Tarixi ənənələr məntiqi ardıcıllıqla, dövrümüzün reallıqları və çağırışları nəzərə alınmaqla davam etdirilir…

Aktual söhbət


 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və birbaşa nəzarəti altında son illər ərzində paytaxt Bakı və ölkənin digər şəhərlərində böyük quruculuq və abadlaşdırma işləri aparılır, xalqın tarixi-memarlıq irsinin qorunmasına xüsusi diqqət ayrılır, şəhər infrastrukturu təkmilləşdirilir, yeni möhtəşəm binalar, parklar, yaşayış kompleksləri, biznes mərkəzləri, otellər istifadəyə verilir. Ölkə başçısı tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi qarşısında qoyulmuş əsas vəzifələrdən biri şəhərlərimizin gələcək səmərəli inkişafını təmin etmək məqsədilə şəhərsalmanın planlı və sistemli aparılması, əsas ərazi planlaşdırılması sənədlərinin aparıcı dünya təcrübəsi nəzərə alınaraq hazırlanmasıdır.

Qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsində Komitənin strukturuna daxil olan və ölkəmizdə bütün dövrlərdə memarlıq sənətinin qorunub saxlandığı əsas mərkəz və memarlıq ocağı olan  “Bakıdövlətlayihə” İnstitutu kollektivinin də böyük əməyi vardır.

Aşağıda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin “Bakıdövlətlayihə” İnstitutunun direktoru Heydər İskəndər oğlu Bağırov “İnşaatçı” qəzetinin suallarını cavablandırır:

 

-Heydər müəllim, söhbətimizə keçdiyiniz fəaliyyət illəri barədə məlumat verməklə başlasaq pis olmazdı. Necə oldu ki, bu sahəyə bağlandınız?  Nə vaxtdan instituta rəhbərlik edirsiniz?

-Fəaliyyətim və bu sektora gəlişimlə bağlı qeyd etmək istərdim ki, kiçik yaşlarımda binaların tikintisi, şəhərlərin inkişafı, inşaat işləri məndə ən çox maraq doğuran sahə olub. Bu maraq mənim seçdiyim ixtisasda da özünü biruzə verdi. Orta məktəbi bitirdikdən sonra 2003-cü ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Mühəndis İqtisadiyyatı və İdarəetmə fakültəsinə daxil oldum. 2007-ci ildə universiteti bitirdikdən sonra “Azərmemarlayihə” DBLİ-də iqtisadçı kimi əmək fəaliyyətinə başladım. 2011-ci ildə özümü idarəetmə sahəsində daha da təkmilləşdirmək üçün Azərbaycan Dövlət İqtisad Universitetində MBA istiqaməti üzrə magistr pilləsində təhsilimi davam etdirdim və 2013-cü ildə təhsilimi tamamladım. 2012-ci ildə təhsillə yanaşı Bakı Dövlət Layihə İnstitutunda əmək fəaliyyətimi davam etdirdim. Burada iqtisadçı, direktor müavini vəzifələrində çalışmışam.

Direktor kimi əmək fəaliyyətimə yeni başlamışam – 2020-ci ildən. Keçən əsrin birinci yarısından fəaliyyətə başlamış instituta ayrı-ayrı dövrlərdə müxtəlif şəxslər rəhbərlik edib. Mənim institutda fəaliyyətim dövründə instituta respublikanın Əməkdar memarı İlqar İsbatov rəhbərlik etmişdir. Direktor kimi çalışdığı 2008-ci ildən o, institutun idarəçilyində müəyyən müsbət ənənələrin və yanaşmaların formalaşmasına müvəffəq olmuşdur. Çalışacayıq ki, biz də bu ənənələri davam etdirək.

-İnstitutut hansı yolları keçib? Bu günkü Bakının təşəkkül tapmasında bu kollektivin nə kimi xidmətləri vardır? Bu barədə ətraflı açıqlama vermənizi istərdik…

-Bakı Dovlət Layihə İnstitutu 1937-ci ildə Bakı Şəhəri Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin nəzdində memarlıq-planlaşdırma kontoru kimi yaradılmışdır. Həmin dövrdə Bakı memarlığında ciddi dəyişiklikər olmuş, Azərbaycanın milli memarlıq irsi sistemli şəkildə öyrənilmiş və inkişaf etmişdir. Layihə İnstitutu 1952-ci ildən “Bakproyekt”, 1958-ci ildən isə “Bakqiproqor” adlandırılmış, Bakı şəhərinin planlaşdırılması və mülki-mənzil binalarının layihələndirilməsi ilə məşğul olmuşdur. Ölkəmiz müstəqillik əldə etdikdən sonra Bakı Dövlət Layihə İnstitutu adlandırılmışdır. Hazırda institut Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzdində fəaliyyət göstərir.

