ŞOVİNİST NUYKİNİN KİNLİ “GÜNDƏLİYİ (“İnşaatçı” qəzeti, 23 noyabr 1991-ci il.)

Telman ƏLİYEV,

Azərbaycan İnşaat Mühəndisləri

İnstitutunun dosenti, dekan müavini,

Sovet Sülh Fondunun üzvü


Hörmətli oxucular! Mən üzümü Nuykinə tutub yazmıram. O kimdir ki?! Biz belə kinli nuykinləri, sərxoş şovinistləri çox görmüşük. Mən heç “İzvestiya” qəzetinin redaksiya heyətinə də üzümü tutmuram. “İzvestiya”nın ömrü boyu yazdıqlarını yan-yana qoysan, onun simasız qəzetlərdən biri olduğu görünər. Stalini, Xruşşovu, Brejnevi… göylərə qaldıran “İzvestiya” onlar vəzifədən gedən kimi dallarınca danışmadımı? İnd idə Leninə əl qatmayıbmı? Bu qəzet illər boyu SSRİ Ali Sovetinin qəzeti olduğunu fəxrlə sinəsinə yazırdı. İndi isə ağasından üz döndərən qul bolşevik kimi sahibsiz qalmışdır. Siz “İzvestiya”nı oxuyun, onun kimə mənsubluğu bilinmir. Yenə başqa bu tipli qəzetlər “sərbəst qəzet”, “müstəqil qəzet” və s. sözləri yazırlar. “İzvestiya” isə avaragor olduğunu boynuna alaraq nuykinlərin böhtan tribunasına çevrilmişdir. Biz “İzvestiya”nın erməni qəzeti olduğunu, ermənilərin ruporuna çevrildiyini çoxdan bilirik.

Keçək mətləbə.

Nuykin yazısında tez-tez yekə-yekə danışaraq “SSRİ” sözü əvəzinə keçmiş ölkə sözü işlədir. Ondan soruşan lazımdır ki, “SSRİ keçmişdirsə”, bəs sən kimsən, “Qarabağ gündəliyi” yazırsan? Bir də arxayın ola bilərsən, işi belə aparsanız, RSFSR də keçmiş olacaqdır… Şovinizmlə ölkə yaratmaq olmaz.

Mərkəz mətbuatı ikiüzlülüyü ilə dünyada məşhurdur. Bu, təzə xəbər deyil. 70 ildə tək-tək Moskva qəzetində ayrı-ayrı adamlar həqiqəti yaza biliblər. “İzvestiya”nın ad-san qazanmasına gəlincə, o da saxta bir məsələ ilə bağlıdır. Bir zamanlar – Xruşşovun hakimiyyəti vaxtında bu qəzetin baş redaktoru onun yeznəsi Acubey (Hacıbəy) olmuşdu. Onda Acubeyin arxasına arxalanaraq bu qəzet kütləvi psixoz şəraitində “cəsarətli” yazılar yazaraq məşhurlaşmışdı. O gündən bu günə bir çox oxucular “İzvestiya”nı sevirlər.

Haşiyə: Heç gözləməzdim ki, Azərinform Andrey Nuykinin yaramazlığı, böhtançılığı barədə yazdığı məqalədə “İzvestiya”nı “mötəbər qəzet” adlandırsın. Buna ehtiyac vardımı? Keçmiş SSRİ-də mötəbər mərkəz qəzeti olmamışdır. Mərkəz özü mötəbər idimi ki, onun mətbuatı da mötəbər olaydı? Bəs yazılarımızda bu nə əl yeridir ki, saxlayırıq… Bir də qəzetə mötəbər adı vermək olarmı? Bu ona oxşayır ki, qəzetlərə orden, medal verilirdi. Əslinə qalsa, “İzvestiya” mötəbərliyini çoxdan itirmişdir. Xaricdə belə bir məsəl də yaranmışdır. Sovetlər Birliyində iki böyük qəzet çıxır, birinin adı “Həqiqət” (“Pravda”), o birininki “Xəbərlər” (“İzvestiya”). “Həqiqət” həqiqət yazmır, “Xəbərlər” isə xəbər…

