SƏNSİZ KEÇƏN İLLƏRİ, ÖMÜRDƏN SAYMARAM MƏN…

ELEGİYA

Bir dərya göz yaşı ilə yazılan son sevgi etirafı


Bu dünyada biz də var idik… Biri, bu gün ömrün 61-ində taleyi çiliklənən, dünyası dağılan, həm cismani, həm də mənən ölü mən idim, biri isə ömrünün 55-ci baharında ömrü yarımçıq qalan, dünyadan nakam köçən, mənim tale qismətim, ömür həmdəmim Xəysə idi, artıq ikimiz də yoxuq. Xəysəm haqq dünyasında, mən isə onun görüşünə çataçatda…

…Yox, bizi tanıyanlar, əzizlərimiz üçün varıq, həmişə olacağıq.

***

Nə qədər nəfəsim üstümdədi, özümüzdən və sevgimizdən yazmaq istəyirəm, bağlanmış ömür kitabımız barədə danışmaq istəyirəm, yaxınlarımıza xatirə üçün…

***

2021-ci ilin iyul ayının 20-si tarixində

ailə həyatımızın 35-ci ilini bayram eləmək istəyirdik,

bu barədə aramızda söhbətimiz də olmuşdu, qohumları, dostları, ailəmiz üçün əziz olan insanları bir araya gətirib xoş anlar yaşamaq istəyirdik, qismət olmadı.

…Martın 15-də Xəysənin doğum gününü – 55 illik yubileyini ailəliklə qeyd etdik, qohumları dəvət eləmək istədim, Xəysə istəmədi, dedi ki, 35 illiyimizdə yığarıq hamısını bir süfrə başına. O daha maraqlı və yadda qalan olar. Ancaq o 35 illik yubiley də olmayacaq və yadda da qalmayacaq, yadda qalan ancaq nisgilli xatirələr olacaq…

Çünki, fələk bizim saydığımıza baxmadı, öz bildiyi, istədiyi kimi saydı. Sənin, mənim saydığımıza baxan var ki? Əsla!

Birlikdə çəkdirdiyimiz son foto-şəklimiz… 15 mart 2021-ci il.

Hələ martın 15-dən də bir iki gün əvvəl artıq mən yoluxmuşammış və ömür dostumu da bu bəlaya düçar etmişəmmiş, bunu sonrakı günlərdə bildik və artıq bizim yoluxduğumuz öz təsdiqini tapdı və acı sonluğumuz da bütün dostlara məlum, mən sağaldım, Xəysəmi isə xilas edə bilmədik, o, haqqın dərgahına qovuşdu. Deyirlər, Allah yaxşıları daha tez aparır. Burda nəsə bir həqiqət var, yəqin. Cənnət özü də cənnətə qovuşmaq, cənnət görmək üçün Xəysəmi məndən tez-tələsik alıb apardı – düşünürəm. Bunu başqa cür izah edə bilmirəm. Mən xəstəliyi evə gətirdim və evdəkilərə acı yaşatdım, taleyim alt-üst oldu. Bütün olmuşların baiskarı mən olsam da yaşayıram. Dünyanın niyə belə işləri var axı? Niyə belə olmalıdı ki? Bu, yaşamaqmı?  Yox, bu, əzabdı, insanın bu dünyada yaşadığı cəhənnəmdi ki, uca Yaradan hansısa səhvimə görə məni cəzalandırdı, çox pis cəzalandırdı. Mən yoluxmasaydım, Xəysə də bu gün bizimlə idi. Niyə belə oldu, axı?  Suallar o qədər çoxdu ki, heç birinin tutarlı cavabı da yox. İndi ha başına, gözünə döy, nə xeyri?…

Hansısa dahinin sözləridir, məzmunu belədi ki, sevimli həyat yoldaşını itirmək (Allah heç kəsə övlad dağı yaşatmasın) övlad itksi kimi ağırdır, faciəlidir. Bu sözdə böyük həqiqət var imiş, dostlar. Hansı yaşda olur olsun bir kişinin sevimli həyat yoldaşını vaxtsız itirməsi, bu, həyatın, yaşamağın sonudur. Bunun başqa bir adı yoxdu.