İnstitut yarandığı gündən üzərinə düşən missiyanı müvəffəqiyyətlə yerinə yetirmişdir. İkinci Dünya müharibəsi zamanı institutun onlarla əməkdaşı, memar və mühəndis layihəçiləri ön cəbhəyə getmış, bir çoxları isə müdafiə işlərinə cəlb olmuş və ağır müharibə şəraitində müdafiə tikililərini layihələndirmişlər. Müharibədən sonrakı illərdə Bakı Dövlət Layihə İnstitutunun yaradıcılıq diapazonu son dərəcədə genişləndi və böyük vüsət aldı. İctimai və yaşayış binalarının layihələndirilməsi ilə yanaşı, Bakının inkişafının yeni baş planı və Abşeron yarımadasının rayon planlaşdırması layihələrini yaratmaq üzrə işlərə başlanıldı.

Azərbaycanın milli ruhunun, düşüncəsinin oyanışı və möhkəmləndirilməsi ulu öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə hakimiyyətə gəldiyi 1969-cu ildən başladı. Ölkəyə rəhbərlik etdiyi 14 il ərzində Azərbaycan keçmiş İttifaq respublikaları arasında sosial-iqtisadi, mədəni inkişafına görə SSRİ miqyasında öncül yerlərdən birini tutdu. 1972-1982-ci illərdə Bakıda 6,2 milyon kvadratmetr sahəsi olan yaşayış evləri, təxminən 100 min şagird yeri olan məktəblər, 30 min yerlik məktəbəqədər uşaq müəssisələri, 6 min çarpayılıq xəstəxana və poliklinika, eləcə də başqa sosial və mədəni obyektlər tikilib istifadəyə verildi.

Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra tikinti və qurulucuq sahəsində böyük canlanma başladı. Ölkədə onlarca məktəb, uşaq bağçaları, xəstəxanalar, idman kompleksləri, hündür yaşayış evləri, dünya standartlarına cavab verən mehmanxanalar, iri ticarət mərkəzləri, banklar və s. binalar tikilib istifadəyə verildi.

Bakı Dövlət Layihə İnstitutu 2007-ci ildə yeni mərhələyə qədəm qoydu. Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yaradıldı. Layihə institutu Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə keçirildi.

Bu gün Bakı Dövlət Layihə İnstitutu öz tarixi ənənələrini məntiqi ardıcıllıqla, dövrümüzün reallıqlarını və çağırışlarını nəzərə almaqla davam etdirir.

İnstitutun kollektivi ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı möhtərəm cənab Prezident İlham Əliyevin ölkəmizin inkişafı və xalqımızın rifahı naminə həyata keçirdiyi quruculuq işlərində bundan sonra da yaxından iştirak etmək və öz töhfəsini vermək əzmindədir.

-Uzun illər institutda çalışmış peşəkar mütəxəssislər barədə danışın, hansı ki, onların çoxu bu gün də Sizinlə birgə addımlayır…

-Ötən əsrin ikinci yarısında ölkəmizdə memarlıq sənətinin qorunub saxlandığı əsas mərkəz, memarlıq ocağı məhz Bakı Dövlət Layihə İnstitutu oldu. Burada ölkənin gələcək memarlıq həyatında öz sözünü deyən görkəmli memarlar nəsli formalaşdı. N.M. Hacıbəyov, T.Y. Şarinki, V. Şulgin, D. H. Seyidova, A.S. Surkin, B.İ. Ginzburq, F. İ. Rüstəmbəyova kimi simaların ardınca F.A. Quliyev, Ə. Novruzi, H.Y. Əmirxanov, Z.Ə. Məmmədov, O.M.Babayeva və başqaları kimi paytaxt Bakı şəhərinin bu günkü simasının formalaşmasında əhəmiyyətli rol oynamış istedadlı memarlar nəsli yetişdi. Məhz onlar memarlıq sənətini yaşatdılar və bu günki nəsillərə ötürdülər.

