Ustad inşaatçı, nüfuzlu ağsaqqal

 ZIRVƏDƏ OLANLAR


60 illik əmək fəaliyyətinin 35 ilindən çoxunu Kənd Tikinti Nazirliyinə rəhbərlik edən, inşaatçı-mühəndis peşəkarlığı, böyük həyat və iş təcrübəsi ilə çağdaş inşaatımızın ağsaqqallarından olan Litvin İbiş oğlu Abasova Azərbaycanda tikinti sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2019-cu il tarixli Sərəncamı bu böyük inşaat rəhbərinin əməyinə dövlət başçımızın verdiyi əvəzsiz qiymət kimi ölkənin tikinti ictimaiyyəti tərəfindən rəğbətlə qarşılandı. Zamanında dövlətin bütün təltiflərinə layiq görülən Litvin İbis oğluna Prezidentin fəxri təqaüdünün verilməsi ölkə tikinti kompleksində hamının gözlədiyi bir məqam idi…

…Bu dünyada hərənin bir cığırı var və yollarda keçən insan ömrü hərənin taleyinə bir ömür donu biçir.

Litvin İbiş oğlunun ömür yolu 1937-ci ilin 6 aprel tarixindən qədim Azərbaycan torpaqları olan indiki Ermənistanın Yerevan şəhərindən başlanır. Onun dünyaya gəlişi – dünyamızın, yer kürəsinin SSRİ adlanan hissəsində çox ağır illər yaşanan, məşum 37-ci ilə təsadüf edib. Ölkədə repressiyanın tüğyan etdiyi bir vaxta. O illərin sınağından çıxmaq isə çox az adamlara nəsib olurdu ki, Litvin İbiş oğlunun ailəsi çox çətinliklə də olsa o əzablı illərdən salamat çıxa bildi.

Litvin müəllimin atası İbiş Vəli oğlu Abasov 1898-ci ildə indiki Ermənistanın – keçmişdə isə qədimdən qədim Azərbaycan torpaqları olan Qəmərli rayonunun Muğanlı kəndində kəndli ailəsində doğulub.

İbiş kişinin Qəmərlidə orta təhsilini başa vurduğu illər Sovet hakimiyyətinin qurulduğu dövrə təsadüf edir. O, fəhlə-gənclər məktəbində təhsil aldıqdan sonra komsomol və partiya işinə cəlb olunub. Bu o illər idi ki, Ermənistan çox hissəsi azərbaycanlılar yaşayan rayon və kəndlərdən ibarət idi və buna görə də azərbaycanlı savadlı kadrlara ehtiyac var idi. İbiş Vəli oğlu da savadı, qabiliyyəti ilə Qəmərlidə və Zəngibasarda komsomol və partiya orqanlarında fəaliyyətə başlayır.

İbiş Abasov 1930-cı illərdə Ermənistanın Vedi rayonunda ispolkomun sədr müavini, sonra isə Vedi rayon İcraiyyə Komitəsinin sədri vəzifələrində çalışıb. 1937-ci ildən isə yenicə yaradılmış Qarabağlar rayonunun birinci katibi vəzifəsini də məhz İbiş Vəli oğlu Abasova etibar ediblər. O, birinci katib vəzifəsində 1942-ci ilə kimi çalışıb. İbiş Vəli oğlu Ermənistan KP MK-nın plenum üzvü, Ali Sovetin deputatı olub.

Bu sətirləri yazarkən ilk ağlıma gələn fikir bu olur ki, Litvin Abasovun neçə illər sonra inşaatçı-mühəndis olması, vəzifə pillələrində yüksələrək kənd tikinti naziri postuna qalxması və Azərbaycan kəndini, rayonlarımızı tikən, abadlaşdıran tikinti korifeylərindən birinə çevrilməsi özü elə atası İbiş Vəli oğlunun nümunəsindən qaynaqlanıb. Yəni, elə kişinin belə də oğlu olmalıydı. Ot kökü üstə bitər – atalar deyimi əsrlərin süzgəcindən keçərək öz doğruluğunu yüzə-yüz isbatlayıb.

