YOLLARDA TARIXLƏŞƏN ÖMÜR

Təbrik edirik!

Kamil Əliyev – 60


Hansı sahədə çalışırsan çalış, ən əsası bu torpağa, bu Vətənə ləyaqətli oğul olmağı bacarmaqdır. Belələri tək çalışdıqları kollektivlərdə yox, ümumən cəmiyyətdə, xalq arasında hörmət-izzət, nüfuz sahibi olurlar. Çoxillik jurnalistika fəaliyyətimdə tikinti sahəsində olan tanınmışların çoxu haqqında “İnşaatçı” qəzetində maraqlı yazılarla çıxış eləmişəm. Ancaq bu gün 60 yaşına söz demək istədiyim yubilyarımız digərlərindən çox fərqlənir, həm insan kimi, həm də mühəndis kimi. İnsan kimi ən ali insani dəyərlərin daşıyıcısı olduğu kimi, mühəndis kimi də sənətinin fövqündə dayanan kamil və peşəkar mütəxəssisdir. Söhbət Kamil Əli oğlu Əliyevdən gedir. Azərbaycan yol iqtisadiyyatının inkişafında, onun bu günkü səviyyəyə çatmasında misilsiz xidmətləri olan, Azərbaycan yol təsərrüfatı sahəsində tanınmış alim, texnika elmləri doktoru, professor, “Şöhrət” ordenli, 1972-ci ildə yaradılmış “Xüsusiləşdirilmiş yol tresti”nin ilk rəisi və 1995-ci ildə təsis edilmiş “Azvirt” MMC-nin yaradıcısı və baş direktoru olmuş Əli Musa oğlu Əliyevin böyük oğlu Kamil Əliyevdən gedir.  

Bu gün fəxrlə qeyd etmək olar ki, çağdaş yol inşaatmızda sahənin bütün ağırlığını çiyinlərində daşıyan, rəhbər yol inşaatçılarının böyük əksəriyyəti Əli Musa oğlu Əliyevin məktəbini keçiblər və onun yetirmələridir.

Kamil Əliyev Əli Musa oğlunun həm oğlu, həm yetirməsi, həm də onun ən layiqli davamçısıdır. Onun yolunu onun adına layiq davam etdirən, onun yarartdığı şirkətin qol-budaq atması üçün bütün mühəndislik potensialını sərf edən və şirkətin beynəlxalq nüfuzunu artıran bir peşəkar mühəndisdir.

Burada kiçik bir haşiyə çıxım ki, Kamil müəllimin yol mühəndisi kimi bütün inkişaf pillələri Əli Musa oğlunun rəhbərliyi altında olub. Əli müəllim lap əvvəldən Kamilə sərbəstlik verib, onun müstəqil tikinti rəhbəri kimi formalaşması üçün münbit şərait yaradıb. Və təbii ki, bu zaman onun dərin texniki savadına, mühəndislik vərdişlərinə və ən əsası idarəetmə bacarığına güvənib.

Mən Əli Musa oğlu ilə olan çoxsaylı görüşlərimizi xatırlayıram. O, hər görüşümüzdən sonra bizi mütləq Kamil müəllimin yanına göndərirdi və tapşırırdı ki, şirkətin fəaliyyəti haqqında məlumatları da Kamildən götürün və sonra da əlavə edirdi ki, qəzetin problemlərini də Kamil məndən daha yaxşı bilir. Bu, Əli müəllimin Kamilə olan böyük inamı idi, onun gələcək şirkət rəhbəri kimi formalaşmasına verdiyi ATA və MÜƏLLİM dəstəyi idi.

Və buradaca qeyd edim ki, Əli müəllimin “İnşaatçı” qəzetinə olan münasibəti bu gün eyni doğmalıqla Kamil Əlyev tərəfindən davam etdirilir. Kamil müəllim həm də 10 ildən çoxdur ki, “İnşaatçı” qəzetinin redaksiya heyətinin üzvüdür.

