ÖMRÜN MÜDRİKLİK ÇAĞINDA…

 İbrahim Muxtarzadə – 70

(Ölkə inşaatında qazandığı bütün uğurları misilsiz çalışqanlığının göstəricisi olan Əməkdar Mühəndis İbrahim Muxtarzadənin 70 yaşına)


 Sadə xalq arasından çıxaraq eldə, elatda nüfuz, hörmət qazanıb şərəfli ömür yaşayanlar öz törəmələrinə, nəsil daşıyıcılarına təmiz ad qoyub gedirlər. Və belə kişilərin övladları, nəvə, nəticələri də çox zaman öz kökünə bağlı olur, bəzən ata, babalarından da qabağa getməyi bacarırlar. Beləcə nəsillərin uğur estafeti davam etdirilir. Və bu yerdə “ot kökü üstə bitər” məşhur atalar məsəlinin nə qədər yerində deyildiyini, necə böyük məna yükü daşıdığını bir daha yəqin edirik. Bəli, hər şey kökdən, nəsildən gəlir. Sağlam gövdə üzərində saglam pöhrələr tumurcuqlayıb bar, bəhər verdiyi kimi, böyük kişilərin törəmələri də təmsil etdikləri nəsilə, soy-kökə baş ucalığı gətirirlər.

Bu gün uzun illərdən bəri dostluq etdiyim, ancaq heç zaman qəzetdə barəsində yazmadığım respublikanın tikinti quruculuq həyatında çoxillik xidmətləri olan, ölkəmizin tanınmış inşaat mühəndislərindən biri, respublikanın Əməkdar Mühəndisi, gözəl insan və böyük ağsaqqal İbrahim Qənbər oğlu Muxtarzadə haqqında ilk yazımı “İnşaatçı” qəzetinin oxucularına təqdim etmək istəyirəm. Aprelin 2-si tarixi İbrahim Muxtarzadənın doğum günüdür – 70 yaşı tamam olur.

…Yazımın girişində bəhs etdiyim kimi İbrahim Muxtarzadə öz böyük, nüfuzlu şəcərərsinin layiqli ardıcılı, davamçısıdır. İbrahim müəllimin babası Muxtar Kazımov Zuvanda rayonunun Qışlaq kəndinin sadə xalq içərisindən çıxmış nüfuzlu kişilərindən olub. Qışlaq kəndi sərhəddə olduğundan kəndin qaçaq quldurdan qorunması üçün o zaman Muxtar Kazımov kənd igidlərindən ibarət özünümüdafiə dəstəsi yaratmış və kəndin müdafiəsini təşkil etmişdir. 1920-ci ildə Qızıl Ordu sərhədə gələndə Muxtar Kazımovun dəstəsi sərhədçilərə kömək məqsədi ilə saxlanılır və 20-ci illərin ortalarına kimi sərhədlərin qorunmasında, qaçaqmalçılıqla mübaririzədə sərhədçilərin ən yaxış köməkçisi olur. O zaman hamının hörmətlə Kərbəlayi Muxtar çağırdığı Muxtar Kazımov sərhədçilərin qürur duyduğu bir şəxsiyyət olub. 20-ci illərin ortalarında sərhəd canlı qüvvə və texnika ilə möhkəmləndirildikdən sonra Muxtar Kazımovun dəstəsi dinc quruculuq həyatına qayıdır. Və Muxtar Kazımov kənd sovetinin sədri seçilir. Sərhədlərin qorunmasında aktiv iştirakına görə o zaman SSRİ rəhbərliyi Muxtar Kazımovu “Şərəf Nişanı” ordeni ilə və “Qafqazın müdafiəsinə görə” medalı ilə təltif edir.

1943-cü il. Moskva şəhəri. İbrahim Muxtarzadənin babası Kərbəlayi Muxtar Kazımov oğlu Zülfüqarla…

İbrahim müəllimin atası Qənbər Kazımov da dövrünün nüfuzlu, savadlı insanlarından olub. Uzun illər Tərtər və Biləsuvar rayonlarında poçt şöbəsinin müdiri olub. Sonra kənd təsərrufatı təchizatı idarəsinin (Selxosnab) rəisi olmuş və ömrünün son illərinəcən bu vəzifədə çalışmışdır.

İbrahim Muxtarzadə belə bir nəslin davamçısıdır.

