Uğurlu sabahlara addımlayan ziyalı, nurlu insan

Qadir Süleymanov – 80 il


  Həyatın ağır sınaqlarından keçmiş, yalnız öz iradəsi və əzmi ilə yüksək mənsəbə, şan-şöhrətə çatmış kişilərin eldə, elatda hər zaman xüsusi hörməti olmuş, başqalarına nümunə göstərilmişlər. Sumqayıt sənayesinin inkişafında misilsiz xidmətləri olan, adı ölkə tikintisinin nüfuzlu simaları ilə bir sırada çəkilən Qadir Əli oğlu Süleymanov məhz belə kişilərdəndir. İki gün öncə 80 yaşı tamam olan Qadir müəllim elə bir maraqlı həyat yolu keçib ki, ona ancaq həsəd aparmaq olar.

Qadir Süleymanovun nəsil şəcərəsi indiki Türkiyə Cümhuriyyətinin İqdır vilayətinin Qoçqıran kəndinə gedib çıxır. Rəvayətə görə, bu kəndin camaatı çox qeyrətli və prinsipial camaat olub. Keçmişdə bu kəndin adı Dizə olub. Qaraqoyunlu kəndindən bir nəfər nankor adam gecə gəlir yaxınlıqdakı Dizə kəndinə, kasıb bir aiənin tövləsindən olub-qalan 2 çəpişini oğurlayıb aparır. Səhərisi gün kəndə xəbər yayılır ki, fılankəsin 2 çəpişi tövlədən oğurlanıb. Kəndin camaatı soraqlaşa-soraqlaşa qonşu kəndə gəlir və məlum olur ki, çəpişləri qonşu kəndin oğrusu aparıb.

Bu xəbəri eşidən kəndin cavan dəliqanlıları yığışıb gedirlər həmin kəndə, günün günorta çağı kəndin bütün həyətlərinə baş çəkirlər və heç bir heyvana əl vurmadan kənddə nə qədər gözə gəlimli qoç varsa, hamısının başını kəsib sahiblərinə verirlər və kənddə bir baş da belə qoç saxlamırlar. Elə həmin gündən kəndin adı qalır Qoçqıran. Qadir Süleymanovun babası Hacı Abbas həmin Qoçqıran kəndinin sanballı bir tayfası olan Davudlular tayfasındandır…

Qadir Əli oğlu Süleymanov 10 sentyabr 1939-cu ildə Azərbaycanın Naxçıvan bölgəsində – dünyanın elm beşiklərindən sayılan məşhur Şahtaxtı kəndində anadan olmuşdur. (Lakin o vaxtlar doğum şəhadətnaməsi almağa çox vaxt diqqət göstərilmədiyindən həmin sənəd 7 ay sonra verilmiş və doğum tarixi 22 aprel 1940-cı il kimi göstərilmişdir). 

Böyük Vətən Müharibəsi başlayanda atası Əli kişi cəbhəyə getmiş və balaca Qadir atası müharibədən qayıdana kimi anası Sara xanımın himayəsində böyümüşdür. Atası müharibədən əlil kimi qayıtsa da, çox yaşamamışdır.

Uşaqlıq çağlarından bir sıra xüsusiyyətləri ilə başqalarından seçilən Qadir Süleymanov 1 sentyabr 1947-ci ildə Məmməd Ağa Şahtaxtinski adına Şahtaxtı kənd orta məktəbində birinci sinfə getmişdir. 1955-ci ildə komsomol sıralanna daxil olmuşdur. 15 iyun 1957-ci ildə 10-cu sinfı bitirmişdir.

25 dekabr 1958-ci ildə Naxçıvan şəhər 3 saylı texniki peşə məktəbinə daxil olmuş, 22 iyun 1960-cı ildə 3 saylı texniki peşə məktəbini bitirmişdir. 5 aprel 1960-cı ildən 26 avqust 1962-ci ilədək Gümüşlü qəsəbəsində Geoloji Kəşfıyyat dəstəsində işləmişdir.

Qadir müəllim 1962-ci ildə Azərbaycan Neft-Kimya İnstitutuna (indiki Dövlət Neft Akademiyası) daxil olmuş, 1967-ci ilin dekabrında Azərbaycan Neft Kimya İnstitutunu bitirmişdir.

1967-ci ilin aprelində Sumqayıt Polimer Tikinti Materiallan Kombinatında işə daxil olmuşdur.

O, 1972-ci il noyabrın 1-də Leninqrad Ümumittifaq Rəhbər Mühəndis-Texniki İşçilərin Təkmilləşdirilməsi İnstitutuna daxil olmuş, 1973-cü ilin yanvarında bitirmişdir.

1976-cı ildə Sumqayıt Polimer Tikinti Materiallan Kombinatına baş mühəndis təyin edilmişdir.

1977-ci ilin fevralında Kommunist Partiyası sıralarına daxil olmuşdur.

1978-ci ildə Sumqayıt Marksizm-Leninizm Universitetini fərqlənmə diplomu ilə bitirmişdir.

