QABAQDANGƏLMİŞLİK (“İnşaatçı” qəzeti, 02 avqust 1989-cu il)

Telman ƏLİYEV,

Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun dosenti, inşaat fakültəsinin dekan müavini


“…Ermənilərə bütün həqiqəti onların üzünə deməyə kişiliyi çatan, cəsarətli, fədakar satiriklər lazımdır”.
V.L.Veliçko (1904-cü il).

Cəmiyyət hadisələrini dərk etmək çətindir. Çünki təbiət kələksiz, manevrsiz sirrini saxlayır. Cəmiyyətdə isə obyektivlə subyektiv qovuşur, dərketmə çətinləşir. Cəmiyyətdə baş verən hadisələrin qanunauyğunluğu subyekt tərəfindən dolaşdırılır, pərdələnir. Elə bil ki, müharibə edən iki tərəfdən biri o birinə kələk gəlib bomba əvəzinə qorxunc səs çıxaran boş çəllək tullayır. Təbiətdə isə yalan, manevr olmur. Çoxları üçün müəmmaya çevrilmiş “Qarabağ problemi” də inandırıcı görünürdü. Ancaq Çerçilin xoşladığı bir kəlam var: Hamını müəyyən vaxt aldatmaq olar, ayrı-ayrı adamları həmişə aldatmaq olar, ancaq hamını həmişə aldatmaq olmaz!

Uydurma “Dağlıq Qarabağ məsələsi” ortaya çıxandan bəri partiya və hökumətimiz ən yüksək instansiyalarda hər dəfə DQMV-nin Azərbaycandan ayrılmasına “Yox!” – demişdir. (21 fevral 1988, Siyasi Büroda; 18 iyul 1988-ci il tarixli SSRİ Ali Soveti Rəyasət Heyətinin iclasında; SSRİ xalq deputatlarının qurultayında; nəhayət, iyulun 1-də M.S.Qorbaçov yoldaşın Mərkəzi televiziya ilə çıxışında… Respublika hökuməti də xalqımızın iradəsini ifadə edərək “Torpaqdan pay olmaz!” hökmünü vermişdir).

Ancaq fitnəkarlar yenə aranı qızışdırmağa, vəziyyəti gərginləşdirməyə, millətlərarası münasibətdə sabitliyi pozmağa çalışırlar. Onlara isə nədənsə sovet qanunu tətbiq olunmur ki, olunmur.

Bizcə, bunun bir səbəbi də odur ki, respublika mətbuatı bu məsələdə sayıqlığını, mübarizliyini, ardıcıllığını itirir, hər iki xalqa həqiqəti, tarixi həqiqəti vaxtında çatdırmır. Həqiqət olmayanda yalan ayaq tutur. İdeoloji mübarizədə ara vermək olmaz, güzəşt olmaz, dala qalmaq olmaz, dinc yanaşı yaşamaq olmaz!

Erməni əhalisi arasında uzunmüddətli əkstəbliğat aparılmışdır. Güman edirəm ki, əməkçi erməni xalqı həqiqəti bilsə, daşnaksifət qızışdırıcılara inanmaz.

***

Birbaşa mətləbə keçək. Görəsən, millətçilər Azərbaycanın ruhu olan Qarabağın dağlıq hissəsini almaq istərkən bilmirdilər ki, bu işi nə zorla, nə zərlə aşırmaq olmaz? Otuz milyonluq Azərbaycan xalqının bir Qarabağı var, onu kim bölə bilər?! Ruhumuz, canımız Üzeyir bəyin vətəni hamımızın Vətənidir. Ermənilərin zaman-zaman Qafqaza və o sıradan Qarabağ dağlarına köçürülüb gəlmələri çoxlu rus mənbələrində (Qriboyedov, Şavrov və s.) nəfərinə qədər, dənə-dənə göstərilmişdir. 1928-ci ilə qədər Qarabağda, elmi mənbələrə əsasən deyə bilərik ki, iki cüt bir tək albandan dönüb erməniləşmiş, “erməni” olmuşdur. Gəlmə isə necə olmalı idi ki, o, özünü incik göstərməli, haqqının tapdandığını, evinin yıxıldığını uydurmalıdır. Qabaqdangəlmişlik daldan gəlib qabağa keçmək istəyənlərin metodudur. Gəlmələr bədbəxtliklərini bayraq etməklə yerli əhalini gözükölgəli etmək istəyirlər.