Nuykinin savadsızlığı ondan da bilinir ki, o, Qarabağda olmaya-olmaya yazısına “Qarabağ gündəliyi” adı qoyur. Doğrudur, o, yekə-yekə danışaraq yazır ki, qarabağlılar (Nuykin qarabağlılar deyəndə erməni daşnaklarını nəzərdə tutur) mənə böyük etimad göstərərək Yeltsin və Nazarbayevin danışıqlarında iştirak etməyə icazə verdilər. Ancaq bu bir neçə saat ona “Qarabağ gündəliyi” yazmağa haqq vermir. “Qarabağ gündəliyi”ni oxuduqda görürsən ki, Nuykin kimilər nə desən yaza bilərlər. Məqalədəki “ideyaların” Qarabağdakı real hadisələrlə heç bir əlaqəsi yoxdur. Əslində yazıdakı erməni sözü ilə azərbaycanlı sözünün yerini dəyişsən, hər şey qaydasına düşər. O, ermənilərin törətdiyi vəhşiliklərin hamısını bizim adımıza yazır. Belə başayaq yazan adam harada desən, lap Moskvada restoranların birində də oturub Qarabağ haqqında “Gündəlik”, “Həftəlik”, “İllik” yaza bilər. Nuykinləri kim isə vicdandan azad etmişdir. Gündəliyi ancaq hər gün orada olan adam yaza bilər. Məsələn, gözəl jurnalistimiz Ziyəddin Sultanov Qarabağda odun-alovun içindədir və ona görə də “Qarabağ gündəliyi” adlı kitab yazıb nəşr etdirmişdir. “Qarabağ gündəliyi”ni yazmağa bizim igid jurnalist Salatın Əsgərova hazırlaşırdı ki, o, Qarabağda düşmən gülləsinə tuş oldu. Görəsən, Nuykin ermənilərin nəyinə tuş olub ki, belə kefi köklüklə “mötəbər” qəzetdə “Qarabağ gündəliyi” yazmışdır…

Nuykinin yazısının cəfəngiyat olması onun yazı tərzindən də bilinir. O, yazısına (“İzvestiya”, № 249, 19 oktyabr 1991) kiçik bir başlıqla başlayır: “Necə gözləyirdilər! Qarabağda Yeltsini necə gözləyirdilər! İlahi, necə gözləyirdilər!.. Son ümid kimi, xilaskar kimi, Allahın elçisi kimi”. Bu, velikorus şovinizminin iyrəncliyindən doğan pafosdur. Birincisi, Qarabağa təkcə Yeltsin yox, onunla yanaşı Qazaxıstanın prezidenti Nazarbayev də gəlmişdi. Bəs onun adı niyə “mötəbər” qəzetdə çəkilmir? Sözün düzü, Nuykin Yeltsini Allahın yox, “boq”un elçisi adlandırıbdır. Görünür, o, müsəlman Nazarbayevi xristian Yeltsinlə eyniləşdirə bilməyibdir. Çünki müsəlmana “boq”un elçisi demək, yəqin ki, xistian aləmində günah hesab olunur. Bunu siyasət aləminə təzə atılmış Jirinovski də etiraf edər: o da yazılarında müsəlmanları xaçpərəstlərə qarşı qoyur, onları qeydsiz-şərtsiz bir-birinə düşmən hesab edir. Bir də axı Nuykinin nəyinə lazımdır ki, Qarabağa müsəlman Nazarbayev gəlib. Ona lazımdır ki, Qarabağda yaşayan xaçpərəst ermənilərə “boq” öz elçisini – xristian Yeltsini köməyə göndərsin.

Nuykin Yeltsini də qınayır. O deyir ki, Yeltsin nə üçün tez-tez təkrar eləyirdi ki, biz Azərbaycanın suverenliyinə toxunmamalıyıq? Burada onun – şovinistin yadına düşür ki, Nazarbayev də bu dəstədə olmuşdur. Və Nazarbayevi tənqid üçün əlinə girəvə düşür. Yazır ki, xüsusən suverenlik sözünü tez-tez işlədirdi. Görəsən, şovinizmin heç abır-həyası olmazmış? Nə olar şovinist olanda, məgər az şovinist görmüşük! Vallah, deyəsən Nuykində başqa xəstəlik də var. Ayıb olmasın, Mikoyan xəstəliyi…

