ŞƏRƏFLƏ YAŞANAN ÖMÜR

  Təbrik edirik!

Teyyub Hüseynov – 70


Hələ kiçik yaşlarından öz uşaq aləmində  yol çəkən, ev tikən, saraylar ucaldan insanların başqa yeri var idi, onlara olan xüsusi marağını heç zaman gizlətmirdi, hardasa bir tikinti obyektinin yanından keçəndə ayaq saxlayıb saatlarla inşaatçıların işinə xüsusi heyranlıqla tamaşa edər və xəyalında bu insanların qəhrəman obrazını canlandırardı. Bəlkə də elə bu maraq hissi orta məktəbi bitirdikdən sonra onu tərəddüd etmədən Azərbaycan Politexnik İnstitutuna gətirdi və o instituta qəbul olundu. Sonrası da məlum… Hardasa 50 ilə yaxın bir zaman içində o, özünü Azərbaycanın inşaat sahəsində peşəkar mühəndis kimi təsdiq etdi və bu illər ərzində yüzlərlə müxtəlif təyinatlı obyektlərin tikintisinə rəhbərlik etdi.

Bu təcrübəli inşaat mühəndisi Teyyub Nuru oğlu Hüseynovdur. Təpədən dırnağacan inşaatçı, qurucu, yaradıcı insanla şəxsi tanışlığım 2000-ci illərin əvvəllərinə təsadüf edir. Bu görüş Ağdam rayonunun Quzanlı qəsəbəsində məcburi köçkünlər üçün yaşayış qəsəbələrinin tikintisi zamanı baş tutdu. O zamankı Dövlət Tikinti və Arxitektura Komitəsinin göndərişi ilə xüsusi tapşırıqla qəzetimizin qocaman əməkdaşı Bəhram İbrahimovla məcburi köçkün qəsəbələrinin tikintisindən operativ reportajlar hazırlamaq üçün paytaxtdan yaradıcılıq ezamiyyətinə gəlmişdik. İlk görüşümüz Ağdam rayon İcra Hakimiyyətinin başçısı Həsən Sarıyevlə oldu. Gəlişimizin səbəbini bilən kimi “Sizi Teyyub Hüseynovla tanış edəcəyəm, o, qəsəbələrin tikintisinə nəzarət edir, köhnə və həm də tanınmış inşaatçıdır”- dedi və əlavə etdi ki, “bütün məlumatları yerindəcə sizə çatdıracaq”.

Beləcə başçının vasitəçiliyi ilə Teyyub müəllimlə tanış olduq. O tikintinin gedişi barədə bizə ardıcıllıqla elə müfəssəl məlumat verdi ki, hələ Quzanlıda olarkən artıq bizim gələcək yazımız hazır idi. Bu ilk göüşdən aldığımız təəssürat sonrakı illərdə də münasibətimiz üçün körpü oldu. Və təbii ki, hər işgüzar görüş maraqlı bir yazı ilə qəzet səhifələrində tarixləşirdi. O zamandan 20 il keçir.

Teyyub Hüseynov bütün həyatını tikintiyə həsr edib, mənalı ömrünün hardasa 50 ilə yaxın bir dövrünü qaynar inşaat meydanlarında keçirib, yüzlərlə müxtəlif təyinatlı irili xırdalı obyektlərin tikintilərinə rəhbərlik edib və adını respublikanın tikinti tarixinə yazmağı bacarıb, inşaatçılar arasında özünə əbədi yer edib. Təcrübəli  və peşəkar mühəndis bu gün də iş başındadır və öz zəngin təcrübəsini gənc kadrlara həvəslə öyrədir və bu müəllimliyindən zövq alır, onu yaşamağa ruhlandırır.

2021-ci ilin 8 avqust tarixi Teyyub müəllimin anadan olmasının 70-ci ildönümüdür.