Kəndimizdə çox hörmətli riyaziyyat müəllimiz var idi. Məhəmməd müəllim, bu gün haqq dünyasındadı, yeri behişt olsun. O, deyirdi ki, kiminləsə düşmənçiliyin varsa, ona qarğış elə ki, “Allah həyat yoldaşını öldürsün”. Özü həyat yoldaşını tez itirmişdi deyə, yaşadığı faciənin böyüklüyünü bu sözlərlə çatdırırdı. Doğrudan da çəkilməz dərddi. Heç kəsə qismət olmasın.

Görünməz olub, ömür dostumun ruhu ilə danışıram

İçimdə dərdim, beynimdə sözlərim o qədər çoxdu ki, bilimirəm hansını deyim, necə deyim. Yaşadığımız xoşbəxt 35 ilimizin yığcam panoramasını necə çatdırım ki, dolğun olsun, yaşadığımız ömrə yaraşsın. Ancaq həyatımızı olduğu qədərində çatdıra bilməkdə mənim qələmim çox aciz.

Bu gün elə bir durumdayam ki, sanki ürəyimin yağı axıb, halsızam, ürəyim yarımçıq vurur, içimdə nəsə qırılıb, həyatım sönüb, sanki bir boşluqda, çəkisizlilkdəyəm.

Tələbəlik illərində ən çox sevdiyim əsərlərdən biri İngilis yazıçısı Herbert Uellsin “Görünməz adam” fantastik romanı idi, sonra onun filminə də baxdım. Hər zaman özümü o görünməz adama bənzətmişəm, yuxularımda gözə görünməz olub arzularımı həyata keçirmişəm. Bu gün də özümü gözə görünməz edib, ömür dostumun ruhu ilə danışıram, dərdləşirəm. Ancaq yuxuda yox, real həyatda. O, bizi tərk etdiyi 40 günün hamısında onunla söhbət etmişəm və edirəm. Evdə də, hər gün ziyarətə getdiyim məzarının üstündə də… Hara gedirəm bir gedirik, qoşa addımlayırıq. O, mənim üçün sağdır, yaşayır və mən onu görürəm. Yəqin bunu çoxlarınız təsəvvür edə bilmərsiniz. Bunu bu acını yaşayan sevənlər bilər.

Bircə biləydik bizi, kimin qarğışı tutdu?

Məni mi qarğımışdılar? Bəs niyə  məni sevdiyimin itkisi ilə məhv etdi, Allahım? Olmazmıydı ki, mənə öz canım üstdə cəza verəydi? Xəysəni mi qarğımışdılar? Axı niyə? Xeyirxah, nəcib, gözəl qəlbli, Allah adamı olan böyük ürəkli, əməlisaleh xanım olduğuna görəmi qarğamışdılar? Bu suallara kim cavab verə bilər, axı?

Nə xoşbəxt imişik hər zaman, Allah…

Nə xoşbəxt imişik hər zaman Allah… Bəs niyə bilməmişik xoşbəxt olduğumuzu? Hər anımız xoşbəxtlik imiş, ömrümüz başdan başa gözəllik imiş, tamaşa imiş, səadət imiş – bilməmişik. Görəsən bir daha olarmı o günlər?  Çətin! Xoşbəxtliyimiz əlimizdən çıxandan sonra o günlər üçün darıxırıq, yalvarırıq ki, kaş o gözəl günlərimizə qayıda bilək.

Bəs niyə qurban olduğum bu xoşbəxtliyi bizə çox gördü?!

Heyif deyirəm,  taleyimin bu sonluğuna, yaşamaq eşqi coşub çağlayan, lakin dünyadan vaxtsız, arzuları yarımçıq köçən Xəysəmin yarımçıq qalan ömrünə, cavanlığına min heyif deyirəm. Heyif deyirəm bizim birgə yaşanmayacaq illərimizə. Və yazıq mənə.