Litvin Abasov belə bir kişinin oğludur.

O, sənədlərini Azərbaycan Neft və Kimya İnstitutunun geoloji-kəşfiyyat fakültəsinə verdi və qəbul olundu. Və… Litvin İbiş oğlu bu gün etiraf edir ki, onun formalaşmağında bu təhsil ocağının böyük və müstəsna rolu olubdur.

O, 1959-cu ildə Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsini sənaye mülki tikinti ixtisası üzrə bitirərək inşaatçı-mühəndis oldu.

O, 1958-ci ildə diplom müdafiəsində olduğu zaman “Şimal” HES-in tikintisində V dərəcəli instruktor kimi işə qəbul olunub ki, bu yolla Bakıda qalıb işləyə bilsin. Və o, diplom işini işləyə-işləyə yazıb başa çatdırıb.

Litvin Abasov institutu bitirdikdən sonra “Azərbağırsənaye” trestinin 2 nömrəli SMD-nə (sonralar Azərbaycan SSR “Sənayetikinti” Nazirliyinin 4 nömrəli tresti) göndərilir və orada briqadir və iş icraçısı vəzifələrində çalışır.

O, 1959-cu ildə Sənaye Tikinti Nazirliyinin “Dəmir-Beton” trestinin 4 nömrəli DBM zavodunun poliqon rəisi vəzifəsinə köçürülüb. Sonralar istehsalat-texniki şöbənin rəisi, divar blokları zavodunda baş mühəndis, nəhayət “Dəmir-Beton” tresti 4 nömrəli DBM zavodunun baş mühəndisi və direktoru vəzifələrində çalışmışdır.

Daha sonralar isə o, “Dəmir-Beton” trestinin rəisi (1970-1979), Sənaye Tikinti Nazirliyinin mexanizasiya idarəsinin rəisi (1979-1980), Azərbaycan SSR kənd tikinti nazirinin müavini (1980-1986), Azərbaycan Dövlət Aqrar Sənaye Komitəsi Əsaslı Təmir üzrə Baş idarənin birinci müavini (1986-1989), “Azərkəndtikinti” İstehsalat Birliyinin rəisi (1989-1993), “Azərkəndtikinti” Dövlət Şirkətinin prezidenti (1993-1999) vəzifələrində çalışmışdır.

L.İ.Abasov Azərbaycan Respublikası Prezidentinin 131 saylı Sərəncamı ilə 13 aprel 1999-cu ildən “Azərkəndtikinti” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin olunmuşdur. Bu gün də həmin vəzifədə çalışır.

L.İ. Abasov 1982-ci ildə keçmiş SSRİ Nazirlər Sovetinin Xalq Təsərrüfatı Akademiyasının Xalq Təsərrüfatı İdarəetmə İnstitutunu bitirmişdir.

Litvin Abasovun Azərbaycan xalqı qarşısındakı xidmətləri zaman-zaman öz layiqli qiymətini alıb.

O, 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı və “Əmək şöhrəti” medalı ilə, 1971-ci ildə “Şərəf nişanı” ordeni ilə təltif olunmuşdur.

O, hələ 1976-cı ildə (43 il bundan əvvəl) unudulmaz Heydər Əliyev tərəfindən tikintidə xidmətlərinə görə ən yüksək mühəndislik tituluna – Respublikanın Əməkdar Mühəndisi fəxri adına layiq görülmüşdür.

2007-ci ildə isə Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Litvin Abasov “Şöhrət” ordeni ilə təltif olunmuşdur.

O, 1990-1995-ci illərdə Milli Məclisin deputatı olmuş, millət vəkili kimi həmişə öz seçicilərinin qayğı və problemləri ilə yaşamışdır.