1951-ci ildə 8 avqust günündə Ağdam rayonunun Şıxbabalı kəndində dünyaya gələn Teyyub Hüseynov 1958-ci ildə doğulduğu Şıxbabalı kəndində orta məktəbin birinci sinfinə getmiş və 1968-ci ildə həmin məktəbi müvəffəq qiymətlərlə bitirmişdir. Elə həmin ildə də Azərbaycan Politexnik İnstitutuna qəbul olunmuş və 1973-cü ildə bu nüfuzlu ali təhsil ocağını mühəndis-hidrotexnik ixtisası üzrə bitirmişdir.

Həmin illərdə Azərbaycan Politexnik İnstitutunu bitirən məzunların çoxu Rusiya Federasiyasının müxtəlif tikinti təşkilatlarına təyinat alır və burada 3-5 il ərzində zəruri təcrübə topladıqdan sonra kamil mütəxəssislər kimi respublikaya qayıdır və ölkənin inşaat, quruculuq sahəsində çalışaraq böyük uğurlara imza atırdılar.

Teyyub Hüseynov da 1973-ci ildə təyinatla Rusiya Federasiyasının Kuybışev vilayətində yerləşən “Kuybışevkanalsutikinti” Trestində ilk əmək fəaliyyətinə başlamış və burada 1977-ci ilə kimi ardıcıllıqla mühəndis, iş ustası, iş icraçısı və sahə rəisi vəzifələrində çalışaraq bir peşəkar mühəndis kimi formalaşmışdır. Burada çalışdığı illər onun əmək bioqrafiyasının ilk və uğurlu səhifələri açılır və qazandığı təcrübə respublikada çalışdığı zaman onun qolundan tutur, tapşırılan bütün işləri bir qayda olaraq yüksək peşəkarlıqla və məsuliyyətlə icra etməsi onun rəhbərliyin rəğbətini qazanmasına və respublikada tanınmasına zəmin yaradır.

Teyyub Nuru oğlu 1977-ci ildə Azərbaycana qayıtmış və bundan sonrakı illərdə öz sahəsinin peşəkarı olan təcrübəli mühəndis kimi respublikamızın iqtisadiyyatının ayrı-ayrı sahələrində işləmiş və hər zaman üzərinə qoyulan məsuliyyət yükünü anlayaraq çalışmış, göstərilən etimadı doğrultmuşdur. Təbii ki, bu işdə qazandığı təcrübə böyük rol oynamış və o, sənət sevgisinin gücü ilə özünü çalışdığı bütün idarə və təşkilatlarda təsdiq edə bilmişdir.

O, 1977-ci ilin may ayından 1980-ci ilin yanvarına kimi indiki Beyləqan rayonunda yeləşən “Milkanalsutikinti” trestinin 25 və 21 nömrəli idarələrində mühəndis, iş ustası, iş icraçısı və baş iş icraçısı vəzifələrində işləmişdir.

T.N. Hüseynov 1980-ci ilin may-dekabr aylarında Beyləqan rayonunda yerləşən 7 nömrəli Mexanikləşdirilmiş Səyyar Dəstənin baş mühəndisi vəzifəsində çalışmışdır.

Teyyub Hüseynov sonra – 1980-ci ilin yanvar ayından 1986-cı ilin oktyabr ayına kimi Azərbaycan Meliorasiya və Su Tikinti Baş İdarəsinin Ağdam rayonunda yerləşən 25 və 39 nömrəli SMD-lərdə iş  ustası, iş icraçısı, baş iş icraçısı və baş mühəndis vəzifələrində, 1986-cı ilin oktyabrından 1998-ci ilin iyul ayına kimi 25 nömrəli SMD-nin rəisi vəzifəsində işləmiş, rayonun tikinti-quruculuq həyatında ad-san qazanmışdır. Bu 18 il ərzində Teyyub müəllim onlarla meliorasiya və su tikinti obyektlərinin tikintisinə rəhbərlik etmişdir.

T.N. Hüseynov 1998-2002-ci illərdə özəl tikinti qurumunda çalışdığı zaman da Ağdam rayonunda tikinti-quruculuq işləri ilə məşğul olmuşdur.

