Tikinti sahəsində ilk Fəxri “Əməkdar İnşaatçı” adını alan Azərbaycanlı qadın

Keçmişdə cəhalət  içində yaşayan Azərbaycan qadını zaman- zaman qapalı həyat keçirsə də, çadra zülmətinə düşsə də tikmək, qurmaq, yaratmaq kimi şərəfli bir işə biganə qalmamış, özlərinin zövqü ilə tikililərə yar-yaraşıq vermişlər. Onların eşqi şərəfinə möhtəşəm qalalar, qəsrlər, abidələr ucaldılmışdır. Ölkəmizin müxtəlif guşələrində tikilən möhtəşəm binalar, mədəniyyət abidələri, tarixi türbələr bir daha fikrimizi təsdiqləyir. Təkcə Qız qalası, Möminə Xatun, Nüşabə türbələri, Xan qızı Kəhrizini… göz önünə gətirmək, ölməz Nizaminin yaratdığı məşhur əsərdə Şirinin öz məşuqu Fərhadı Bisütun dağını yarmağa vadar etməsini yada salmaq kifayətdir.

Yeri gəlmişkən onu da qeyd edək ki, bir vaxtlar elimizdə, obamızda belə bir əhval- ruhiyyə yaranmışdı ki, inşaat əsasən kişi sənətidir. Bu sətirlərin müəllifi neçə-neçə ailə tanıyır ki, 50-60 il əvvəl öz qız övladlarının inşaatçı olmaq arzusunu bilən kimi öz iradlarını bildirmişlər:

– Ay qızım, inşaatçı-mühəndis qadın işi deyil.

– İnşaatçı olan qadının gələcəkdə ailə və ev işilə məşğul olmağa vaxtı qalmayacaqdır…

Açığını deyək ki, bu iradlarda az da olsa həqiqət var. Ancaq yadda saxlamaq lazımdır ki, bugünkü Azərbaycan qadını dünyaya baxışı ilə fərqlənir. Bu baxımdan Zina xanım Salamzadənin keçdiyi həyat yolu çoxları üçün örnək ola bilər…

Zina xanım Bakının əski yaşayış məskənlərindən sayılan əzəmətli qədim qalası, məscidləri, köhnə hamamı ilə məşhur olan Ramana kəndində köklü-zatlı bir nəslin ocağında işıqlı dünyamıza qədəm basmışdır. Ramana Abşeron yarımadasının ən yüksək nöqtəsində, kiçik bir dağın üstündə salınmış, uzun bir tarixə malik kənddir. Buradakı qədim qala elə hündürdə inşa edilmişdir ki, hər ehtimala qarşı bir hadisə baş verəndə orada yandırılan məşəllə ətraf kəndlərə xəbər vermək olarmış. Bakı milyonçuları Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Murtuza Muxtarov vaxtı ilə Ramana kəndindən aldıqları kiçik torpaq sahələrindən vuran güclü neft fantanları hesabına milyonlar qazanmışlar. Dünya şöhrətli Nobel qardaşları, neft sənayeçisi Mantaşov öz milyonlarını Ramana kəndindən çıxan neftdən əldə etmişdir. Bu kənddə neft sahəsində ilk Sosialist Əməyi Qəhrəmanı Baba Babazadə, Dövlət Mükafatı laureatı Mirkazım Məmmədov, Xarici Dillər İnstitutunun müəllimi Rəfiqə xanım, yazıçı Süleyman Vəliyev… kimi şəxsiyyətlər böyüyüb boya-başa çatıb, ad-san qazanmışlar. Zina xanım da həmin kənddə anadan olmuşdur. Ulularımız da, görkəmli alimlərimiz və ədiblərimiz də qadını müqəddəs saymış, onun haqqını Tanrı haqqı kimi qiymətləndirmişlər.

Dünya şöhrətli şairimiz Hüseyn Cavid yazmışdır:

Qadın gülərsə şu issiz

mühitimiz güləcək.

Sürüklənən bəşəriyyət,

Qadınla yüksələcək.