Mən hər zaman söhbətlərimizdə deyirdim ki,

məni 70 yaşa çatdır,

(çünki olmayan xəstləliyim yoxdu, məni xüsusi pəhrizlə bu 35 ildə yaşadan Xəysəm olubdu) sonrası Allah bilən məsləhətdir, sən isə inşallah 85 il yaşayacaqsan. Soruşurdu ki, niyə məhz 85 il? Arzumu belə əsaslandırırdım ki, mən səndən 6 yaş böyüyəm, üstəgəl 9-10 il də Allahdan sənə ömür istəyirəm ki, övladlarımızın, nəvələrimizin pasibanı olasan. Onlara ana lazımdı, nənə lazımdı, uşaqlar atadan yox, anadan yetim qalır. Həm də sən güclüsən, iradəlisən, tədbirlisən, uşaqlara daha çox arxa kömək ola bilərsən. Allahım İllərlə arzuladığım, dualar etdiyim bu arzumu eşitmədi, yerə vurdu. Ömür dostumu 85-də yox, 55-də apardı. Bizə cəmi 35 – cə il birgə yaşamaq xoşbəxtliyini nəsib elədi. Bilsəydik, bu 35 ilə çox arzularımızı sığdırardıq, daha vacib işləri tez-tələsik realaşdırmaga çalışardıq, cəhd edərdik, çox şeyləri tezləşdirmək olardı. Hardan biləydik axı taleyin bizə yazdığını, vaxtın belə azlığını, dünyanın bunca namərd olduğunu? Yoxsa hər şeyi zamanın axarına buraxmazdıq.

Mən hər zaman, hər an uca yaradanla söhbətləşirəm, dərdləşirəm, ta cavanlıqdan beləyəm. Bəzən olur ki, saatlarla söhbətləşirik. Xəysəm xəstəxanada olduğu günlərdə Allahımdan həyatımın ən böyük diləyini istədim: “Allahım, bizi bir-birimizdən ayırma!”, min dəfələrlə bu sözü təkrarladım, yalvardım, dualar etdim, qurban olduğum eşitmədi…

Yanında üzüm qara…

Ailə ocağımızın zəhmətini, yükünü ən çox sən çəkdin hər zaman, bütün çətinliklərə fədai, cəfakeş kimi sinə gərdin, özünü bizim üçün şam kimi əritdin və sonda bizə od vurub bu dünyadan nakam köçdün, çəkdiyin zəhmətin bəhrəsini görmədin. İndi udduğum havanı da, içdiyim suyu da, hər şeyi, hər nə var … hamısını özümə haram bilirəm. Çünki 35 il mənə bu dünyada cənnəti yaşadan, mənə həyat verən, hər əzabıma qatlaşan əziz bir insanı – dostumu, SƏNİ qoruya bilmədim. Ancaq bilirəm ki, sən məni mütləq xilas edərdin, səndə o qüdrət vardı, mən çox fərsizəmmiş. Sizcə yaşamaq haram deyilmi mənə? Bu təskinlikdi ki, çalışdım, əlimdən gələni etdim. Yox, bu olmamalıydı, onu qorumalıydım – kişi olan kəs sevdiyini qoruyardı. Bacarmadım.. indi yaşa görüm, necə yaşayırsan? Heç haqqım da yoxdu yaşamağa.
İndi gündə yüz dəfə deyirəm, ölənəcən deyəcəyəm: Heyif səndən, əzizim, min heyif!

Udduğum hava da, içdiyim su da, ruhumun qidası da, hamısı o imiş

Onu hər zaman qısqanmışam, həyatını zəhirmara döndərdiyim vaxtlar da olub. Ancaq o, mənim hisslərimi doğru-düzgün dəyərləndirib, bilib ki, hamısı sevgidəndi, sevgimin böyüklüyündəndi. Hər yerə qoşa getmişik. Tək heç hara buraxmazdım. Gediriksə ikimiz bir yerdə gedirdik. Ancaq bu dəfə son səfərə onu tək buraxdım, kişiliyim çatmadı ki, bir gedək bu yolu axıracan. Bu günlər qəzetlərdə oxudum ki, ər arvad COVİD-ə yoluxub, 1 saat fərqlə hər ikisi dünyasını dəyişib. İnanmarsınız, necə qibtə etdim onlara…

İndi də qısqanıram, ancaq tamam başqa şeyə. Özümüz yaşda, bizdən bir az yaşlı və xeyli yaşlı ər-arvad görəndə özümü bağışlaya bilmirəm, niyə bu, bizə qismət olmadı, axı? Günahı özümdə görürəm. Özümü söyürəm, döyürəm və… gündə yüz dəfə ölürəm.

