O, müdrik ağsaqqal, böyük müəllim və mühəndis idi…

  22 fevral – Avtomobil yolları işçilərinin Peşə Bayramı Günüdür!


 Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il fevralın 20-də imzaladığı müvafiq Sərəncamla  hər il 22 fevral – Avtomobil yolları işçilərinin Peşə Bayramı Günü qeyd edilir. Artıq 13-cü ildir ki, peşə bayramlarını qeyd edən avtomobil yolları işçiləri, hazırda ölkəmizdə gedən sosial-iqtisadi inkişafa töhfə verməklə Azərbaycanda yol infrastrukturunun formalaşmasında mühüm rol oynayırlar. İndi ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının prioritet istiqamətlərindən biri məhz yol infrastrukturunun yenidən qurulmasıdır.

Azərbaycan yol iqtisadiyyatının inkişafında, onun bu günkü səviyyəyə çatmasında zaman-zaman bu sahədə çalışmış tanınmış yol inşaatçılarının böyük əməyi vardır. Onların sırasında Azərbaycan yol təsərrüfatı sahəsində tanınmış alim, texnika elmləri doktoru, professor, “Şöhrət” ordenli, 1972-ci ildə yaradılmış “Xüsusiləşdirilmiş yol tresti”nin ilk rəisi və 1995-ci ildə təsis edilmiş “Azvirt” MMC-nin yaradıcısı və baş direktoru olmuş Əli Musa oğlu Əliyevin adı ən uca pillədə dayanır. Ümumiyyətlə, keçmiş SSRİ məkanında yol inşaatından bəhs edilərkən hər zaman göz önünə gələn ilk sima, ilk insan Əli Musa oğlu olub və bu gün də belədir. Onun 60 ildən çox bir dövrü əhatə edən fəaliyyət illəri Azərbaycan yol inşaatnda və elmində yeni bir səhifə, öyrəniləsi böyük bir məktəbdir.  Bu gün fəxrlə qeyd etmək olar ki, çağdaş yol inşaatmızda sahənin bütün ağırlığını çiyinlərində daşıyan, rəhbər yol inşaatçılarının böyük əksəriyyəti Əli Musa oğlu Əliyevin məktəbini keçiblər, onun yetirmələridirlər.

Əli Musa oğlunun bütün həyatı maraqlı və çox oxunaqlı bir dastanı xatırladır desək səhv olmazdı.

“İnşaatçı” qəzeti Yol işçilərinin peşə bayramı günündə bu möhətşəm dastanın səhifələrini vərəqləməklə Əli müəllimin ruhunu şad etmək istədi. Çünki, bu gün həm də Əli Musa oğlunun bayramıdır və onun yaradıb təsis detdiyi “Azvirt” MMC respublikanın çağdaş yol inşaatında ən aparıcı dünyəvi özəl şirkətdir və kollektivin gördüyü işlər dövlət rəhbəri səviyyəsində təqdir olnur, nümunə göstərilir.

Əli Musa oğlu Əliyev kimi məşhur insanlarla tanış olmaq, onlarla həmsöhbət olmaq, dəfələrlə müsahibə almaq hər adama nəsib olmasa da mən bu xoşbəxtliyi taleyimdə yaşayan jurnalistlərdənəm. Məni o böyük insanla qəzetimizin qocaman müxbiri Bəhram ibrahimov tanış eləmişdi və bu ünsiyyət Əli müəllimin son günlərinəcən – hadasa 25 il davam elədi. “İnşaatçı” qəzetinin müxbiri kimi görüşlərimiz, aldığım müsahibələr, xoş rəftar, gözəl münasibət və ifadəsi mümkün olmayan, heç kimdə olmayan jurnalistə qayğı, diqqət Əli müəllimin bütün digər peşəkar mühəndis keyfiyyətlərinə əlavə bir çalar, böyüklük gətirirdi. Həyatda tuş gəldiyi əzablara və çətinlikərə rəğmən belə bir insan kimi qalmağı bacarmaq da asan iş deyildi.  