Zina xanım da xalqımızın iftixarı Cavid Əfəndinin dediyi kimi yüksəlmiş, ad-san sahibi olmuşdur. Hünəri, kamil biliyi, ağıllı və yaradıcı təxəyyüllü, işgüzarlığı, yüksək əxlaqi keyfiyyətləri sayəsində böyük uğurlar qazanmışdır. Onun mənalı həyat yoluna nəzər saldıqca, əqidə və amalını xatırladıqca içimdə bir rahatçılıq hiss edirəm.

Qadın incə qəlbli, xeyirxah əməlli və ləyaqətli olmalıdır.

Zina xanım yaxşı insan kimi, alicənab qadın kimi tanınır. Onun hərəkət və davranışlarındakı təbiilik və sadəlik, mehribançılıq və istiqanlılıq da bunu sübut edir. Geniş dünya görüşünə, iti hafizəyə, möhkəm yaddaşa malik olan bu xanım xatınla üz-üzə oturub söhbət etdikcə ömür səhifələrində valehedici xatirələr dilə gəlir:

– Atam neft mədənində işləyirdi. Anam isə evdar qadın idi. 1952-ci ildə Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsinə daxil oldum. İllər bir-birini əvəz etdi. 1957-ci ildə ali məktəbi bitirib, təyinatla Bakı Baş Tikinti İdarəsində əmək fəaliyyətinə başladım…

…Zina xanım Baş idarənin 8 nömrəli tikinti idarəsındə iş ustası vəzifəsinə təyin edildi. Seçdiyi peşənin çətinliklərini elə burada, bu vəzifədə işlədiyi vaxtlarda daddı. Ətrafa od ələyən günəşin istisi, tikinti meydançasını toz-dumana bürüyən Bakı küləyi, üstəlik təcrübəsizlik, cavanlıq… Lakin o, hər bir çətinliyə dözdü, zəhmətə qatlaşdı, ruhdan düşmədən işlədi, təcrübəli mütəxəssislərlə məsləhətləşdi.

Daha sonralar onun topladığı təcrübəni nəzərə aldılar və Zina Salamzadəyə daha böyük bir vəzifə verdilər: iş icraçısı. O, ailə həyatı  da qurdu. İxtisasca energetik olan Məcidlə evləndi. Onların iki övladı dünyaya gəldi. O vaxtdan xeyli müddət ötmüşdü. Oğlu Azər anasının yolu ilə getmiş, ali təhsilli inşaatçı-mühəndis olmuşdur. O biri oğlu Arzu isə şərqşünasdır. Zina xanım paytaxtımızda tikilən əzəmətli binalarda böyük zəhmət sərf  etmişdir. “Gülüstan”, Heydər Əliyev adına saray, Bakı Xoreoqrafiya məktəbi, “Moskva” univermağı, “Turist” mehmanxanası, Tbilisi prospektindəki 16 mərtəbəli eksperimental ev, Əhmədlidəki “Bakı” kino-teatrı, saysız-hesabsız uşaq bağçaları, məktəblər, səhiyyə ocaqları, yaşayış evləri…

1972-ci ildə Z.Salamzadənin həyatında əlamətdar hadisə baş verdi. Onu Baş İdarənin 11 nömrəli Sosial-Mədəni Tikinti Trestində partiya komitə katibı seçdilər. O, bu vəzifədə 16 ildən çox işlədi. Təşəbbüskarlığı, səriştəli münasibəti ilə hamının hörmətini qazandı. Fəhlə və qulluqçular, muhəndis-texniki işçilər onu özlərinə ana-bacı qədər yaxın saydı, çətinə düşəndə, xeyir və şərdə öncə Zina xanıma müraciət etdilər.

