Paytaxtda daha bir yerüstü piyada keçidi istifadəyə verilir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi əsasında hazırlanan daha bir layihə yekunlaşmaq üzrədir.

Agentlikdən Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Neapol küçəsində Heydər Əliyev parkının yanında yerüstü piyada keçidinin tikintisi artıq sona çatır.

Bu ərazidə, yolun hər iki tərəfində yaşayış binaları, sosial və iaşə obyektləri mövcuddur. Bu üzdən keçid yolun sağ və sol tərəflərinə maneəsiz, təhlükəsiz piyada gedişini təmin edəcək.

Müasir görünüşü ilə fərqlənən keçidin uzunluğu 76.5 metr, daxili hündürlüyü 3 metr, keçidaltı qabariti 5.5 metrdir. Piyada keçidi 2 giriş-çıxışdan ibarətdir. Konstruksiyası metal, bəzək materialı alüminium kompozit panel və şüşə örtükdən ibarət olan yerüstü piyada keçidində fiziki məhdudiyyətli insanların rahatlığını təmin etmək üçün 2 müasir lift quraşdırılıb.

Qeyd edək ki, piyada keçidi təhlükəsiz istismarı, ətraf mühitin qorunması, həmçinin partlayış-yanğın təhlükəsizliyini təmin edən normalara, təlimatlara və Dövlət Standartlarına uyğun olaraq inşa edilib.

Hazırda ərazidə binanın mühəndis şəbəkələri ilə təminatı, abadlaşdırma və yaşıllaşdırma işləri yerinə yetirilir. Yaxın günlərdə yeni yerüstü piyada keçidinin vətəndaşların istifadəsinə verilməsi nəzərdə tutulub.

Oxşar xəbərlər

Leave a Comment