Vətənə xidmətdə keçən şərəfli ömür yolu

Təbrik edirik!

Novruz İsmayılov – 75

İnsanın keçib gəldiyi ömür yolu onun həyatının güzgüsüdür və bu güzgüdə onun bütün fəaliyyəti öz əksini tapmış olur. Ötən günləri vərəqləyəndə heç də hamı öz izini görə bilmir, belələri hədər ömür yaşayanlardır, ancaq elələri də var ki, onların hər günü, hər saatı tarixdir, izdir. Bir neçə gün sonra 75 yaşı tamam olacaq Novruz İsmayılov da belələrindəndir. Onun bütün iş həyatı, fəaliyyət illəri həyatda qalacaq izləridir.

Novruz İsmayılov 23 yanvar 1946-cı il tarixdə Beyləqan rayonunda anadan olub. 1952-1955-ci illərdə Beyləqanda ibtidai məktəbdə, 1955-1959-cu illərdə İsmayıllı rayonunun Quba-Xəlilli kəndində 7 illik məktəbi və 1963-cü ildə indiki Şirvan şəhərindəki 2 nömrəli 11 illik məktəbi bitirib. Orta məktəbdə oxuduğu illərdə təhsil proqramına uyğun olaraq Şirvanneftdə işləyərək 2-ci dərəcəli elektrik qaynaqçısı sənətinə yiyələnib

O, 1963-cü ildə Azərbaycan Politexnik İnstitutunun inşaat fakultəsinə daxil olmuş və 1968-ci ildə mülki-sənaye tikinti ixtisası üzrə inşaatçı-mühəndis ixtisasını almışdır.

1963-1964-cü illərdə, o zamankı institut proqramına uyğun olaraq, “Bakışəhərtikinti” İdarəsinin 1 nömrəli trestinin 4 nömrəli tıkinti idarəsində, “Azərsənayetikinti” Nazirliyinin 87 nömrəli tikinti idarəsində bənna işləyib.

Novruz İsmayılov 1968-ci ildə institutu bitirdikdən sonra, təyinatla “Azərdövlətlayihə” DBLİ-nin 4-cü layihələndirmə emalatxanasına mühəndis vəzifəsinə təyinatla göndərilib. 1968-1969-cu illərdə 1 il müddətində Sovet Ordusu sıralarında xidmət edib və xidmətin sonunda zabitlik kursunu bitirib.

1969-cu ilin dekabr ayından “Azərdövlətlayihə” DBLİ-nin 4 nömrəli layihə emalatxanasında mühəndis, böyük mühəndis-konstruktor, konstruksiyaların hesablanması şöbəsində qrup rəhbəri, 2-ci layihə emalatxanasının baş konstruktoru vəzifələrində işləyib.

Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini Əliş Ləmbəranskinin rəhbərliyi ilə “Azərdövlətlayihə” DBLİ-də Bakının 2005-ci ilə qədər inkişafının Baş plan layihəsinin geniş tərkibdə müzakirəsi. 1985-ci il.

O, “Azərdövlətlayihə” DBL İnstitutunda işlədiyi müddətdə respublikamızın tanınmış memarları ilə birlikdə Bakı şəhərində indiki Nərimanov Rayon İcra Hakimiyyətinin binasının, 8-ci mikrorayonda Meliorasiya və Su Təsərrüfatı Komitəsinin 16 mərtəbəli Elmi-Tədqiqat İnstitutunun binasının, Naxçıvan Muxtar Respublikasında, Xankəndi, Şuşa, Mingəçevir və bir sıra rayonlarda digər ictimai və yaşayış binalarının layihələndirilməsində bilavasitə iştirak edib.

1976-1977-ci illərdə Bakı şəhərində Heydər Əliyev adına İdman-Konsert Kompleksinin yükdaşıyan dəmir-beton çərçivələr və özüllərin (vant konstruksiyalı dam örtüyü istisna olmaqla) konstruksiyalarının hesablanmasında iştirak edib.