Çəkdiyi zəhmətin müqabilində ona “Azərbaycan SSR əməkdar inşaatçısı” fəxri adı verilmişdir. O, canı-qanı ilə bütöv Azərbaycana bağlı olan əsl yurdcanlı, vətənpərvərlərdən biridir. Babası Bakının ağır ellərindən birinin – Ramana kəndinin sayılıb-seçilən kişilərindən olub. Söhbət bura çatanda Zina xanım yenidən xatirələrini vərəqlədi:

– Ağlım söz kəsəndən valideynlərimi, qohum-əqrəbamı, neft buruqlarını, kənd adamlarını görmüşəm. Evimiz zövqlə tikilmiş iki mərtəbəli, uzun aynabəndi olan bir binadan ibarət idi. Ali təhsilli inşaatçı-mühəndis olandan sonra evimizə mühəndis gözü ilə baxanda heyrət məni bürüdü: otaqların və uzunluğu 12 metr olan aynabəndin tavanındakı bütün taxtalar bir-birinə geydirilərək bir bütövlük təşkil edirdi, bircə kəsiş xətti də görünmürdü. Görəsən, çoxdan tikilmiş bu evə texnikanın olmadığı bir zamanda 12 metrlik taxtaları hansı mexanizmlə gətirmişdilər, necə qaldırmışdılar? Babam Kərbəlayı İsmayılın da evi mənim üçün maraqlı idi. Yaraşıqlı xonçalı qapılar, enli çərçivəli pəncərələr, hündür tavan, ikimərtəbəli ev… Babam dövrünün ən imkanlı, adlı-sanlı xeyriyyəçilərindən biri olub. Sahibkar idi. Böyük torpaq sahəsi var idi. Bakı şəhərinin mərkəzi küçələrində malikanələr alıb və ya tikdirmişdi…

Həyatının ən gözəl gənclik illərini tikintiyə həsr edən, şərəfli, çətin və mənalı uhun bir ömür yaşamış Zina xanımın zəngin arxivində zamanın təsirindən saralmış qəzetlərə, jurnallara, sənədlərə nəzər salıram. Bir sənəd mənim fikrimi daha çox cəlb etdi. 7 noyabr 1897-ci ildə Zina xanımın babası Kərbəlayi İsmayıl İsrafil oğlu ilə “Nobel qardaşları” arasında bağlanan sazişi olduğu kimi təqdim edirəm.

В документах фонда «Бакинский отдел Товарищества нефтяного производства братьев Нобель» имеется договор от 7 ноября 1897 г., заключённый жителем селения Романы Бакинского уезда Кербалай Исмаилом Исрафил оглы и поверенным Правления Товарищества нефтяного производства братьев Нобель инженер-технологом И.Г.Гарсоевым об отдаче в аренду на 12 лет арендованный им участок под №3.

15 февраля 1910 г. данный договор возобновили сроком ещё на 12 лет, т. е. с 9 ноября 1910 г. по 9 ноября 1921 г.

Основание: ф. 798, оп. 9, д. 209, л. 98 – 100.

– Zina xanım, necə oldu ki, siz inşaatçı olmaq fikrinə düşdünüz? Heç təsəvvür etmək olmur ki, orta məktəbi yenicə bitirən, kənddə böyüyən azərbaycanlı qız desin ki, mən inşaatçı olacağam.