Qabaqdangəlmişliyi doğuran böyük bir səbəb də vardır. İndiki Ermənistan SSR yaradılarkən “proletar beynəlmiləlçiliyi” prinsipinə əsasən, qonşuluğa görə daşnakların, bəlkə hələ müsavatçıların da acığına böyük bir diyarımızı – Zəngəzur mahalını gənc Ermənistan Respublikasına bağışlamışıq. Torpaq bağışlamaq tarixdə görünməyən səxavətdir. Doğrudur, dünyada torpaq dəyişmək, torpaq satmaq, torpağı cehiz kimi vermək olub, ancaq ərazi bağışlamaq və onun əvəzində heç nə almamaq şərəfi təkcə biz millətə nəsib olub…

Millətçi ünsürlər gördülər ki, ölkəmizdə yenidənqurma inqilabı güclənir. Başladılar Azərbaycan xalqının haqqını – torpağını tələb etməsi ehtimalından qorxmağa. Bir də “Pravda”nın ötən il yazdığı kimi, Ermənistanda iş çətinə düşəndə “Qarabağ məsələsi” həmişə hazırdır…

Günlərin bir günü, keçmiş Xankəndində – Stepanakertdə və keçmiş İrəvanda – Yerevanda aldadılmış kütlə özünü yerə sürtərək Azərbaycan SSR DQMV-nin ərazili-əhalili Ermənistan SSR-ə birləşməsini tələb etdilər. Niyə? Çünki burada əhalinin yarıdan çoxu ermənidir (yada salaq ki, 1886-cı ildə Xankənddə cəmisi 2 nəfər erməni olub). Bu arqumentin əsassızlığı aksiomdur. Belə olsa, onda gərək ABŞ-ı İngiltərəyə calayaq, yaxud tərsinə. Çünki ABŞ-da yaşayanların əksəriyyəti ingilislərdir…

SSRİ-də 60 milyon əhali öz köklü millətinin yaşamadığı ərazidədir. İndi bir ovuc erməniyə görə, ölkədə köçəköç, qaçaqaç salaq?!

Qabaqdangəlmişliyin zirvəsi Sumqayıt hadisəsinin erməni millətçiləri tərəfindən törədilib, sonra da bizə qarşı bayraq edilməsidir. Sumqayıt hadisələrini onların törətdiklərini söylərkən heç də təkcə Sumqayıtda S.Qriqoryanın bir neçə nəfər erməni öldürdüyünü və çaxnaşma yaradanların əksəriyyətinin Ermənistan SSR-in Qafan rayonundan qovulub gələnlərin olduğunu nəzərdə tutmuram. Xankənddə azğınlaşıb respublikamızın suveren hüququna sataşanlara hücum çəkən, əliyalın dəstənin qarşısını biz özümüz alanda qədim Azərbaycan qalası Əsgəranın adını daşıyan rayonda ermənilər iki silahsız azərbaycanlı gənc oğlana atəş açıb onları öldürmüşdülər. Bununla “Qarabağ əməliyyatında” ilk qanı ermənilər tökmüşlər! Sumqayıtda bu xəbərin istisi canında olanlar, təəssüf ki, qana qanla cavab vermək xəyalına düşmüşdülər. Qafandan qovulanların gözünü qan örtmüşdü.

Sumqayıtda öldürülənlər arasında ermənilər də vardı, azərbaycanlılar da. Bu, cinayətdir! Bəs Sumqayıtda erməni millətçi ekstremistlərinin təhriki ilə kortəbii törədilmiş cinayətə genosid adı qoymaq nədir? Ən azı mənəvi cinayət! Saxarov yeznə sədaqəti ilə xarici radiolarla bütün dünyaya car çəkib Sumqayıt hadisəsini genosid adlandırır. İgidyan qurultayda Sumqayıta siyasi ad verilməsini tələb edir. O, unudur ki, Zvartnots hadisəsi ilə müqayisədə Sumqayıt çaxnaşması oyuncaqdır. Zvartnots siyasi terror və dövlət çevrilişinə sui-qəsddir. Axı söhbət beynəlxalq aeroportun tutulmasından gedirdi!