 Kamil müəllimlə ilk tanışlığım 2002-ci ildə “MZ Autobahn-Bau GmbH” firmasının Bakı nümayəndəliyində texniki direktor vəzifəsində işlədiyi zaman olub. O vaxtdan 19 il ötür. Bu illərdə “Azvirt” MMC haqqında çoxsaylı yazılar hazırlasam da Kamil müəllim özü haqqında yazmağımın tərəfdarı olmayıb. Ona görə də bu 60 illik yubiley fürsətindən istifadə edib onun keçdiyi ömür və fəaliyyət illəri barədə qəzetimizin dəyərli oxucularına avtobioqrafik bilgi verməyi lazım bilirəm:

Kamil Əli oğlu Əliyev 1961-ci il may ayının 18-də Bakı şəhərində anadan olub. 1968-1978-ci illərdə Bakı şəhəri 47 saylı orta məktəbdə təhsil alıb. 1978-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olmuş və 1983-cü ildə institutu fərqlənmə diplomu ilə bitirərək avtomobil yollarının tikintisi üzrə inşaat mühəndisi ixtisası alıb. Həmin il Moskva şəhərində Ümumittifaq Yol Elmi Tədqiqat İnstitutunda aspiranturaya daxil olmuş və 1988-ci ildə namizədlik dissertasiyası müdafiə edərək texniki elmlər namizədi alimlik dərəcəsi alıb.

1988-1991-ci ildə Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunda çalışmış,  1991-1995-ci illərdə isə “Azəravtoyol” Dövlət Şirkəti Elm-İstehsalat Mərkəzinin direktoru vəzifəsində işləmişdir.

1995-ci ilin iyununda “Azvirt”  Azərbaycan-Almaniya Birgə Müəssisəsinin baş direktoru təyin olunmuşdur.

1999-2002-ci illərdə Bakı şəhər İcra Hakimiyyətinin Yol Təmir Tikinti Baş İstehsalat İdarəsinin rəisi vəzifəsində çalışmış, 2002-ci ildə “MZ Autobahn-Bau GmbH” firmasının Bakı nümayəndəliyində texniki direktor vəzifəsinə təyin olunmuşdur.

2004-cü ilin yanvarından “AzVirt” MMC-nin direktoru vəzifəsində işləyir.

2012-ci ildə  Respublika Prezidentinin Sərəncamı ilə inşaat sahəsində səmərəli fəaliyyətinə   görə   K. Əliyev “Əməkdar mühəndis” fəxri adına layiq görülmüşdür.

İndi isə şirkət haqqında bir neçə söz…

Azәrbaycan müstәqillik әldә etdikdәn qısa müddәt sonra, 1995-ci ildә Əli müəllimin şəxsi təşəbbüsü nəticəsində və bilavasitə onun rəhbərliyi altında “AzVirt” Azәrbaycan-Almaniya birgә müәssisәsi tәsis olunub və müstəqillik illərində fəaliyyət göstərdiyi ilk gündən müasir texnologiyalardan istifadə etməklə topladığı çoxillik təcrübədən yararlanaraq, eyni zamanda yüksək peşəkarlıq sayəsində tezliklə Azərbaycanın ən etibarlı şirkətlərindən birinə çevrilib. “Azvirt” şirkətinin güclü istehsalat bazası yaradılıb və bu işdə Əli müəllimin çoxillik iş təcrübəsi və uzaqgörən rəhbər səriştəsi böyük rol oynayıb.

Şirkət Azərbaycanda ilk dəfə olaraq qırmadaş–mastikalı və polimerli asfaltbeton qarışığını tətbiq edən təşkilatdır. İstehsal edilən asfaltbetonun tərkibində aktivləşdirilmiş mineral tozlardan istifadə edilir. Bundan başqa müəssisə armaturlaşdırlımış qrunt istinad divarlarını və müasir standartlara tam cavab verən drenaj sistemini quraşdırıb istifadəyə vermişdir.

Hal-hazırda yolların, körpülәrin, yol ötürücülәrinin vә digәr süni qurğuların, hava limanları üçün terminalların, uçuş-enmә zolaqlarının, sükan yollarının vә perronların tikintisi, yenidәnqurulması vә tәmiri, tikinti materiallarının istehsalı və layihәlәndirmә işlәri üzrә ixtisaslaşan “Azvirt” şirkəti müştәrilәrinә çöl-axtarış (geodeziya), layihәlәndirmә vә tikinti daxil olmaqla kompleks xidmәtlәr tәqdim edir.

