SƏNƏTİ İLƏ UCALAN MÜHƏNDİS

Təbrik edirik!

Hacı Elbrus Əsədov – 70


 2006-cı ildə Kənd Tikinti Nazirliyinin 40 illik yubileyi münasibəti ilə sənədli-bədii kitab hazırlamaq barədə “Azərkəndtikinti” ASC-nin sədri, Respublikanın Əməkdar Mühəndisi hörmətli Litvin İbiş oğlu Abasovdan tapşırıq aldım. Litvin İbiş oğlu kitabla bağlı bütün informasiyaları, istiqamətləri sədr müavini Rauf Məmmədzadədən alacağımı bildirdi. Kitabda Kənd Tikinti Nazirliyinin 40 illik tarixi arxiv materiallarından istifadə etməklə qazanılan uğurlar, problemlər analiz olunmalı, eyni zamanda kənd tikintisinin ayrı – ayrı dönəmlərində burda çalışmış və böyük xidmətləri olan idarə rəisləri, mühəndislər haqqında da yazıların getməsi nəzərdə tutulmuşdu. Rauf Məmmədzadənin tərtib etdiyi siyahıda Hacı Elbrus Əsədovun adı da siyahının yuxarı sütunlarında idi. Və beləcə günlərin birində Hacı Elbrusla onun Badamdar qəsəbəsinin girişində olan ofisində görüşdük. Bi saatlıq söhbətimzin yekunu kimi onun haqqında gözəl bir yazı hazırladım və yazı nazirliyin 40 yaşına həsr etdiyim “İnşaat kompleksinin kənd tikinti zirvəsi” kitabımda dərc olundu.

Deyim ki, sonrakı illərdə də bu əməli saleh insanla əlaqəmiz, ünsiyyətimiz davam etdi və bu gün də davam edir. 15 il öncə ilk görüşümzdə aldığım təəssürat, onun bir mühəndis kimi, insan kimi, valideyn kimi, tikintidə rəhbər kimi və bir Azərbaycan vətəndaşı kimi görüb qəbul etdiyim xarakteri bu gün də dəyişməz olaraq qalır, illər öncə necə idisə bu gün də o cürdür, mərd, mübariz, vətənini canı qədər sevən insan və sənətini uca tutan mühəndis olaraq tikinti sahəsində fəaliyyətini uğurla davam etdirir. Hacı Elbrus əməli salehliyi ilə əməllərində də əsil hacıdır.

Hacı Elbrus Əsədov 1951-ci il yanvarın 1-də Ağcabədi rayonunun Təzəkənd kəndində ziyalı ailəsində anadan olub. Əslən oralı olmasalar da, atası Səlim Əsədov işi ilə əlaqədar burada yaşamış və burada da haqq dünyasına qovuşmuşdur.

Hacı Elbrus Əsədov 1968-ci ildə orta məktəbi bitirib Bakıya gələrək sənədlərini Azərbaycan Politexnik İnstitutuna verir, ancaq müsabiqədən keçə bilmir. O zaman Politexnik İnstitutunun nəzdində hazırlıq kursu var idi. Elbrus sənədlərini hazırlıq kursuna verir və təhsilini davam etdirir. Və bu arada anasının qəflətən dünyasını dəyişməsi ona çox pis təsir edir. O, sarsılır və dözməyərək, könüllü olaraq Sovet Ordusu sıralarında xidmət etmək üçün ərizə yazır. 1970-1972-ci illərdə Almaniyada hərbi xidmətdə olur. Elbrus ordudan tərxis olunduqdan sonra sənədlərini Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna verərək “Sənaye mallarının əmtəəşünaslığı” fakültəsinə qəbul olunur və axşam şöbəsində təhsil almağa başlayır.

O, 1972-ci ilin oktyabrında o zaman Kənd Tikinti Nazirliyinin Xırdalanda olan İstehsalat Texniki Kompiekləşdirmə İdarəsində dispetçer kimi ilk əmək fəaliyyətinə başlayır. Sonra usta, sahə rəisi, təşkilat komsomol komitəsinin katibi və rayon Komsomol Komitəsinin büro üzvü seçilir, özünü fəal və ictimaiyyətçi işçi kimi tanıdır.

1976-cı ilin mart ayında o zaman Masallıdakı 3 nömrəli trestin müdiri, yeri behişt olmuş Ənvər Qasımov günlərin birində onu rəhbərlik elədiyi 3 nömrəli trestə təchizatçı kimi işə qəbul edərək 7 rayonun təchizat işini ona həvalə edir. Hacı Elbrusun işə başlaması ilə 3-cü trest üzrə Azərbaycanın bütün bölgələrindən, eləcə də Rusiyanın şəhərlərindən lazım olan inşaat materiallarının alınıb gətirilməsi az bir vaxtda qaydasına düşür.