S.Xanzadyan rus dilində çıxan “Kommunist” qəzetində (20 aprel, 1989) rayonlarımızın çoxuna erməni adı qoyandan sonra Şəkiyə də ad qoyur (unudur ki, şəkililər özləri ad qoyandır): Şaki. Bununla işimiz yoxdur. Şəkililərin ancaq onlara xas olan müdafiə üsulları vardır. Şəkililər ermənilərə qarşı öz qonaqpərvərliklərini Sumqayıt hadisəsi zamanı da göstərdilər. “Pravda” yazırdı ki, bir şəkili sürücü on nəfər ermənini xilas edib, sağ-salamat Şəkiyə qaçırtmışdı…

Bu yaxınlarda Ermənistan SSR Ali Sovetinin sessiyasındakı çıxışında Z.Balayan deyib ki, biz daha Azərbaycana qarşı ərazi iddiası irəli sürmürük, ancaq Dağlıq Qarabağı Naxçıvan genosidinin gününə düşməyə qoymamalıyıq. (Ay Balayan, nə qədər genosid olar? Deyəsən, sizin ən sevimli sözünüz genosiddir!)

Burada genosid barədə öz fikrimi bildirmək istərdim. 1988-ci il iyulun 18-də SSRİ Ali Soveti Rəyasət Heyətinin iclasında M.S.Qorbaçov yoldaş Ermənistan Yazıçılar İttifaqının birinci katibi (artıq keçmiş) Varkes Petrosyanı kürsüdə saxlayıb, ona genosid sözünü düzgün başa düşmədiyini irad tutaraq genosidin siyasət olduğunu söylədi. Genosid (gen – nəsil, genosid – nəslin kəsilməsi) dövlət siyasəti səviyyəsində bu və ya digər xalqın nəslinin kəsilməsinə verilmiş hökm və onun xalq, ordu, polis (qəsdən milis yazmıram, çünki sosializmdə genosid ola bilməz!) tərəfindən həyata keçirilməsidir. Sumqayıt və Kirovabadda adam öldürülmüşdür… Bu, cinayətdir! Bizim xalqımız, hökumətimiz dərhal bu cinayətin qarşısını almış, neçə azərbaycanlı öz həyatını təhlükədə qoyub erməniləri xilas etmiş, evində gizlətmişdir. Belə də genosid olar?!

Saxarov, Arutyunyan, Hambartsumyan İgidyan, Dadamyan və başqalarına bir daha xatırlatmaq yerinə düşər ki, onların dedikləri türk genosidi haqqında olan iddianı Haaqadakı Beynəlxalq məhkəmə uydurma kimi rədd etmişdir.

Bəs bu nə qabaqdangəlmişlikdir? Səbəbi aydındır, tarixdə bəlli olan erməninin türkə qarşı törətdiyi genosidin izini itirmək üçün türk genosidi uydurmaq və bizi də ora qatmaq istəyiblər. Səhv etmirəmsə, Azərbaycan heç zaman Türkiyə  dövlətinin tərkibində olmayıb, əgər genosid dövlət siyasətidirsə onda Türkiyə ilə ermənilər arasında olan toqquşmaya bizi necə qatmaq olar?!