Hər ötən gün daha pis oluram. Hər dəfə maşına oturanda görürəm ki, yanımdadı, öz yerində oturub, söhbət edə-edə gedirik marketə, həmişəki kimi aldıqlarımızı alırıq, qayıdırıq evə, o nə istəyirdi onları almasam olmaz. Hər şeyin yaxşısını almışam hər zaman. Xəysə balıq bürcündəndi, balıqlar milyonçu olmağı arzulamasalar da, milyonçu kimi yaşamağı sevərlər, çalışırdım ki, ona bu komfort həyatı yaşada bilim, tanıyanlar bilir ki, son on, on beş ildə elə o cür yaşayırdıq da.

Şəhərin harasına gedirəm, onunla bağlı xatirələr, həmişə qoşa gəzdiyimiz yerlər, olduğumuz məkanlar ağladır məni. Udduğum hava da, içdiyim su da, ruhumun qidası da, hamısı o imiş.

Heyif gözəl illərimizdən, günlərimizdən, hamısı xatirələrə döndü. İlğım oldu.

Eh, həyat doğurdan da sirli bir aləm imiş. Heç kim baş açmır onun işdəklərindən.

 Ömrümün nur səhifəsi

Səninlə yaşadığım 35 il həyatımın işiq, nur, xoşbəxtlik, səadət səhifəsidir ki, sənin gedişinlə əbədilik qapandı və artıq o ilahi xatirələrə dönmüş ömrümüzün sehrindən aldığım güclə övladlarımızla bağlı arzularımıza həyat vermək amalım dayanır. Və bu, artıq mənim əvvəlki ömrüm deyil. Bu gün sənsiz yasamağım da elə ilğım kimi bir şeydi. Allahım belə məsləhət bilibmiş yəqin.

Və bir də mənə qalan və heç kəsin əlimdən ala bilməyəcəyi gözəl, məlaikə ruhunla söhbətləşməyimdir. Çünki bu fani dünyada sənin ruhunla danışa bilirəmsə, haqq dünyasında daha yaxşı dərdləşərik.

Dünya niyə belə namərddi?!

İndi mənim iki evim var. Biri 35 il yasadığımız sevgimizə, xoşbəxt illərimizə şahid ev, o biri isə evimizdən çox da uzaq olmayan sənin uyuduğun və mənim uyuyacağım məzarıstan, mənim üçün cənnətməkan və doğma ünvan. Sən buranı da mənim üçün artıq doğmalaşdırmısan, gözəlləşdirmisən, əzizim. Olduğun hər yer bu gün mənim üçün ilahi bir ünvandı.
İnanmıram ki, bu dünyada bir kimsə öz sevgisinə mənim kimi yas tutsun, həyat dostu üçün bu qədər ağlasın, göz yaşları axıtsın. (Bu göz yaşları mən ölənə kimi axacaq) Sən də bilirsən ki, mən öz acı sonluğuma yox, sənin cavan yaşında əbədi gedişinə yanıram, ağlayıram. Heç nə mənə təsəlli ola bilmir, olmayacaq da heç zaman. Sənsizlik mənim üçün vaxtın, zamanın durduğu, dayandığı, öldüyüm andı, ölü nöqtədi. Səndən sonrakı sənsiz həyat mənim üçün gözdağı, cəhənnəm əzabıdı. Heyif bizim arzularımızdan. Kaş, dünya belə namərd olmayaydı.

***

Elə adamlar var ki, onların qəfil ölümünə inanmaq olmur, barışmaq olmur. Sənin ölümünə inanmadım, əzizim, nə mən, nə də səni tanıyan heç kim. Biz də, qohum əqrəbada sənin belə tez vaxtsız gedişinə heç kəs inanmır, inanmaq istəmir.