“Azvirt” MMC 24 iyul 2008-ci ildə Beynəlxalq Standartların İSO 9001:2000 Qeydiyyat Sertifikatını almışdır.

Və bu gün “Azvirt” MMC respublikanın yol inşaatçında ən nüfuzlu və etibarlı bir şirkətə çevrilib. Onların həyata keçirdiyi işlər öz miqyasına görə seçilir. Durmadan böyüyәn vә inkişaf edәn “Azvirt” MMC-nin Rumıniya, Serbiya,   Ukrayna, Bosniya və Hersoqovina, Qırğızıstan və s. ölkәlәrdә filialları açılmışdır.

“Azvirt” şirkəti Serbiya Respublikasında “E763 Belqrad-Juzni Jadran magistral yolunun Ljig-Prelina hissәsinin tikintisi” layihәsini yerinә yetirmәklә özünün fәaliyyәt mәkanını genişlәndirmәk vә biznes maraqlarını tәmin etmәkdәn başqa, daha çox iki ölkә arasında iqtisadi münasibәtlәrin inkişafında iştirak edib vә bu missiyanı layiqincә yerinә yetirib. Layihə çərçivəsində uzunluğu 40,36 kilometr olan 4 zolaqlı ikitərəfli yol 4 il ərzində inşa olunmuşdur. Üç yol qovşağı, hər birinin uzunluğu 200 metrdən 890 metrə qədər olan 4 tunel, 23-ü çoxyaruslu olmaqla 66 körpü, sürüşmə zonalarında uzunluğu 6 kilometr olan dayaq divarları tikilmişdir. 22 kilometr məsafədə çayın deltası dəyişdirilmişdir. 7 noyabr 2016-cı il tarixdə qeyd olunan avtomobil magistralının Ljig – Preljina hissəsinin açılışı olmuşdur.

Qəbələ – Ağdaş avtomobil yolunun layihəsi müzakirə olunur

 

“Azvirt” MMC-nin baş direktoru Kamil Əliyev Nobel prospektinə paralel dənizkənarı 8 hərəkət zolaqlı yolda tikinti işlərinin gedişi barədə cənab Prezidentə məlumat verir.

Qəbələ Hava Limanının açılış mərasimində…

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə tanış olur. 26 dekabr 2019-cu il.

K.Ə. Əli­yev   “Azvirt” MMC-nin baş di­rek­to­ru­ kimi Ba­kı­nın və elə­cə də öl­kə­nin müx­tə­lif böl­gə­lə­rin­də yol tə­sər­rü­fa­tı­nın in­ki­şa­fın­da, möv­cud yol­la­rın əsas­lı və ca­ri tə­mi­rin­də, ye­ni yol­la­rın çə­ki­li­şin­də, kör­pü­lə­rin sa­lın­ma­sın­da, pay­tax­tın kü­çə və pros­pekt­lə­ri­nin abad­laş­dı­rıl­ma­sın­da də­yər­li əl iz­lə­ri qoy­muş­dur.

Burada bir məqamı diqqətə çatdırım ki, Kamil müəllimin şirkətin rəhbərliyində təmsil ollunduğu son 15 il şirkətin inkişafının ən uğurlu mərhələsidir və “Azvirt” MMC-nin qazandığı uğurlarda Kamil müəllimin rəhbərlik bacarığı həlledici rol oynayıb və bu gün də oynayır desək, heç də yanılmarıq.

Ötən müddət ərzində şirkət kollektivinin gücü ilə reallaşdırılan yol-tikinti layihələrini və digər strateji sosial infrastruktur layihələrini sıralasaq uzun bir siyahı alınar. Fikrimcə, şirkətin müstəqil Azərbaycanın tikinti tarixindəki yerini və rolunu xarakterizə etmək üçün siyahıdan bəzi layihələri qeyd etmək yaxşı olar.