  “İnşaatçı” qəzeti də bu günlərimizə Əli müəllimin himayəsi, qayğısı və diqqəti sayəsində gəlib. O, hər zaman “İnşaatçı” ilə bir yerdə olub, qəzet onunla, o qəzetlə nəfəs alıb. Və bu iltifat və ittifaq 40 ildir davam edir və düz 40 ildir ki, Əli müəllim “İnşaatçı”nın redaksiya heyətinin üzvüdür. Redaksiyamızda son 40 ildə jurnalistlərin bir neçə nəsli dəyişsə də, bu gün işləyənlər də, təqaüddə olanlar da Əli müəllimi minnətdarlıq hissi ilə xatırlayırlar.  

Böyük ömrün səhifələri…

Əli Musa oğlu Əliyev 1933-cü il may ayının 20-də Qərbi Azərbaycanın Vedi rayonunun Dəhnəz kəndində anadan olmuşdur. Atası Musa kişi erməni daşnaklarına qarşı barışmaz mövqeyi ilə seçilmiş və Abbasqulu Bəy Şadlinskinin “Qırmızı Taborunda” batalyon komandiri kimi mənfur erməni daşnaklarına qarşı mübarizə aparmışdır. 1937-ci ildə sovet hökuməti tərəfindən “xalq düşməni” adı altında tutularaq türməyə göndərilən Musa kişinin ailəsi Qazaxstan Respublikasının Cambul vilayətinə sürgün edilmişdir. Uşaqlıq və məktəb illəri burada keçən Ə. Əliyev 1947-ci ildə Sverdlov rayonunun Mixaylovsk orta məktəbini bitirdikdən sonra Frunze Sənaye Texnikumunun “Şəhər yollarının və körpülərin tikintisi” fakültəsinə daxil olmuş və 1953-cü ildə oranı bitirmişdir. Həmin il Qırğızıstan Respublikası Avtomobil Nəqliyyatı Nazirliyinin “Yolmühəndistikinti” trestində mühəndis-layihəçi, sonradan isə tikintinin baş mühəndisi vəzifəsində çalışmışdır. Ümumittifaq miqyasında ən böyük magistrallardan olan Frunze-Oş avtomobil yolunun, Narın çayı üzərində bir neçə körpünün, o cümlədən uzunluğu 99 m-ə çatan asma körpünün və uzunluğu 2,4 km olan tunelin tikintisinin əsas mühəndisi olmuşdur.

Birinci haşiyə

Ə. Əliyev  çox yolların və körpülərin layihələndirilməsinə və tikilməsinə rəhbərlik etmişdir. Amma Narın dağ çayı üzərində tikdiyi körpü onun daha çox sevdiyi körpüdür. Sonralar bu körpü onun adı ilə adlandırılmışdır.

2005-ci ilin iyulunda Qırğızıstan hökumətinin dəvətilə qardaş respublikada səfərdə olan Ə.M. Əliyevin şərəfinə Narın çayın üzərində onun baş mühəndisliyi ilə salınmış ən böyük körpülərdən birinə “Qırğızıstan-Azərbaycan körpüsü” adı verilmiş və körpünün üzərinə xatirə lövhəsi vurulmuşdur. Oxucularımıza təqdim etdiyimiz hər iki foto-şəkil həmin tədbirdən unudulmaz bir xatirədir.

…1955-ci ilin dekabr ayından 1958-ci ilin mart ayına qədər Sovet Ordusu sıralarında xidmət etmişdir.

1958-ci ildə Saratov Ümumittifaq Avtomobil yolları İnstitutuna daxil olmuş, sonradan Bakıya köçmələri ilə əlaqədar olaraq təhsilini Azərbaycan Politexnik İnstitutunda davam etdirmiş və oranı 1965-ci ildə bitirmişdir.

İnam işığında…

Əli Musa oğlu sürgünlükdə keçən əzablı illərindən gələcəyə boylandı, oxudu, çalışdı… və elə Qırğızıstanda ali təhsil alaraq orada yol mühəndisi kimi qısa zaman ərzində özünü təsdiq elədi və Azərbaycana gəlib yol mühəndisi kimi fəaliyyətə başlayanda artıq o, zəhməti, qabiliyyəti və sabaha olan böyük inamı hesabına SSRİ miqyasında tanınırdı.

