Zəhmət dolu 60 il…

Təbrik edirik!

Çıraqov Nizami Qəfər oğlu – 60


Ölkə inşaatında uzun illər vicdanlı və məsuliyyətli əmək sərgiləyən yüzlərlə layihəçi, memar, inşaatçı-mühəndis və tikinti sektorunda təmsil olunan rəhbər kadrlar haqqında “İnşaatçı”nın səhifələrində yüzlərlə rəngarəng yazılarla çıxış etmişəm. Ancaq aralarında elələri də var ki, staylı və təcrübəli, böyük xidmətləri olsa da onlar kölgədə qalıblar, onları tanımamışam. Bunun əsas səbəbi isə onların qəzet-jurnaldan uzaq durmaları, reklamı sevməmələri olub. Və bir də yüksək təvazökarlıq hissi onların qarşısında səddə çevrilib. Təbbi ki, təvazökarlıq ən üstün insani keyfiyyətlərdən olsa da bunun da bir həddi olmalıdır. Çalışdığın sahədə bu vətənin, bu dövlətin layiqli mütəxəssisi, rəhbərisənsə nümunəvi fəaliyyətin barədə niyə də yazılmasın?

         Sizlərə təqdim etdiyim bu yazıda onlardan biri haqqında – 43 illik tikinti – quruculuq fəaliyyətinin son 20 ilini Azərbaycan avtomobil yolllarının tikintisinə sərf edən və bu sahədə çoxsaylı uğurlar qazanan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “2 nömrəli Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası” MMC-nin direktoru Nizami Qəfər oğlu Çıraqov haqqında məlumat vermək arzusundayam. Bəri başdan deyim ki, bu gün – 3 iyul tarixi Nizami müəllimin doğum günüdür – 60 yaşı tamam olur. Yəqin ki, 60 illik yubileyi olmasaydı, bu yazı da heç yazılmayacaqdı.

         Elə isə gəlin, Nizami Çıraqovun keçdiyi maraqlı və rəngarəng ömür yolunun səhifələrini sizinlə birgə vərəqləyək…

Nizami Qəfər oğlu Çıraqov 3 iyul 1960-cı ildə Azərbaycan Respublikası Kəlbəcər rayonunun Laçın kəndində anadan olmuşdur.  1977-ci ildə Kəlbəcər şəhər 1 nömrəli orta məktəbi bitirmişdir. 1978-1980-ci illərdə hərbi xidmətdə olmuşdur. 1981-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olmuş və 1985-ci ildə həmin institutu yol mühəndisi ixtisası üzrə  müvəffəqiyyətlə  bitirmişdir.

Çıraqov əmək fəaliyyətinə 1977-ci ildə Tikinti Təmir İdarəsində fəhlə kimi başlamışdır. O, 1981-1984-cü illərdə Kəlbəcər Kommunal Müəssisələri Kombinatında mühasib, 1987-ci ilədək isə kombinatın direktoru vəzifəsində işləmişdir. 1987-1990-cı illərdə isə Kəlbəcər Şəhər Sovetinin sədri vəzifəsində əmək fəaliyyətini davam etdirmişdir. Nizami müəllim bu vəzifədə çalışdığı zaman Kəlbəcər rayonunun tikinti – quruculuq həyatında yaxından iştirak etmiş, bilavasitə onun rəhbərliyi altında rayonda müxtəlif təyinatlı onlarla sosial təyinatlı obyektlər tikilərək həyata vəsiqə almışdır. Belə ki, bu müddət ərzində Kəlbəcər şəhərində yeni tipli 2 ədəd kommunal məişət binası, 57 çarpayılıq mehmanxana, 3 ədəd 32 mənzilli yaşayış binası, şəhərin yeni yaşayış massivində mərkəzi istilik sistemlərinin, şəhər mərkəzinə 2-ci su xəttinin cəkilməsi, vertolyot meydançasının tikintisi, yeni küçələrin salınması və şəhərin digər abadlıq işlərində Nizami müəllimin xüsusi əməyi olmuşdur. 1990-cı ildə isə o, daha məsul vəzifəyə, Kəlbəcər rayon Xalq Nəzarəti Komitəsinin sədri vəzifəsinə təyin edilmişdir. Nizami müəlim bu məsul vəzifədə də rayon əhalisinin mövcud problemlərinin həllində vicdanla və məsuliyyətlə çalışmış, rayon əhalisi arasında nüfuz qazanmışdır.