İnstitutda fəaliyyət göstərmiş və bir çox mürəkkəb layihələrin həyata keçirilməsində əhəmiyyətli rol oynamış mühəndislərin adları xüsusi qeyd olunmalıdır. R.A.Əliyev, H.S.Şamilov, K.A.Kərimov, A.S.Heybətov, N.İ.İsmayılov, E.M.Məmmədova, D.İ.Şapiro, B.E.Kotlyar, M.M.Kazımov kimi mühəndislər məhz Bakı Dövlət Layihə İnstitutunda peşəkar mütəxəssis kimi formalaşmış və sonrakı mühəndislər nəslinin nümayəndələri olan bu gün də peşəkar layihəçilər kimi fəaliyyət göstərən N.Ş.Poluxov, V.H.Həsənov, S.N.Nazarov, F.S.Aslanova, C.H.Orucova və başqaları kimi mütəxəssislərin formalaşmasında əhəmiyyətli rol oynamışlar.

-Bu gün paytaxtımıza səfər edən əksər qonaqlar qeyd edirlər ki, Bakı şəhəri simasını tamamilə dəyişmiş və tanınmaz dərəcədə gözəlləşmişdir. Bu gözəlliyin yaradılmasında “Bakıdövlətlatihə” İnstitutu kollektivinin rolunu necə xarakterizə edərdiniz?

-İnstitutun tarixində böyük fəxrlə və qürurla qeyd olunmalı işlər çoxdur və bu işlər Bakı şəhərinin böyük bir hissəsini əhatə edir. Bunlara institut tərəfindən layihələndirilmiş Heydər Əliyev Sarayını, T.Bəhramov adına Respublika stadionunu, Respublika xəstəxanasını, Dənizkənarı Milli Parkı, onlarla məktəblər, uşaq bağçaları, xəstəxanalar, idman kompleksləri və milyonlarla kvadrat metr yaşayış sahələrini misal gətirmək olar.

Bunlarla yanaşı, bir sıra uğurlu mülki və yaşayış obyektləri də layihələndirilmişdir. Bunlardan – Prezident Administrasiyasının sifarişi əsasında Şəki şəhərində Marxal İstirahət Kompleksinin layihəsi, “Neftçi” MTK-nın sifarişi ilə Dövlət Neft Şirkətinin işçiləri üçün 1000-dən artıq mənzil olmaq şərtilə 5,4 hektarlıq ərazidə inşa olunacaq böyük yaşayış kompleksinin layihəsi, Yasamal rayonunda 2500 şagird yerlik 20 saylı məktəbin yeni tədris korpusunun layihəsi, Xətai rayonunda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin inzibati binası və Cəmiyyətin əməkdaşları üçün 472 mənzildən ibarət 5 yüksəkmərtəbəli yaşayış evləri kompleksinin layihəsi, Yeni Yasamal, C.Quliyev, H.B. Zərdabi, M. İbrahimov küçələrindəki yaşayış evləri, FHN Akademiyasının Hövsan qəsəbəsində Təhsil korpusu, Şərifzadə küçəsində Diaqnostika mərkəzi, metronun texnoloji korpusu və yeni giriş pavilyonu, Qəbələ İcra Hakimiyyətinin inzibati binası, Nizami küçəsində dördmərtəbəli ticarət mərkəzi, Neftçilər və İstiqlaliyyət küçələrində, Gənclik meydanında yerləşən yaşayış binalarının fasadlarının yenidən qurulması, Hollandiyanın Venlo şəhərində Floriada sərgisindəki Azərbaycan pavilyonu, İstiqlaliyyət küçəsində bir sıra yaşayış evlərinin fasadlarının yenidən qurulması, 6 nömrəli məktəbin layihəsinin hazırlanması, H.Zərdabi küçəsində və Nobel prospektində yaşayış komplekslərinin layihələndirilməsi və digər layihələri qeyd etmək olar.

Qeyd etdiyim kimi, Bakı Dövlət Layihə İnstitutunun hələ keçmiş dövrlərdən memarlıqla yanaşı, planlaşdırma sahəsində də xüsusi çəkisi böyük olmuşdur. 1952-1954-cü illərdə Bakı Dövlət Layihə İnstitutu tərəfindən Bakı şəhərinin 1976-cı ilə qədər baş planı işlənib hazırlanıb və 1958-ci ildə Azərbaycan Respublikası Nazirlər Sovetinin qərarı ilə təsdiq olunub. Bu sənədlərə uyğun olaraq Abşeron yarımadasında yaşayış məntəqələrinin: Hövsan, Binə, Dübəndi, Zabrat, Maştağa, Xırdalan, Lökbatan, Sahil, Ələt, Mərdəkan, Şüvəlan, Buzovna, Pirşağı, Bilgəh və Qobustanın baş planı işlənib hazırlanıb.