Və beləliklə o, öz böyük İNAMINA söykənərək respublikamızda yol inşaatında fəaliyyətə başladı.

Böyük etimad

…Cavan olmasına baxmayaraq mürəkkəb və şərəfli yol keçdiyi nəzərə alınaraq Əli Əliyevi 1972-ci ildə Bakı şəhərində yeni yaradılmış “Xüsusiləşdirilmiş yol tresti”nin rəisi vəzifəsinə təyin etdilər. Və o, ötən əsrin 70- 80-ci llərində Bakının yol təsərrüfatının qurulmasında, mövcud yol şəbəkəsinin əsaslı və cari təmiri sahəsində misilsiz xidmətlər göstərə bildi, özünü respublikamızda bu sahənin – yol inşaatının ən kamil mütəxəssisi kimi təsdiq etdi.

1993-1995-ci illərdə Almaniyanın “WIRTGEN” şirkətinin mütəxəssislərinin köməyilə Bakı Aeroportunda 2 saylı uçuş-enmə zolağının tikintisi müvəffəqiyyətlə həyata keçirildi. 1995-ci il mayın 28-də həmin obyektin açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti Heydər Əliyev

Məsləhət

bildi ki, alman mütəxəssisləri ilə əlaqələr davam etdirilsin. Beləliklə, 1995-ci ildə “AzVirt” Azərbaycan – Almaniya Birgə Müəssisəsi yaradıldı. Sonradan müəssisənin adı dəyişdirilərək “AzVirt” Məhdud Məsuliyyətli Cəmiyyət adlandırıldı. İlk öncә Bakı әrazisindә şәhәr yollarının tikintisi ilә mәşğul olan şirkәt, zaman keçdikcә yol vә hava limanı infrastruktur layihәlәri üzrә tam xidmәt göstәrәn beynәlxalq şirkәtә çevrildi.

Əli müəllimin rəhbərliyi altında bu şirkət müstəqillik illərində fəaliyyət göstərdiyi ilk gündən müasir texnologiyalardan istifadə etməklə topladığı çoxillik təcrübədən yararlanaraq, eyni zamanda yüksək peşəkarlıq sayəsində tezliklə Azərbaycanın ən etibarlı şirkətlərindən biri kimi tanındı.

“Azvirt” şirkəti güclü istehsalat bazasına: asfaltqarışdırıcı qurğulardan, xarici ölkə istehsalı olan asfaltdöşəyənlərdən, vərdənələrdən, avtoqreyderlərdən, yükünü özüboşaldan maşınlardan, yol frezlərindən, bitumdaşıyan, sementdaşıyan maşınlardan, yükləyicilərdən və s. xüsusi yol – tikinti texnikasından ibarət olan maşın-mexanizm parkına malikdir və bu mövcud bazanın yaradılmasında Əli müəllimin çoxillik iş təcrübəsinin və uzaqgörən rəhbər səriştəsi böyük rol oynamışdır.

Şirkət Azərbaycanda ilk dəfə olaraq qırmadaş –mastikalı və polimerli asfaltbeton qarışığını tətbiq edən təşkilatdır. İstehsal edilən asfaltbetonun tərkibində aktivləşdirilmiş mineral tozlardan istifadə edilir. Bundan başqa müəssisə armaturlaşdırlımış qrunt istinad divarlarını və müasir standartlara tam cavab verən drenaj sistemini quraşdırıb istifadəyə vermişdir.

Hal-hazırda yolların, körpülәrin, yol ötürücülәrinin vә digәr süni qurğuların, hava limanları üçün terminalların, uçuş-enmә zolaqlarının, sükan yollarının vә perronların tikintisi, yenidәnqurulması vә tәmiri, tikinti materiallarının istehsalı və layihәlәndirmә işlәri üzrә ixtisaslaşan AzVirt şirkəti müştәrilәrinә çöl-axtarış (geodeziya), layihәlәndirmә vә tikinti daxil olmaqla kompleks xidmәtlәr tәqdim edir.