Nizami müəllim 1991-1996-ci illərdə “Azəravtoyol” Dövlət Şirkətinin Kəlbəcər Yol İstismarı trestinin müdiri vəzifəsində çalışmışdır.  O zaman trestin tabeliyində 10 yol istismarı idarəsi fəaliyyət göstərirdi. 1996- 2007-ci illərdə isə Nizami Çıraqov “Azəravtoyol” Dövlət Şirkətinin Kəlbəcər Yol İstismarı İdarəsinin rəisi vəzifəsində işləmişdir.

Ümumən götürdükdə bu illər Nizami Çıraqovun əmək fəaliyyətinin ən qaynar, təlatümlü dövrləridir. Gəncə-Kəlbəcər-Laçın-Həkəri avtomobil yolunun çəkilişi məlum hadisələr zamanı yarımçıq qaldı. Bərdə-İstisu avtomobil yolunun Kəlbəcər hissəsi, Ermənistanla sərhəd boyunca zastavaları birləşdirən avtomobil yollarının tikintilərinin həyata keçirilməsi və yollara xidmət göstərilməsi Kəlbəcər Yol İstismarı trestinin əhatə dairəsində idi və Nizami müəllimin rəhbərliyi altında bu rayonların ərazisində yol nəqliyyat infrastrukturunun geniş şəbəkəsi yaradılmışdı və təəssüflər olsun ki, başlanmış çox işlər yarımçıq qaldığı kimi, qurulmuş yol infrastrukturu da tamamilə dağıdılmışdır.

Nizami müəllim Kəlbəcər rayonunun müdafiəsi uğrunda görülən tədbirlədə də yaxından iştirak etmişdir. Gecə və gündüz növbələri ilə yol işçiləri və yol texnikalarını səfərbər edərək, düşmənin hərbi hissələrimizin yerləşdiyi mövqeləri istiqamətində müdafiə xəttini yarmaq cəhdlərinin qarşısının alınmasında milli ordumuzun döyüşçülərinə yaxından köməklik göstərmişdir. Kəlbəcər rayonunun müdafiəsi uğrunda 1993-cü ilin martın 27-dən aprelin 3-nə kimi gedən son döyüşlər zamanı rayonun dinc əhalisinin çətin və yüksək dağ aşırımından keçən Kəlbəcər-Gəncə avtomobil yolu ilə maneəsiz və sağ salamat çıxarılmasında böyük fəallıq və vətəndaşlıq nümunəsi göstərmişdir.

Nizami müəllim 2007-ci ildən bu günə kimi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “2 nömrəli Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası” MMC-nin direktoru vəzifəsində işləyir. O, üzərinə düşən vəzifələri yükisək peşəkarlıqla yerinə yetirir və göstərilən ehtimadı əməli işi ilə doğruldur. O, hələ uzun illər ərzində həm insanlara rahatlıq, həm də ölkə iqtisadiyatının hər tərəfli inkişafında mühüm rol oynayan avtomobil yolları sahəsinin inkişafına daha böyük tövfələr vermək əzmindədir.

Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin  20 dekabr 2012-ci il tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ Azərbaycan 2020 Gələcə Baxış ” İnkişaf Konsepsiyasının əsas hədəflərindən biri ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa nail olmaqdır. Biomüxtəlifliyin qorunması, yanacaq-enerji kompleksinin ətraf mühitə mənfi təsirinin neytrallaşdırılması, təbiətin çirklənməsinin azaldılması və qorunması, yaşıl ərazilərin bərpası və mövcud resursların səmərəli mühafizəsi istiqamətində zəruri tədbirlərin gələcəkdə də davam etdirilməsi, yolkənarı ərazilərdə atmosfer havasının çirklənmədən qorunması, eləcə də nəqliyyatın hərəkətindən yaranan səs-küyün azaldılması məqsədi ilə yolqoruyucu yaşıllıqların salınması nəzərdə tutulur. Bu baxımdan avtomobil yollarının qorunma (mühafizə) zolağında yaşıllıqların salınması, becərilməsi, bərpası və artırılması, salınmış yaşıllıqların mühafizəsi ilə bağlı zəruri işlər aparılır. Belə ki, yerli bitmə şəraitinə uyğun yerli və introduksiya olunmuş ağac və kol sortlarından istifadə etməklə, müasir dizaynla hazırlanmış layihələr əsasında yaşıllıqlar salınır, salınmış yaşıllıqlara xidmət və suvarma işləri təşkil edilir, onların xəstəlik və ziyanvericilərdən, eləcə də yanğından və digər təsirlərdən qorunması ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. Bu işlərin aparılmasında əsas məqsəd ərazidə yaşıllıq zolağını genişləndirmək, ərazinin ekoloji tarazlığının bərpasına, ekoloji mühitin sağlamlaşdırılmasının surətləndirilməsinə, buradakı mövcud torpaq qatının münbitləşdirilməsinə töhfə vermək, insanlar arasında ekologi mədəniyyəti və təbiətə qayğı hissini tətbiq etməkdən ibarətdir.