Novruz müəllim 1977-ci ildə “Bakışəhərdövlətlayihə” İnstitutunda işləməyə dəvət olunub və bu institutda mühəndis işləri şöbəsinin baş konstruktoru, institutun baş konstruktoru, texniki şöbənin müdiri – baş mühəndisin müavini, 1 nömrəli konstruktor şöbəsinin rəisi vəzifələrində 1992-ci ilə kimi işləyib.

“Bakışəhərdövlətlayihə” İnstitutunda işlədiyi müddətdə Bakı şəhərində indiki Kapital Bankın, Respublika Baş Prokurorluğunun, 500-cü məhəllədə Milli Təhlükəsizlik Nazirliyinin 1-ci mərtəbəsi poliklinika üçün nəzərdə tutulan 18 mərtəbəli yaşayış binasının, 16-cı Müəssisənin (keçmiş Xəritəçəkmə Komitəsi) 12 mərtəbəli inzibati binasının konstruksiyalarının hesablanmasında və layihələndirilməsində bilavasitə iştirak edib. O, həmçinin Hövsan, Günəşli, Əhmədli, Lök-Batan yaşayış massivlərinin, 7, 8, 9-cu mikrorayonların layihələndirilməsində iştirak edib və tikintilərə müəllif nəzarətini həyata keçirib. Novruz müəllim Azərbaycanın 60 illik yubileyinə töhfə olaraq Bakıda tikilməsi nəzərdə tutulan “Gülüstan” Şadlıq Sarayının konstruksiyalarının hesablanmasında, layihələndirilməsində bilavasitə iştirak edərək, tikinti prosesinə müəllif nəzarətini həyata keçirib.

Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Sovetinin 1982-ci il 11 may tarixli qərarı ilə Bakı şəhərində “Gülüstan” Şadlıq Sarayının layihələndirilməsi və tikintisindəki əməyinə görə Azərbaycan SSR Dövlət Mükafatı Laureatının medalı və diplomu ilə təltif olunub.

O, 1992-ci ilin 1 iyul tarixindən 1993-cü ilin 3 mart tarixinədək köçürmə yolu ilə “Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş Arxitektura İdarəsi”nin rəis müavini, eyni zamanda “Mütərəqqi inşaat konstruksiyaları şöbəsi”nin müdiri vəzifəsində işləyib.

N.İ. İsmayılov 1993-cü ilin 3 mart tarixindən Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının tikinti şöbəsində referent, böyük referent, böyük məsləhətçi və baş məsləhətçi (Dövlət qulluğunun müşaviri) vəzifələrində çalışıb.

Azərbaycan Respublikasının Nazirlər Kabinetində işlədiyi müddətdə şəhərsalma və tikinti sahəsində Nazirlər Kabinetinin bir sıra qərar və sərəncamlarının hazırlanmasında iştirak edib. Rəhbərliyin tapşırığı əsasında M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının, N. Gəncəvi adına Ədəbiyyat Muzeyinin, Akademik Zərifə Əliyeva adına Milli Oftolmologiya Mərkəzinin binalarında və digər ictimai və yaşayış binalarının yenidənqurulması və əsaslı təmiri işlərində iştirak edib.

Onun bir mütəxəssis kimi yetişməsində o zaman “Azərdövləlayihə” İnstitutunun direktoru olmuş T. Abdullayevin, institutun baş mühəndisi Eldar Məmmədovun, həmin institutun baş konstruktoru və Azərbaycan Memarlıq və İnşaat Universitetiin prorektoru, hazırda Agentlikdə məsul vəzifələrdə çalışan Xalid Nəcəfovun və həmin universitetin dəmir-beton konstruksiyaları kafedrasının müdiri, professor Qəni Məmmədovun və bir çox müəllim və mütəxəssislərin əməyi böyükdür və Novruz müəllim ona göstərilən diqqət və qayğını heç zaman unutmur, bu gün – ömrünün 75-ci ilində də onları məmnunluqla xatırlayır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 5 avqust tarixli 223s nömrəli Sərəncamı ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə uyğun olaraq 2011-ci il 8 avqust tarixindən pensiyaya çıxması ilə əlaqədar dövlət qulluğuna xitam verilmişdir.