“Azvirt” MMC 24 iyul 2008-ci ildə Beynəlxalq Standartların İSO 9001:2000 Qeydiyyat Sertifikatını almışdır.

Və elə bu məqamdaca deyək ki, “Azvirt” MMC-nin qısa zaman kəsimində beynəlxalq şirkət kimi tanınması bilavasitə Əli Musa oğlu Əliyevin böyük rəhbərlik və mühəndislik keyfiyyətləri və ən başlıcası nüfuzu ilə mümkün olmuşdur.

Yaranmasından sonra qısa müddәt әrzindә әn yüksәk keyfiyyәt nümunәlәri sәrgilәyәn şirkәt öz fәaliyyәt sahәsini genişlәndirәrәk hava limanlarının tikintisi işlәrinә vә beynәlxalq әhәmiyyәtli layihәlәrә cәlb olundu. Eyni zamanda “AzVirt” 2004 – 2006-cı illәrdә “Şәmkir – Qazax avtomobil yolunun tikintisi” layihәsini hәyata keçirmәklә Qәdim İpәk Yolunun bәrpası mәqsәdi ilә hәyata keçirilәn TRACECA (Avropa-Qafqaz-Asiya Nәqliyyat Dәhlizi) kimi böyük beynәlxalq layihәdә iştirak etdi.

2004-2011-ci illәr әrzindә Gәncә, Lәnkәran, Zaqatala və Qәbәlә Hava Limanlarının tikintisi kimi strateji әhәmiyyәtli layihələrin öhdəsindən bacarıqla gəldi. Respublikanın bütün bölgələrində paytaxtımıxda və iri şəhərlərimizdə avtomobil yollarının tikintisini yüksək keyfiyyətlə və peşəkarləqla həyata keçirdi.

Durmadan böyüyәn vә inkişaf edәn “AzVirt” MMC-nin Rumıniya, Serbiya, Türkiyə, Latviya, Montenegro, Gürcüstan, Ukrayna və s. ölkәlәrdә filialları açılmışdır.

“AzVirt” şirkəti Serbiya Respublikasında “E763 Belqrad-Juzni Jadran magistral yolunun Ljig-Prelina hissәsinin tikintisi” layihәsini yerinә yetirmәklә özünün fәaliyyәt mәkanını genişlәndirmәk vә biznes maraqlarını tәmin etmәkdәn başqa, daha çox iki ölkә arasında iqtisadi münasibәtlәrin inkişafında iştirak edir vә bu missiyanı layiqincә yerinә yetirir. Layihə çərçivəsində uzunluğu 40,36 kilometr olan 4 zolaqlı ikitərəfli yol 4 il ərzində inşa olunmuşdur. Üç yol qovşağı, hər birinin uzunluğu 200 metrdən 890 metrə qədər olan 4 tunel, 23-ü çoxyaruslu olmaqla 66 körpü, sürüşmə zonalarında uzunluğu 6 kilometr olan dayaq divarları tikilmişdir. 22 kilometr məsafədə çayın deltası dəyişdirilmişdir. 7 noyabr 2016-cı il tarixdə qeyd olunan avtomobil magistralının Ljig – Preljina hissəsinin açılışı olmuşdur. Bundan sonra Serbiyadan Monteneqroya və daha sonra Qərbi Avropaya səfər edənlər “AzVirt” şirkətinin müasir tələblərə cavab verən, ən yaxşı dünya və Avropa standartlarına müvafiq olaraq inşa etdiyi “Azərbaycan yolu” ilə gedəcəklər.

Əli Musa oğlu övladları ilə sözün əsl mənasında dost olmağı bacarmışdı. O, təbiəti çox sevərdi. Boş vaxtlarında ağac əkməyi, yaşıllıqlar salmağı, təbiətin qoynuna çıxmağı, ovçuluq etməyi çox sevərdi.

Əli müəllimin öz məktəbi var idi. Başqa məktəblərdən fərqli olaraq bu məktəbin məzunu olmurdu, öyrənirdin, öyrənirdin və yenə də öyrənirdin, oxuduqca oxumaq istəyirdin.