“Azvirt” MMC arxada qalan illərdə “Şәmkir-Qazax”, “Böyük Şor dairәsi-Heydәr Әliyev Beynәlxalq Hava limanı”, “Heydәr Әliyev Beynәlxalq Hava limanı-Mәrdәkan-Bilgәh”, “Bilgәh-Novxanı-Sumqayıt”, “Buzovna-Mәrdәkan-Qala”, “Qala-Pirallahı”, “Qәbәlә-Ağdaş (km 0,0÷22,0)” avtomobil yollarının yenidәnqurulması, “Nobel prospektinə paralel dənizkənarı 8 hərəkət zolaqlı yeni avtomobil yolunun tikintisi”, “Bakı – Ələt avtomobil yolunun 4÷6 km hissəsinə bağlantı yollarının tikintisi”, “Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq Koroğlu metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisi” layihәlәrini vә bu layihәlәr çәrçivәsindә bir sıra körpü vә tunellәri (Sabunçu körpüsü, Suraxanı qovşağındakı körpü, Hava limanı qovşağındakı körpü, Binә qovşağındakı asma körpü, Mәrdәkan yol qovşağında körpü vә tunel, Buzovna qovşağında tunel vә yol ötürücüsü, Kardiologiya Mәrkәzinin qarşısındakı tunel, Olimpiya Stadionina giriş yollarında 2 körpü və 2 tunel vә s.), yeraltı vә yerüstü piyada keçidlәrini tikmәklә ölkәmizdә avtomobil yolları şәbәkәsinin inkişaf etdirilmәsinә öz layiqli töhfәsini vermiş və bu gün də verməkdədir.

Həmçinin, Qəbələ rayonu, Mirzəbəyli – Çuxur Qəbələ – Dızaxlı – Çarxana avtomobil yolunun yenidənqurulması, Bakı şəhəri, Heydər Əliyev Beynəlxalq Hava Limanında Yeni Aerovağzal Kompleksinin tikintisi, Hava Nəqliyyatı Nəzarət Qülləsinin tikintisi, Mövcud Aerovağzal Terminalının yenidənqurulması, Ağ şəhər layihəsi çərçivəsində avtomobil yollarının tikintisi,”Formula-1 Avropa Qran Pri” yarışlarının keçirilməsi üçün təmir işləri və sair layihələr də Kamil Əliyevin rəhbərliyi altında yüksək səviyyədə həyata keçirilmişdir.

«Azvirt» şikəti ölkəmizdə bir çox layihələrin reallaşdırılmasında baş podratçı kimi iştirak etmişdir. İlk öncə fəaliyyətini əsasən paytaxt Bakı şəhərində quran şirkətə sonradan ölkənin müxtəlif hissələrini birləşdirən əhəmiyyətli magistral yollar, daha sonra isə Gəncə, Lənkəran, Zaqatala, Qəbələ, Yevlax kimi böyük şəhərlərdə mühüm layihələrin reallaşdırılması həvalə olunmuşdur ki, bu da şirkətə qarşı artan inam və etibarın bariz nümunəsidir.

Şirkət nəqliyyat sektorunun mühüm sahələrindən biri olan hava nəqliyyatının da inkişaf etdirilməsinə öz töhfələrini verir. Gəncə və Lənkəran Hava Limanlarında uzunluqları 3300 m, Zaqatala Hava Limanında uzunluğu 2200  m, Qəbələ Hava Limanında uzunluğu 3600 m, Yevlax Hava Limanında uzunluğu 2400 m, Heydər Əliyev Beynəlxalq Hava Limanında uzunluğu 4000 m olan uçuş-enmə zolağı tikilib istifadəyə verilmişdir.

Ümumiyyətlə, “Azvirt” şirkəti 20 il ərzində əsasən yol və aerodromların tikintisində iştirak etmiş və 6 ədəd Hava Limanı, Heydər Əliyev Beynəlxalq Hava Limanında yeni Aerovagzal kompleksi tikib istifadəyə vermişdir. Hərəkət zolaqlarının sayı 4-12 və ümumi sahəsi 6,9 mln. m2 olan 350 km uzunluğunda yol, habelə, ümumi sahəsi 1,1 mln. m2 olan uçuş-enmə zolaqları, yönəldici yollar və perronlar tikilmişdir.

Son 10 ildə Şirkət tərəfindən 89 ədəd körpü və yol ötürücüsü (onlardan 65 ədədi Serbiyada istismara verilmişdir), 9 tunel, 21 ədəd yeraltı və yerüstü piyada keçidləri tikilmişdir.

