandırana qədər orada çalışdım və ordan pensiyaya çıxdım.

Qurban Sultanov Sənaye Tikinti Nazirliyindən 1972-ci ilin mayında çıxdı. Daha sonra Bakı Azbest Sement və Keramika Məmulatları Kombinatına direktor təyin olundu. Qurban Sultanov respublikamızda şifer, kafel və metlax istehsalını təşkil etmək üçün xarici ölkələrdən müasir avadanlıqlar alıb gətirdi və bu məhsulların istehsalına başlanıldı. O, ömrünün son illərinə qədər Bakı Azbest Sement və Keramika Məmulatları Kombinatında direktor vəzifəsində çalışdı və respublikamızın tikinti-quruculuq prosesində yaxından iştirak edərək iqtisadi inkişafımıza öz töhfələrini verdi.

…Qurban Camal oğlu məni işə götürəndə dedi ki, “Sən bu gündən Nazirliyin məsul nümayəndəsisən. Sənin işin obyektlərin təhvil verilməyinə nəzarət etmək və çatışmayanları bizə bildirməkdir.”

Mən işə başlayan zaman Gəncədə 3, Tovuzda 10 və Xankəndidə 9 nömrəli trestlərə kurator təyin etdi. O zaman kurator olduğum rayonlarda bir sıra sənaye müəssisələrinin və yaşayış evlərinin, sosial obyektlərin tikintiləri aparılırdı. Bu obyektlərdən biri Gəncədə inşa olunan Abbas Səhhət adına xəstəxananın tikintisi idi. Obyektin təhvil verilməyinə  2-3 gün qalmış ora getdim və məlum oldu ki, elektrik quraşdırma idarəsi 240-dan çox elektrik şitlərini quraşdırmayıb.

Qurban Sultanov məni işə götürən zaman ciddi tapşırıq vermişdi ki, işi yerinə yetirməyən varsa, dərhal mənə, Nazirlər Sovetinə və Mərkəzi Komitəyə xəbər ver. Elektrik şitlərinin quraşdırılmadığını gördükdən sonra dərhal Nazirlər Sovetinə belə bir teleqram vurdum:

“Azərbaycan Xüsusi Quraşdırma İdarəsinin tabeliyində olan Gəncədəki Elektrik Quraşdırma İdarəsinin rəhbərliyi obyektin təhvil verilməsini ləngidir və  səbəb olaraq elektik şitlərinin olmamasını göstərir.” Bu teleqramdan az sonra tikintidə işlər qaydasına düşüdü. Həmçinin, o zaman Gəncədə 10 yaşayış evi, uşaq bağçası, məktəblər, bir sözlə sosial yönümlü onlarla obyektlər tikilirdi ki, o tikintilərə mən kuratorluq edirdim. Obyektin təhvil verilmə müddəti yaxınlaşanda Nazirliyin nümayəndəsi kimi gedib iştirak edirdik. Orada inşa olunan yaşayış binasının tikintisinin kuratoru da mən idim.

Tovuzda isə əsasən şərab zavodları tikilirdi. Biri Mirbəşir Qasımov adına şərab zavodu idi və eyni zamanda rayonun başqa-başqa kəndlərində digər 2 şərab zavodu tikirdik. Bu rayonda  həmçinin uşaq bağçaları və məktəblər tikilirdi, lakin kəndlərdə yaşayış evləri az tikilirdi. Dağlıq Qarabağda isə o zaman əsasən yaşayış evləri və əlavə olaraq böyük bir İdman Kompleksi inşa edilmişdir. Bundan başqa Gədəbəydə pendir zavodu, Zəyəmdə hərbi hissə üçün ehtiyat ərzaq bazalarının tikintiləri də o illərdə tikildi.

Qurban Sultanov 1972-ci ildə mənə vacib tapşırıq verdi:

– “Mirbəşir Qasımov adına şərab zavodunun 1 milyon manat  borc qalığı var, bu məsələnin həll edilməsini sənə həvalə edirəm. Borcun ödənilməsi Nazirlyin işinə çox böyük kömək olardı.”

Sonra Qurban müəllimin tapşırığı ilə maliyyə şöbəsindən Davudu və məni Tovuza ezamiyyətə göndərdilər. Səhər tezdən Gəncədə Nəsib Qasımovun yanına getdim və Qurban Sultanovun tapşırığını çatdırdım: “1 milyon manat borc alınmalıdır. Və mən nazirlrliyin nümaəyəndəsi kimi Bank müdirinin yanında olub Qurban Sultanovun tapşırığını və xahişini ona çatdırdım. O, Qurban Camal oğluna çox böyük hörmət bəslədiyini bildirdi və yarım saat ərzində 1 milyon manat vəsait trestin hesabına köçürüldü və qəbzi götürüb Qurban Sultanovun yanına qayıtdım. O, mənə çox təşəkkür etdi.

Hər hansı bir trestə tikinti materialı çatmayanda Qurban müəllimə demədən özüm zəng edib həll edirdim, çünki Qurban Sultanov mənə çox inanırdı və səlahiyyətlər vermişdi.

Qurban Sultanovun Nazirlikdə texniki işçilərlə, fəhlələrlə münasibəti də fərqli idi, çox gözəl idi. O heç kimə bənzəmirdi. Hər işdə llk olaraq ona müraciət edə biləcəyimizi bildirmişdi. İkincisi, hər hansı bir vacib məsələnin müzakirəsi zamanı öz nümayəndəsini, işçisini yanında otuzdurub birinci onları dinləyərdi, daha sonra digərlərini.

Vaxtaşırı obyektlərə gedirdi, idarə müdiri orda olsa belə, baş mühəndis tikintinin özəyi olduğuna görə əvvəlcə onunla danışırdı.

Mən Qurban Sultanovun heç kimdə olmayan işgüzarlığını xüsusi qeyd etmək istərdim. Allah onu işləmək üçün yaratmışdı. O, həm də güclü təşkilatçı idi.

Bu gün – 30 sentyabr tarixi Qurban müəllimin haqq dünyasına qovuşduğu gündür. Aradan 22 il keçir. Onsuz yola saldığımız bu illər ərzində o, hər zaman bizimlə olub, bizə yol göstərib. Allah ona qəni-qəni rəhmət eləsin. Onun hörməti ürəyimdə elə ürəyim boydadır. O mənim kimi yüzlərlə gənc mütəxəssisləri Nazirliyə işə götürmüşdü, havadarlıq eləmişdi. İndi hardadır belə adam, belə nazir? 27 il orada işlədim və 1996-ci ildə 60 yaşım tamam olduqda pensiyaya çıxdım, ancaq 1997-ci ildə nazirlik dağılanacan orada işlədim.

2001-ci ildən “Caspian Service” MMC şirkətində İstehsalat şöbəsində mühəndis vəzifəsində çalışıram. Mən Sultanovlar ailəsindən çox razıyam. İşçiyə inam, etibar, əməyə qiymət vermək, kollektivin hər bir üzvünü öz ailəsinin bir üzvü kimi qəbul etmək Qurban Camal oğlundan gələn böyük insani dəyərlərdir ki, bu gün onun ardıcılları Qurban müəllimin yolunu, qoyduğu ənənələri davam etdirirlər.

Söhbəti qələmə aldı:

Zərbalı MİRZƏ

Oxşar xəbərlər

Leave a Comment