Əli müəllimin bir rəhbər kimi ən böyük xüsusiyyəti verdiyi tapşırığın   icrasını hökmən yoxlamaq idi. Ona görə də hamı gözəl bilirdi ki, əgər o bir tapşırığı veribsə hökmən özü nəzarətdə saxlayacaq, bu da işçilərin məsuliyyətini qat-qat artırırdı. Tabeçiliyində işləyənlər hamısı təsdiq edərlər ki, o nə qədər əsəbi olsa da heç vaxt işçilərə qarşı kobud ifadələr, yüksək səs tonu işlətməzdi. Buna baxmayaraq onun bir zəhmli baxışı kifayət edirdi ki, kimliyindən asılı olmayaraq qarşısındakı özünü yığışdırsın.

Və bununla bərabər o çox qayğıkeş, qəlbi kövrək və rəhmli bir insan idi. İstənilən insana ötəri bir baxışla onun bütün xarakterini açıqlayardı, adam tanıyan və adama qiymət verən kişi idi.

Ustad və müəllim

Əli Musa oğlu Əliyev həm də böyük müəllim idi. O, şirkətə ancaq rəhbərlik etmirdi, o, həm də müəssisənin hər bir əməkdaşının müəllimi idi, onları gələcək böyük tikintilərə hazırlayırdı. Peşәkar kadrların hazırlanması, tәkmillәşdirilmәsi Əli Əliyevin kadr siyasәtinin әsasını tәşkil edirdi. Bu gün müәssisәdә çalışan әmәkdaşların hamısı onun mühəndislik məktəbindən bəhrələnmiş kadrlardır. Onların arasında Azәrbaycan vәtәndaşları ilә yanaşı Almaniya vә Türkiyәdәn dә mütәxәssislәr çalışırlar.

Onlar ölkә iqtisadiyyatının bir hissәsi olmaqlarıyla fәxr edir vә Azәrbaycanla yanaşı beynәlxalq tikinti bazarına da öz töhfәlәrini vermәyә çalışırlar.

Alim-mühəndis və praktik istehsalatçı

Ə.M.Əliyev istehsalat fəaliyyəti ilə bərabər elmi axtarışlarla da məşğul olmuşdur. O, istehsalatla məşğul olaraq eyni zamanda öz həyatını bütünlüklə elmə həsr etmiş, yol inşaatının elmi əsaslarını hazırlamışdır.

Respublikanın elmi ictimaiyyəti onu böyük alim və praktik istehsalatçı, bacarıqlı təşkilatçı və nüfuzlu rəhbər, müasir mütərəqqi yol tikintisi ideyalarının daşıyıcısı kimi tanıyır və qəbul edirdi. Heç də təsadüfi deyil ki, Əli müəllim 1973-cü ildə “Aktivləşdirilmiş mineral tozlu asfaltbetonların tədbiqi” mövzusunda namizədlik disertasiyası, 1984-cü ildə isə “Asfaltbetonun regenerasiyası” mövzusunda doktorluq disertasiyası müdafiə edərək alimlik dərəcəsinə layiq görülmüşdür. 1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun “Avtomobil yolları, körpü və tunellər” kafedrasında pedaqoji fəaliyyət göstərmişdir. 1989-cu ildə ona “Avtomobil yolları, körpü və tunellər” kafedrası üzrə professor adı verilmişdir.

Professor Ə.M. Əliyevin təklif etdiyi aktivləşdirilmiş mineral tozlardan istifadə etməklə asfaltbeton qarışıqlarının hazırlanması üzrə yeni texnologiya hal-hazırda bir sıra MDB ölkələrində avtomobil yollarının və aerodromların uçuş-enmə zolaqlarının tikintisində geniş tətbiq olunur.

Ə.M. Əliyevin rəhbərliyi altında “Azərbaycan Respublikasında asfalt-beton örtüklü yol və aerodrom geyimlərinin tikintisi üzrə rəhbərlik” texniki-normativ sənəd hazırlanmış, Dövlət Tikinti və Arxitektura Komitəsi tərəfindən təsdiq edilmiş və 1 iyun 2004-cü il tarixdən qüvvəyə minmişdir.

Bu insanın güclü, daha döğrusu,

çox güclü iradəsi var idi.