“Erməni genosidi” ifadəsinin müəllifi mən deyiləm. Bu barədə general Mayevskinin, podpolkovnik Tvyordoxlebovun, Lalayanın və s. əsərlərini oxumaq kifayətdir. Bu əsərlərdə erməni silahlı dəstələrinin köməksiz, silahsız, günahsız türkləri necə vəhşicəsinə öldürüb, sonra da namərdcəsinə qaçmaları verilmişdir. Bəs Sumqayıt hadisələridə S.Qriqoryan adlı birisinin bir neçə günahsız ermənini öldürməsinə nə ad qoyaq?! Bəlkə bu genosidin yeni növüdür; millətin öz nəslini kəsməsidir?! Bəlkə də erməniləri çirkli Sumqayıtdan qaçırıb, qabaqdangəlmişlk edərək, Ermənistandan azərbaycanlıları qovmaq üçün bəhanə əldə etmək hiyləsi imiş?! Sumqayıtda azərbaycanlılar erməniləri xilas etmişdilər. Dövlətimizin başçısı M.S.Qoraçov da bu həqiqəti qeyd etmişdir.

Soruşula bilər: azərbaycanlılar indiki Ermənistan SSR-dən döyülub, söyülüb, öldürülüb qovulanda bir nəfər erməni vətəndaş onların qolundan tutubmu, kömək edibmi? Olubsa, mətbuatın bu barədə yazmasını istərdim. Sumqayıt hadisəsini ermənilər törətməsəydilər, orada indinin özündə də, Ermənistan SSR-dən bütün azərbaycanlıların qovulduğu zamanda çoxlu erməni yaşamazdı.

Bu gün xalqımızın dahi oğulları yada düşür. Nərimanovun “Bahadır və Sona”sı, Sabirin “Beynəlmiləl”i, M.Cəlilin “Kamança”sı, Üzeyir bəyin “Biz Qafqazlı qardaşlarıq!” məqaləsi, C.Cabbarlının “1905-ci ildə” pyesi, Avetik İsahakyanın qardaş qırğınının qarşısını almaq cəhdi yada düşür. Bəs indi niyə Ermənistandan dostluq-qardaşlıq çağırışımıza səs gəlmədi? Düzü, mən ən çox bu cavabı böyük titullar sahibi, həm də Azərbaycan SSR EA-nın fəxri üzvü varnet V.A.Hambartsumyandan umurdum. Ancaq onun qurultaydakı səviyyəsiz çıxışı məni çox pərt etdi.

Qabaqdangəlmişliyin bariz timsalı İgidyanın qurultayda igid-igid danışması oldu. O, qurultayın ilk günlərindəcə qabağa düşüb Azərbaycana böhtanlar yağdırmaqla bizim suveren hüququmuza toxunmalarını, azərbaycanlıların Ermənistandan elliklə döyülüb, söyülüb, öldürülüb qovulmalarını deyəcəyimizin qarşısını almaq istəyirdi…

Onun xalqımıza şamil etmək istədiyi faşizm təşbihi də qabaqdangəlmişlikdən doğan böhtandır. Faşizm ideyası birdən-birə yaranmır. Öncə nasionalizm, sonra nasizm, daha sonra faşizm gəlir. Azərbaycan bu pillələrin heç birincisinə də ayaq basmamışdır. Hansı xalqın bu “pyedstallara” qalxdığı göz qabağındadır. Faşizm digər millətləri gözümçıxdıya salıb vətənindən qovmaqdır; bizim respublikada isə 100-dən artıq millət və xalqın nümayəndəsi bərabər hüquqlu adam kimi yaşayıb-yaradır. Bəs orada?! Ermənistan SSR-də, Lenin tərəfindən pislənmiş “xalis” respublika yaratmağa, demək olar, tam nail olmuşlar. “Xalis” respublikadan onun bizə yapışdırmaq istədiyi faşizmə neçə addım olduğunu İgidyan yaxşı bilir. Qoy türkü bəyənməyən türk familiyalı ermənilər (İgidyan, Balayan, Muradyan, Ayvazyan…) bizim susmağımızı başqa yerə yozmasınlar. Biz indiyə qədər “Qanan qanmaza borcludur” prinsipinə əməl etmişik. Faşist respublikası olsaydıq, başqa respublikalardan qovulan azərbaycanlılar, türklər, ləzgilər və s. bu gün bizə pənah gətirməzdilər. Nərimanovun vaxtında daşnakların qovduğu ermənilər də bizə sığınıb və onları yerləşdirən komissiyanın sədri böyük beynəlmiləlçi N.Nərimanov özü olub!