***

Toyda, məclisdə biz çox ciddi adamlar təsiri bağışlayırdıq. Bu, daha çox mənim utancaq, qaraqabaq olmağımdan qaynaqlanırdı. Ancaq çoxları bilmirdi ki, ürəyimiz bir döyünür, bir vurur, bizi hansı sevgi birləşdirir. İndi bu da mənə bir dərddi ki, niyə mən sevgimizi aləmə car etməmişəm, olduğumuz kimi görünməmişəm?

Bu gün elə şeylərin peşmançılığını çəkirəm ki, onlar olmalıydı, ancaq olmadı və heç zaman da olmayacaq. Çox heyif. Min heyif!

Heyif deyiləsi çox şeylər var.

Ancaq heyif Xəysəmdən, mənim sadiq ömür dostumdan, mənim cənnət mələyimdən.

Sənin arzuların üçün…

Özümüzçün yaşamağı gələcəyə saxlamışdıq. O da olsun, bu da olsun. Ancaq bizim nəzərdə tutdugumuz o gələcək olmayacaqmış. Bilsəydik, bir azca da özümüzçün yaşayardıq. Bundan sonra az da olsa yaşaya bilsəm özüm üçün yasamayacam, uşaqlarımız üçün, sənin arzuların üçün yaşayacağam. Heyif.

Yerin ürəyimin başındadı…

Mayın 24-ü tarixi bizim birgə yaşadığımız ailə həyatımızın son günü oldu. Həyat mənim üçün də dayandı, sıfırlandı. Səndən sonra yaşamaq heç kişilikdən deyildi. Ancaq… Bundan sonrakılar mənim yasamağım deyil, əsla. Bundan sonra olan mən sənin xəyallarına, yarımçıq arzularına işıq yandırmağa çalışacaq. Sənsiz olan bir anı, bir günü də ömürdən saymıram, saymaram. Sən 55-də, mən də 61-də yasadığımız gözəl, xoşbəxt ömrümüzə “əlvida” – dedik. İnşallah cənnətdə görüşüb sonsuzacan xoşbəxt yaşayarıq. Əminəm.
Heyif sənin tez solan çiçək ömründən… Mənə güc, qüvvət, qüdrət verən qadın… Yerin ürəyimin başındadı.

Gəl, güc alaq…

Hər səhər yuxudan duranda mütləq qucaqlaşıb bir-birindən güc alan ər-arvad necə, tanıyırsınızmı? Bir dəqiqəlik qucaqlaşma növbəti gün üçün stimul idi, yasayıb çalışmaq enerjisi idi ki, bu energi 35 il məni, bizi uğura apardı… Bu da sonu.
Daha nə mən “gəl, güc alaq” – deyə bilirəm, nə o. Çünki biz yoxuq artıq…

Sənin göyərçinlərin…

Sən gedəli göyərçinlərin də əvvəlki şuxluğunu itirib sanki, çox bədbin görünürlər. Çünki səni axtarırlar, balkondan evin içinə boylansalar da tapa bilmirlər, görmürlər səni. Amma sənin kimi baxıram onlara, sevə-sevə qulluq edirəm göyərçinlərinə ki, ruhunu sevindirə bilim.  Ümumən bütün sənsiz həyatım sənin haqq dünyanda, cənnətində daha rahat, nur içində yatmağın üçün köklənib. Başqa bir amalım yox.

Belin qırılsın, ay ölüm…

Sən mənim yarım yox, hər şeyim idin, özüm idin, mövcudluğum idin. Sən yoxsansa, mən də yoxam. Hər ötən gün daxili səksəkəm daha da artır. Necə yəni, SƏN qayıtmayacaqsan?!  Ötən həftə yuxuma gəldin, səhər üzü, qucaqlaşdıq. Gəldin? – dedim. Güldün. Uşaqları səslədim. Ülvi, Həmid, Rüfət, Nailə, mama qayıtdı, sağdı. Şükür sənə ilahi, Allahım bizim dualarımızı eşitdi, Xəysəmi sağ-salamat qaytardı bizə… İkimiz də ağlayırdıq. …Və yuxudan durdum. Demə, bu xoşbəxtlik röyada imiş, şirin bir yuxu imiş.