 

Litvin İbiş oğlu xatırlayır:

– “1952-1953-cü illərdə məni İrəvandan qatara mindirib Bakıya göndərdilər. Bakıda bizim bir qohumumuz var idi, mən yalnız onları tanıyırdım. Onlar məni qarşıladı, bir neçə gün onlarda qaldım, ta ki, yataqxanaya düzələnə kimi. Ümumiyyətlə, mənə ömür yollarında əl tutan, kömək eləyən bir insan olmayıb. Həyatda nəyə çatmışamsa, nə qazanmışamsa hamısı ikiqat zəhmətlə hasilə gəlib. Bu da məni həmişə sevindirib. Ancaq deyim ki, mən sonralar həyatda çoxları üçün – qohum-əqrəba, tanış, dost üçün dayaq olmuşam, həyatda mənim köməyimlə, yardımımla yüksələn insanlar onlarcadır, yüzlərcədir. Və mən bunu nəyinsə xatirinə eləməmişəm. Heç bir təmənna da ummamışam. Köməyim keçən insanların sevincinə onların özü qədər, bəlkə də onlardan da çox sevinmişəm.

Çox olub ki, iki növbəli gərgin işdən sonra prorab stolunun üstündə gecələmişəm. Çünki gecə vaxtı evə getmək, səhər o başdan alabaşla işə gəlmək və dustaqlar gələnə kimi işi qaydaya salmaq əlavə qüvvə və enerji tələb edirdi.”

1980-ci ildə 5-6 ay ərzində Sənaye Tikinti Nazirliyində idarə rəisi vəzifəsində çalışdıqdan sonra Litvin Abasovu onun üçün tanış olmayan, tamamilə yad olan bir sahəyə – Kənd Tikinti Nazirliyində nazir müavini vəzifəsinə irəli çəkirlər. Və aradan neçə müddət keçəndən sonra Litvin Abasov illər öncə onun həyatının Kənd Tikinti Nazirliyinə istiqamətlənməsində rolu olan insanlara özünü minnətdar bilir və özünü çox xoşbəxt sayır ki, ömrünün ən gözəl illərini, kamil çağlarını Kənd Tikinti Nazirliyində gözəl insanlarla bir yerdə keçirmiş və bu gün də onlarla bir yerdə, bir cəbhədə eyni amal uğrunda mübarizə aparır.

“Tikinti müəllimim, ustadım isə rəhmətlik Məmmədəli Abasov olub. Mən onu həmişə xoş xatirələrlə yada salır, ölməz ruhu qarşısında baş əyirəm. Mənə ideal olan, mənim ideal saydığım, müəllim hesab etdiyim bütün insanların taleyimə müəyyən mənada təsiri olub”.

Onun gözəl ailəsi var. O, ömür-gün dostu Aliyə xanımla “Dəmir-Beton” trestində çalışdığı illərdə tanış olub. Və bu tanışlıq çox uğurlu olub, onlar sabahkı gözəl və nümunəvi bir Azərbaycan ailəsinin təməlini qoyublar. Onda hər ikisi cavan idi. Litvin Abasov 4 nömrəli DBM zavodunda baş mühəndis, Aliyə xanım isə “Dəmir-Beton” trestində iqtisadçı-mühəndis idi. İstər-istəməz iş prosesində görüşür, əlaqələr, ünsiyyətlər dərinləşirdi. Və bu əlaqələr qarşılıqlı sevgi hisslərinə çevrildi, onlar ömür yollarını birləşdirdilər.

Onların iki gözəl övladları var. Oğlu Elşən İnşaat Mühəndisləri İnstitutunu bitirib, ata yolunun davamçısı kimi taleyini inşaatçı-mühəndis ixtisasına bağlayıb. Bir müddət inşaatda çalışıb, atası kimi qurub-yaradan insanlarla sıx təmasda işləyib. Uzun müddət Azərbaycan Respublikası Prezident Aparatında çalışıb, Goranboy rayon İcra Hakimiyyətinin başçısı olub. Sonra “Azərkəndtikinti” ASC sədrinin birinci müavini işləyib. Hazırda Ekologiya Nazirliyində işləyir. Elşənin iki övladı var: Elvin və Nərgiz. Litvin müəllimin sevimli qızı Elnarə xanım əvvəlcə Bülbül adına orta ixtisas məktəbini, sonra isə Konservatoriyanı bitirib, elmlər namizədidir. Bir oğlu var – Rüfət.

