Tarix və tarixi dərs…

Sentyabrın son günlərini yaşayırıq. İndiyə kimi sentyabr mənim üçün yada salmaq istəmədiyim uşaqlıq xatirələrimin yadddaşıma həkk olmuş hələ də sızıldayan, qan verən yarası ilə qalıb. Özümdən böyük qardaşımın nimdaş şalvarını geyib, köhnə məktəbli çantasını əlimə alb ilk dəfə utana-utana, sıxıla-sıxıla məktəbə getdiyim günləri xatırladıqca kövrəldiyim, bəzən də xəlvətə çəkilib için-için ağladığım vaxtlarım da olub. Sentyabrın payızın ilk ayı kimi uşaqlıq yaddaşıma ilişib qalan özünəməxsus izləri var… Hər payız gəlir deyəndə içimdən bir sızıltı keçir. Payız mənim üçün yağıntısı, lili, palçıqı, çamuru, eyni zamanda altı deşik “tapıçka”larımdan anamın yamaq vurub ayağıma geyindirdiyi corablarımın islanması, “srokunu keçmiş” “tapıçka”larımın söküyünü, cırığını sinif yoldaşlarım görməsin deyə şalvarımın altında gizlədə bilmək cəhdlərimlə ilişib qalıb…

2020-ci ilin 27 sentyabrına kimi sentyabr mənim üçün heç də fərəhli olmayan uşaqlıq illərimin qəlbimi didib parçalayan xatirələrini yaşadan, sıradan bir təqvim ayı idisə, indi sentiyabr mənim üçün ən müqəddəs Zəfər ayı, qəhrəmanlıq tarıximizin, zəfər səlnaməmizin başlanğıc ayı kimi olduqca qürurverici bir tarixi ehtiva edir. Sentyabr Qarabağda tapdanmış şərəfimizin, alçaldılmış ləyaqətimizin geri dönüşünün şanlı başlanğıc tarixidir. Sentyabr Vətən üçün ölümün növbəsinə durmuş oğulların, gözlərini qırpmadan “Ya azadlıq, ya ölüm”, “Qarabağ Azərbaycandır” hayqırtısı ilə düşmənin üzərinə şığıdığı mübarək bir aydır. Sentyabr xalqın bir yumruq ətrafında birləşib düşmənə öz həddini bildirdiyi ,yerini göstərdiyi məqamın başlanğıcıdır. Sentyabr şərəfli bir tarixin ilk sətirlərinin yazıldığı məqamdır. Burada bir qədər dayanmaq, mən tarix deyəndə nə anlamına gəlirəm ifadəsinə aydınlıq gətirmədən keçmək istmirəm. Mənim üçün ilin, ayın bütün günləri tarix deyil. Vaxtdır, zamandır. Gəldi, getdi… Tarix isə illərin, ayların, zamanın yaddaşına öz möhrünü vurub yaşam hüququ almış hadisə və ya hadisələrin baş vermə anı, günü, ayı, ili, tarixdir…