“Azvirt” MMC -nin kollektivi hazırkı vaxtda respublikamızın ərazisində “M-1 Bakı-Quba -Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi, Lot 1-4,  km 00+000 – km 92+238”; “Əhmədbəyli – Füzuli – Şuşa  avtomobil yolunun km 34+000 – km 51+000 hissəsinin tikintisi”; Zəfər Yolunun  km 34+000 – km 51+000 hissəsinin tikintisi”; Füzuli – Hadrut avtomobil yolunun tikintisi; Horadiz – Cəbrayıl – Zəngilan – Ağbənd avtomobil yolunun km 66+000 – km 123+000 hissəsinin tikintisi”; Füzuli Beynəlxalq Hava Limanının tikintisi; Zəngilan Beynəlxalq Hava Limanının tikintisi; Laçın Beynəlxalq Hava Limanının tikintisi obyektlərində tikinti işlərini uğurla davam etdirir. Şirkətin əsas məqsədi tikintisi davam etdirilən yolları və digər obyektləri vaxtında və keyfiyyətlə tikib xalqımızin istifadəsinə vermək və bununla da ölkənin nəqliyyat infrastrukturunun inkişafına öz layiqli töhfəsini verməkdən ibarətdir. Bundan başqa Şirkət gələcəkdə fəaliyyət məkanını genişləndirərək nəinki ölkə daxilində, eləcə də bir sıra Avropa və MDB ölkələrində müxtəlif inşaat layihələrində iştirak etməyi hədəfləyir.

Şirkət dəfələrlə “Consulting & Business” jurnalının təsis etdiyi “İlin Şirkəti” uğur milli mükafatına, “Business time” jurnalının təsis etdiyi “Azeri Business Award” mükafatlarına layiq görülmüş, 2015-ci ildə MDB ölkələri arasında keçirilən X Beynəlxalq Müsabiqədə “ən yaxşı tikinti şirkəti”  hesab olunmuşdur.

Əməkdar Mühəndis Kamil Əliyevin rəhbərlik etdiyi “Azvirt” MMC-nin bu gün respublikanın yol inşaatında xüsusi çəkisi vardır. Çəkdiyi yolların  keyfiyyətli və uzun ömürlü olması ən yüksək dairələrdə etiraf olunur. Belə ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev 2019-cu ilin dekabrın 26-da Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə tanış olarkən, görülən işlər barədə dövlətimizin başçısına məlumat vermək üçün Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisini həyata keçirən “Azvirt” şirkətinin baş direktoru Kamil Əliyev də Prezidentin yanında idi.

Prezident İlham Əliyev “Azvirt” şirkətinin baş direktoruna üzünü tutaraq, “Siz də bu yolları keyfiyyətlə çəkirsiniz, bilirəm” deyərək sözlərinə belə davam edib.

“Siz Bakı-Aeroport yolunu 2008-ci ildə istifadəyə verdiniz, bu günə qədər orada demək olar ki, heç bir problem yoxdur. Yolu on bir il ərzində belə vəziyyətdə saxlamaq üçün, əlbəttə, böyük təcrübə və keyfiyyət olmalı idi. Ona görə bu yolu da eyni keyfiyyətlə çəkməlisiniz. Azərbaycan dövlətinin dəstəyi ilə siz xaricdə layihələr reallaşdırırsınız. Eşitmişəm ki, indi sizin fəaliyyət dairəniz genişlənir, yeni ölkələrə öz təkliflərinizi təqdim edirsiniz. Çox yaxşı, Azərbaycan şirkətləri həm Azərbaycanda, həm də başqa ölkələrdə layihələrdə iştirak etməlidirlər”.

Çağdaş dövr Azərbaycan yol inşaatının tanınmış siması, kamil bilicisi, respublikanın Əməkdar Mühəndisi Kamil Əliyevin rəhbərlik elədiyi “Azvirt” MMC kollektivinin həyata keçirdiyi bütün layihələr hər zaman öz xüsusi keyfiyyəti ilə seçilib və ölkə başçısı cənab İlham Əliyev tərəfindən dəfələrlə təqdir olunub.

