Zəhmətilə nüfuz qazanmış tədqiqatçı-alim

Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun Elmi Şurasının və Azərbaycan Memarlar İttifaqının üzvü, AzİMETİ-nin “Zəlzələyədavamlı bina və qurğular” laboratoriyasına rəhbəri, texnika elmləri namizədi, tanınmış ziyalı və gözəl insan Rövşən Ağarza oğlu Rzayevin bir neçə gün öncə 60 yaşı tamam oldu.

Sadə və təvazökar, daim işinə məsuliyyətlə yanaşan, zəhmətlə dolu ömür yolu keçmiş bir insan, qayğıkeş və gözəl ailə başçısı kimi Rövşən müəllim yüksək mədəniyyəti ilə hamının hörmətini qazanmış, həmişə işlədiyi kollektivlərin sevimlisi olmuşdur. O, bu gün də çalışdığı Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun böyük kollektivində hörməti və nüfuzu olan əməkdaşlardandır.

Rövşən Ağarza oğlu Rzayev 15 yanvar 1961-ci ildə Şirvan (Əli-Bayramlı) şəhərində qulluqçu ailəsində anadan olub. Orta təhsilini başa vurduqdan sonra 1978-ci ildə Azərbaycan İnşaat Mühəndisləri Universitetinin “İnşaat” fakultəsinə daxil olaraq, 1983-cü ildə institutun “Sənaye və mülki tikinti” ixtisasını bitirmiş, inşaatçı mühəndis diplomunu almışdır.

Rövşən Rzayev ali təhsilini tamamladıqdan sonra 1983-cü ildə təyinatla Litva Respublikasının “Litov enerjitikinti” trestinin Kaunas şəhərində yerləşən Quraşdırma idarəsində usta köməkçisi kimi əmək fəaliyyətinə başlayır. 1983-1985-ci illərdə ordu sıralarında qulluq etdikdən sonra əvvəlki iş yerinə qayıdaraq 1988-ci ilə kimi Kaunas Quraşdırma idarəsində usta, iş icraçısı və sahə rəisi vəzifələrdə çalışır. Məhz burada çalışdığı illər onun bir mütəxəssis kimi kamilləşməsində həlledici rol oynayır.

Rövşən müəllim 1988-ci ildə keçmiş Sovet İttifaqı tərəfindən Azərbaycanda (Nəvai kəndində) tikintisi aparılan Azərbaycan Atom Elektrik Stansiyasına SSRİ Enerji Nazirliyi tərəfindən göndərilir və Tikilməkdə olan Atom Elektrik Stansiyasının Müdiriyyəti idarəsində mühəndis vəzifəsində çalışır. 1989-cu ildə isə Azərbaycan Atom Elektrik Stansiyasının tikintisinin dayandırılması ilə əlaqədar Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutuna kiçik elmi işçi vəzifəsinə qəbul olunur və elmi tədqiqat işlərinə cəlb olunur.

Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Abdı Qarayevin yanında növbəti iclas zamanı…

AzİMETİ-nin “Zəlzələyədavamlı bina və qurğular” laboratoriyasının rəhbəri Rövşən Rzayev laboratoriyanın kollektivi ilə…

Rövşən Rzayev 1990-cı ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda yeni yaradılan “Qurğuların sınağı və zəlzələyədavamlılığı” kafedrasına müəllim vəzifəsinə dəvət olunur və qurğuların zəlzələyədavamlığı və sınağı fənlərindən mühazirələr oxuyur, praktiki məşğələlər keçirir. O, 1991-ci ildə Moskva şəhərində Kuçerenko adına Mərkəzi İnşaat Konstruksiyaları İnstitutunun “Zəlzələyədavamlı bina və qurğular” laboratoriyasında təcrübə mübadiləsi keçir və bu zaman yeni zəlzələ rəqslərini ölçən cihaz və avadanlıqlarla, bina və qurğuların zəlzələyədavamlığı sahəsində elmi yeniliklər, problemlərlə tanış olur və onların həll olunmasında yaxından iştirak edir və çox qiymətli elmi təcrübə topladıqdan sonra 1992-ci ildə Moskva şəhərində Kuçerenko adına Mərkəzi İnşaat Konstruksiyaları İnstitutunun Aspiranturasına qəbul olunur, 1996-cı ildə “Kinematik dayaqlar üzərində çoxmərtəbəli iripanelli binaların qeyri-stasionar modellərinin işlənilməsi və tədqiqi” mövzusunda namizədlik disertasiyasını müdafiə edərək, texnika elmləri namizədi alimlik dərəcəsinə layiq görülür.