Qaldı Sumqayıtda ermənilərin erməni öldürməsinə – özünügenosidə, bu da erməni xalqının tarixində yeganə fakt deyildir. General Mayevski yazırdı ki, daşnak başkəsənləri əməkçi erməni xalqını öz bəd işlərinə qoşmaq üçün erməniləri öz əlləri ilə öldürmüş və bunu türklərin üstünə yıxmışlar. Qoy sumqayıtlı Sergey Qriqoryan özünü orijinal hesab etməsin.

Rusiya imperiyasının Van, Ərzrum və Bitlisdə baş konsulu olmuş general Mayevskinin 1902-ci ildə Peterburqda çaplanmış “Ermənistan genosidi” əsərindən bəzi fikirləri yada salaq: “Erməni qəhrəmanları haqqında bir şey eşidilibmi? Onların azadlıq uğrunda mübarizlərinin adı niyə yoxdur? Çünki onlar özləri yoxdurlar. Niyə? Ona görə ki, bu mübarizlər məhz öz xalqlarının cəlladı rolunu oynamış, onun azadlığı qayğısına qalmamışlar. Erməni banditləri adi qırğın törətmiş, baş kəsmiş və sonra qaçıb gizlənmişlər… Silahsız erməni kütləsi isə öz qanları ilə, sərvət və canları ilə silahlı qardaşlarının qoçaqlığının müqabilində cavab verməli olmuşlar”. Sonralar Andronik Mayevskinin uzaqgörənliyini şəxsi təcrübəsi ilə sübut etdi. Dünyanı qana çalxayıb, erməni əhalisinin təhlükədə qoyub xaricə qaçdı.

Sonra general yazır ki, onlar əsərlər yazıb, mahnılar qoşub gəncləri başdan çıxarmış və nəticədə: “…Hamı tək bircə fikirlə məşğul olmuş və həmin fikirlə ruhlandırılmışdır. Türkiyə ərazisində mümkün qədər çox qanlı cinayət törətmək”. General şəhadət verir: “Türkləri hər hansı vəhşilikdə təqsirləndirsələr də, bir söz deyəcəyəm: Türkiyənin müxtəlif şəhərlərində ermənilərlə müsəlmanların toqquşmalarında, şəxsən bildiklərim məndə belə bir əqidə yaratmışdır ki, qan axıdılması işi hər yerdə məhz ermənilərin öz təşəbbüsü ilə başlanmışdır. Əgər sabah onlar yenidən köhnə işlərin haqq-hesabını çəkməyə qalxsalar – ermənilərin bədbəxtçiliyi təzələnəcəkdir”.

General davam edir: “Məndə şəxsi sübut vardır ki, onlar (ermənilər – T.Ə.) soyuqqanlıqla dinc, silahsız, dinməz-söyləməz müsəlmanları öldürmüşlər. Öldürdükləri kürdlərin meyidinin başına oyun açmışlar”.

Bu fikir də Mayevskinindir: “Ermənilərə rus təbəəliyi yalnız kələkbazlıqlarını, intriqalarını və hər cür yaramaz işlərini ört-basdır eləmək üçün lazımdır”.

O, sanki bugünkü daşnakxasiyyət ziyalıları da görüb yazmışdır: “Erməni xalqı heç kimin yox, yalnız özünün ağlını itirmiş rəhbərlərinin qurbanıdır…”. “Bununla belə bu rəhbərlər tərəfindən guya tarixi əsərlər yazılır. Bunlarda həqiqət yoxdur, ona görə ki, erməni müəlliflər həqiqətə səylə göz yumurlar. Onlarda hər şey faktların şişirdilməsi əsasında qurulmuşdur. Onların bütün fəaliyyətləri ermənilərə rəğbət, türklərə nifrət yaratmaq niyyətilə yalan uydurmağa əsaslanır.

Bununla belə, türklər nəinki müsəlmanların, həm də qalan Asiya xalqlarının da ən yaxşı hissəsidir”. “Türk vəhşiliyini mən heç yerdə görmədim”.