– Mən hələ orta məktəbdə oxuyarkən Cəlil Məmmədquluzadənin, Mirzə Ələkbər Sabirin, Cəfər Cabbarlının yaradıcılığı ilə yaxından tanış idim. Sabirin şeirlərinin çoxunu əzbərdən bilirdim. Məzmun Şərq qadını haqqında olan fikirlər məni çox düşündürürdü. Bütün bunlar mənim uşaq qəlbimdə dərin izlər buraxmışdı. Odur ki, orta məktəbi 1952-ci ildə bitirəndə sənədlərimi Azərbaycan Politexnik İnstitutuna verərək inşaat fakültəsinə daxil oldum. 1957-ci ildə institutu sənaye və mülkü tikintilər ixtisası üzrə bitirərək Bakı Baş Tikinti İdarəsinə təyinatla göndərildim. Baş İdarədən məni 8 №-li Tikinti İdarəsinə tikinti ustası kimi göndərdilər. O zaman heç ağlıma da gəlməzdi ki, illər ötəcək, mən addım-addım tikinti ustasından iş icraçısı vəzifəsinə irəli çəkiləcəyəm, sonra yığdığım təcrübəni nəzərə alaraq Bakı Şəhər Tikinti trestinə irəli çəkəcəklər. Orada vəzifədə irəli çəkilərək İstehsalat şöbəsi müdirinin müavini vəzifəsinə qədər yüksələcəyəm. 1972-ci ildə isə Bakı Baş Tikinti İdarəsinin aparıcı trestlərindən olan Sosial-Mədəni Tikinti Trestində seçki yolu ilə Partiya Komitəsinin Katibi seçilərək bu məsul vəzifədə tam 16 il işləyəcəyəm. Bakı şəhərinin gözəlliyini tamamlayan, paytaxtımızı bəzəyən bir çox mühüm və unikal binaların tikintisində və vaxtında təhvil verilməsində cavabdehlik daşıyacağam, işlədiyim uzun illər ərzində adi tikinti ustasından rəhbər vəzifəyədək ucalacağam, Azərbaycan Respublikasının “Əməkdar İnşaatçı” kimi yüksək Fəxri ada layiq görüləcəyəm, sayılıb-seçilən, örnək xanımlardan biri olacağam.

– Zina xanım, uzun inşaatçı ömür yollarında Sizin ən çox yaddaşınızda qalan nə olub və ən çox nədən mütəəssir olmusuz?

– Gənclikdə olan müsbət və mənfi hadisələr heç vaxt onun yaddaşından silinmir, qocalana qədər onun yaddaşında qalır. “Müharibədən qayıdan əlilləri tez bir zamanda mənzillə təmin etmək”. Bu rəhbər işçilərin biz gənc mütəxəssislərdən tələbi idi.

Biz o vaxt institutu bitirib işə başlayanda ölkə Böyük Vətən müharibəsindən təzəcə çıxmışdı. Bu bərpa illərində əsas məqsəd mənzil tikintisini yaxşılaşdırmaq, tez bir zamanda zirzəmilərdə, yarımzirzəmilərdə və mədən ərazilərində yaşayanları evlə təmin etmək, məktəblər, uşaq bağçaları, xəstəxanalar, poliklinikalar, kinoteatrlar və s. lazımi obyektlər tikmək və xalqın məişət şəraitini dəyişmək idi. Bakı Baş Tikinti İdarəsinin çoxminli inşaatçılar ordusu bu vəzifələrin öhdəsindən uğurla gəlirdi. İdarənin rəhbərləri o dövrün çox sanballı və mötəbər adamları idi. Mehbalı Əmiraslanov, Sadıx Rəhimov, Sosialist Əməyi Qəhrəmanı Məzahir Abdullayev… Bakı Baş Tikinti İdarəsinin rəisi mütləq şəhər merinin birinci müavini vəzifəsini də daşıyırdı. Görülən bütün işlər mer ilə razılaşdırılırdı, onun rəhbərliyi altında yerinə yetirilirdi. Ən çox yadımda qalan şəhər merlərindən rəhmətlik Əliş Ləmbəranski və Nəcməddin Əhmədov idi. Yaxşı yadımdadır, o vaxtlar Bakı Şəhər İcraiyyə Komitəsinin sədri Əliş Ləmbəranski hər xarici səfərindən özü ilə şəhərin gözəlləşməsinə yönəldilən yeniliklər gətirərdi. Olgenski küçəsinin yenidən döşənməsi, parkların və istirahət yerlərinin çəpərlərdən azad edilməsi və işıqlandırılması, müasir şəhər görkəmi alması şəhər merinin və Bakı Baş Tikinti İdarəsi kollektivinin birgə əməyinin nəticəsi idi. Daha kubik daşından tikilən evlərin tikintisinin sürətini artırmaq mümkün deyildi. Moskva, Leninqrad və başqa mərkəzi şəhərlərdə olduğu kimi, bu sürəti artırmaq üçün iri panellərdən montaj edilən evlərin quraşdırılmasına keçmək lazim idi. Odur ki, 1960-cı ildə 1 və 2 nömrəli evtikmə kombinatları işə başladı. Böyük yaşayış massivlərinin salınmasında, keçmiş Sallaqxana – indiki Musabəyov qəsəbəsindən tutmuş Əhmədli, Günəşli yaşayış massivinədək çoxsaylı sosial obyektlərin tikintisində bir dönüş yarandı. Evlər böyük sürətlə tikilirdi.