Aspirantura təhsili zamanı R.A.Rzayev 1992-ci ildən başlayaraq Rusiyanın Buryatiya Respublikasının Selenginsk, Novokuznesk, Zeya şəhərlərində “Kinematik kəmər seysmomüdafiə qurğulu 5-9 mərtəbəli kərpic və iripanelli eksperimental binaların zəlzələ yüklərinin təsirinə aparılan natura sınaqlarının”, 1996-cı ildə Soçi şəhərinin Lazerevsk şəhərində mövcud 16 mərtəbəli yaşayış binasının zəlzələyədavamlılığının 1 bal artırılmasının həyata keçirilməsində yaxından iştirak edir. Natura sınaqları zamanı qruntda binada real zəlzələ yükləri yaradılmış və bina konstruksiyalarında zəlzələ yüklərinin qiymətləri ölçülmüş, binaların zəlzələyədavamlığı qiymətləndirilmiş və onların kütləvi layihələndirilməsinə, tikintisinə aid təkliflər, tövsiyyələr layihə və tikinti təşkilatlarına verilmişdir.

Sevindirici haldır ki, Rövşən Rzayevin disertasiya işinin elmi praktik nəticələri Rusiya Federasiyasının yüksəkintensivli zəlzələ ərazilərində yeni layihələndirilən və mövcud bina və qurğuların zəlzələyədavamlılığının artırılmasında geniş istifadə olunmuşdur.

1996-cı ildə Rusiyada nəşr olunan “Sənaye və mülki tikinti” jurnalında texniki elmlər dokturu A.Kurzanov başda olmaqla bir neçə alimin “Soçi şəhərində 16 mərtəbəli mənzilin seysmomüdafiəsi” adlı məqaləsində vaxtilə Moskva şəhərində Kuçerenko adına Mərkəzi İnşaat Konstruksiyaları İnstitutunun aspiranturasında Rövşən müəllimin apardığı sınaqların elmi nəticələrindən istifadə edilməsi ilə əlaqədar rus alimi ona öz təşəkkürünü bildirmişdir.

R.A.Rzayev 1998-ci ildə “Göy-göl” mehmanxanasının “Lukoyl-Bakı” ofis binasına rekonstruksiya layihəsinin həyata keçirilməsinə görə VI Beynəlxalq ən yaxşı memarlıq əsərlərinin baxış müsabiqəsinin laureatı olub. 1999, 2001 və 2003-cü illərdə Soçi şəhərində keçirilən “Zəlzələyədavamlı bina və qurğular” Beynəlxalq Konfransında elmi məqalələrlə çıxış edib.

O, 1998-2003-cü illərdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə “Bina və qurğuların aktiv seysmoizolə tədbirləri nəzərə alınmaqla layihələndirilməsi və gücləndirilməsinin yerli şəraitə uyğun işlənməsi və müvafiq tövsiyyələrin hazırlanması” mövzusuna rəhbərlik etmiş, respublikada tikintiyə uyğun yeni “Kinematik kəmər seysmomüdafiə qurğusu” işlənilmiş və onun konstruksiyasına Azərbaycan Respublikası Standartlaşdırma, metrologiya və patent üzrə Dövlət Agentliyi tərəfindən 18.11.2003-cü ildə Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Zəlzələyədavamlı qurğunun özülü” İ 20030217 saylı patent verilmişdir. Kinematik kəmər seysmomüdafiə qurğusunun natura sınaqları aparılmış və onun nəticələrinə əsasən 2008-2010-cu illərdə bu dayaqlar üzərində 27 mərtəbəli binanın eksperimental layihəsi hazırlanmış və binada natura sınaqlarının aparılması metodları işlənilmişdir.

2011-2012-ci illərdə Rövşən müəllim “Polad konstruksiyalar”, “Daş və armodaş konstruksiyalar”, “Ağac konstruksiyalar” Tikinti Norma və Qaydaları normativ sənədlərinin azərbaycan və rus dillərində yeni redaksiyada hazırlanmasına rəhbərlik etmişdir.

1998-2006-cı illərdə MDB ölkələrinin keçirdiyi “Zəlzələyədavamlı tikililər və təbii fəlakətlərin qarşısının alınması” konfranslarında Azərbaycan Respublikasının nüməyəndə heyətində olmuşdur. Azərbaycan və MDB ölkələrində dərc olunmuş 40-dan çox elmi məqalənin, bir ixtiranın və bir dərsliyin müəllifidir.

R.Rzayev Rusiya Federasiyasının Tomsk, Kislovodsk və Mahaçkala şəhərlərində tikilmiş yaşayış komplekslərinin baş konstruktoru olmuşdur.

Respublikada reallaşdırılmış bir çox dövlət əhəmiyyətli bina və qurğuların, obyektlərin layihələndirilməsinin və mühəndisi-müayinəsinin müəlliflərindən biridir. Buna misal olaraq, “Heydər Əliyev Fondu”, “Avroviziya Mətbuat Xidməti” binalarını, “Bayraq meydanı” qurğularını, “Sumqayıt Texnologiyalar parkı”nı, “Cənub Elektrik Stansiyası”nı, “Füzuli Su Elektrik Stansiyası”nı, “Gənc Tamaşaçılar Teatrı”, “Azərbaycan Texniki Universiteti”, “Gülüstan” və “Prezident” sarayları binalarını və həmçinin İçərişəhər Tarixi Memarlıq Qoruğu ərazisində yerləşən bir çox binaları göstərmək olar.