1915-ci il türk genosidindən dəm vuranlara tarixin cavabı çoxdur. Həmin il rus generalları Nikolayevin iyulun 1-də və Bolxovitinovun iyulun 9-da qraf Vorontsov-Daşkovun ünvanına göndərdiyi xəbərdə daşnakların əlaltıları Tero və Xeçonun dinc türk əhalisini terrorla, vəhşicəsinə öldürdükləri göstərilmişdir. Vanda rus hərbi hissələrinin arxasında erməni daşnak əlaltılarının sabotajı ona gətirib çıxarıb ki, rus komandanlığı onları sadəcə olaraq topa qoyub atmaq barədə əmr verməli olmuşdur.

Yaxud, 1917-ci ilin yanvarında rus ordusu Trabzon, Ərzurum və Bitlisi tərk edəndən sonra burada daşnakların tör-töküntüləri dinc türk əhalisinə divan tutmuşlar. Bu barədə generallar Prjevalski və Odişelidze xəbər vermişlər. General Odişelidzenin xəbərində və Rusiya baş ştabının podpolkovniki Tvyordoxlebovun xatirələrində göstərilir ki, daşnakların əlaltıları Ərzincanda bütün türk əhalisini silah qabağında qovub erməni kilsəsinə və yaxındakı binalara doldurmuş, hamısını doğramış və yandırmışlar. İz itirmək üçün erməni daşnak hissələrinin əsgərləri rus ordusunun geyimini geymişlər. Bütün bu məsələlər çoxlu mənbələrdə yazılmışdır.

Çiçerinin “antisovet agent”, “ingilis agenti” adlandırdığı Andronikin qəddarlığı tarixdə məlumdur. Bununla belə qızışdırıcılar erməni mətbuatında bu günlər onu tez-tez yada salırlar. Ermənistanda rus dilində çıxan “Kommunist” qəzeti bu il iyunun 27-də Hayk Hayrapetyanın “Sərkərdə” adlı məqaləsini ona həsr etmişdir. Andronikin portreti də verilmişdir. O, nədənsə sağ əlini sol qulağının qabağına qoyub şəkil çəkdirməli olmuşdur.

Doktor Xroşenko 1918-ci il mayın 21-də yazdığı xəbərdə daşnakların Axalkalakidə yüzlərlə azərbaycanlını doğradığını göstərmişdir. O, dəhşətə gələrək yazmışdır: “XX əsrin mədəniləşmiş ermənilərinin vəhşiliyi budur!”. Daşnakların 70 il əvvəl Bakıda on minlərlə azərbaycanlını qırdığı da tarixin yaddaşından silinməmişdir. Bolşeviklər (xüsusən Caparidze) bu vəhşiliyin qabağını almaqda böyük rol oynamışlar. Sonra daşnaklar silahlı dəstələrini çəkib Şamaxıda daha ağır cinayətlər törətmişlər.

Görürsünüzmü, bizim də Azərbaycana qarşı “Erməni genosid”ini “bayraq” eləmək üçün hər cür əsasımız var. Hər halda 70 illik “yubiley” balaca tarix deyil… Ancaq xalqım ağlamağa, sızlamağa, özünü bədbəxt göstərməyə öyrənməyib. Dilimizdə belə bir sabitləşmiş ifadə var: “Olan olub, keçən keçib”. Bu, bizim xalqımızın qisasçı, revanşist olmadığını göstərir.

Xalqımız düşmən qazanan deyildir. Sübut? Bənövşə yarpağı boyda olan torpağımızda yüzdən çox xalq və millətin nümayəndəsi yaşayırkən, bu xalqların heç biri ilə bizim gərgin, kəskin münasibətimiz olmamış və yoxdur. Bu xalqlar hamısı bizimlə dilbir, əlbir, ürəkbirdir.

Sual oluna bilər: nə üçün erməni millətçiləri həmişə tarixin dönüş anlarında qızışaraq qabaqdangəlmişlik edirlər?! Qorxudan! Qorxurlar ki, biz onlardan qədim, halal torpağımızı istəyək, qorxurlar ki, biz onların yadına salaq ki, İrəvanın yarıdan çoxu bu yaxınlaracan azərbaycanlı olub; qorxurlar ki, Göyçə gölünün, Göyçə mahalının, Zəngəzur mahalının… adını tutaq.