Yaxşı yadımdadır. Evtikmə kombinatlarının Bakıya gətirilməsi, danışıqlar aparılması üçün Bakı Baş Tikinti İdarəsinin rəisi 1959-cu ildə Mehbalı Əmiraslanovun rəhbərliyi altında böyük bir nümayəndə heyəti Parijə yola düşdü. Onlar Fransanın “Kamyu” firmasının texnologiyası əsasında Bakıda ilk evtikmə kombinatının tikintisi üçün təcrübə mübadiləsi aparmaq məqsədilə Fransaya getmişdilər. Ordan qayıtdıqdan sonra bugünkü gün kimi xatırlayıram, biz cavan mütəxəssisləri Bakı Baş Tikinti İdarəsinə dəvət edərək Fransada gördüklərini, dünya tikintisində olan yenilikləri və yeni texnologiyaları bizlərə çatdırırdılar. Tədbirdə ən parlaq və ətraflı çıxışlardan biri də Ə.Hüseynzadənin çıxışı oldu və çox maraqla qarşılandı. Biz gənclər nəfəsimizi belə dərmədən, bir söz belə ötürmədən bütün deyilənləri beynimizə həkk etməyə çalışırdıq.

Əlimuxtar Hüseynzadənin dediklərindən:

– Bizim nümayəndə heyəti Parijdə 45 gün qaldı. Demək olar ki, o vaxtlar arzusunda olduğumuz kommunizm dövrünü biz həmin 45 gün ərzində yaşadıq. Çünki firmanın nümayəndəsi daim bizimlə bir yerdə olurdu. Gözəl bir yerdə Parijin ən baxımlı guşəsində yaşamağımız, yemək, içmək, gəzmək, nəqliyyat və s. məsələlər elə yaxşı təşkil edilmişdi ki… bütün xərclər firmanın hesabına idi. Əgər bizlərdən kimsə özü tək və ya bir neçə nəfərlə müstəqil gəzmək istəsəydi, o şəxslərə bir günlük gəzmək xərci də verilirdi. Bu isə çox böyük pul idi. Ona görə də bu imkan və şəraitdən tez-tez istifadə edirdik və əlimizə düşən puldan faydalanıb ailə üzvlərimiz üçün nəsə ala bilirdik. Yemə-içməyimizə xüsusi diqqət yetirər, şam və naharda nə yemək istədiyimizi soruşardılar. Həftədə bir dəfə sahibkar Kamyu özü bizə xüsusi qonaqlıq verərdi. Bir dəfə Kamyu axşama nə yemək istədiyimizi soruşanda Mehbalı Əmiraslanov dedi ki, ceyran əti kababı. Biz gözləyirdik ki, sahibkardan “yox” cavabı alacağıq. Amma axşam şam yeməyində əslən Əlcəzairdən olan Muxtar adlı xidmətçi oğlan əsl ceyran kababını süfrəyə gətirdi. Bax beləcə o unudulmaz çıxış yadımda qalıb.