Hacı Elbrus Əsədov 1976-1979-cu illərdə 3 nömrəli trestdə təchizatçı işləyir, sonra isə onu köçürmə yolu ilə respublika Təchizat İdarəsinin Nasosnıda yerləşən taxta-şalban bazasına müdir gətirirlər. Böyük baza idi, iş isə çox məsuliyyət tələb edirdi. Bazaya gün ərzində 70-80 vaqon yük daxil olurdu. Materialların qəbul edilməsi, boşaldılması və başqa bölgələrə göndərilməsi operativ şəkildə həll olunmalıydı. Hacı Elbrus 1979-1981-ci illərdə burada çalışır.

Hacı Elbrus xatırlayır:

-“Qış aylarında heç evə getməyə imkan da olmurdu. O zamanlar mən subay idim və çox vaxt gecəni bazada qalıb səhərəcən işləyirdik. Bir dəfə belə bir hadisə olmuşdu. O zaman respublika qəzetlərində belə bir məsələ qaldırılmışdı ki, vaqonlar boşaldılmır, yüklər obyektlərə vədəsində çatdırılmır və s. və ilaxır. Və günlərin birində respublika Təchizat İdarəsinin sədr müavini Sabir Cəbiyev gecə saat 3-də bazaya gələrək məni soruşub ki, müdir hanı? Deyiblər ki, müdir krandadır, kranovşik yorulduğu üçün onu əvəz eləyir, yük boşaldır. O, heç bir söz demədən gedir. Bunu deməkdə məqsədim odur ki, biz belə işləmişik hər zaman. Bizdə yatmaq yox idi, bütün sutkanı işləyirdik.”

O, 1981-ci ilin ortalarında yenidən doğma iş yerinə – Kənd Tikinti Nazirliyinin Masallıdakı 3 nömrəli trestinə, öz əvvəlki vəzifəsinə qayıdır. Bu, onun ürəyincə idi. Və o, daha 13 il – 1994-cü ilə kimi burada çalışaraq 3-cü trestin uğurlarına yardımçı olur.

1994-cü ilin əvvəllərində Litvin İbiş oğlu Abasov onu Xırdalanda yenicə açdığı bazaya müdir təyin edir. Və o, Nəqliyyat və Mexanizasiya Birliyinin nəzdində açılmış bazanın müdiri kimi birliyin nəzdində olan idarə və təşkilatları mal, material, ehtiyat hissələri, təkər və s. ilə təchiz etməyə başlayır. Az sonra isə birlik struktur dəyişikliyi nəticəsində ləğv olundu və baza nazirliyin tərkibində qaldı. O, 1994-cü ildən 1998-ci ilə kimi bu bazaya rəhbərlik edib.

1998-ci ildə Respublika Prezidentinin sərəncamı ilə tikinti yönümlü birliklər Səhmdar Cəmiyyətə çevrilərkən o sərbəst təşkilata çevrilir və Əmlak Komitəsinin tərkibində hardasa il yarım ərzində fəaliyyət göstərir.

O, 1998-ci ildə kənd tikintisindən məcburən, dövrün, zamanın hökmü ilə getsə də özünü həmişə bu doğma kollektivlə bir cərgədə, bir sırada görür. Çünki Kənd Tikinti Nazirliyi onun taleyidir, onu bu mərtəbəyə çatdıran da bu nazirlik, bu nazirliyə rəhbərlik etmiş korifey inşaatçılar olub.

Hacı Elbrus Əsədov 1998-ci ildən İmişlidəki “İmişli-Yoltikinti- 6” İdarəsinin rəis müavini vəzifəsinə işə qəbul olunur. Məqsəd də bu idi ki, Hacı Elbrus təcrübəli təchizatçı kimi idarənin təchizat yükünü öz çiyninə götürsün, işi nizamlasın. Və elə də olur. Hacı Elbrusun yol idarəsinə gəlişi uğurlu olur. Onlar Respublika Prezidentinin sərəncamı ilə Dövlət Neft Fondunun vəsaiti hesabına qaçqın və məcburi köçkünlər üçün salınacaq yeni yaşayış qəsəbələrinin tikintisi üzrə keçirilən tenderlərdə iştirak edir və ayrı-ayrı lotlar üzrə qalib gəlir. Və evlərin tikintisini, qəsəbədaxili yolların çəkilişini, elektrik xətlərinin və su təchizatı sisteminin qurulması işlərini yüksək keyfiyyətlə həyata keçirərək böyük uğurlar qazanır.

Hacı Elbrus 2000-ci ilə kimi “İmişli Yol-tikinti-6”-da böyük əmək sərf edir və həmin ildən 1998-ci ildə təsis etdiyi və direktoru olduğu “Elnur” firmasını işlətməyə başlayır. Hacı Elbrus İmişlidə işlədiyi illərdə bu sahədə böyük təcrübə toplamışdı. O, Horadizdə, Haramıda, Biləsuvarda və İmişlidə qaçqın şəhərciklərində yol çəkilişində böyük asfalt işləri görərək xeyli təcrübə toplamışdı.