1980-ci ilin yayında “X Beşilliyin Zərbəçisi” döş nişanı ilə təltif olunmuşdur.

O, 10 il (1981-1991-ci illərdə) Sumqayıt Şəhər Xalq Deputatları Sovetinin deputatı olmuş, 1983-cü ilin aprelində SSRİ Xalq Təsərrüfatının inkişafında qazandığı nailiyyətlərə görə Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin Qızıl medalı ilə təltif edilmişdir.

1986-cı ildə Azərbaycan SSR Maarif Nazirliyinin, 1989-cu ildə Sumqayıt Şəhər Partiya Komitəsinin, 1990-cı ildə Azərbaycan SSR Tikinti Materiallan Sənayesi Nazirliyinin, 2005-ci ildə Sumqayıt şəhər İcra Hakimiyyətinin Fəxri fərmanlarını almışdır.

29 dekabr 1989-cu ildə “Əmək Veteranı” medalı ilə təltif olunmuşdur.

2013-cü ilin noyabrında isə “Xeyriyyə” İctimai Birliyi tərəfındən “Əsrin Ziyalısı-İlin Dövlət Qulluqçusu” Fəxri Diplomuna layiq görülrnüşdür.

Çoxillik səmərəli əmək fəaliyyətinə görə 2017-ci ildə şəhərin sosial-iqtisadi inkişafında xüsusi xidmətlərinə, rəhbərlik etdiyi müəssisənin uzun illər uğurlar qazanmasına nail olduğuna görə Sumqayıt şəhər İcra Hakimiyyətinin təqdimatına əsasən Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

Qadir Süleymanov özünün yüksək mühəndis istedadı, fədakar əməyi ilə ömrünün 50 ilə qədərini istehsalata, şəhərin sosial-iqtisadi inkişafına, yüksəlişinə həsr etmiş əmək adamlarından, müəssisə rəhbərlərindən biridir.

Qadir Süleymanovu 1970-90-cı illərdə Sumqayıtda uşaqdan böyüyə hamı tanıyır, böyük hörmət bəsləyirdi. 1967-ci ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunu bitirdikdən sonra Sumqayıta gələrək, ömrünün yarım əsrə qədərini bu şəhərdə yaşayan Qadir müəllim Sumqayıt Polimer Tikinti Materialları kombinatında əvvəlcə sıravi fəhlə, sex rəisi kimi çalışmış, sonralar beş il müəssisənin baş mühəndisi, 20 il isə direktoru olmuşdur. Onun təşəbbüsü və təşkilatçılığı ilə kombinatın istehsal həcmi, həm də əməkçilərin aylıq qazancları ildən-ilə artmış, keçmiş SSRİ-nin yüzlərlə şəhərinə, eləcə də Pakistana və Monqolustana ixrac edilən Sumqayıt markalı məhsulların çeşidi genişlənmiş, müəssisədə yeni texnika və texnologiyaların tətbiqi sayəsində 200-ə qədər yeni iş yerləri yaradılmışdı. İşin düzgün və səmərəli təşkili, mühəndis-texnik işçilərə və fəhlələrə göstərilən daimi diqqət və sosial qayğının (kombinatın bütün işçilərinə gündəlik olaraq hətta pulsuz yemək verilir, süd paylanırdı), onların əməyinə verilən qiymətin nəticəsi olaraq müəssisə Qadir Süleymanovun direktor olduğu illərdə daim gəlirlə, yüksək rentabelliliklə işləmiş, bütün Sovetlər ölkəsində qabaqcıl bir müəssisə kimi tanınmışdı. Azərbaycanda belə bir yüksək təltif çox az müəssisəyə və direktora nəsib olmuşdu.

O, həm də Azərbaycan tikinti kompleksində yenilikçi mütəxəssis və bacarıqlı istehsalat komandirlərindən biri kimi tanınmışdır. Sumqayıt Polimer Tikinti Materialları kombinatı yarandığı gündən onun ilk qurucularından olan Q.Ə. Süleymanov  bütün qüvvə və bacarığını kombinatın yenidən qurulmasına, inkişafına həsr etmiş, Sovetlər İttifaqında və Avropanın inkişaf etmiş qabaqcıl ölkələrində istehsal olunan ən mükəmməl və qabaqcıl texnologiyaların bu müəssisəyə gətirilməsinə nail olmuşdur. O, kombinata rəhbərlik etdyi uzun illər ərzində milli kadrların hazırlanmasına da xüsusi diqqət yetirmişdir.

Qadir Süleymanov təkcə bacarıqlı istehsalatçı deyil, həm də vətənpərvər, xalqını ürəkdən sevən bir adamdır. Qarabağımızın ağır-məşəqqətli günlərində onun təşəbbüsü ilə Sumqayıt Polimer Tikinti Materialları Kombinatı həm Qarabağ camaatına, həm də respublikanın müxtəlif şəhərlərinə, həmçinin Sumqayıta pənah gətirmiş qaçqın və köçkünlərimizə, didərginlərimizə maddi yardım göstərmiş, onlara mənəvi dayaq olmuşdu.