Həmçinin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 fevral 2014-cü il tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial- iqtisadi inkişafı Dövlət Proqramı”nın əsas məqsədlərindən biri də ekoloji tarazlığın təmin olunması, indiki və gələcək nəsillərin ehtiyaclarının təmin edilməsi naminə mövcud ekoloji sistemlərin qorunması və təbii sərvətlərdən səmərəli isrifadə edilməsi ilə davamlı inkişafın təmin edilməsi, regionlarda meşəsalma və meşəbərpa tədbirlərinin davam etdirilməsi, yaşıllıq sahələrinin artırılması əsas istiqamətlərdən biridir. “Dövlət Proqramı“nın icrası ilə əlaqədar Gəncə, Yevlax, Goranboy, Mingəçevir, Naftalan, Samux, Göygöl, Şəmkir, Gədəbəy, Tovuz və digər rayonların avtomobil yollarının kənarında yaşıllıq sahələrinin həcminin dəfələrlə artırılması, yolkənarının yaşıllıqlar məskəninə çevrilməsi  də Nizami müəllimin rəhbərlik etdiyi “2 nömrəli Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası” MMC tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər hesabına mümkün olmuşdur. Avtomobil yollarının istismarında, mühafizə və ayırıcı zolaqlarının  yaşıllaşdırılması ilə onların külək və su eroziyasından, qar yığıntısından mühafizəsi, ətraf mühitin sağlamlaşdırılması və avtomobil yollarının estetik görünüşünün yaxşılaşdırılması təmin edilir, mənfi təbii, antropogen və texnogen hallardan mühafizə olunur. Ekoloji balansın bərpası, ətraf mühitin qorunması, atmosferin oksigenlə zənginləşdirilməsi  də “2 nömrəli Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası” MMC-nin diqqətdə saxladığı məsələlərdəndir. Bu məqsədlə, MMC kollektivi tərəfindən yolkənarının yaşıllaşdırılması istiqamətində vacib addımlar atılır. Nizami müəllimin rəhbərlik etdiyi Cəmiyyət tərəfindən xidmət göstərilən 461 km magistral və respublika əhəmiyyətli avtomobil yolunun kənarlarında bu gün də məqsədyönlü yaşıllaşdırma işləri davam etdirilir, yol kənarları yaşıllaşır və gündən-günə gözəlləşir.

Bu gün Nizami müəllim Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin böyük kollektivində bacarıqlı mütəxəssis, səriştəli idarə rəhbəri kimi tanınır. O, işlədiyi müddət ərzində özünü təşəbbüskar, təcrübəli mühəndis, yüksək təşkilatçı rəhbər kimi göstərmişdir. İnsanlarla ünsiyyətdə nəzakətli, təvazökar və siyasi-ideoloji cəhətdən savadlı insan kimi o, öz işini daim layiqincə yerinə yetirir. Ümummilli Lider Heydər Əliyev ideyalarına bağlılıq, onun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin bütün siyasi və iqtisadi fəaliyyət kursuna sadiqlik, dövlətinə, xalqına sədaqətlə xidmət etmək, doğma Azərbaycanımızın çiçəklənməsinə dayaq olmaq Nizami Çıraqovun fəaliyyətinin əsas məhək daşı, söykəndiyi böyük dəyərlərdir.