Azərbaycan Respublikası ərazisində tikilən çoxmərtəbəli unikal bina və qurğuların respublikada Qüvvədə olan Normativ Sənədlərin tələblərinə müvafiq layihələndirilməsi üçün texniki şərtlərin işlənilməsi və bu binaların tikintisinin elmi-texniki istiqamətlərində müşayiət olunmasında da Rövşən müəllimin rəhbərlik etdiyi laboratoriyada müəyyən işlər aparılır. Buna misal olaraq, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 40 mərtəbəli, Azərbaycan Respublikası Mərkəzi Bankının 32 mərtəbəli, “Azərenerji” ASC-nin 31 mərtəbəli inzibati binalarını göstərmək olar.

R.A.Rzayev Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun Elmi Şurasının və Azərbaycan Memarlar İttifaqının üzvüdür. Rövşən müəllimin rəhbərliyi altında laboratoriya əməkdaşları bu gün aspirantura və magistr təhsillərini uğurla davam etdirirlər.

Hal-hazırda R.A.Rzayev Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunda “Zəlzələyədavamlı bina və qurğular” laboratoriyasına rəhbərlik edir. Laboratoriya zəlzələ zamanı alınmış məlumatları təhlil edərkən seysmiki qüvvələrin qurğulara təsiri nəzərə alınmaqla binaların hesablama üsullarının dəqiqiləşdirilməsində, inşaat konstruksiyalarının zəlzələyədavamlığının yoxlanılmasında, mövcud qüvvədə olan normativ sənədlərin təkmilləşdirilməsi və başqa bu kimi nəzəri və praktiki məsələlərin həll olunmasında böyük işlər görmüşdür.

Laboratoriya respublika əhəmiyyətli tarixi memarlıq abidələrinin, digər bina və qurğuların mühəndisi-müayinəsi və bərpasının texniki həllərinin işlənilməsi, binaların gücləndirilməsi və layihələrinin işlənilməsi istiqamətlərində təsərrüfat hesabi ilə aparır. Eyni zamanda şöbənin kollektivi tərəfindən respublikada mənzil tikintisinin inkişafını nəzərə alaraq “Çoxmərtəbəli hündür zəlzələyədavamlı dəmir-beton polad konstruksiyalı binaların səmərəli konstruktiv sxemlərinin seçilməsi onların hesablama metodunun işlənilməsi və layihələndirilməsi üçün vəsaitin hazırlanması” mövzusu üzərində elmi-tədqiqat işləri aparmışdır.

Hal-hazırda laboratoriyada Rövşən müəllimim rəhbərliyi ilə bina və qurğuların seysmik təsirlərə qarşı dayanıqlığının artırılması məqsədilə rezin metal dayaq yastığının təkmilləşdirilmiş konstruksiyalarının tədqiqi və onun tikinti praktikasında tətbiqi üçün tövsiyyələrin işlənilməsi istiqamətində elmi-tədqiqat işləri aparılır.

Bu gün Rövşən müəllim ömrünün ən gözəl yaşındadır. Yaradıcı, ziyalı insanlar 60 yaşda özlərini daha güclü və inamlı hiss edir, daha böyük həvəslə yaradıcı axtarışlarını davam etdirirlər. Rövşən müəllim bir mütəxəssis kimi də, bir iş yoldaşı, həmkar kimi də kollektivdə hamı tərəfindən sevilən, qəbul olunan nüfuzlu kadrlardandır. İş yoldaşları, eləcə də yaxından tanıyanlar Rövşən müəllimə rəğbət hissi ilə yanaşır, onu təşəbbüskar, qayğıkeş və yaradıcı şəxsiyyət kimi, zəhmətlə mövqe qazanmış nüfuzlu təqdiqatçı-alim kimi qəbul edirlər.

Belə bir deyim var: Hər hansı vəzifə kürsüsü insan üçün həm də özünüifadə və özünütəsdiq vasitəsidir. Tanrının bəxş etdiyi ömür payını ləyaqətlə və vicdanla yaşayan bir ziyalı insan olaraq Rövşən müəllim çalışdığı sahədə və kollektivdə özünü təsdiq edə bilmişdir.

Rövşən müəllimi AzİMETİ-də çalışan və onu tanıyan tikinti kompleksi işçiləri və dostları adından 60 illik yubileyi münasibətilə təbrik edir, ona yeni yaradıcılıq uğurları, firavan həyat, can sağlığı və uzun ömür arzulayırıq.

Zərbalı MİRZƏ

Oxşar xəbərlər

Leave a Comment