Bu gün bu yazımızda xalqımızın şanlı tarixi, zəfər müharibəsindən, bu müharibədə qazandıqlarımızdan bəhs etmək istəyirəm. Artıq uşaqdan böyüyə hamıya bəllidir ki, xalqımızın başına zaman-zaman müsibətlər gətirilib. Yurdsuzlara yurd verib, ev, eşik sahibi etdiyimiz gündən müsibətlərə düçar olmuşuq. Keçən əsrin əvvəllərində xalqımızın başına gətirilən bəlaların yarası qaysaq bağlamamış əsrin sonlarında 90-cı illərin əvvəllərindən başlayan qanlı hadisələr torpaqlarımızın böyük bir hissəsinin separatçılar tərəfindən işğalı ilə nəticələndi. Bir milyondan çox insan yurd-yuvasından didərgin salındı. Qız, gəlinlərimiz əsir götürüldü, körpə balalarımız süngüdən keçirildi. Xocalıda əsrin faciəsi yaşandı. Azərbaycanlı olduqlarına görə böyük bir şəhərin sakinləri insanlığa yaraşmayan üsullarla qəddarcasına məhv edildi. Azğınlaşmış düşmənin dişi qana batdıqca iştahlanır, daha böyük azğınlıqlar edirdi. Təbii ki, düşmənin azğınlaşıb, harınlamasında naşı, siyasi təcürbəsi və dövlət idarəetməsində səriştəsi olmayan, təsadüfü adamların Azərbaycana rəhbərlik etmələrinin rolu da az olmadı. Qarşısındakını gücsüz görən düşmən özünü daha güclü hesab edib azğınlaşır, meydan sulayırdı. Ölkə daxilində gedən daxilli didişmələr, separatist qüvvələrin dil açmaları, Azərbaycanın müstəqilliyini gözü götürməyən və  həzm edə bilməyən dövlətlərin xüsusi xidmət  orqanlarının vasitəçiliyi ilə ölkəmizdə xaos və vətəndaş qarşıdurması yardılırdı. Bir sözlə, ölkəmiz Azərbaycanı istəməyən qüvvələrin təsiri nəticəsində qaynar qazana dönmüşdü. Xarici təcavüz, daxildə sabitliyin olmaması, Azərbaycanın bir dövlət kimi taleyini sual altında qoyurdu. İmmanuel Kantın belə bir deyimi var: “Sürətlə öz siyasi süqutuna yaxınlaşan xalqın taleyini yalnız dahi şəxs dəyişə bilər”. Xalqqımız və dövlətimiz üçün belə bir təhlükənin qapının ağzını kəsdiyi məqamda Tanrı bizə xalqın xilaskar oğlu Ulu Öndər Heydər Əliyevi göndərdi. Onun siyasi uzaqgörənliyi, müdrik siyasəti və zəkasının gücü ilə ölkə vətəndaş müharibəsi təhlükəsindən xilas ola bildi. Ölkədə vətəndaş qarşıdurması yaratmaq istəyənlərin, separatçı qüvvələrin layiq olduqları cavab verilib, layiq olduqları yerlərində oturduldu. Ermənilərin Azərbaycan ərazilərini sürətli işğalının qarşısı alındı. Ölkədə sürətlə ordu quruculuğuna başlandı. Ulu Öndər Heydər Əliyevin ölkəmiz qarşısında misilsiz xidmətlərini, gördüyü işləri bir qəzet məqaləsində saymaqla bitməz. Onun özündən sonra İlham Əliyevi Azərbaycan Prezidenti postuna layiq bilməsi bu xalq, bu vətən qarşısındakı xidmətlərinin zirvəsi sayıla bilər. Cənab İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən Qarabağ probleminin həllini siyasi, hərb yolu olduğunu qeyd edərək ermənilərin göstərdikləri bütün vəhşiliklərə, mənəm-mənəmliklərə baxmayaraq düşmənə məsələnin mahyyətini anlamaq, dəyərləndirmək üçün şans verib problemin sülh yolu ilə həllinə üstünlük verdi. Məsələ çox dəqiq və konkret qoyulmuşdu: “Əgər problem sülh yolu ilə öz həllini tapmasa, torpaqlar müharibə yolu ilə geri alınacaq”. Öz prezidentinə inanan xalqımız prezidentin qətiyyətli davranışını, ikitərəfli danışıqlarda, beynəlxalq tədbirlərdə Ermənistan rəhbərliyinə verdiyi cavabları görüb, güzəşt olmayacağına qətiyyətlə inanırdı. Xalqımız səbirsizliklə düşmənə veriləcək o “mübarək dərs gününün” gəlməsini gözləyirdi.