Nuykin rusları, rus ordusunu azərbaycanlılardan çox hədələyir. Rus hökumətinin atasını yandırır. Deyir nə durmusunuz, köhnə dost və müttəfiqimiz olan erməniləri zad eləyirlər. Rusiyanın bütün qüdrətindən, beynəlxalq nüfuzundan (bu isə yoxdur) istifadə edib Azərbaycanı yerində oturtmaq lazımdır. Nuykinin yarımbaşlıqlarından biri belə adlanır: “Rusiya dostlarından üz döndərməyir”. Burada o, yazır ki, Dağlıq Qarabağ 1813-cü ildə Rusiya dövlətinin tərkibinə müqavilə ilə könüllü daxil olmuşdur. Bir mədəni söyüş söymək yerinə düşər: Yalançının imanı Balayanın olsun! Birincisi, “Dağlıq Qarabağ” sözü 1923-cü ildən sonra yaranmışdır. (Yəni Nuykinin dediyindən 110 il sonra!). İkincisi, o zaman heç Qarabağın dağlarında erməni yox idi. Çünki erməniləri o vaxt hələ İran və Türkiyədən Qarabağa qovmamışdılar. Ermənilər bizim əsrlər boyu cins Qarabağ atı və cins Qarabağ qoyunu yetişdirdiyimiz torpağa 1828-ci ildən sonra guya müvəqqəti olaraq köçürülmüşlər. Bu müqəddəs torpağa donuz ayağı o çağdan dəyməyə başladı. Qaldı savadsız, şovinist, erməniyə satılmış Nuykinin 1813-cü il müqaviləsi haqqındakı şovinist mülahizəsinə, o zaman Rusiya dövlətinin tərkibinə könüllü daxil olan “Dağlıq Qarabağ” yox, Azərbaycanın Qarabağ xanlığı olmuşdur. Nuykin, ərəbcə desək, elə qələt etmişdir ki, bunu heç Balayan da etməzdi… olsa-olsa Silvestra (Silvanın xaricdə yaşadıqda daşıdığı adı) xanım belə qələtlər edərdi. Ona görə ki, Nuykinin bu yazdıqlarının yalan olduğunu bilməyən yoxdur. Nuykin cinayətkar jurnalistdir, şovinistdir. Millətləri bir-birinə qarşı qoyanlardan biridir. Təsadüfi deyildir ki, o, “Rusiya ziyalılarının Qarabağ komitəsi” deyilən bədnam təşkilatın böhtançı sədridir. Azərbaycan Respublikasının baş prokuroru, mərhum İsmət Qayıbov “Qarabağ gündəliyi”nə görə Nuykinin əleyhinə cinayət işi qaldırmışdır. O, bu barədə demişdir: “…bədnam… publisist A.Nuykin son vaxtlar qızışdırıcılıq istiqamətində xüsusi fəallıq göstərir. O, qərəzli və fitnəkar məqalələri ilə həqiqəti təhrif edir. Azərbaycan xalqının simasında inadla düşmən obrazı yaratmağa çalışır, çox vaxt bütöv bir xalqın şərəfini və ləyaqətini təhqir etməkdən çəkinmir”.

Nuykin şovinist olmaqla bərabər, həm də böhtançıdır. O, bilə-bilə böhtanı yüksək tirajı olan “mötəbər” qəzetin səhifələrinə çıxarmışdır. Bilə-bilə yayılan yalan isə cinayətdir. Mən Azərbaycan Respublikasının vətəndaşı kimi Nuykinə onun bütün böhtanlarını bağışlaya bilmərəm.

Atalar deyib ki, it əl çəkdi, motal çəkmədi. İndi son günlər RSFSR və Qazaxıstandan gələn müşahidəçilərin iştirakı ilə iki respublikanın nümayəndələrinin rəsmi görüşləri haqqında verilən telereportajlarda çıxış edən ermənilərin əməllərindən peşman olduqları görünür. Oktyabrın 26-da İcevandan verilən telereportajda rəsmi olaraq erməni nümayəndə heyəti bildirməli oldu ki, Ermənistan Respublikasının Azərbaycan Respublikasına ərazi iddiası yoxdur. Ancaq nuykinlər motal olub əl çəkmirlər. Nuykinin “gündəliyi”ni oxuyan hər bir erməni Azərbaycana cummaq istər. Çünki o, ünvanı qəsdən dəyişik salaraq, yazır ki, guya biz sovet hərbçilərindən silahlar, hərbi texnika (BTR-lər və s.) alaraq (özü də pulla!) Qarabağda erməniləri qırırıq. Nuykin yazır ki, biz Artsaxın paytaxtının suyunu kəsmişik və s. Onun sözündən belə çıxır ki, biz Yeltsin boyda demokratı da saya salmamışıq və o, Stepanakertdə olduqda nələr etmişik. Ancaq bütün dünya, Yeltsin özü də bilir ki, biabırçılıqları edən ermənilər olmuşdu.

Nuykinlərlə məqalə dili ilə danışdığımız yetər!

Axırıncı yarımbaşlıqda Nuykin yazır: “Demokratiya – anarxiya deyildir, demokratik qayda-qanundur”. Bu sözlərə etirazımız yoxdur. Doğrudan da, şərəfsizlərlə Qanun dili ilə danışmağın vaxtı çatmışdır.

Ermənilərin yazdırtdıqları məqalələri çox oxumuşam. Ancaq kinli Nuykinin “gündəliyi” qədər əclafcasına faktları təhrif edən məqalə görməmişəm.

“İnşaatçı” qəzeti, 23 noyabr 1991-ci il.

 

 

Oxşar xəbərlər

Leave a Comment