Əli müəllim ağır sürgünlük illərində gənc yaşlarında təhsilə və elmə böyük maraq göstərmiş, uğurla peşə sahibi olmuş, yaşadığı və çalışdığı Orta Asiya ölkələrində erkən yaşlarında məşhur bir yol və körpü mühəndisi kimi tanınmışdır.

Onilliklər keçməsinə baxmayaraq həmin ölkələrdə Əli müəllimin adı bu gün də dərin hörmətlə yad edilir. Əli müəllim elmə olan marağını ömrü boyu özündə yaşatmışdır.

2005-ci ilin iyulunda Qırğızıstan hökumətinin dəvətilə qardaş respublikada səfərdə olan

Əli Əliyevin şərəfinə

Narın çayın üzərində onun baş mühəndisliyi ilə salınmış ən böyük körpülərdən birinə “Qırğızıstan-Azərbaycan körpüsü” adı verilmiş və körpünün üzərinə xatirə lövhəsi vurulmuşdur.

Professor Əli Əliyev haqqında Miraslan Bəkirlinin yazdığı “Sürgün” romanı və Xokiroxun yazdığı və 2012-ci ildə Moskvada “İntrasdornauka” nəşriyyatında rus dilində nəşr olunmuş “Vopreki vsemu” romanı alimin həyatına və şəxsiyyətinə həsr olunmuşdur.

2009-cu ildə Avropa Təbiət Elmləri Akademiyası üzərində professor Əli Əliyevin şəkli olan poçt markası və zərf buraxmış və onu Avropanın Fəxri İxtiraçısı adına layiq görmüşdür.

Peşəkar mühəndis, tanınmış alim, sadə insan, müasir idarəçilik qabiliyyətinə malik olan Ə.M.Əliyev “Qırmızı Əmək Bayrağı” ordeni ilə, bir çox medallarla və Azərbaycan Respublikası Ali Sovetinin fəxri fərmanı ilə mükafatlandırılmışdır. “İnşaatçılar günü” peşə bayramı münasibətilə Azərbaycan Respublikası Prezidentinin 844 saylı 9 aprel 2010-cu il tarixli Sərəncamı ilə professor Ə.M.Əliyev Azərbaycan Respublikasının “Şöhrət” ordeninə layiq görülmüşdür.

Ə.M.Əliyevin 100-ə qədər elmi işi, 3 monoqrafiyası, “Yol-tikinti materialları”, “Avtomobil yollarının və aerodromların tikintisi” (4 cilddə), “Yol və aerodrom tikintisində əhəngdaşı materiallarının tətbiqi”, “Nəqliyyat magistrallarının tikintisinin əsasları”, “Yol və aerodrom tikintisində əhəngdaşı materiallarının tətbiqi üzrə Təlimat”, “Yol və aerodrom tikintisi materiallarının struktur formalaşması” və s. kitabları çap edilmişdir. 25-dən çox ixtira və patentin müəllifidir.

Ə.M.Əliyevin həyatı və elmi-praktiki yaradıcılığı haqqında azərbaycan, türk, rus və ingilis dillərində çoxsaylı monoqrafiyalar yazılmışdır.

Ə.M.Əliyev vəfat edənədək “AZVİRT” MMC-nin baş direktoru vəzifəsində çalışmışdır.

…Əli Musa oğlu Əliyev 83 il yaşadı və yol inşaatında 60 ildən çox möhtəşəm bir yol gəldi. Onun işi yol çəkmək idi, o, bu illərdə ancaq öz xeyirxah peşəsi ilə məşğul oldu. Yorulmadan işlədi, çalışdı, zəngin təcrübəsini kollektivin hər bir üzvünə həvəslə və böyük ümidlə öyrətdi. Bu gün paytaxtımızın hər səmtinə, hər guşəsinə Əli Musa oğlunun çəkdiyi yollarla gedirik.