2020-ci ilin ortalarında ölkəmizin qərb sərhədlərində ermənilərin törətdikləri təxribatlar, 14 iyul 2020-ci ildə qəhrəman generalımız Polad Həşimovun şəhid olma xəbəri, Ermənistan rəhbəriyinin düşük, populist bəyanatları xalqımızın səbr kasasını daşırdı. Gənclərimiz müharibə tələbi ilə meydanlara axışıb Ali Baş Komandandan azğın düşmənə həddini göstərməsini istədilər. Azərbaycan Prezidenti cənab İlham Əliyevin cavabı çox konkret oldu. “Bu qan yedə qalmayacaq.Tökülən hər qan üçün düşmən cavab verəcək. Biz torpağımızın bir qarışını da güzəştə getməyəcəyik…”.

Necə deyərlər çəmbər daralıb, əsəblər tarıma çəkilmişdi. Hamı, xalq da, ölkə rəhbərliyi də gözəl bilirdi ki, problemin həllinin müharibədən başqa yolu yoxdur!

Müharibə deyəndə ilk növbədə, ölüm saçan silahların gurultusu, yarımçıq qalmış ömürlər, qan, qırğın, anaların göz yaşı, körpələrin naləsi, nakam sevgirərin ürıklərdə dəfni, bir sözlə, qanla yazılan bir tarix, Vətəni canından çox sevən igidlərin döyüş meydanında göstərdiyi şücaət göz önünə gəlir. Bütün bunlara baxmayaraq xalq, gənclərimiz öz Ali Baş Komandanından düşmənə yumruq göstərməyi, düşmənə onun başa düşəcəyi dildə cavab verməyi istəyirdi. Xalq perzidentinə, onun siyasətinə inanır, güvənirdi. Cənab Prezident isə az itgi ilə daha böyük qələbə üçün olduqca tədbirli davranırdı. Düşmənə siyasət meydanında verilən dərsin davamını millət cəng meydanında verilməsini istəyirdi.

Deyəsən dərslər adətən sentyabrda başladığından İlham Əliyev də  düşmənə və onun havadarlarına sentyabr ayında dərs verməkdə  qərarlı idi. Bəli, sözün bütün mənalarında böyük bir dərs… 44 günlük Vətən Müharibəsinin gedişi zamanı cənab İlham Əliyevin bir məktəb olduğunu, ondan öyrəniləsi, əxz ediləsi çox şey olduğunu bütün dünya gördü. Vətən üçün, millət üçün bu ağır günlərdə İlham Əliyev apardığı siysət, göstərdiyi fədakarlıqla millətin gözündə müqəddəsləşdi, bayraqlaşdı… Millət öz seçimində səhv etmədiyini, taleyini etibar etdiyi liderin əvəzolunmazlığını, xalqı milləti, dövləti yolunda nələr etdiyini və nələrə qadir olduğunu gördü. Xalq duşmənə yönləlik qəzəbi, qətiyyəti, ordusuna olan inamı gördü. Bu ağır günlərdə “Xalq Prezident – Preziden Xalq” tandemi yarandı… Prezident də onun ətrafında yumruq kimi birləşən xalqı, ona olan inamı, sevgini, sarsılmaz birliyi görüb qəzəblə yumruğunu düyünlədi. Xalq sevgisindən güc alan qəzəbli dəmir yumruq düşmənə göz açmağa aman vermədi. Cəbrayılda, Hadrutda, Füzulidə, Qubadlıda, Şuşada əmuda dönüb sarsıdıcı zərbə ilə düşmənin ağılsız başına endi.

Ordumuz düşmənə göz açmağa aman vermədən irəlləyirdi. Əsgər və zabitlərimiz qələbə ruhu, qələbə əzmi və sarsılmaz bir inamla düşmən üzərinə irəliləyirdi. Onlar bu inamı öz Ali Baş Komandanından alırdı. Müzəfər Ali Baş Komandanın bütün sahələrdə məğrurcasına düşmənin üzərinə getməsi, nəinki, düşməndə, onun havadarlarında da çaşqınlıq yaratmışdı.