2 aprel 1951-ci ildə Lerik rayonunun Qışlaq kəndində anadan olan İbrahim Muxtarzadə (1952-ci il də ailəlikcə Puşkin (indiki Biləsuvar) rayonuna köçmüşlər) 1968-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsinə daxil olmuş və 1973-cu ildə ali təhsilini başa vuraraq təyinatla Baş Kolxozlararası Tikinti İdarəsinə göndərilmiş (indiki “Azəraqrartikinti” ASC), Ucar Dəmir Beton Məmulatları Kombinatında iş ustası, sahə rəisi, baş mühəndis vəzifələrində çalışmışdır. Yeni yaradılmış zavodda işin təşkili, zavodun işə salınması bütövlükdə gənc mütəxəssis İbrahim Muxtarzadənin adı ilə bağlıdır. İş günü səhər 6-dan başlayan və axşam saat 11-ə kimi davam edən İbrahim Qənbər oğlunun 4 il ərzində rayondakı fəaliyyəti o dərəcədə uğurlu olmuşdur ki, 1976-cı ildə Baş İdarə rəhbərliyi İbrahim Muxtarzadəni Salyanda yenicə tikilmiş Tikinti Materialları və Konstruksiyaları Kombinatına direktor təyin edir və o, bir il ərzində bu kombinatı da işlək vəziyyətə gətirə bilir. Ona göstərilən böyük etimadı doğruldur.

1977-ci ildən İ.Q. Muxtarzadənin həyatının Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyinə bağlı dönəmi başlayır. O, 90-cı illərin əvvəlinə kimi hardasa 13 il müddətində nazirliyin Göyçaydakı 6 nömrəli yol tikinti idarəsində istehsalat rəisi, sonra isə baş mühəndis vəzifəsində çalışmışdır. Bu illərdə Göyçayda və ətraf rayonlarda yol infrastrukturunun yenidən qurulmasında gərgin əmək sərf etmişdir.

O, 1990-2003-cu illərdə “Azəravtoyol” Dövlət Şirkətində Tikilən Obyektlərin Mudiriyyətinin rəisi vəzifəsində fəaliyyət gostərmişdir. O dövr üçün çox məsul və məsuliyyətli vəzifədə çalışdığı bu muddət ərzində Ucar-Zərdab, Göyçay-Ucar, Qaraməryəm-Ağdaş, Bakı-Astara, Ələt-Qazıməmməd, Bakı-Qazax, Bakı-Quba, Dağlıq Qarabağ və sərhədyanı bölgələrdəki avtomobil yollarının və onların uzərində körpülərin tikintisi və təmirinə bilavasitə özü rəhbərlik etmişdir.

İ.Q. Muxtarzadə 2005-ci ildən onun üçün doğma olan kollektivə, respublikanın tikinti kompleksində öz dəsti-xətti və xususi çəkisi olan, ilk dəfə əmək fəaliyyətinə başladığı “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinə (keçmiş Baş Kolxozlararası Tikinti İdarəsi) qayıtmışdır.

İbrahim Muxtarzadə həmin vaxtdan Səhmdar Cəmiyyətin Bakı Tikinti Mexanikləşdirmə filialına rəhbərlik edir. O vaxtdan 16 il ötür. Bu illərdə Səhmdar Cəmiyyətin aparıcı filiallarından biri olaraq İbrahim Muxtarzadənin rəhbərlik etdiyi Bakı Tikinti Mexanikləşdirmə filialı respublikada aparılan geniş miqyaslı tikinti quraşdırma, yenidənqurma işlərində yaxından iştirak edir. Son illər ərzində SC-nin qalib olduğu tenderlərin bir sıra sanballı layihələrini həyata keçirmək bu filiala həvalə olumuşdur və bütün layihələr yüksək keyfiyyətlə və səriştə ilə sifarişçilərə təhvil verilmişdir.

Azərbaycan Respublikası Milli Məclisinin 15 mərtəbəli yeni binasının tikintisi üzrə keçirilmiş tenderdə “Azəraqrartikinti” Səhmdar Cəmiyyəti qalib gəlmiş və həmin mühüm obyektin tikintisi İ. Q. Muxtarzadənin rəhbərlik etdiyi filiala həvalə edilmişdir. Kollektiv etimadı doğrultmuş və obyekt qısa müddət ərzində (23 aya) – 2009-cu ildə istismara buraxılmışdır. Həmin inzibati binanın tikintisində dunyanın ən qabaqcıl şirkətlərinin istehsal etdiyi tikinti materiallarından istifadə olunmuşdur.