Teyyub müəllim daha sonra – 2002-ci ilin yanvar ayından 2015-ci ilin avqust ayına kimi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda (MKSİF) texniki nəzarətçi və baş texniki nəzarətçi vəzifələrində çalışmışdır.

Teyyub Hüseynov 2019-cu ilin dekabrından MKSİF-də aparıcı texniki nəzarətçi vəzifəsində işləyir.

T.N. Hüseynov Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda (MKSİF) baş texniki nəzarətçi vəzifəsində işlədiyi dövrlərdə Ağdam rayonunda məcburi köçkünlər üçün yeni qəsəbələrin – “Dördyol-1”, “Dördyol-2”, İmamqulubəyli, Bənövşələr, Baharlı, Aşağı Qərvənd qəsəbələrinin və Ağdam Olimpiya İdman Komplekslərinin tikintilərinə rəhbərlik etmişdir.

Teyyub müəllim daha sonrakı illərdə Göranboy rayonunda dörd qəsəbənin, Bakı şəhərinin 8-ci mikrorayonunda yeni məhəllənin, Müşfiqabad qəsəbəsində, Yevlax və Mingəçevir şəhərlərində yeni məcburi köçkün qəsəbələrinin tikintilərinə rəhbərlik etmişdir.

Teyyub Hüseynovun əməyi  işlədiyi bütün dövrlərdə rəhbərlik və dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Belə ki, o, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaşayış məntəqələrinin sosial-iqtisadi inkişaf Proqramının yerinə yetirilməsində fərqləndiyinə görə “Fəxri Fərman”la təltif olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 aprel 2010-cu il tarixli 844 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasının tikinti kompleksinin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

Teyyub Hüseynov ailəlidir, üç övladı, yeddi nəvəsi var. Hər üç övladı ali təhsil alıb və kamil mütəxəssis kimi dövlətə və xalqa xidmət edirlər.

Teyyub Hüseynov bu gün öz zəngin və çoxillik təcrübəsini gənclərə həvəslə öyrədir, onların kamil mütəxəssis kimi yetişmələri üçün köməyini əsirgəmir.

Hardasa 50 ilə yaxın bir dövrdə tikinti kompleksində şərəfli yol keçən Teyyub müəllim ölkə inşaatçıarının bir neçə nəslinin tanıdığı və hörmət etdiyi mühəndislərdəndir. Bu gün ölkə inşaatında onu tanıyan yüzlərlə inşaatçılar var ki, onlar Teyyub Hüseynov haqqında ən yüksək fikirlərini dilə gətirirlər.

Son 20 il ərzində tikdiyi çoxsaylı binalarla özünü çağdaş tikintimizdə təsdiq etmiş tanınmış inşaatçı-mühəndis Nizami Allahverdiyevin Teyyyub müəllim haqqındakı bitkin fikirləri oxucularımız üçün də maraqlıdır:

-Teyyub müəllim çağdaş tikintimizin ağsaqqal və nüfuzlu simalarındandır. İnşaatçı, mühəndis adına hörmət, böyüklük gətirən, sənətini sevən, sənəti ilə ucalan mühəndislərimizdən olan Teyyub müəllim bütün əmək fəaliyyəti illərində ictimai fəallığı ilə seçilmiş və respublikanın inkişafı üçün əzmlə çalışmış və bu gün də əvvəlki həvəslə qurub yaratmaqdadır. Onun əməyi hər zaman rəhbərlik və dövlət tərəfindən yüksək qiymətləndirilmişdir.