İnstitut son dövrlərdə də planlaşdırma sahəsində öz fəaliyyətini davam etdirmişdir. Ölkədə ilk şəhərsalma layihələrinin hazırlanmasında ArcGİS proqramı kimi qabaqcıl texnologiyadan istifadə olunmuş və ilk dəfə 1550 hektar ərazidə “Bakı şəhərinin mərkəzi hissəsinin müfəssəl planlaşdırılması layihəsi”, “Böyük Bakının Regional İnkişaf Planı” və “Bakı şəhərinin ərazidən istifadə və zonalaşdırma planı (Baş Plan) işlənib hazırlanmışdır.

Bakı Dövlət Layihə İnstitutunun kollektivi…

Şəki şəhərində “Marxal” istirahət kompleksi. 2013-cü il

“28 May” metro stansiyasının yerüstü pavilyonu.  2012-ci il

Bakı şəhəri, Yasamal rayonu, 501-ci məhəllədə 20 saylı tam orta məktəb binası.  2017-ci il

Bakı  şəhəri, Neftçilər prospektində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin inzibati binası. 2017-ci ildə tikintisinə başlanılmışdır.

Bakı  şəhəri, Nəsimi  rayonu, Salatin  Əsgərova, Mərdanov  qardaşları, Şamil  Əzizbəyov, Əlimərdan  Topçubaşov küçələrinin  əhatə  etdiyi  ərazidə  yüksəkmərtəbəli  yaşayış  binaları. 2018-ci ildə tikintisinə başlanılmışdır.

Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində Fransız liseyi kompleksi. 2013-cü il

Bakı  şəhəri, Nəsimi  rayonu, Azadlıq  prospekti,  Şamil  Əzizbəyov, Mirəli  Qaşqay  və  Salatın  Əsgərova  küçələrinin əhatə  etdiyi ərazidə yüksəkmərtəbəli yaşayış binaları. 2018-ci ildə tikintisinə başlanılmışdır.

Bakı  şəhəri, Xətai  rayonu, 1136 – 1137-ci  məhəllə, Y. Səfərov küçəsində yüksəkmərtəbəli yaşayış binaları.  2018-ci il

-Kollektiv bu gün daha hansı layihələr üzərində çalışır?

-Hazırda institut genişləndirilmiş səlahiyyətlərə malik Komitənin rəhbərliyi altında yaşayış, təhsil, səhiyyə, sənaye, inzibati və s. təyinatlı binalarının layihələndirilməsi ilə yanaşı, müxtəlif təyinatlı obyektlərin şəhərsalma əsaslandırmasının hazırlanması ilə də məşğul olur. İnstitut eyni zamanda, bir sıra ölkə əhəmiyyətli şəhərsalma  layihələrində də yaxından iştirak edir. Bakı Dövlət Layihə İnstitutu Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə Almaniyanın AS+P şirkəti tərəfindən hazırlanan Bakı şəhərinin 1:10 000 miqyaslı Baş plan layihəsində, eləcə də “Ələt azad iqtisadi zonasının inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən  Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində azad iqtisadi zonanın inkişafının təmin olunması ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə İrlandiyanın Garland Ormond International Ltd şirkəti tərəfindən hazırlanan Baş planın hazırlanmasında yerli tərəfdaş kimi çıxış edir.

-Layihələndirmə yönümündə bütün zamanlarda istedadlı mütəxəssislərə ehtiyac duyulub, həmçinin bu gün də duyulur. Bu isə heç şübhəsiz mütəxəssis çatışmazlığından irəli gəlir. Bəs, mütəxəssis çatışmazlığının yerini necə doldurursunuz?

-Kiçik binadan böyük şəhərlərə, rayonlara və yaşayış məntəqələrinə qədər hər bir obyektin layihə həlli böyük bir komanda işidir. İnkişafımızın davamlı olması üçün daim yüksək potensial, yaradıcı bilik və bacarığı olan memar və mühəndislərin axtarışındayıq. Bəli, mütəxəssis çatışmazlığı məsələsi bizim üçün də aktualdır. Lakin, gənc kadrların bu sahədə artıq öz sözünü demiş mütəxəssislərin dəstəyi və himayəsi altında yetişdirilməsi öz bəhrəsini verir. Bundan əlavə, müasir iş metodlarının tətbiqi üçün daim axtarışlarımız davam edir, əməkdaşların müvafiq təlim kurslarında iştirakı İnstitut tərəfindən təmin edilir və öz müsbət nəticəsini verir.