Şəkildə gördüyünüz Milli Məclisin inzibati binası və Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin binası İbrahim Muxtarzadənin rəhbərlik etdiyi yüzlərlə layihələrdən ikisidir.

Bundan başqa İbrahim muəllim rəhbərlik etdiyi kollektivlə bir necə məktəb və uşaq baxcası-körpələr evinin tikintisi və əsaslı təmiri işlərini başa catdıraraq istismara vermişdir.

Həmçinin ötən müddət ərzində Kənd Təsərrufatı Nazirliyinin sifarişi əsasında Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Astara və Lerik rayonlarında Kənd Təsərrüfatı Nazirliyinin ərazi inzibati labaratoriya binalarının tikinti işləri yüksək keyfiyyətlə icra edilərək istismara verilmişdir.

İ.Q. Muxtarzadə tikinti kompleksində muxtəlif məsul və rəhbər vəzifələrdə işlədiyi muddətdə irili-xırdalı yüzədək səmərəli təkliflər irəli sürmüş və onların əksəriyyəti həyata keçmişdir. Təsaadüfi deyil ki, o, SSRİ Səmərələşdiricilər və İxtiraçılar Cəmiyyətinin üzvü olub.

İbrahim müəllim ailəlidir, 2 oğlu və 7 nəvəsi (3-ü oğul, 4-ü qız) var. Hər iki oğlu Azərbaycan İnşaat Muhəndisləri Universitetinin yetirmələridir. Böyük oğlu Zülfüqar uzun illər Almaniyanın “Wirtgen” şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri olub, hazırda “Yoltikintiservis” MMC-nin direktorudur. Kicik oğlu Fuad isə əvvəllər “Azəravtoyol” Dövlət Şirkətində çalışıb, son illərdə “Yol-Tikintinəqliyyatservis” MMC-nin direktoru vəzifəsində calışır.

İbrahim müəllimin iki nəvəsi – Fərid və Fəridə Azərbaycan Memarlıq və İnşaat Universitetinin memarlıq fakültəsinin tələbələridir. Hər ikisi alman və ingilis dillərində sərbəst danışa bilirlər. Ən ümdə arzuları magistratura təhsillərini xaricdə almaqdır. O biri nəvələr isə orta məktəb şagirdləridir.

…İbrahim Muxtarzadə bu gün ölkənin inşaat sektorunda qədərincə tanınıb və artıq respublika miqyasında kifayət qədər ad-san qazana bilmişdir. O, cəmiyyətdə nüfuz qazandığı kimi, rəhbərlik etdiyi kollektivdə də bir rəhbər kimi sevilir. Onun səyi nəticəsində filialda öz işinin öhdəsindən layiqincə gələn peşəkar mühəndis-texniki kadr ehtiyyatı toplanmışdır. Çoxillik iş təcrübəsi, inşaatda usta vəzifəsindən başlayaraq bütün vəzifə pillələrini ardıcıllıqla keçməsi, işə vicdanlı münasibəti və yüksək insani dəyərlərə malik şaxsiyyət olması onun kollektivdə nüfuz və uğur qazanmasına zəmin yaratmışdır.

İbrahim müəllim ünsiyyətdə olduğu, əlaqəli şəkildə işlədiyi kollektivlərin rəhbərləri tərəfindən də həm gözəl insan və həm də peşəkar inşaat mühəndisi kimi yüksək qiymətləndirilir. Çünki o, işini biləndir, həyatda nə qazanıbsa zəhməti, alın təri ilə əldə edib. Öz sahəsinin peşəkarıdır, tapşırılan hər bir iş bir qayda olaraq tez və keyfiyyətlə icra olunur.

Bu ilk yazımı İbrahim müəllimin yubiley təqdimatı kimi hazırladığım üçün təbii ki, onun mükafatları, fəxri adları barədə məlumat vermək yerinə düşərdi.

O, bütün əmək fəaliyyəti illərində ictimai fəallığı ilə seçilmiş və respublikanın inkişafı üçün əzmlə çalışmış və bu gün də əvvəlki ampulasındadır. Onun əməyi hər zaman rəhbərlik və dövlət tərəfindən yüksək qiymətləndirilmişdir.