2011-ci ilin 1 sentyabr tarixindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətlayihə” DBL İnstitutunun memar və konsruktorlardan ibarət olan 1-ci memrlıq-planlaşdırma şöbəsində rəis müavini vəzifəsində çalışıb və işlədiyi müddətdə Bakı şəhəri, Şəfayət Mehdiyev küşəsində tikilən yeraltı 3 mərtəbəli qarajlı, yerüstü 3 mərtəbəli ticarət mərkəzi və qalan mərtəbələri yaşayış üçün nəzərdə tutulan 20-21 mərtəbəli (A,B,C blokları) yaşayış binalarının, Qaradağ rayonunda Bakı Ələt mağistral yolunun kənarında 800 yerlik orta məktəb və 17 saylı birləşmiş xəstəxana binasının və digər yaşayış və sosial obyektlərin konstruksiya hissəsinin layihələndirilməsində iştirak edib.

Novruz İsmayılov “Azərinşaatlayihə” DBLKT İnstitutunun rəhbərliyinin dəvəti ilə 2012-ci il 16 aprel tarixindən etibarən institutun baş mühəndisinin müavini vəzifəsində çalışır. 10 ay institutun əmri ilə paralel olaraq müvəqqəti inşaat şöbəsinə rəhbərlik edib. İşlədiyi müddətdə Qəbələ şəhərində tikintisi başa çatdırılmış Heydər Əliyev adına Beynəlxalq Konqres Mərkəzinin (1200 yerlik) əsas binasının, Gilan İdman Atıcılıq Klubunun I mərhələsinin və digər obyektlərin layihələndirilməsində iştirak edib və tikintilərə müəllif nəzarətini həyta keçirib.

Hazırda Badamdar, Bayıl və Zığ qəsəbələrində baş vermiş torpaq sürüşmlərinin fəsadlarının aradan qaldırılması üçün Yaponiyanın “Şhinyei Kaisha” şirkətinin və “Azərinşaatlayihə” DBLKTİ-nin mütəxəssisləri ilə birgə işlənmiş əks-tədbirlər layihələrinin həyata keçirilməsi ilə əlaqədar aparılan tikinti işlərinə müəllif nəzarətini həyata keçirir.

Azərbaycan Respublikasında Fövqəladə Hallar Nazirliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən işlənilmiş və instituta təqdim edilmiş tikinti və layihələndirilmədə normativ sənədlərinin layihəsinə baxaraq müvafiq rəy və təkliflər verir.

Azərbaycanın və Bakı şəhərinin bir sıra rayonlarında ekzogen-geoloji proseslər baş verən ərazilərdə icra hakimiyyətlərinin və vətəndaşların müraciətləri əsasında yaşayış və ictimai binaların texniki müayinə işlərini həyata keçirir, institutun mütəxəssisləri tərəfindən aparılmış müayinə işlərinin sənədləşdirilməsində yaxından iştirak edir.

23 yanvar 2021-ci il tarixdə Novruz müəllimin 75 yaşı tamam olur. O, bir neçə gün sonra yaşadığı, dövlətə və vətənə xidmətdə keçən ömrünün 75-ci ildönümünü qeyd edəcək. O, bu gün arxaya baxanda fəaliyyət göstərdiyi 53 illik zaman içində hədər yaşanmış illər, aylar, günlər olmadığını görür və yaşadığı ömürdən qürur duyur, hələ çox illər yaradıcılıq potensialını Azərbaycanımızın iqtisadi inkişafı yolunda sərf etmək arzusu ilə yaşayıb yaradır.

Novruz müəllimi 75 illik yubileyi münasibəti ilə “Azərinşaatlayihə” DBLKTİ-nin rəhbərliyi və kollektivi adından, eləcə də “İnşaatçı” qəzetinin yaradıcı kollektivi və çoxsaylı oxucularımız adından təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayırıq.

Zərbalı MİRZƏ

Oxşar xəbərlər

Leave a Comment