Yol inşaatında 60 il möhtəşəm yol gələn Əli müəllimin yolunu respublikamızda davam etdirən yüzlərlə, minlərlə yol inşaatçıları arasında onun 2 oğlu – Kamil və Elnur Əliyevlər də var. Ataların yolunu oğullar davam etdirir, şərəflə, ləyaqətlə və onun adına layiq. Və eləcə də Əli müəllimin “İnşaatçı” qəzetinə olan münasibəti bu gün eyni doğmalıqla “Azvirt” MMC-nin direktoru, Əməkdar Mühəndis Kamil Əlyev tərəfindən davam etdirilir. Kamil müəllim həm də 10 ildən çoxdur ki, “İnşaatçı” qəzetinin redaksiya heyətinin üzvüdür.

İkinci haşiyə

Bu gün respublikanın yol inşaatında “Azvirt” MMC-niın xüsusi çəkisi vardır. Çəkdiyi yolların  keyfiyyətli və uzun ömürlü olması ən yüksək dairələrdə etiraf olunur. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu ilin dekabrın 26-da Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə tanış olarkən, görülən işlər barədə dövlətimizin başçısına məlumat vermək üçün Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisini həyata keçirən “AzVirt” şirkətinin baş direktoru Kamil Əliyev də Prezidentin yanında idi.

Prezident İlham Əliyev “AzVirt” şirkətinin baş direktoruna üzünü tutaraq, “Siz də bu yolları keyfiyyətlə çəkirsiniz, bilirəm” deyərək sözlərinə belə davam edib.

“Siz Bakı-Aeroport yolunu 2008-ci ildə istifadəyə verdiniz, bu günə qədər orada demək olar ki, heç bir problem yoxdur. Yolu on bir il ərzində belə vəziyyətdə saxlamaq üçün, əlbəttə, böyük təcrübə və keyfiyyət olmalı idi. Ona görə bu yolu da eyni keyfiyyətlə çəkməlisiniz. Azərbaycan dövlətinin dəstəyi ilə siz xaricdə layihələr reallaşdırırsınız. Eşitmişəm ki, indi sizin fəaliyyət dairəniz genişlənir, yeni ölkələrə öz təkliflərinizi təqdim edirsiniz. Çox yaxşı, Azərbaycan şirkətləri həm Azərbaycanda, həm də başqa ölkələrdə layihələrdə iştirak etməlidirlər”.

Çağdaş dövr Azərbaycan yol inşaatının tanınmış siması, kamil bilicisi, respublikanın Əməkdar Mühəndisi Kamil Əliyevin rəhbərlik elədiyi “Azvirt” MMC kollektivinin həyata keçirdiyi bütün layihələr hər zaman öz xüsusi keyfiyyəti ilə seçilib və ölkə başçısı cənab İlham Əliyev tərəfindən təqdir olunub.

Yol inşaatının ölməz korifeyləri sırasında öz adını möhürləmiş böyük müəllim, professor Əli Musa oğlu Əliyevin ocağından ancaq belə bir kamil mütəxəssis, peşəkar rəhbər çıxa bilərdi.

Son söz yerində…

  Əli Əliyev 2016-cı ilin aprel ayının 23-ündə, ömrünün 83-cü baharında haqq dünyasına qovuşdu. Vətənimiz üçün biliyini, sağlamlığını və vaxtını əsirgəməyən, zəngin quruculuq potensialı, böyük təcrübə və professionallıq sahibi olan görkəmli elm xadimi, gözəl insan, sədaqətli dost və el ağsaqqalı Əli müəllim bütün xalqın məhəbbətini qazanmış şəxsiyyətlərimizdən idi.

O, ölkəmizin həyatında yaxından iştirak edən, bir vətəndaş kimi hamı tərəfindən qəbul edilən və sevilən şəxsiyyət kimi yaddaşlarda əbədiləşmişdir.

Ruhun şad olsun, böyük ustad! Sənin zəhmətin hədər getmədi. Bu gün yol inşaatının bütün qurumlarında çalışan çoxsaylı yetirmələrin, ön sıralarda yaradıcısı olduğun “Azvirt” MMC-nin kollektivi olmaqla Azərbaycanın yol inşaatında yeni  və daha möhtəşəm səhifələr açırlar. 

 

Zərbalı MİRZƏ

 

Oxşar xəbərlər

Leave a Comment