Yol inşaatının ölməz korifeyləri sırasında öz adını əbədiləşdirmiş böyük müəllim, professor Əli Musa oğlu Əliyevin ocağından ancaq Kamil Əliyev kimi kamil mütəxəssis, peşəkar rəhbər çıxa bilərdi.

 Bu gün – 18 may 2021-ci il tarixində Kamil Əliyevin 60 yaşı tamam olur. 60 ilin zirvəsindən çevrilib arxaya – yaşanmış illərə boylananda Kamil müəllim hədər yaşanmamış zəngin bir ömrün yaşantılarını və möhtəşəm fəaliyyət izlərini – çəkdiyi yolları, körpüləri, yol ötürücülərini, çoxlu sayda infrastruktur layihələrini, hava limanlarını və bir də yaxşılıq etdiyi insanların məmnun çöhrələrini görür və asudə nəfəs alır, yaşadığı ömürdən qürur duyur. Kamil müəllimin 60 yaşını bu gün bütün “Azvirt” MMC kollektivi ən əziz bir adamının, böyük və xeyirxah rəhbərinin yubileyi kimi böyük sevinclə qeyd edir. Bu gün həmçinin ölkənin tikinti kompleksində, eləcə də yol inşaatında Kamil Əliyevi tanıyan yüzlərlə insan, bu sahənin mütəxəssisləri onun ad gününü təbrik edirlər.

Yazımın əvvəlində demişdim ki, insan hansı sahədə çalışırsa çalışsın, ən əsası bu torpağa, bu Vətənə ləyaqətli oğul olmağı bacarmaqdır, özünü bu vətənə, bu dövlətə, onun vətəndaşlarına həsr eləməyi, yaxşı və xeyirxah insan olmağı bacarmaqdır. Sənin qiymətini zaman və xalq özü verir.

Ürəyi özündən böyük olan Kamil Əliyev yaşadığı ömürlə özünü və adını tanıdığı bütün insanların qəlbinə yaza bilmiş, rəhbərlik etdiyi kollektivdə olduğu kimi, cəmiyyətdə də böyük nüfuz və hörmət qazanmışdır.

Qəzetimizin böyük dostunu – Kamil müəllimi 60 illik yubileyi münasibəti ilə “İnşaatçı” qəzetinin yaradıcı kollektivi və çoxsaylı oxucularımız adından, eləcə də ölkənin tikinti kompleksi işçiləri adından səmimiyyətlə təbrik edir, ona gələcək tikinti-quruculuq fəaliyyətində yeni və daha böyük uğurlar arzulayırıq.

Sizə zirvələr yaraşır, əziz Kamil müəllim, 60 illik yubileyiniz mübarək olsun!    

Zərbalı MİRZƏ,

Əməkdar Jurnalist

Ürəyi özündən böyük İNSAN

“Ot kökü üstə bitər” deyib atalarımız. Kamil müəllimin atası Əli Əliyev Azərbaycanın yol inşaatının zirvəsində dayanan korifey mühəndis, yol tikintisində hamımızın  etalon və istinad nöqtəsi olan əsl müəllim, böyük insan  idi. Bu gün Əli Musa oğlunun yolunu respublikamızda davam etdirən yüzlərlə yol inşaatçıları arasında onun oğlu Kamil Əliyev də var.

Kamil Əliyevlə 28 illik birgə fəaliyyət dövrü mənə mənəvi haqq verir ki, onun barəsində öz fikirlərimi bölüşüm. Hərçənd ki, onun bundan heç xoşu gəlmir. Amma buna baxmayaraq bu gün ilk dəfə olaraq onun iradəsi xaricində nə var onu da deyəcəyəm, xəsislik etmədən və heç nəyi şişirtmədən. Elə onu əksəriyyətindən fərqləndirən cəhətlər də bunlardır: sadəlik, təvazökarlıq və diqqət mərkəzində olmağa can atmamaq. Onun leksikonunda “mən” sözü yoxdur – öhdəçilik götürəndə də, söz verəndə də kollektiv adından danışır, kollektivə arxalanır. Ona görə kollektiv də bir rəhbər kimi onu sevir, məsuliyyətini dərk edir və onun boynuna gotürdüyü öhtəlikləri yerinə yetirmək üçün əlindən gələni edir.