Muxtarzadə İbrahim Qənbər oğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 aprel 2015-ci il tarixli müvafiq Sərəncamı ilə “İnşaatçılar Günü” peşə bayramı münasibətilə və Azərbaycan Respublikasında tikinti kompleksinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 aprel 2017-ci il tarixli 2804 nömrəli Sərəncamı ilə İbrahim Muxtarzadəyə Azərbaycan Respublikasında tikinti kompleksinin inkişafındakı xidmətlərinə görə “Əməkdar mühəndis” fəxri adı verilmişdir.

İbrahim Muxtarzadə yüksək təşkilatçı rəhbərdir, özünə və ətrafındakı insanlara qarşı qayğıkeşdir, nəzakətlidir, saf əqidəli ciddi insan, yüksək səviyyəli mütəxəssisdir. Onunla ən mürəkkəb məsələləri müzakirə etmək mümkündür.

İbrahim müəllimin tikintidə çalışdığı son 16 il “Azəraqrartikinti” ASC ilə bağlıdır.

Respublikanın tanınmış inşaat ustadı, uğurlarının mayası halallıqdan və xeyirxahlıqdan yoğrulmuş, köməksiz adamların, kimsəsizlərin dayağı, ümid yeri olan böyük şəxsiyyət Ağalar Vəliyevin rəhbərliyi altında, onunla çiiyin-çiyinə çalışmaq həm ikiqat məsuliyyət, həm də şərəflidir. Bu barədə söz düşəndə həmişə deyir ki, Ağalar müəllimin rəhbərlik etdiyi tikintidə sifarişçiyə ehtiyac yoxdur. Çünki, o, sifarişçinin tələb etmədiyini edir. Çünki bu işi hamıdan kamil bilir. Belə bir ustad inşaatçı ilə işləmək özü bir taledir, qismətdir…

İbrahim müəllim millətini, torpağını sevən nurlu bir insandır. O, ilk təəssüratdan zəhmli, qaradinməz bir adam təsiri bağışlasa da ünsiyyət quranda görürsən ki, qarşındakı tamam, fərqli bir insandır, başdan başa nur çeşməsi olan, danışığı, dediyi hər nə var zərb-məsəl, atalar sözü, aforizm olan kamil bir ağsaqqalla söhbət edirsən. Buraya onun sadəliyini və səmimiliyini əlavə edəndə İbrahim müəllimin xaraker cizgiləri tamamlanır.

Mən əminəm ki, mənim tanıdığım İbrahim Muxtarzadə yaşadığı ömür boyunca bir kimsəyə pislik etməyib, edə də bilməz. Çünki, Allahını başı üzərində görən, düzgünlüyü sevən dürüst və nəcib insandır, ədalətli rəhbərdir.

İbrahim müəllimin ağıllı məsləhətlərini eşidən hər kəs bu insanın səmimiliyinə qətiyyən şübhə edə bilməz. Çünki, o, sözü ilə əməli vəhdət təşkil edən bir insandır.

Sentyabrın 27-dən başlanan 44 günlük savaş dövründə İbrahim müəllim və kollektivi cəbhə ilə nəfəs almışdır.

İbrahim müəllim tarixi qələbəmizdən danışarkən dedi ki, “İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaqdır. Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, müzəffər Ordumuzun misilsiz şücaəti nəticəsində topraqlarımız işğaldan azad olundu, Vətən Müharibəsində böyük Zəfər qazandıq.

Müzəffər Ali Baş Komandanın vurğuladığı kimi, bu peşəkarlıq, qəhrəmanlıq nümunəsi sayəsində, cəsarət, hünər, əzm hesabına 44 gün ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu. Ermənistanı diz çökdürüb kapitulyasiyaya məcbur etdik.

Bu gün Qarabağda yeni həyat başlayıb. İşğaldan azad edilmiş bütün Qarabağ rayonlarında tikinti quruculuq işlərinə artıq start verilib, yolllar çəkilir, torpaqlar minalardan təmilənir, zəruri sosial infrastruktur yaradılır. Və bu quruculuq prosesində mən və rəhbərlik etdiyim kollektiv də iştirak etmək arzusunda və əzmindəyik. Çünki, həmişə arzulamışıq ki, ərazilərimiz yağı düşməndən azad olunsun, biz də doğma torpaqlarımızda tikinti işləri aparaq”.