-Peşəkar, yaradıcı kollektivinizin bu günündən danışın. İnstitutda gənclərin xüsusi çəkisi nə qədərdir? Kadr hazırlığı prosesində Sizi narahat edən nədir? Gənclər etimadı doğruldurmu?

-Bakı Dövlət Layihə İnstitutu burada çalışan, fəaliyyət göstərən işçilər üçün şübhəsiz ömür yolunun ayrılmaz bir hissəsidir. Ən adi vəzifəni icra edən sıravi işçidən tutmuş ən uğurlu layihələrə imza atmış mütəxəssisədək hər kəs gördüyü işin dəyərini, əhəmiyyətini başa düşür, qürurlanır və bundan mənəvi rahatlıq tapır.

Bu gün Bakı Dövlət Layihə İnstitutu yeni bacarıqlı, istedadlı, iddialı gənclərin cəlb edilməsi və təcrübəli mütəxəssislərin köməyi ilə yetişdirilməsi üçün daim səy göstərir. İnstitut təhsilini yeni bitirmiş gənclərin özünü doğrulda bilməsi üçün daim əlverişli şərait yaradır və onları dəstəkləyir. Sözsüz ki, əzmlə çalışan, özünü inkişaf etdirməyə can atan və daim təkmilləşən gənclər öz əməklərinin bəhrəsini karyera irəliləyişində görür.

-Kollektiv bu gün hansı qayğılarla yaşayır?

-Qayğılar hər zaman iş həyatında olur. Bunsuz mümkün deyil. Lakin kollektivçilik sayəsində istənilən çətinliyin öhdəsindən layiqincə gəlməyə, optimal həll yolları tapmağa çalışır və problemləri aradan qaldırmaq üçün əlimizdən gələni edirik. Layihələndirmə ilə bağlı müəyyən qayğılarımız tikinti-layihələndirmə sahəsində tətbiq olunan bəzi normativ sənədlərin müasir standartlara cavab verməməsindən irəli gəlir. Bu sahədə aparılan çoxsaylı islahatlara baxmayaraq, bununla əlaqədar çətinlik yaşadığımız hallar yenə də olur. Ümidvarıq ki, bu sahədə müvafiq qurumlar tərəfindən görülən tədbirlər tezliklə bu məsələnin həllinə imkan verəcək.

-İnstitutun qazandığı mükafatlar barədə…

-Bakı Dövlət Layihə İnstitutunun kollektivi 1985-1986-cı illərin sosialist öhdəliklərinin yekunlarına görə birinci yeri tutmuş və Azərbaycan KP MK-nın, Azərbaycan SSR Nazirlər Sovetinin, Azərbaycan Həmkarlar İttifaqının və LKGİ MK-nin keçici Qırmızı bayrağı ilə təltif olunmuşdur.

Son dövrlərdə də institut istər ölkə daxilində, istərsə də ölkəmizin hüdudlarından kənarda bir çox uğurlara imza atmışdır. İnstitut 2009-2010-cu və 2016-2017-ci illərin nəticələrinə görə MDB ölkələri arasında ən yaxşı layihə təşkilatı nominasiyasının qalibi olmuşdur.

-Perspektivdə görmək istədiyiniz və nəzərdə tutduğunuz layihələr, kollektivin çatmaq istədiyi hədəflər barədə ətraflı danışın…

-İnkişafla bağlı ambisiyalarımız çoxdur. Öz ənənələrimizə sadiq olaraq, ölkədə memarlıq, şəhərsalma, quruculuq işlərində ön sıralarda durmaq və fəaliyyətimizi ölkə hüdudlarından kənarda da davam etdirmək, bu sahədə ən öncül və qabaqcıl metodologiya və yanaşmalardan istifadə edərək, dövrümüzün reallıqlarını və çağırışlarını nəzərə almaqla ölkəmizin hər bir guşəsinin, eləcə də paytaxımız Bakının yaşamaq, əmək fəaliyyəti ilə məşğul olmaq, istirahət etmək, rahat hərəkət etmək üçün geniş imkanlara sahib bir məkana çevrilməsində öz töhfələrimizi vermək əzmindəyik. Həmişə çalışmışıq, bu gün də çalışırıq ki, Bakı Dövlət Layihə İnstitutu ölkəmizdə bütün dövrlərdə olduğu kimi memarlıq sənətinin qorunub saxlandığı əsas mərkəz və memarlıq ocağı olaraq qalsın.

 

                                                                                      Söhbəti qələmə aldı:

Zərbalı MİRZƏ

 

 

Oxşar xəbərlər

Leave a Comment