Bu günlərdə biz Prezident İlham Əliyevin təkcə Silahlı Qüvvələrin deyil, bütün sahələrdə, eyn zamanda ideoloji sahədə də bir komandan, əvəzsiz bir müəllim, peşəkar bir siyasətçi olduğuna şahid olduq. Dünyanın 30-dan çox tanınmış informasiya agentliklərinin nümayəndələri öz qərəzli mövqeləri ilə üstümüzə gəlirdilər. Onlar bəzən dərk edə bilmirdilər ki, qərəzlə verdikləri sualları ilə Qarabağ probleminin dünya ictimaiyyətinə düzgün çatdırılmasında, Azərbaycanın haqq səsinin yayılmasına bir vəsilə olurlar. Dünya ictimayyəti İlham Əliyevin timsalında, onun dəqiq və qərəzsiz cavabları ilə Azərbaycan həqiqətlərini eşidirdi. Cənab Prezidentin səsi bir olan Azərbaycan xalqının haqq səsi idi. İlham Əliyevin səsi haqqın səsi idi. Bu səs bir liderin xalqının haqlı olduğunu sübut etmək üçün həqiqəti görməyən, erməni lobbisinin fitvasına uyan insanları məkrdən, qərəzdən çəkindirmək, hiylədən uzaqlaşdırmaq üçün dünyaya yönəlik etiraz səsi idi.

Biz  bu 44 günlük müharibədə cənab Prezident İlham Əliyevin timsalında  nələri gördük, nələri müşahidə etdik. Xalq tərəfindən seçilən, öz xalqına güvənən və ondan güc alan bir liderin qətiyyətini, inamını, gücünü, analitik təhlil bacarığını  dəmir məntiqini, xalqa olan sevgisini, dünya liderləri arasında siyasi çəkisini və nüfuzunu. Ən çətin anlarda doğru və dəqiq qərar vermə qabiliyyətini. Eyni zamanda dövlətlərarası münasibətdə şəxsiyyətin rolunu gördük.

Cənab Prezident, Müzəffər Ali Baş Komandan dəfələrlə qeyd edib ki, 44 günlük müharibənin qəhrəmanı ön cəbhədə döyüşən, cəsarəti, vətən sevgisi, namusu, qeyrəti ilə silahlanıb düşümənin canına vəlvələ salan, dişi, dırnağı ilə  döyüşüb torpağ geri qaytaran əsgər və zabitlərimizdir. Bu müharibənin qəhrəmanı belə cəsur oğullar yetişdirmiş atalar, analar, bütövlükdə Azərbaycan xalqıdır. Bunu isbat etməyə qəti ehtiyac da yoxdur. Birmənalı olaraq bu, belədir. Müdriklərin belə bir deyimi var: “O adamlar qəhrəman ola bilirlər ki, vaxtında düzgün və qətiyyətli qərarlar qəbul edə bilirlər”. Bu müharibənin zəfərlə başa çatmasının başlıca səbəblərindən biri də cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin vaxtında qəbul etdiyi düzgün və qətiyyətli qərarları, onun şəxsiyyəti oldu. Ona görə də qətiyyətlə deyə bilərik ki, bu müharibənin, zəfər yürüşünün Baş Qəhrəmanı bu ordunu quran, yaradan, ona komandanlıq edən cənab İlham Əliyevdir. Azərbaycan ordusunun yaradıcısı, qələbənin memarı birmənalı olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Onun aprdığı uğurlu siyasət nəticəsində ordumuz 30 illik yolu 44 günə qət etdi. Cənab İlham Əliyevin uzaqgörən siyasəti deyərkən təkcə bircə faktı qeyd etməklə fikrimi yekunlaşdırmaq istəyirəm. Xalqımızın sınağa çəkildiyi o günlərdə BMT Təhlükəsizlik Şurasında Qarabağ məsələsi müzakirə olunan zaman dünyanın supergücləri birmənalı olaraq Ermənistanı müdafiə etdikləri bir vaxtda “Qoşulmama hərəkatı”na üzv olan dövlətlər Azərbaycanın haqq səsini müdafiə etdilər. Əleyhimizə olan bir qətnamənin qəbul olunmaması üçün sözün həqiqi mənasında hər şeyi etdilər.