İbrahim Muxtarzadənin xarakterindəki qürur, ciddilik, yeri gələndə sözü üzə demək və digər bu kimi keyfiyyətlər onun hər zaman nəzərəçarpan xarici görkəmini tamamlayır.

Bu gün çox sayda orta nəslin nümayəndələri və gənc inşaat mühəndisləri var ki, onlar İbrahim müəllimi görəndə özlərini yığışdırırlar, yolunu tuturlar. Bunlar elə belə qazanılmayıb. İbrahim müəllimin keçdiyi tikinti-quruculuq yolu ondan sonra gələnlər üçün bir örnək, məktəb kimi qəbul olunur.

Bütün həyatını tikintiyə həsr etmiş İbrahim Muxtarzadə inşaatımızın tanınmış nümayəndələrindəndir. O, harda işləyibsə onun üçün vaxt məhduduiyyəti olmayıb, bir qayda olaraq işə hamıdan tez gəlib və gec gedib. Bu, sənət heyranlığı, peşə vurğunluğudur ki, bu, hər kəsdə ola bilməz. Bunun üçün sənətini ilahi bir eşqlə sevməlisən.

Əminik ki, hələ uzun illər İbrahim Muxtarzadə bu vətən, bu xalq üçün böyük işlər görəcək, respublikamızın iqtisadi yüksəlişinə daha böyük töhfələr verəcəkdir.

Yubileyin mübarək, İbrahim Muxtarzadə! Yaşamaq, yaratmaq, cəmiyyətə inşaatçı-mühəndis töhfəsi vermək həvəsinlə uzun illər tik, qur, ucalt…və 100 yaşa!

Zərbalı MİRZƏ,

Əməkdar Jurnalist

Sədaqətli dost, prinsipal rəhbər

Eşidəndə ki, aprelin 2-də dostumuz-həmkarımız İbrahim Muxtarzadənin 70 yaşı tamam olur, heç cür inana bilmədim – mən onu 55-60 yaşlarında təsəvvür edirdim. Quş qanadlı illərin necə tez keçdiyini duya bilməmişik – bir də gözümüzü açmışıq ki, hamımız yaşa dolmuşuq, necə ki, əziz dostumuz İbrahim müəllim artıq 70-ci yaşını başa vurdu…

İbrahim müəllimlə bizim tanışlığımız 1985-cı ilə təsadüf edir- belə ki, onda ikimiz də əlaqəli sistemlərdə çalışırdıq – İbrahim müəllim Göyçay 6 nömrəli Yol Tikinti İdərəsində baş mühəndis vəzifəsində işləyirdi, mən isə keçmiş “Başkolxozsovxoztikinti” İdarəsinin Təsərrüfatlararası Yol Tikinti trestində şöbə rəisi vəzifəsində çalışırdım. Sonrakı illərdə İbrahim Muxtarzadə uzun illər “Azəravtoyol” Dövlət Şirkətinin sifarişçi funksiyasını yerinə yetirən “Obyektlərin Birləşmiş Müdiriyyətinə” rəhbərlik etdi və həmin illərdən İbrahim müəllimlə qarışılıqlı işgüzar münasibətlərimiz yarandı və get-gedə bu münasbətlər səmimi dostluğa çevrildi.

Hansı xüsusiyyətləri İbrahim müəllimi mənimlə belə yaxınlaşdırdı – ilk növbədə işinə məsuliyyətli olması, verdiyi sözlərə vaxtında əməl etməsi, daim yeniliyə və yeni texnologiyalara can atması, həmişə öyrənmək və öyrənmək həvəsi. Hələ “Azəravtoyol” sistemində işləyərkən, yuxarıda qeyd etdiyim kimi, bizim çox işgüzar münasbətlərimiz yaranmışdı. O, illərdə İbrahim müəllimin rəhbərlik etdiyi kollektiv demək olar ki, respublikanın bütün rayonlarında aparılan yol, körpü və digər süni qurğuların tikintisi işlərini sistemli və əsaslandırılmış şəkildə əlaqələndirirdi.