İşlədiyi dövr ərzində dəfələrlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi tərəfindən dəfələrlə fəxri fərman və digər hədiyyələrlə mükafatlandırılmışdır. Azərbaycan Respublikasında avtomobil yollarının tikintisi və istismarı sahəsində fərqlənən bir qrup şəxsin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2017-ci il tarixli 2682 nömrəli Sərəncamı ilə Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafındakı xidmətlərinə görə Çıraqov Nizami Qəfər oğlu “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri                                                                          Saleh Məmmədov Nizami Çıraqova “Tərəqqi” medalını təqdim edir.

Adi iş günlərindən biri…

Kəlbcər-Laçın yolundakı tenel…

Mingəçevir-Bəhramtəpə avtomobil yolu…

Yolkənarı yaşıllıqlar…

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində uzunmüddətli, Səmərəli əmək fəaliyyəti və Azərbaycanda yol infrastrukturunun inkişafındakı xidmətləri nəzərə alınaraq, Nizami Çıraqov “Azərbaycan avtomobil yolları – 100 il (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunmuşdur.

O, 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Nizami müəllim ailəlidir, dörd övladı – üç qızı, bir oğlu, altı nəvəsi vardır. Bütün övladları ali təhsilli mütəxəssislərdir və hər biri öz sahəsində dövlətimizə və xalqımıza sədaqətlə xidmət etməkdədirlər. İki qızı Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Oğlu Qalib isə Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsini bitirib və hazırda BDU-nin Beynəlxalq Münasibətlər fakültəsinin müəllimi kimi “Dünya iqtisadiyyatı” fənnini tələbələrinə sevə-sevə tədris edir.

…Nizami Çıraqov bu gün öz sahəsində qədərincə tanınıb və artıq respublika miqyasında kifayət qədər ad-san qazana bilmiş yol mühəndislərindən biridir. Çoxillik iş təcrübəsi, işə vicdanlı münasibəti və kollektivi eyni məqsəd naminə toplamaq bacarığı onun kollektivdə sevilməsinə və uğurlar qazanmasına zəmin yaratmışdır. Kollektivdə hər bir işçinin hüquqları qorunur. İşçilərin sosial problemlərinin operativ həll olunması, onlara qayğı və diqqət göstərilməsi nümunəvi təşkil olunmuşdur.

O, bütün əmək fəaliyyəti illərində ictimai fəallığı ilə seçilmiş və respublikanın inkişafı üçün əzmlə çalışmış və bu gün də əvvəlki ampulasındadır.

Nizami müəllim ilk baxışdan zəhmli, qaradinməz bir adam təəssüratı yaradır. Amma təmasda olarkən bu fikrin tamamilə yanlış, onun isə əksinə, nə qədər sadə və səmimi olması insanı heyran edir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin şöbə rəisi İkram Şıxəliyevin Nizami Çıraqov haqqında dedikləri:

– Nizami müəllim Azərbaycanda yol tikinti infrastrukturunun nkişafına böyük enerji və güc sərf edən mühəndislərdəndir. Onun fədakar əməyi və bir bacarıqlı mühəndis kimi verdiyi təkliflər nəticəsində rəhbərlik etdiyi müəssisənin xidmət göstərdiyi avtomobil yollarında nəqliyyatın hərəkətinin təhlükəsizliyi təmin olunmuş, bunun nəticəsində yol-nəqliyyat hadisələrinin sayı azalmış və yollarda sərnişinlərin rahatlılığı və təhlükəsizliyi təmin olunmuşdur.

Nizami müəllim  hələ gənc yaşlarından özünü savadlı mühəndis, bacarıqlı və cəsarətli insan kimi göstərmişdir. O, rəhbərlik etdiyi müəssisələrdə qısa müddətdə nəyə qadir olduğunu göstərərək təcrübəli mühəndis kimi böyük hörmət qazanmışdır.

Nizami müəllim qısa bir dövrdə inşaat sektorunun ən çətin və xüsusi bir sahəsi olan yol tikintisində də özünü peşəkar inşaatçı kimi tanıtdırmışdır. Ən çətin  və problemli məsələlər onun məsləhətləri ilə öz həllini tapmışdır. Onun iş üslubunda diqqətçəkən xüsusiyyətlərdən biri hər bir işə dövlətçilik baxımından yanaşması idi. O, həmişə qarşıya çıxan problemlərin həllinə sistemli şəkildə nəzər salır və bu zaman görülən işin digər sahələrin perspektiv inkişafına necə təsir edəcəyi öz əksini tapır.