Veliçkonun 1902-ci ildə çaplanmış “Qafqaz” əsərində erməni xalqına verilmiş xarakteristika məşhurdur, bunu hamı bilir, ermənilər özləri də bilirlər. Məqsədim heç də ermənilərin pisliyini təbliğ etmək olmadığı üçün əsərin bu hissəsindən sitat gətirmirəm. Həmin əsərdə bizim xalqımız haqqında olan bölmədən bir parçanı olduğu kimi vermək istəyirəm: “Böyüklük, təmizlik azərbaycanlıların, şübhəsiz, qanındadır. Onlar təbiətən xeyirxahdırlar, kişidirlər, böyük qəlblidirlər, ağıl və əxlaqca inkişafa qabildirlər”.

Qonşudan öyrənmək hünərdir. Ancaq Ümumittifaq radiosu ilə bildirəndə ki, erməni xalq rəqsi… “Uzundərə”, yaxud erməni xalq mahnısı “Sarı gəlin…” mən onların yerinə utanıram.

Qurultayda Dağlıq Qarabağın “ermənisizləşdirilməsi” haqqında yalan danışan adam dünən, srağagün 200 minə yaxın azərbaycanlının vəhşicəsinə indiki Ermənistan SSR ərazisindən qovduqlarını – Ermənistanı azərbaycanlısızlaşdırdıqlarını ört-basdır etmək niyyətilə qabaqdangəlmişlik edirdi.

Hər şeydə qabaqdangəlmişlik edirlər: DQMV-nə vaqon-vaqon göndərilmiş yükləri boşaltmayıb, sonra da dünyaya onları ac-susuz qoymağımızı car çəkəndə də, aylarla, illərlə işdən boyun qaçırıb, sonra bizim DQMV-də Azərbaycan kəndlərini abadlaşdırdığımızı uydurduqda da… Uydurmanın da həddi-hüdudu olar. Ermənistanda güclü zəlzələ olduqda ilk səs verən, köməyə gedən bizim respublika oldu. Mən mütəxəssis kimi göz yaşları ilə həmin faciəli anları izlədim. Ancaq erməni ekstremistləri bu təbii hadisədən də aranı qızışdırmaq üçün istifadə etdilər. Köməyə gedən 50 igidimizin, necə oldusa, təyyarəsi partladı, başsağlığı gəlmədi. Göndərdiyimiz yardım yükləri hörmətsizliklə qarşılandı. Bunlar azmış kimi misli-bərabəri görünməmiş bir yalan uydurdular və tez də mərkəzi mətbuata çıxartdılar, bunun ustasıdırlar. Guya Azər adlı birisi Bakıdan teleqram vurub erməniləri zəlzələdən qırılmaları münasibətilə təbrik edib.

Sonra məlum oldu ki, Bakıdan belə teleqram vurulmayıb. Teleqramı Azər yox, ermənistanlı Armen vurub…

Bəllidir ki, zəlzələdən sonra bütün ölkə Ermənistan SSR-ə inşaat materialları göndərir, orada evsiz-eşiksiz qalanlara ev tikilməsini sürətləndirməyə çalışır. Belə bir şəraitdə Ermənistanın harasına yaraşır ki, hərbiçilərin müşayiətilə DQMV-yə – bizim respublikamıza maşın-maşın tikinti materialı göndərir. Sonra aydın oldu ki, qara qızın dərdi varmış, inşaat materialı adı altında Dağlıq Qarabağa partlayıcı maddə göndərirmişlər (bax: “Bakinski raboçi”, 9 avqust, 1989). Bundan başqa axı, DQMV-nin erməni əhalisi aylardan bəridir ki, işləmir, işləməyən şəhər tikinti materialını neyləyir?! Primitiv provakasiyadır. Laçınlılar onu vaxtında ifşa etdilər.

