Zamanın fövqündə dayanan ön və arxa cəbhənin qəhrəmanı

Böyük qələbə – 75


(Bu günkü gənc nəslə örnək ola biləcək zəngin ömür yolu ilə əsrlərlə yaşamaq haqqı qazanmış Qurban Camal oğlu Sultanovun 1941-1945-ci illərdə Böyük Vətən Müharibəsindəki qəhrəmanlıq səhifələrini vərəqləyərkən)


Həyatın çətin sınaqlarından keçmiş, yalnız öz qətiyyəti, iradəsi və əzmi ilə özünü təsdiq etmiş kişilər hər zaman olub və onlar hansı dövrdə yaşamasından, hansı millətə mənsub olmağından asılı olmayaraq ən yüksək ehtirama layiqdirlər. Belə şəxsiyyətlərdən biri də tanınmış azərbaycanlı, həyat yolunu sadə inşaatçılıq, mühəndislik sənətindən başlayaraq, Böyük Vətən müharibəsinin odlu-alovlu illərindən qəhrəman kimi çıxmış, sonradan Azərbaycan Respublikasının Sənaye Tikinti naziri vəzifəsinə qədər yüksələn, ölkəmizin inkişafında əvəzsiz xidmətləri olan – Qurban Camal oğlu Sultanovdur. Onun millət və xalq qarşısında gördüyü işlər, keçdiyi möhtəşəm ömür yolu bu gün də insanlarda qürur hissi oyadır.

Qurban evin ikinci oğlu idi. Hələ uşaqlığından təhsilə və zəhmətə çox bağlı olub. Əli maaşa çatan gündən isə ailəsindən köməyini əsirgəməyib. Doğma ocaqda böyüyən kiçik bacı və qardaşlarının təhsil almasına hamıdan çox o, çalışıb.

Sultanovların ilki Hidayət idi. O da Gürcüstanda oxuyub ali təhsil almışdı. Hidayətlə Qurban ailədə böyük olduqları üçün zəhmətə uşaqlıqdan alışmış, həmişə atalarının arxasında dayanmışlar.

Ötən əsrin təlatümlü hadisələri bu ailədən də yan ötmədi. Acı rüzgar o dövrün bütün insanları kimi Sultanovların da həyatına zərbəsini vurdu. Müharibəyə yola düşən iki qardaşdan biri – Hidayət 1942-ci ildə Xarkov uğrunda gedən döyüşlərdə itkin düşdü. Onun ölüm xəbəri atası Camal kişini bərk sarsıtdı, onu uzun müddət yataq xəstəsinə çevirdi.

Odda-alovda bərkiyən komandir

Qurban Camal oğlu Sultanov 1919-cu ilin 22 mart tarixində, yazın ilk günündə Gəncə şəhərində anadan olub. Elmi təhsilini fəhlə fakültəsində, Zaqafqaziya Yol Mühəndisliyi İnstitutunda, hərbi təhsilini isə Tbilisidəki Artilleriya Məktəbində alıb. Artlq 21 yaşında olarkən, Qurban faşist Almaniyasının SSRİ-yə gözlənilməz hücumu zamanı orduya ilk gedənlərdən olmuş, kapitan rütbəsinə qədər yüksəlməyə müvəffəq olmuşdu. Onun döyüş yolu odlu-alovlu müharibənin başladığı 1941-ci ildən 1945-ci ilə – alman faşizmi üzərindəki böyük qələbəmizə qədər davam edib.

Müharibə yolunu Gürcüstandan başlayan Qurban Sultanov Naftuliq şəhərində bölgü zamanı Tbilisidəki 4 illik Artilleriya Məktəbinə daxil olub. Belə ki, oradakı təhsil müddəti 4 il olsa da, müharibə şəraitinə görə, bu müddət kifayət qədər azaldılmışdı.