Ölkəmizin qoşulamama hərakatına üzv olması birbaşa cənab İlham Əliyevin uzaqgözrən və məqsədli, dövlətimizin bu günü üçün dəqiq hesablanıb, ölçülüb, biçilmiş bir siyasi uzaqgörənlik idi. Budur siyasət! Budur siyasi uzaqgörənlik!

Başqa bir fakt, dünyanın nəhəng dövlətlərindən Almaniyanın, İngiltərənin, Çinin hadisələr zamanı ABŞ-ın və Fransanın ciddi təyziqlərinə baxmayaraq, ordumuzun torpaqları azad etmək uğrunda başladığı geniş miqyaslı əks hücum əməliyyatına loyal münasibətləri, Türkiyənin, Pakistanın, İsrailin, Ukraynanın birbaşa Azərbaycanı açıq şəkildə dəstəkləməsi cənab İlham Əliyevin şəxsi nüfuzu, apardığı böyük siyasətin nəticəsi olduğu inkar edilməzdir.

Burada dövlətlərarası münasibətlərdə şəxsiyyətin rolu, şəxsi nüfuz, şəxsi əlaqələri qeyd etməyi çox vacib sanıram. Azərbaycanın sabiq prezidenti Əbilfəz Elçibəy müsahibələrinin birində açıq şəkildə qeyd edir ki, “Kəlbəcərdən əhalini  çıxarmaq üçün Türkiyədən bir helikopter istədim vermədilər”. Məncə əlavə şərhə ehtiyac yoxdur. Bu gün İsrail kimi qüdrətli bir dövlətin Baş Naziri açıq şəkildə, birmənalı olaraq deyir ki, «Biz Azərbaycanla müharibə şəraitində olan ölkələrə silah satmayacağıq». Pakistan kim qüdrətli bir dövlətin gücünü, nəfəsini hər an yanımızda, canımızda hiss etdik. NATO üzvü olan qardaş Türkiyə bütün imkanı və gücü ilə yanımızda oldu, canımıza can qatıb, “Bir millət, iki dövlət” olduğumuzu, bir ürəkdə iki can olduğumuzu sübut etdi və bu gün də bunu hər an işdə, əməldə görürük. Bütün bunlar İlham Əliyevin şəxsi nüfuzu, düzgün idarətmə qabiliyyəti və apardığı dəqiq siyasətin nəticəsidir desək daha ədalətli olar…

Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şusaya ilk səfəri zamanı çox dəqiq vurğuladı ki, “Koçaryan və Sarkisiyan, mən bura öz ordumla gəlmişəm”. Bu ordu İlham Əliyevin ordusudur. Bu ordunun sərkərdəsi də, qurucusu da, Ali Baş Komandanı da cənab İlham Əliyevdir. Bu gün Azərbaycan Sülhmərəmlıları dünyanın müxtəlif ölkələrində xidmət göstərib, sülhün, sabitliyin bərpasında öz əvəzsiz töhfələrini verirlər. Bu gün bir zamanlar Azərbaycan prezidentinin bir helikopter istəyib ala bilmədiyi qardaş Türkiyəyə orada baş verən meşə yanğınları və təbii fəlakət zamanı ölkəmiz 500 nəfərlik şəxsi heyət və müasir texnika, helikopter və təyyarələrdən ibarət bir heyət göndərməklə ölkəmizin qüdrətini bir daha nümayiş etdirmiş oldu.

Ermənilər hər zaman türklər tərəfindən genosidə məruz qaldıqlarını iddia edib məzlum xalq olduqlarını sübut etməyə çalışıblar. Bu gün dünyanın 13 dövləti İlham Əliyevin apardığı düzgün siyasət nəticəsində Xocalıda xalqımıza qarşı genosid törədildiyini bir fakt kimi qəbul edib.