Elə bilirəm Xəysəm yaxın günlərin birində qayıdacaq, dönəcək evimizə. Çünki, bu həyat dolu, yaşamaq eşqli, şaqraq səsli, sevgi gülüşlü bir insana, həyatımın mənasına ölməyi yaraşdıra bilmirəm. Heç bilmirəm mənfur ölüm özünü necə yaraşdırdı ona.  Belin qırılsın, ay ölüm, səni Allah öldürsün, cavan canlara qıydığına görə. Sənə qarşı ölənəcən varam. Özüm ölməklə də olsa səni mütləq cəzalandıracam, öldürəcəm.

Həyat məni pis ağlatdı…

Mən uşaqlara təsəlli olmalıykən indi onlar mənə təsəlli olmağa çalışır, ancaq tək nəvəmiz bir yaşlı Burla məni hər gün ağladır, gündə neçə dəfə nənəsinin divardan asılan foto şəklinə baxıb “Nənə”, “Nənə”- deyir, sanki nənəsinə layla çalır, özü də ağlayır. Bu səhnəni görsəniz siz də dözməzsiniz.

Bundan sonra necə olacaq? Bilmirəm. Zaman göstərəcək hər şeyi. Yaşaya biləcəyəmmi? Yaşamaq istəyirəmmi? Yox! Ölməsəm, bu yaşamaq yox, nəfəs almaq olacaq, başqa heç nə. Sadəcə nəfəs almaq yaşamaqmı, sizcə?

O, mənəm…

 Siz heç həyatdan vaxtsız köçmüş həyat yoldaşını hər gün, hər an ağlamaqdan gözləri kor olan kişi görmüsünüzmü?

Həyatdan nakam köçən, böyük arzuları çiliklənən sevimli həyat yoldaşına gündə 100 kərə layla çalan kişi necə, tanıyırsınızmı? Yəqin, aranızdan kimsə deyə bilər ki, belə də kişi olar? Olar, dostlar! Bunu duymaq üçün gərək sinəndə sevən ürəyin ola.

Bəs həyat yoldaşının sağalıb normal həyata qayıtması üçün Allahından öz ömür payını sevdiyinə ərməğan edən, bunun üçün gecə və gündüz dualar edən adam necə? Tanıyırsınızmı?

Həyat yoldaşının ətrini onun paltarlarından alan, bu doğma qoxunu göz yaşlarıyla suvaran kişi necə, tanıyırsınızmı? Varmı bu həyatda?

Tanıyın, o, mənəm!

Qarşında baş əyirəm…

Qarşında baş əyirəm, həyatının ən gözəl 35 ilini mənə həsr edən, özünü mənim üçün, övladlarımız üçün şam kimi əridən, bizim üçün yaşayan, böyük qadın, mənim ömür dayağım Xəysəm, haqqını mənə, bizə halal eylə!

Yüzə-yüz əmin olsam da ki, Sən cənnətdə, behiştdəsən, yenə də deyirəm: Əzizim, özümdən, hamıdan dəfələrlə çox sevdiyim ömür dostum, məkanın cənnət, yerin behişt olsun! Biləsən ki, necə darıxıram sənin səsinə, gülüşünə, nəfəsinə, burnumun ucu göynəyir sənin üçün. Bizdə “filankəs filankəsindən ötrü şişib öldü” deyimi var. Səndən çox şişirəm. Səninlə cənnətdə görüşməyə çox tələsirəm, ancaq sənin övladlarımızla bağlı yarımçıq qalmış böyük arzuların var, tək onları qısa zaman içində reallaşdırıb sənin cənnətinə qovuşacağam.

Bu dünyada qoşa qarımaq qismətimiz olmasa da, orda qoşa qarıyarıq, sonsuzacan yaşayarıq, inşallah!

İnanıram ki, Allahım bunu bizə çox görməz.

 Zərbalı MİRZƏ

Oxşar xəbərlər

Leave a Comment