1 və 2 nömrəli Evtikmə kombinatlarının işə düşməsi böyük hadisə idi, çünki o zaman Bakıda “kəskin mənzil problemi” yaşanırdı, yaşlı nəslin yaxşı yadında olar, ev almaq çox çətin idi. Bu evtikmə kombinatlarının işə düşməsi ilə ildə hər kombinat 100 min kvadratmetr mənzil sahəsi tikmək üçün dəmir-beton panellər hazırlayırdı. Bu Bakıda mənzil probleminin həlli üçün çox lazım idi. Qeyd etməliyəm ki, o dövrdə Baş katib N.S.Xruşşovun göstərişi ilə tikilən bu evlər mənzil problemini həll etmək üçün müvəqqəti xarakter daşıyırdı. Sonralar bu evlər sökülməli, yerində yeni binalar tikilməli idi. Moskvada bu söküntü işləri çoxdan başa çatıb. Vaxtı keçmiş bu Xruşşovkalar 2000-ci ilin 25 noyabrında Bakıda baş verən güclü zəlzələyə də davam gətirdi… Bakı Baş Tikinti İdarəsinin inşa etdiyi çoxsaylı binaların heç biri qəzaya uğramadı. Bunun üçün inşaatçılarımıza çox sağ ol demək lazımdır. Sovet dövründə Xruşşovkalar Moskvada, Leninqradda, Daşkənddə, Bakıda… müvəqqəti olaraq tikilmişdi. Bu gün bu şəhərlərin çoxunda Xruşşovkalar sökülüb, əvəzində hər ölkənin milli memarlıq üslubunda yeni, göz oxşayan binalar ucaldılıb. Bakıda isə müvəqqəti tikilən, vaxtı keçmiş bu evlər nədənsə sökülmür…

Bu evləri gələcək nəsillərə ötürmək olmaz!!! Çünki hər bir bina xalqımızın tarixindən, mədəniyyətindən, yaşayış tərzindən xəbər verir.

Sonda qeyd etməliyəm ki, zamanında biz inşaatçılara kömək olan, əlimizdən tutan Fransadan böyük pullarla alınan “Kamyu” evtikmə kombinatları geniş bir ərazidə yerləşirdi. Müstəqillik dövründə bu qiymətli kombinatlar yerlə-yeksan edildi və ərazisi kimlər tərəfindənsə mənimsənildi.

Sualınızın ikinci hissəsi belədir – ən çox nədən mütəəssir olmusunuz? Canım qədər sevdiyim yaxınlarımın itkisi mənə çox pis təsir edib. Hər bir yaxın adamımı gətirdikdə bədbinliyə qapılmışam. Həyat mənim üçün öz mənasını itirib. Dünya mənim üçün qaranlıq zülmətə bürünüb. Üzüm heç vaxt gülmür, heç hara çıxmıram, heç nə məni sevindirmir. Deyirlər ki, dünyada kim bir ev tiksə, 2 övlad böyütsə, 2 ağac əksə, o, Allahın ən sevimli bəndəsidir. Mən isə 1000-lərlə ailəyə yeni mənzil sevinci yaşatmışam, 2 övlad böyütmüşəm, bağımızda ağac da əkmişəm, bəs onda niyə belə olur? Ancaq nəvə-nəticələrim gələndə bir az özümə gəlirəm.

Uzun ömür yaşamaq məncə özü də bir nöqsandır, çünki istəklilərin köçüb gedir, sənsə qalırsan. Hər şey Allahın əlindədir, belə məsləhət görülür, sənsə aciz qalırsan.

– Zina xanım, ən çox hörmət etdiyiniz, özünüzə örnək bildiyiniz rəhbər işçi, hansı üstün keyfiyyət və nəcib xüsusiyyətlərinə görə?