İbrahim məllimin “Azəravtoyol” Dövlət Şirkətinin “Obyektlərin Birləşmiş Müdiriyyətinə” rəhbərliyi illərini bu sistemin ən inkişaf edən dövrü adlandırsaq heç də yanılmarıq. Belə ki, həmin illərdə yerinə yetirilən podrat işlərin çox böyük hissəsinin sifarişçisi məhz İbrahim müəllimin rəhbəri olduğu kollektiv olmuşdur. İbrahim müəllimin “Obyektlərin Birləşmiş Müdiriyyətinə” rəhbərliyi dövründə tikintisi və yenidənqurulması nəzərdə tutulmuş bütün obyektlərdə işlər vaxtında başa çatdırılmışdır.

Tale elə gətirdi ki, 2005-ci ilin oktyabr ayından biz yenidən bir sistemdə – “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətində birgə işləməyə başladıq. O, həmin ildən mənim çalışdığım “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətində Bakı Tikintimexanikləşdirmə filialının rəisi vəzifəsinə təyin olundu və bəri başdan deməliyəm ki, İbrahim müəllim bu vəzifədə də vicdanla, səylə işlədi, öz bilik və bacarığını sərf edərək icrası filiala tapşırılmış obyektlərin inşasını yüksək keyfiyyətlə olmaqla vaxtında başa çatdırmağa çalışdı. Cəmiyyətimiz üçün xüsusi prestij kəsb edən Azərbaycan Respublikası Milli Məclisinin əsas binasının yenidən qurulması və Milli Məclisin yeni inzibati binasının tikintisi işləri İbrahim Muxtarzadənin rəhbərlik etdiyi Bakı Tikintimexanikləşdirmə filialı tərəfindən yüksək keyfiyyətlə olmaqla dünya standartları səviyyəsində yerinə yetirilmişdir. Hər dəfə Milli Məclisin yanından keçəndə qürur hissi keçirirəm ki, bu binanın yenidən qurulmasında və inşasında həmkarımız, dəyərli dostumuz, səriştəli inşaatçı mühəndis İbrahim Muxtarzadənin də gərgin əməyi olmuşdur.

İbrahm müəllim daim öz üzərində çalışan, həmişə yeniliyə can atan, öyrənməkdən heç vaxt usanmayan, həyatın hər sahəsi ilə maraqlanan, həyat eşqi yüksək olan çox maraqlı insandır. İbrahim müəllimlə bir neçə dəfə beynəlxalq sərgilərdə rastlaşmışıq və bu sərgilərdə mən onun hər bir stendlə necə yaxından tanış olduğunun, maraqlandığının, lazımi qeydlər apardığının canlı şahidiyəm.

İbrahim müəllim həyatımızın hər sahəsi ilə dərindən və elmi cəhətdən maraqlanan, arzuları bitib tükənməyən həmkarımızdır – istər bağçılıqla, istər arıçılıqla, kənd təsərrüatının digər sahələri ilə və ən birincisi ovçuluqla həvəslə məşğul olur. Sadaladığım hər bir sahə üzrə İbrahim müəllimin çoxsaylı dostları vardır. İstər əvvəllər çalışdığı “Azəravtoyol” Dövlət Agentliyi sistemində, istərsə də indi çalışdığı “Azəraqrartikinti” Səhmdar Cəmiyyəti sistemində İbrahim müəllimin çoxsaylı dostları vardır, hər iki sistemdə böyük hörmətə, nüfuza malikdir. Yaşının bu çağında da İbrahim müəllim daim axtarışdadır – qurub yaratmaq axtarışında.

…Əziz dostumuz İbrahim Muxtarzadə Azərbaycanımızın uzunömürlülər diyarı Lerik rayonun Qışlaq kəndində anadan olmuş, buranın suyu və havası ilə böyümüşdür. Bütün bunlar, həmçinin İbrahim müəllimin bitib tükənməyən həyat eşqi, gümrahlığı belə deməyə əsas verir ki, inşallah hələ o çox yubileylərini qeyd edəcək, böyük Allahın köməyi ilə başqa cür olmağa İbrahim müəllimin heç bir mənəvi haqqı yoxdur. Unudulmaz Xalq şairimiz Osman Sarıvəllinin sözləri ilə desək:

“…Qardaş yüz il yaşamasan,

Günah sənin özündədir!”

Əziz dostumuz, dəyərli həmkarımız! Bir daha Sizi 70 illik yubileyiniz münasbətilə təbrik edirəm. Arzu edirəm səni sevənlərlə birlikdə sağlam canla hələ neçə-neçə yubileylərini qeyd edəsən.