Geniş və səmərəli həyat fəaliyyəti, hər zaman saf və halal insan olması Qadir müəllimə uca Allah qarşısında da borcunu şərəflə yerinə yetirməyə haqq verirdi və o, bu borcuna əməl edərək, Həcc ziyarətində olmuşdur.

Q.Ə. Süleymanov  bir neçə elmi əsərlərin müəllifidir.  Onun elmi məqalələri Türkiyənin, Ukraynanın, Rusiya Federasiyasının və bir sıra digər ölkələrin elmi jurnallarında çap olunmuşdur. O, bir neçə elmi-tədqiqat institutunda Elmi Şuranın üzvü olmuşdur.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış yazıçı-publisist Sabir Şahtaxtının Qadir Süleymanovun 75 illiyinə həsr edilmiş “Ömür ləngəri” kitabında şərəfli ömür yolu keçmiş müəssisə rəhbərinin, Sumqayıtın tanınmış, nüfuzlu ziyalısının əmək fəaliyyətindən, heç də asan olmayan həyat yolundan əhatəli bəhs edilir. Kitabda həmçinin, onun qabaqcıl bir istehsalat rəhbəri kimi respublika qəzetlərinə verdiyi müsahibələr, haqqında yazılmış oçerklər, eyni zamanda Azərbaycanın tanınmış şəxslərinin yubilyar haqqında söylədikləri fikirlər də geniş yer almışdır.

Respublikanın sabiq Tikinti Materialları Sənayesi naziri Şair Həsənovun, “Azərsənayetikinti” Açıq Səhmdar Cəmiyyətinin sədri Ənvər Əliyevin,  Azərbaycan Baş Meliorasiya və Su Qurğuları İdarəsinin sabiq rəisi Nəcəf Hacıyevin, “Azərtunelmetrotikinti” ASC-nin keçmiş sədr müavini Şaiq Eyyubovun, Bakı Şüşə zavodunun direktoru Qəzənfər Novruzovun, Bakı Asbest-şifer zavodunun direktoru, Əməkdar mühəndis Umud Məlikovun, Azərbaycanın Əməkdar jurnalistləri Oqtay Cəfərovun və Eyruz Məmmədovun Qadir Süleymanov haqqında fikirləri onun bir insan və istedadlı mütəxəssis kimi obrazını daha canlı və inandırıcı şəkildə tamamlayır.

Qadir müəllimin çoxlu dostları vardır. Aralarında bütün ixtisas sahibi olan insanlar, ziyalılar, rəhbər şəxslər, sıravi insanlar, fəhlələr də vardır. Onun dostluq kriteriyasının təməlində özünün böyük insan obrazı dayanır və o, dost dediyi insanları da öz baxış bucağından qiymətləndirərərək münasibət qurur. Onun dostları sırasında “İnşaatçı” qəzeti və onun yaradıcı kollektivi də olub. Və o, Sumqayıt Polimer Tikinti Materialları Kombinatının direktoru olduğu illərdə qəzetin maliyyə məsələlərinin həllinə hər zaman dəstək verib. Respublikada ən çətin keçid dövründə Qadir müəllim redaksiya kollektivinin zəruri ehtiyaclarını ödməyi yaddan çıxarmayıb. O, bütün dostlarına qarşı belə səxavətli, diqqətcil olub həmişə. Və təbii ki, Qadir müəllimin 80 yaşa belə gümrah, yaşamaq eşqi gözlərindən sezilən, xeyirxahlığı üzünə yazılmış nurani bir görkəmdə gəlməsi elə onun yüksək insanlıq keyfiyyətləri, xeyirxahlığı sayəsində mümkün olmuşdur.

Qadir müəllim ömrün 80-inə iş fəaliyyəti sahəsində möhtəşəm qurucu bir insan, şəxsi həyatda isə insanlıq, kişilik nümunəsi olan nüfuzlu ağsaqqal kimi gəlib. Mübaliğəsiz deyə bilərik ki, Qadir müəllim dövrünün, yaşadığı zamanın qadir kişilərindən biri olub, sözü ilə əməli hər zaman üst-üstə düşən bu ziyalı, nurlu insanın xətri-hörməti respublikamızda onu tanıyan insanlar arasında bir dünya boydadır və bu hörmət, nüfuz bu gün də var. Gəlin etiraf edək ki, belə bir ömür yaşamaq elə də asan deyil. Qadir müəlim belə bir ömür yaşayır,  ağsaqqal kimi bu gün də yolu gözlənilir, eşidilir… xoşbəxt bir ömür yaşayır.

80 yaşın mübarək, Qadir müəllim, hər zaman necə yaşayıb, işləməyi sizdən öyrəndiyimiz kimi, bu gün də sizdən nikbin əhvalla uğurlu sabahlara addımlamağın yollarını öyrənirik və öyrəməkdən zövq alırıq. Siz böyük bir məktəb, insanlıq nümunəsisiniz. Var olun.

“İnşaatçı” qəzeti

 

Oxşar xəbərlər

Leave a Comment