– Deməliyəm ki, inşaatda işlədiyim 50 il ərzində bir çox rəhbər işçilər, bu gün korifey saydığımız Dövlət xadimləri ilə rastlaşmışam, onlardan görüb götürmüşəm, öyrənmişəm. Bakı Baş Tikinti İdarəsinin birinci rəhbəri Mehbalı Əmiraslanovdan başlayaraq axırıncı rəhbər Rauf Gülməmmədova qədər böyük şəxsiyyətlərlə: Sadıx Rəhimovla, Sabir Rzayevlə, Emil Axundovla, Əzim Məsimovla, Əli Təhməzovla, Kamil Quliyevlə işləmişəm. Bundan əlavə, trest rəhbərləri Əli Əliyev, Kamil Heydərov, Marat Allahverdiyev, Binəli Göyüşov, Kamil Quliyev, Ədalət Babayev kimi tikintinin sirlərini bilən şəxsiyyətlərlə uzun illər işləmişəm. Onların hər biri ağıllı rəhbər, inşaatın incəliklərini bilən, əsrlərə qalacaq “Gülüstan” sarayı, Heydər Əliyev adına saray, Beynəlxalq Gənclik düşərgəsi, Manej, Cümşüd Naxçıvanski adına Xüsusi Hərbi məktəb, Xoreoqrafiya Akademiyası, Zərifə Əliyeva adına Oftolmologiya Elmi-Tədqiqat İnstitutu və adını çəkmədiyim bir çox möhtəşəm binaları tikib, quran yaradıcığı insanlardır.

Bakı Baş Tikinti İdarəsi mənim həyatımda xüsusi yer tutur. Odur ki, bu adı nəsillərə çatdırmaq üçün bu məşhur insaqların, Bakı şəhərini bəzəyən, unikal binaları ucaldanları əbədiləşdirmək üçün bir neçə il bundan əvvəl “Bakı Baş Tikinti İdarəsi İnşaat kompleksinin Akademiyasıdır” adlı kitabın çıxmasında məsuliyyəti öz üzərimə götürdüm və bu dahi şəxslərin, adlı-sanlı briqadirlərin, fəhlələrin həyat yolunu, gördüyü tikinti işlərini əks etdirən bu kitab işıq üzü gördü. Onu da deməliyəm ki, qayğısız gənclik illərimdə Baş İdarəyə ayaq basdığım o illərdə heç ağlıma da gəlməzdi ki, bir zaman gələcək, mən bu insanlar haqqında nəsə yazacağam, söz deyəcəyəm.

Sadıx Rəhimovun 100 illik yubileyində mənim necə formalaşmağımda, öz yerimi tutmağımda rolundan böyük bir məqaləilə çıxış etdim. Tanınmış inşaatçı Əli Əliyevin 100 illik yubileyi ilə əlaqədar olaraq böyük bir məqalə ilə çıxış etdim.

Bakının keçmiş şəhər meri, inşaatçıların himayədarı, təəsssüfkeşi Əliş Ləmbəranski haqqında, onun bizimlə birgə gördüyü işlər haqqında “İnşaatçı” qəzetində böyük bir məqalə yazdım. Əfsanəvi məşhur inşaatçı, özündən sonra inşaat sahəsində sidinməz izlər qoyan Əlmuxtar Hüseynzadə haqqında yubileyində böyük məqalə yazdım, Bakı Şəhər Partiya Komitəsinin Birinci Katibi, inşaatçılar arasında böyük nüfuz sahibi Fuad Musayev haqqında böyük yazı yazdım…

Kitabda bütün rəhbər işçilərim üstün keyfiyyət və nəcib cəhətləri öz yerini tapmışdır.

– Zina xanım, çox istərdim ki, sizi tanınmış inşaatçı-mühəndis, üzdə olan təşkilatçı rəhbər işçi kimi Azərhaycan cəmiyyətinə təqdim eləyən Bakı Baş Tikinti İdarəsi haqqında fikirlərinizi sizin öz dilinizdən eşidək. BBTİ sizin üçün nə idi və bu gün nədir? BBTİ niyə dağıldı? Dağılmaya bilərdimi? Mümkünsə, bu barədə danışın. Rica edirəm…

– Bakı Baş Tikinti İdarəsi mənim üçün böyük bir məktəb, böyük bir Akademiyadır. Biz hamımız bu tikinti məbədində püxtələşmişik.