Dərin hörmətlə,

Səmayıl QULİYEV,

“Azəraqrartikinti” Açıq Səhmdar

Cəmiyyətinin kollektivi adından:

İdarə Heyəti sədrinin müavini

 

Mühəndis əməyi şöhrət gətirir

Respublikanın tanınmış inşaatçısı Muxtarzadə İbrahim Qənbər oğlunun 1973-cü ildən başlanan tikinti yolu yolu yüksələn xətlə getmişdir. Azərbaycan Politexnik İnstitutunu bitirib təyinatla Baş Kolxozlararası Tikinti idarəsinə gəlib 1977-ci ilə qədər müxtəlif vəzifələrdə çalışmışdır. 1977-1990-cı illərdə Avtomobil Yollarının tikintisi və İstismarı Nazirliyinin Göyçay rayonunda yerləşmiş 6 saylı yol tikinti idarəsində baş mühəndis, 1990-2004-cü illərdə “Azəravtoyol” Dövlət Şirkətinin “Tikilən Obyektlərin Birləşmiş Müdriyyəti”nin rıisi vəzifəsində çalışmışdır.

Əmək fəaliyyəti dövründə yüksək texniki biliyə malik olmasını göstərmiş və bir çox səmərəli təklifin müəllifi olmuşdur. Avtomobil yolları üzrə yazılmış kitabların hazırlanmasında yardımçı olmuş və dəyərli məsləhətlər vermişdir.

Şəkildə İ.Q. Muxtarzadənin rəhbərliyi ilə tikilmiş Lerik rayonu ərazisində Qışlaq-Hovl-Bradı-Hamarat-Vijaker kəndlərini birləşdirən avtomobil yolu

Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyinin bazasında yaradılmış “Azəravtoyol” Dövlət Şirkətinin “Tikilən Obyektlərin Birləşmiş Müdriyyəti” idarəsinin rəisi işlədiyi illərdə İbrahim Muxtarzadənin rəhbərliyi altında avtomobil yolları üzrə tikilən obyektlərin maliyyələşdirilməsi və texniki nəzarət işləri müvəffəqiyyətlə yerinə yetirilmişdir. 1990-2004-cü illərdə onun rəhbərliyi altında tikilən avtomobil yolları obyektləri nəqliyyat vasitələrinin hərəkəti üçün təhlükəsiz və keyfiyyətli olmaqla istismara qəbul olmuşdur. Bu illərdə bədnam qonşumuz olan ermənilərin torpaq iddiasını nəzərə alaraq Qarabağda avtomobil yollarının tikintisinə xüsusi yer verilirdi. Belə avtomobil yollarından Qubadlı rayonu ərazisində uzunluğu 17 km olan Qubadlı-Xanlıq və uzunluğu 22 km olan Qubadlı-Çayzəmi avtomobil yollarını, həmçinin Zəngilan rayonu ərazisində uzunluğu 22 km olan Zəngilan-Şayıflı və uzunluğu 11 km olan M-6 avtomagistralı-Zəngilan avtomobil yollarını göstərmək olar. Bunlardan başqa Laçın və Kəlbəcər rayonları ərazilərində də uzunluğu 66 km olan Laçın-Şalva və uzunluğu 104 km olan Gəncə-Toğana-Kəlbəcər avtomobil yolları tikilib istifadəyə verilmişdir.

2005-ci ildən Muxtarzadə İbrahim Qənbər oğlu “Azəraqrartikinti”ASC-yə qayıtmış və bu Səhmdar Cəmiyyətin respublika ərazisində apardığı geniş quruculuq işlərində fəal iştirak etmişdir. Bu illərdə də o, Lənkəran, Astara və Lerik rayonları ərazisində bir sıra kənd yollarını tikərək müvəffəqiyyətlə istismara verib.

Respublikanın Əməkdar Mühəndisi Muxtarzadə İbrahim Qənbər oğlunun 2 aprel 2021-ci il tarixdə 70 yaşı tamam olur, bu münasibətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin kollektivi adından onu təbrik edir, möhkəm can sağlığı və mühəndislik işində yeni-yeni müvəffəqiyyətlər arzulayırıq.

 

Ə.A.QASIMOV,

Azərbaycan Avtomobil Yolları

Dövlət Agentliyinin

Avtomobil Yollarının İstismarı

və Təmiri idarəsinin rəisi

Oxşar xəbərlər

Leave a Comment