O, işlədiyi məsul vəzifələrdə həmişə istehsalatın çağdaş problemləri ilə ciddi maraqlanıb, istehsalat bazalarının möhkəmləndirilməsi üçün çox işlər görüb, tikintidə yeni texnologiyaların tətbiqini ön plana çəkib.

Vətənpərvər insan, gözəl və nümunəvi ailə başçısı olan, ömrünü tikinti kompleksinin inkişafına həsr edən Nizami Çıraqovun yanında istehsalat məktəbi keçən çoxsaylı inşaatçı kadrlar bu gün də tikinti sahəsində məsul vəzifələrdə çalışırlar.

Çalışdığı kollektivdə onun əmək fəaliyyəti və insani keyfiyyətləri yüksək qiymətləndirilir. Təbii ki, bu zaman qarşıda duran əsas vəzifə təkcə tikinti işlərini yox, həm də texniki yenidənqurma tədbirlərini reallaşdırmaqdır. Nizami Çıraqov savadlı, yeni düşüncə tərzinə malik rəhbər kimi bütün bu işlərə yüksək səviyyədə nəzarət edir, yol tikinti infrastrukturunun keyfiyyətlə yerinə yetirilməsini qarşıya  mühüm vəzifə kimi qoyur və buna nail olur.

Onunla birgə işləmək, xüsusən gənclər üçün çox maraqlıdır. Çünki bu adam həmişə icra olunacaq tapşırıqları izah edərkən öz fikirlərini inşaatçı dilində, çox dəqiq və sadə tərzdə işçilərinə başa salır. Vəzifəsində ciddi və tələbkar olması ilə bərabər, həm də ədalətli insandır.

Ömür boyu hamı ilə insansevər, mehriban münasibət saxlamağa, ünsiyyət qurmağa çalışan və bunu bacaran Nizami müəllim dövlətçiliyimizə, xalqımıza sadiq bir insandır.

Nizami müəllimi tanıyan bütün insanlar İkram Şıxəliyev kimi onun haqqında yuksək fikirlər söyləyir, onu peşəkar yol mühəndisi, gözəl insan, əsil vətəndaş, nümunəvi ailə başçısı kimi xarakterizə edirlər.

…Bu gün ölkəmiz yenidən qurulur, respublikamızın hər guşəsində nəhəng tikinti-quruculuq işləri aparılır. Cənab Prezidentimiz, möhtərəm İlham Əliyevin rəhbərliyi altında paytaxtımızda və bölgələrimizdə möhtəşəm tikinti-quruculuq işləri yerinə yetirilir, respublikamızın yol infrastrukturu tamamilə yenidən qurulur. Gözlərimizin qarşısında yeni bir möhtəşəm Azərbaycan yaranır və inkişaf edir. Və… bu gün müstəqil Azərbaycanımızın yol infrastrukturunu quran yol inşaatçıları arasında Nizami Çıraqov və onun kollektivi də var. Əminik ki, o, hələ uzun illər bu vətən üçün böyük işlər görəcək, yol tikintisi sahəsində yeni uğurlar qazanaraq respublikamızın iqtisadi yüksəlişinə töhfələr verəcəkdir.

Və sonda… Qəzetimizin yaradıcı kollektivi və çoxsaylı oxucuları, eləcə də ölkənin tikinti ictimaiyyəti adından Nizami müəllimi 60 illik yubliyei münasibətilə səmimiyyətlə təbrik edir, ona gələcək quruculuq fəaliyyətində yeni və daha böyük əmək qələbələri qarzulayırıq. Bütün mənalı həyat və fəaliyyət illəri doğulub boya-başa çatdığı Kəlbəcər rayonu ilə bağlı olan yubilyar dostumuza ən böyük 60 yaş arzumuz isə belədir:

Bundan sonrakı fəaliyyət illərində Kəlbəcərdə və bütün Dağlıq Qarabağda dağıdılmış yol infrastrukturunun bərpa və yenidən qurulmasında iştirak etməyi böyük yaradan sizə qismət eləsin.

Zərbalı MİRZƏ

 

Oxşar xəbərlər

Leave a Comment