Tikdiyimiz binaların hər biri ayrı-ayrılıqda Azərbaycan memarlığının gözəl nümunəsi idi. İllər necə tez ötüb keçdi! Mənə elə gəlir ki, şəhərlərin də, idarələrin də, kollektivlərin də insanlar kimi öz taleyi olur. Bir də görürsən ki, böyük bir şəhər yerlə-yeksan olur, ya da böyük bir nəsildən heç kim qalmır. Öz möhtəşəm binaları ilə Bakı şəhərini bəzəyən, ona gözəllik verən Bakı Baş Tikinti İdarəsinin də taleyi belə oldu. 16-17 min nəfərlik kollektivi olan bu nəhəng idarə 1997-ci ildə bir günün içində ləğv edildi, əvəzində indi çox dəbdə olan Departament yaradıldı. Necə deyərlər, əlləri qızıldan olan böyük kollektiv öz təcrübəli fəhlə, mühəndis və texniki işçiləri ilə pərən-pərən düşdü. Halbuki şəhərimiz üçün tikilən Milli Dram Teatrı, Sirk binası, “Moskva” univermağı, M.F.Axundov adına kitabxana, Xoreoqrafiya məktəbi, Elmlər Akademiyası, Yazıçıların yaradıcılıq evi, Artistlər evi, Mərkəzi Univermaq, Moskva mehmanxanası, keçmiş Lenin adına Muzey, Manej, Zaqulbadakı beynəlxalq gənclik düşərgəsi, yüzlərlə məktəb, uşaq bağçaları, çoxlu sayda yaşayış binaları Bakı Baş Tikinti İdarəsi kollektivinin birgə əməyinin bəhrəsi idi.

BBTİ dağılmaya bilərdi. Əgər rəhbərlik səy göstərsəydi. O baş idarə dağılmamalıydı. BBTİ Bakının elə bir yeri yoxdur ki, orda tikinti aparmasın. Bu idarədə çalışan hər bir kəs – fəhləsindən tutmiş rəhbər işçisinə qədər böyük bir məktəb keçmişdi. Yadımdadır, gənclik illərində iş icraçısı vəzifəsində çalışırdım. O zaman biz iş icraçıları ilə antiseysmikadan dərslər aparılırdı. Sonra da biz əməlli-başlı imtahan verirdik. Bunu bizdə işləmiş hər bir iş icraçısı təsdiq edə bilər.

Bu, reallıqdır, belə bir qurumu dağıtmaq, kimlərinsə marağına qurban vermək tikinti kompleksimizə qarşı bir sayğısızlıq nümunəsi idi.

Mən bu məqamda da Əliş Ləmbəranskinin rolunu yüksək qiymətləndirirəm. O, inşaatçıların ən yaxın dostu, məsləhətçisi və böyük himayədarı idi. Onun rəhbərliyi altında bir sıra unikal binaları tikib istismara hazırladıq. Sonuncu obyektimiz Musiqili Komediya Teatrının binası idi. Əliş Ləmbəranski yaşının ixtiyar çağında da tikintidən ayrılmırdı. Çünki onun tikintiyə sonsuz sevgisi və həvəsi var idi. Əvvəldən axıra kimi teatrın tikintisində iştirak elədi və onun rəhbərliyi altında təhvil verildi.

BBTİ-nin dağılmasına mən indi də qəlbən çox təəssüf edirəm. Dağılmamalıydı. Çünki əli qızıldan olan briqadirlərimiz, bənnalarımız, malakeşlərimiz, rəngsazlarımız, üzlükçülərimiz var idi, hamısı pərən-pərən oldu, dağıldı. Bu, həmişə mənə pis təsir eləyir.

– Zina xanım, maraqlı söhbət üçün çox sağ olun. Bir sözünüz varmı?

-Arzum odur ki, sağlıq olsun, əmin-amanlıq olsun. Bütün yaxınlarım, qohumlarım – bütün Azərbaycan xalqı xoşbəxt yaşasın. Ən böyük arzum odur ki, Qarabağ torpaqlarımız qansız-qadasız sülh yolu ilə qaytarılsın. Ən nəhayət, haqq-ədalət öz yerini tutsun. Bütün dünyada əmin-amanlıq olsun.

Zərbalı MİRZƏ

Oxşar xəbərlər

Leave a Comment