Hansı yandan, hansı qütbdən, hansı arzu və məqsədlə baxsaq, görərik ki, onlar Litvin Abasovun ocağına baş ucalığı, qürur, böyüklük gətirirlər.

Böyük inşaatçının arzuları…

– “Ən böyük arzum odur ki, tezliklə ərazi bütövlüyümüz təmin olunsun, bu ahıl vaxtımda dağıdılmış torpaqlarımızın bərpasında, Dağlıq Qarabağda, onun ətrafında yerlə-yeksan edilmiş rayonlarımızda gedib inşaatçı fəaliyyətimi davam etdirim.

İstərdim ki, doğma, dədə-baba torpaqlarımızdan didərgin düşmüş qaçqınlarımız Qərbi Azərbaycana – doğma yerlərə qaytarılsın, orda bizim muxtariyyətimiz olsun, heç olmasa gedim o torpaqları bir də görüm.

Mən fəxr edirəm ki, inşaatçıyam. Təsadüfi deyildir ki, oğlum da, qardaşım oğlu da inşaatçıdırlar. Əminəm ki, nəvələrimdən də kimsə mənim kimi inşaatçı olacaqdır. Kiçik nəvəm Rüfət inşaatçı olmaq arzusundadır”.

Bu gün ümumən kənd tikintisi dedikdə göz önünə gələn ilk inşaatçı, ilk rəhbər Litvin Abasov olur. Baxmayaraq ki, ayrı-ayrı zamanlarda bu nazirliyə digər məşhur inşaat ustadları da rəhbərlik edib. Litvin müəllimin üstünlüyü ondadır ki, o, ötən əsrin 80-ci illərindən kənd tikintisinin rəhbərliyinə gəlib və artıq uzun illərdir ki, kənd tikintisi onun çiyinləri üzərində dayanıb.

Son söz yerində…

60 illik əmək fəaliyyətinin 35 ilindən çoxunu, yəni 80-ci illərin sonlarından bu günə kimi Litvin İbiş oğlu Kəndtikinti Nazirliyinin sükanını məharətlə idarə edib. Bu dövr ərzində qaçqın və məcburi köçkünlər üçün yaşayış evlərinin tikintisində, zəlzələdən zərər çəkmiş, eləcə də strateji əhəmiyyət kəsb edən obyektlərin bərpasında, Heydər Əliyev Fondunun vəsaiti ilə “Yeniləşən Azərbaycana yeni məktəb” Proqramı çərçivəsində respublikamızın ayrı-ayrı regionlarında məktəb binalarının, xəstəxana və digər xidmət obyektlərinin inşasında müasir dövrdə Litvin Abasovun rəhbərlik etdiyi “Azərkəndtikinti” ASC-nin kollektivi fəallıq göstərib və keyfiyyətli işləri ilə seçilib.

…Bu gün ölkənin tikinti kompleksində Litvin Abasovun nüfuzu o qədər yüksəkdir ki, təkcə elə buna görə yaşamağa dəyər. Bu həqiqətdir ki, Litvin İbiş oğlunun adı gələndə özüylə fəxr edən inşaat rəhbərlərinin hamısı ayağa durur, hamı onu Azərbaycanın çağdaş dövründə inşaat ağsaqqallarından birincisi hesab edir. Bunu Litvin müəllim çoxillik fəaliyyəti ilə qazanıb. Halal haqqıdır.

Çox hörmətli Litvin İbiş oğlu!

Uzun illər ərzində hərtərəfli dəstək verdiyiniz “İnşaatçı” qəzetinin yaradıcı kollektivi adından cənab Prezidentimizin müvafiq Sərəncamı ilə Sizə Azərbaycan Respublikası Prezidentinin Fərdi Təqaüdünün verilməsindən çox məmnunuq və Sizə möhkəm can sağlığı, uğurlar arzulayırıq. Sizin 100 yaşamağa haqqınız çatır.

Allah Sizi qorusun!

Zərbalı MİRZƏ

Əməkdar Jurnalist

 

Oxşar xəbərlər

Leave a Comment