O, rəhbər işçi kimi kamil və hərtərəfli yetişmiş, böyük təcrübəyə malik bir insandır. Bu insanın qəlbi və ürəyi geniş, əqidəsi saf və təmizdir. “Azəravtoyol” İstehsalat Birliyinin Elm-Tədqiqat laboratoriyasının direktoru işləyəndə də, “Yoltəmirtikinti” Baş İstehsalat İdarəsinin rəisi olarkən də, “AzVirt” MMC-nin baş direktoru olanda da respublikamızda sanballı, faydalı və uzunömürlü yol infrastrukturu obyektlərinin tikintisində özünəməxsus izlər qoymuşdur. Onun üçün ikinci dərəcəli obyekt yoxdur. Kamil Əliyevin ən başlıca devizi- keyfiyyət, keyfiyyət və yenə də keyfiyyətdir. Bu deviz kollektivin qanına hopub, hər hansı bir nəzarətçinin iradına ehtiyac qalmır. Bir çox hallarda isə iqtisadi baxımdan ziyana düşsək də keyfiyyətə üstünlük verilib.

Onu öz həmkarlarından ən çox fərqləndirən cəhətlərdən biri də budur ki, Kamil müəllim yorulmadan işləməyi, öz üzərində daim çalışmağı bacarır və axtarışlar aparır. Səmərəli axtarışlar, faydalı tədqiqatlar isə nəticəsini vermişdir: Kamil müəllim hələ, ötən əsrin səksəninci illərində 27 yaşı olarkən müvəffəqiyyətlə dissertasiya müdafiə edərək texniki elmləri namizədi adını almışdır. Onun elmi məqalələri, monoqrafiyaları mütəxəssislərin diqqətini cəlb etmişdir.

Böyük və şərəfli ömür yolunda daim alnı açıq və üzü ağ addımlamış Kamil müəllim işlədiyi bütün kollektivlərdə peşəkar inşaatçı mühəndis kimi həmişə dərin hörmət qazanmışdır. Onun ömür yoluna nəzər salsaq təhsilində və əmək fəaliyyətində həmişə məsuliyyətli və ciddi olduğunu görərik. Təsadüfi deyil ki, Kamil müəllim inşaat sahəsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən “Əməkdar Mühəndis” fəxri adına layiq görülmüşdür. Kamil Əliyevin rəhbərlik etdiyi “Azvirt” şirkəti nəinki Azərbaycanda,  o cümlədən, ölkə xaricində – Serbiyada, Ukraynada, Qırğızıstanda, Bosniya və Hersoqovinada yerinə yetirdiyi mühüm layihələrlə həmin ölkələrdə Azərbaycanın adını yüksəklərə qaldırmışdır.

Kamil Əliyev əsl ziyalı, təcrübəli rəhbər, səmimi dostdur. O, həm də xoşbəxt ailə başçısıdır. Bu qayğıkeş ailə başçısı, nümunəvi tərbiyə verdiyi övladlarının uğurları ilə fəxr etməyə layiq gözəl insanla təmasda olanlar, onunla bir kollektivdə çalışanlar, Kamil müəllimin necə böyük bir mənəvi xəzinəyə sahib olmasının şahidi olurlar.

Bəli, Kamil Əliyevin işi, əməli, getdiyi yol dünən də faydalı olmuş, bu gün də faydalıdır. Bu faydanı ölkəmizə bəxş edən gözəl insana-Kamil Əliyevə bu yolda daha böyük uğurlar diləyirəm. Bir daha Kamil müəllimi 60 illik yubileyi münasbətilə təbrik edirəm. Ona həmişə belə cavan qalmağı, enerjili olmağı və onu sevənlərlə birlikdə sağlam canla hələ neçə-neçə yubileylərini qeyd etməyi arzulayıram.

Mənim bu yazdıqlarım AZVİRT kollektivinin fikirləri ilə üst-üstə düşdüyü üçün cəsarətlə imza atıram.

                                                  Cəfərağa ŞİRİYEV,

“Azvirt” MMC-nin baş mühəndisi,

Respublikanın Əməkdar Mühəndisi

Oxşar xəbərlər

Leave a Comment