Tanınmış jurnalist Bəhram İbrahimovun Qurban Sultanova həsr etdiyi “Qədim torpağın ləyaqətli övladı” kitabında Qurban müəllim o illəri belə xatırlayır:

“1941-ci ilin may ayının 14-ü. Bu heç vaxt unuda bilməyəcəyim tarixi bir gün idi. Həmin gün biz ali məktəbi bitirdik. Cəmi 25 nəfər idik. Mənim təyinatım Qori şəhərinə idi. Oraya yola düşdüm. Tələbəlik həyatına son qoyuldu. Neçə ildən bəri bir-birimizə isnişdiyimiz, dost-yoldaş olduğumuz adamlardan ayrılmaq məcburiyyətində qaldıq. Qoridə məni səmimiyyətlə qarşıladılar və mən axtarış-tədqiqatlar aparan bölmədə rəis kimi işə başladım. Hələ ilk maaşımı almamışdım ki, Böyük Vətən müharibəsi başladı…

…41-ci ilin isti iyun günləriydi. Bizi kiçik, səliqəli və abad Naftuliq şəhərciyinə gətirdilər və burada çox saxlamadılar. Bölgü zamanı məni Tbilisidəki 4 illik Artilleriya Məktəbində təhsil almağa göndərdilər. Müharibə ilə əlaqədar bu məktəbdə qısa müddətli kurslar yaradılmışdı. İlk 15 günlükdə birinci kursu bitirdim. Yaxşı oxuduğum və ali təhsilli olduğum üçün bir ay yarımda bütün kursları başa vurub məktəbi əla qiymətlərlə qurtardım. 100 nəfərdən çox idik. Onlardan cəmisi 15 nəfərinə, o cümlədən mənə leytenant, qalanlalrına isə serjant rütbəsi verdilər. Artıq oktyabr ayı girmişdi…”

Sonra Qurban Sultanovu və onunla birgə hərbi kurs keçən yoldaşlarının hərəsini bir tərəfə göndərirlər və onun özü isə Zaqafqaziyaya hərbi dairəsinin sərəncamına verilir:

“Bu dairə Armavir şəhərində yerləşirdi. Ordu qərargahı məni Stalinin adını daşıyan 242-ci diviziyaya göndərdi. Diviziyada məni batareya komandirinin müavini vəzifəsinə qoydular. Bu məqamda Rostov ciddi müdafiə olunurdu. Batareyaya çatdığım günün sabahısı diviziyamız hücuma başladı. Şaxtalı gecələrədə düşmənlə üz-üzə dayandıq. Başımızı qaşımağa vaxtımız yox idi. İstər arxa, istərsə də ön cəbhə faşistlərlə üz-üzə dayanmışdı. Yüngül və ya ağır yaralananları, həlak olanları saymaqla qurtaran deyildi. Buna baxmayaraq Vətən uğrunda mərdliklə çarpışan əsgər və zabitlərimiz yüksək əhval-ruhiyyədə idilər. Elə buna görə də biz tezliklə Rostov-Donu keçdik. Aydın məsələ idi ki, hitlerçiləri artıq əzmişdik və yolumuz Taqanroqa doğru idi…”

Qurban müəllimin xatirələrindən:

“…Döyüşlərin birində düşmən gülləsi komandirimizi sıradan çıxartdı. Məni batalyon komandiri vəzifəsinə təyin etdilər. Düz üç sutka almanlar tankla fasiləsiz hücuma keçdi. Biz çətinliklə də olsa, fədakarlıqla düşmənin hücumlarının qarşısını aldıq və düşmənin irəliləməsinə imkan vermədik. Oktyabrın 29-da mən yaralandım. Düz bir ay Armavir şəhərindəki hərbi hospitalda müalicə olundum.