O, yüksək təşkilatçı rəhbər, özünə və ətrafındakı insanlara qarşı qayğıkeş, nəzakətli, saf əqidəli ciddi insan, yüksək səviyyəli mütəxəssis kimi onu tanıyan bütün insanların qəlbində özünə yer edib. Onun uğurlarının mayası halallıqdan və xeyirxahlıqdan yoğrulub. Millətini, torpağını sevən nurlu bir insan olan Teyyub müəllim sadəliyi və səmimiliyi ilə də başqalarından fərqlənir. Onunla ünsiyyət, tikinti ilə apardığı söhbətlər faydalı və lazımlıdır. Ondan mühəndislik elminin sirlərini öyrənən yüzlərlə inşaatçılar vardır ki, bu gün artıq özlərini tikintinin müxtəlif sahələrində təsdiq etmişlər. Teyyub müəllim kimi nüfuzlu, ağsaqqal inşaatçımızın 70 illik yubileyi onu tanıyan bütün insanlar üçün yaddaqalan bir gündür. Mən ustad inşaatçı dostumuza möhkəm can sağlığı, uzun ömür, tikinti sahəsində yeni və daha böyük uğurlar arzulayıram.

Sentyabrın 27-dən başlanan 44 günlük savaş dövründə Teyyub müəllim cəbhə ilə nəfəs almışdır. Teyyub müəllim tarixi qələbəmizdən danışarkən dedi ki, “İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaqdır.  Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, müzəffər Ordumuzun misilsiz şücaəti nəticəsində topraqlarımız işğaldan azad olundu, Vətən Müharibəsində böyük Zəfər qazandıq.

Müzəffər Ali Baş Komandanın vurğuladığı kimi, bu peşəkarlıq, qəhrəmanlıq nümunəsi sayəsində, cəsarət, hünər, əzm hesabına 44 gün ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu. Ermənistanı diz çökdürüb kapitulyasiyaya məcbur etdik. Mən çox sevinirəm ki. mənim doğma Ağdamım da yağı düşmənin tapdağından azad edildi və ömrümn bu yaşında bu xoşbəxtliyi yaşadım. Mənfur düşmən üzərində qazandığımız böyük zəfərdən keçirdiyim hiss və həyəcanlarımın, hüdüdsuz sevinc duyğularımın sözlə ifadəsi yoxdur. Bu xoşbəxtliyi bizə nəsib etdiyi üçün müzəffər Ali Baş Komandanımız məhtərəm İlham Əliyevə və şanlı ordumuza hər zaman borcluyuq və təşəkkürlərimiz sonsuzdur.

Hazırda işğaldan azad edilmiş bütün Qarabağ rayonlarında tikinti quruculuq işlərinə artıq start verilib, yolllar çəkilir, torpaqlar minalardan təmilənir, zəruri sosial infrastruktur yaradılır. Və çox sevindiricidir ki, bütün tikinti quruculuq işləri ümumi plan əsasında aparılır və bu quruculuq prosesini böyük qürur hissi ilə izlədikcə yaşamaq, yaratmaq eşqimiz daha da artır.

Bütün həyatını tikintiyə həsr etmiş Teyyub müəllim harda işləyibsə onun üçün vaxt məhduduiyyəti olmayıb, bir qayda olaraq işə hamıdan tez gəlib və gec gedib. Bu,  taleyini bağladığı peşəsinə olan xüsusi maraq və sevgisindən irəli gəlib. O, həmişə çalışıb ki, gənclər də belə olsun, məsuliyyətlə çalışsınlar, sənətlərini sevsinlər.

Teyyub müəllim çalışdığı bütün baş idarələrdə, hansı vəzifədə olmasından asılı olmayaraq vicdanla, səylə işləyib, öz bilik və bacarığını sərf edərək rəhbərlik etdiyi obyektlərin inşasını yüksək keyfiyyətlə olmaqla vaxtında başa çatdırmağa çalışıb. O, daim öz üzərində çalışan, həmişə yeniliyə can atan, həyatın hər sahəsi ilə maraqlanan, həyat eşqi yüksək olan maraqlı insandır.

Dəyərli dostumuz, tanınmış mühəndis Teyyub Hüseynovu 70 illik yubileyi münasbətilə təbrik edir, sevənləri ilə birlikdə sağlam canla hələ neçə-neçə yubileylərini qeyd etməsini arzulayırıq.

100 yaşayın, Teyyub müəllim!

  Zərbalı MİRZƏ

Oxşar xəbərlər

Leave a Comment