…Qurultayda əleyhdarlarımızın çıxışında (Starovoytova, Poqosyan, İgidyan, Dalamyan…) mədəni primitivlik özünü göstərirdi… Görünür, özünü bic hesab edənləri bir cəhət birləşdirirmiş: primitivlik. Bic adam axırda öz bəlasına gəlir. Ermənistanda avqustun 15-də dəmiryolunu partladanda primitivlik ucundan özü də partlayan Artuş Parçaqanyan kimi…

…ABŞ senatının Azərbaycan SSR DQMV haqqında çıxardığı məzmunsuz, böhtanla dolu primitiv qətnaməyə respublika hökuməti qəti etirazını bildirib. Senat da etirazımızı qəbul edib. Əlavə etmək istərdim ki, sağ olsun senat üzvləri, bizi nigarançılıqdan qurtardılar. Biz bilirdik və bu barədə ötən il dekabrın 3-də yazmışdıq ki, “Qarabağ məsələsi” SSRİ-yə qarşı yönəlmiş beynəlxalq fitnəkarlıqdır. Senat özünü satmalı oldu!

ABŞ senatının qətnaməsi oxucularımızın qanını qaraltmışdır. Onların könlünü almaq üçün bir lətifə yazmaq istəyirəm.

Bir dəfə Amerika qəzetlərindən biri yazıbmış: senatın üzvlərinin yarısı axmaqdır. Sonra qəzetçini məcbur ediblər ki, sözünü geri götürsün. Qəzet düzəliş verib: “Biz yazmışdıq ki, senatın üzvlərinin yarısı axmaqdır, həmin fikri belə oxumaq lazımdır: “Senatın üzvlərinin yarısı ağıllıdır…”. Ancaq biz istərdik ki, heç olmasa, senatın üzvlərinin üçdə ikisi ağıllı olsun ki, o, bir də belə məzmunsuz qətnamə çıxarmasın…

Təklif edirəm ki, respublikamız senatın qətnaməsini Haaqada olan Beynəlxalq məhkəməyə versin.

Tarixdə milli qırğın törətməkdən ağır cinayət tanımıram. Milli qırğında, ilk növbədə, günahsız, köməksiz adamlar ölürlər. Mən istəyirəm ki, bütün xalqlar xalqımla dost olsunlar. İstəməzdim ki, dünyada 6 milyondan artıq olan erməniləri daşnaklar, millətçilər bizə düşmən eləsinlər. Xalqımızın milyard dostu varsa, yenə azdır! Bircə düşməni varsa, o da çoxdur!

Bu il yarımda daşnaksifət erməni millətçiləri dinc əhalimizi dəfələrlə milli qırğına çəkib. Biz onun qarşısını mənatələ almışıq. Suveren hüququmuzun pozulmasına qarşı siyasi mübarizəmizi isə bütün kəskinliyi ilə aparacağıq. Daşnaksifətlər unutmasınlar ki, bir gün Qarabağ dahisi Niyazinin şimşək əlləri Qarabağ dühası Üzeyir bəyin “Koroğlu”sunun üvertürasını çaldıra bilər!

Sov.İKP MK-nın Baş katibi, SSRİ Ali Sovetinin sədri M.S.Qorbaçov yoldaşın iyulun 1-də Mərkəzi televiziya ilə çıxışına həyəcan və ümidlə qulaq asdıq. “Millətlərarası ədavət yayılsa, yerli millətdən olan adamlarla bərabər başqa millətlərdən olan milyonlarla adamın da yaşadığı regionları əhatə etsə, onda bəs nə olsun?

Məgər aydın deyilmi ki, bu düşüncəsiz ədavət son dərəcə faciəli nəticələr verə bilər?! Bütün bəşəriyyəti zorakılıq olmayan dünyaya çağırdığımız halda, biz başqalarına necə nümunə ola bilərik?”.

Xalqlapımızın dostluğunu qorumaq üçün tarixi kələkbazlardan, yalançı alimlərdən qorumalıyıq… Çoxmillətli ölkəmizdə beynəlmiləlçiliyin və xalqlar dostluğunun alternativi yoxdur.

 

 

Oxşar xəbərlər

Leave a Comment