Hacı Elbrus 1972-ci ilin oktyabrından Kənd Tikinti Nazirliyi sistemində işləməyə gəlib. Arada iki il Respublika Təchizat İdarəsində baza müdiri işləsə də, o yenə doğma kollektivə dönmüş və 1998-ci ilə kimi – 26 il kənd tikintisinin yüksəlişinə xidmət etmişdir. O, Saleh Hacıyevlə də, Dadaş Asanovla da, Şair Həsənovla da işləyib. Ən çox isə Litvin Abasovun rəhbərlik illərində işləyib. Bu nazirlərin hər biri ona yaxşı münasibət bəsləyib. Cavan və bacarıqlı olduğuna görə ona başqalarına nisbətən daha çox qayğı göstəriblər.

Hacı Elbrusun 15 il əvəl dediyi sözləri bu gün də xatırlayıram. Hacı o zaman demişdi ki, Litvin İbiş oğlu həmişə, bütün zamanlarda ona “oğlum” – deyə müraciət etmiş, o da ona həmişə valideyn, ata gözü ilə baxmış, bu gün də baxır. O sözünə davam edərək belə demişdi:

-Mən bu gün kənd tikintisində olmasam da böyük ustadım, müəllimim kimi ona telefon açıram, arada gedib yoluxuram. Litvin müəllim sözün həqiqi anlamında böyük tikinti mühəndisidir, müəllimdir. Bu gün respublikamızda böyük tikinti-quruculuq işləri aparılır. İnkişaf göz önündədir. Düşünürəm k, Litvin İbiş oğlu ustad inşaat rəhbəri kimi çağdaş quruculuq prosesinin içində olmalıdır. O, bir tikinti ağsaqqalı kimi, ümumən ölkə inşaatına bundan sonra da çox böyük fayda, xeyir gətirə bilər. 

Bu sözlər Hacı Elbrusun öz ustadına olan hörmət və ehtiramının təzahürüdür.

Hacı Elbrus Əsədov bu gün hamıya lazım olan bir ömür yaşayır. O, ailənin böyük övladı olduğu üçün ta əzəldən ailənin yükü həmişə onun çiynində olub. Qardaş, bacılarının oxuması, həyatda mövqe qazanması üçün nə lazımsa eləyib. Və bu gün də öz ağsaqqallığını etməkdədir. Hacının bir qızı var – Arzu adında. Azərbaycan Tibb Universitetini bitirib. Arzu ailəlidir, bir oğlu, bir qızı var.

Hacı Elbrus Əsədov həyatda bütün arzularına öz gücü ilə çatıb, bütün uğurlarını zəhməti, alın təri ilə qazanıb. Baxmayaraq ki, atası rəhmətlik Səlim müəllim həmişə vəzifələrdə olub. Ağcabədi rayonunun “Pravda” kolxozunda 7 il sədr işləyib. 1998-ci ildə 70 yaşında haqq dünyasına qovuşan Səlim müəllim övladlarına həmişə sərbəstlik vermiş, onların sənət seçimini, həyatda mövqe qazanmalarını öz bacarıqlarının öhdəsinə buraxmışdır. Anası Gültamam xala isə evdar qadın olub. Ailənin qayğı yükünü öz kövrək çiyinlərində daşıyıb.

Hacı Elbrus Əsədovun direktor olduğu “Elnur” İstehsalat Kommersiya Firması bu gün fəaliyyət göstərir və əsasən distrübitor fəaliyyəti ilə məşğuldur.

Onun ölkə tikinti kompleksində daha böyük uğurları qabaqdadır.

…İnsanlara hörmət və sevgi bəsləyən insanlar mükəmməl ətraf və əməkdaşlığa nail olurlar və onların müvəffəqiyyətinin başlıca sirri insanlara bəslədikləri hörmət və sevgidədir. Hacı Elbrus Əsədovun həyatda və cəmiyyətdə, tikinti qurculuq sahəsində qazandığı bütün nailiyətlər məhz onun insanlara olan sevgisi və hörməti sayəsində mümkün olmuşdur.

“İnşaatçı” qəzetinin yaradıcı kollektivi və tikinti kompleksində uzun illər onunla çiyin-çiyinə Azərbaycan kəndini tikib gözəlləşdirən kənd tikinti inşaatçıları adından Hacı Elbrus Əsədovu 70 illik yubileyi münasibətilə səmimiyyətlə təbrik edir, ona möhkəm can sağlığı, bundan sonrakı fəaliyyət illərində yeni-yeni uğurlar arzulayırıq.

Zərbalı MİRZƏ

 

Oxşar xəbərlər

Leave a Comment