30 ilə yaxın bir vaxt idi ki, xalqımızın hamısı olmasa da, böyük bir kəsimi utanc içində, Qarabağ ağrısı, Qarabağ dərdi ilə yaşayırdı. Bu müharibə 30 illik torpaq həsrətinə birdəfəlik son qoydu. Bu müharibədə qəhrəman ordumuz düşmənin hərb maşınını darmadağın edib, ona sarsıdıcı zərbə vurdu. Bu qələbə təkcə erməni ordusu üzərində çalınan qələbə deyil, həm də erməni ideolqları, ermənilərin Böyük Ermənstan yaratmaq barədə düşük, reallıqdan uzaq mifik düşüncəsi üzərində çalınan qələbədir. İllərdən bəri ermənilərin qardaş Türkiyəyə, qonşu Gürcüstan ərazilərinə iddialı olmaları heç kimə sirr deyil. Azərbaycan ordusunun düşmən üzərində sarsıdıcı qələbəsi bu ideyanın müəlliflərinə, bu sərsəmlikləri anlamayıb bu ideyanın əsirinə çevrilmiş savadsız, sadə ermənilərə bir dərs oldu. Bundan sonra erməni ictimayyəti dərk etməlidir ki, Qarabağa sahiblənə bilməyib ağır məğlubiyyətə uğrayan bir ölkə qonşuları ilə normal münasibət qura bilməsə, daha böyük faciələr yaşayacaqları qaçılmaz olacaq.

Eyni zamanda  düşmən üzərində çalınan bu  qələbə, illərdən bəri aparılan bu uğurlu siyasət, siyasətlə məşğul olmaq istəyən insanlara da bir mesaj, ciddi bir dərs oldu. İnsanlar anladırlar ki, siyasət diletantlıq sənəti deyil, bir elmdir. Siyasətlə məşqul olanlar özlərinin elmi potensiallarını artırmağın qayğısına qalmalıdırlar. Bunun üçün İlham Əliyev məktəbindən dərs alıb, faydalanmaq daha doğru olar. Düşünürəm ki, İlham Əliyevin idarəetmə məktəbi, ali məktəblərdə bir siyasi elm kimi araşdırılıb tədris edilməlidir. İlham Əliyev özünün siyasi məktəbini, dövlət idarəetmə məktəbini yaradan və bundan sonra da illərlə yaşayacaq və təcürbəsi tətbiq olacaq nadir siyasətçilərdən biri ola bildi. İlham Əliyev təcürbəsi sübut etdi ki, siyasət siyasətlə məşğul olmaq istəyənlər üçün həvəsli görünsə də, bu peşə həvəskarların işi deyil. Siyasətlə naşıların, siyasi diletantların, təcürbəsiz insanların məşğul olması özləri kimi onlara inanıb sadəlövhcəsinə arxasınca gedən, onaları hakimiyyətə gətirən insanların da faciəsinə səbəb olur. Biz bu faciəni öz həyatında yaşamış xalqıq.  Bir şeyi unutmayaq  ki, vətənpərvərlik, xalqını sevmək, ona xoşbəxt gələcək arzulamaq heç də o demək deyil ki, sən yaxşı siyasətçisən və ya səndən yaxşı dövlət başçısı ola biər. Biz bu səhvləri buraxıb acı taleyi yaşamış xalqıq. Bizim 90-cı illərdə keçdiyimiz uğursuz yollardan bu gün erməni xalqı keçir.

Mən dövlətimin başçısının, cənab İlham Əliyevin BMT Baş Asssambleyasının 76-cı sesiyasındakı çıxışına diqqətlə qulaq asdım. Prezdentimlə, Xalqımızın lideri, onun qətiyyətli mövqeyi ilə qürur duydum. Bir daha əmin oldum ki, cənab Prezidentin 2020-ci ildə başladığı dərslər uğurla davam edir. Bu məktəbin dinləyicisi olmaq, xalqını qələbəyə aparan bir liderin ölkəsində yaşamaq iftixar vericidir. İçərisi saf, təmiz olanlar bu iftixar hissini yaşamağı, onu bölüşməyi bacarırlar. Xalqın, dövlətin, Prezidentin uğurları ilə iftixar duyanlardan olun. Bu, gözəl bir hissdir.

Elşən Qəni

Oxşar xəbərlər

Leave a Comment