Noyabrın sonunda ordu qərargahının sərəncamı ilə Kizlər şəhərinə göndərildim. Elə həmin vaxtda burada azərbaycanlı döyüşçülərdən ibarət batareya təşkil olunurdu və mən təzəcə yaranmış batareyanın ilk komandiri oldum. İlk gündəcə hiss etdim ki, əsgərlərin bir qismi adi silahlardan istifadə qaydasını kifayət qədər bilmir. İki həftəyədək fasiləsiz, gecə-gündüz məşqlər apardıq. Başa düşmüşdüm ki, batareyadakı soydaşlarımızın hamısı mərdliklə döyüşən, cəngavər və igid adamlardır. Silahlardan, texnika və mexanizmlərdən istifadə qaydaları üzrə keçirdiyimiz məşqlər də öz müsbət nəticələrini göstərmişdi. Buna görə də ordu qərargahına müraciət etdim ki, bizi təcili və birbaşa döyüş meydanına göndərsin. Müraciətimiz qəbul olundu.

Bizi Krasnodar şəhərinə ezam etdilər. Bu şəhərdəki “Kazak kavaleri” korpusunun 2-ci batalyonunun tərkibində birbaşa cəbhəyə yollandıq.

Artıq 1942-ci ilin may ayında Rostovun həndəvərinə idik. Rostov istiqamətində Leninqradski və Umanski adlanan stansiyalarda düşmən bizi böyük məğlybiyyətə uğratdı. Saysız-hesabsız tələfat verdik. Həlak olanlarımız, yaralananlarımız çox idi, itkin düşənlərimiz də var idi və biz korpus komandirinin əmrilə geri çəkilmək məcburiyyətində qaldıq. Kuşevski stansiyasına doğru istiqamət götürdük. Özümüz də atlı idik. Cəmi 240 nəfər idik. Əldə etdiyimiz məlumata görə, qarşımızdakı düşmənin sayı isə 10 min nəfərə yaxın idi. Buna baxmayaraq, korpus komandirinə müraciət edib at üstündə döyüşə girməyə icazə aldım. Qanlı təkbətək vuruş başladı. Biz bu vuruşmada qalib gəldik…”

                                      Macarıstan, dekabr 1944-cü il

                                Çexoslovakiya, aprel 1945-ci il

                                    Camal kişinin övladları – (soldan oturanlar) Lətifə xanım, Qurban və Sədayə xanım, (soldan ayaq üstdə duranlar) İlyas, Ənvər, Ələddin və Nurəddin Sultanovlar

Beləliklə, odlu-alovlu müharibə yolunu keçən Qurban Sultanov bu yolda qərargah rəisinin, artilleriya və diviziya komandirinin köməkçisi vəzifələrinə qədər yüksəlmişdir.

Qurban Sultanov qanlı döyüşlərdə iştirak etmiş və döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetirdiyinə və göstərdiyi döyüş şücaətinə görə “Qırmızı Ulduz” ordeni ilə, 1943-cü ildə isə “2-ci Dərəcəli Vətən Müharibəsi” və “1-ci Dərəcəli Vətən Müharibəsi” ordenləri ilə təltif edilmişdir.

Qurban Sultanov həmçinin “Qafqazın müdafiəsinə görə”, “Budapeştin alınmasına görə”, “Praqanın azad olunmasına görə” və “Böyük Vətən Müharibəsində alman faşizmi üzərində qələbəyə görə (1941-1945)” medalları ilə də təltif olunmuşdur.

O, ailəsi ilə nəfəs alırdı…

Qurban Sultanov cəbhədə döyüşdüyü bütün illərdə də evin böyük oğlu kimi ailəsi ilə daim sıx əlaqə saxlayır, olub keçənlərə öz münasibətini bildirir, bir növ böyüklük edirdi. Hər hansı bir hadisəyə, vacib bir məsələyə mütləq Qurbanın münasibəti, rəyi olmalıydı. Onsuz ailə bir qərar qəbul etmirdi.

Günlərin birində ön cəbhədə döyüşlərin qızğın bir dövründə Qurbana evdən məktub gəlir. Məlum olur ki, kiçik qardaşı Ələddin oxumağın daşını atıb və məktəbə getməkdən boyun qaçırıb. Qurbandan gələn cavab isə çox sərt olur. “Əgər Ələddin məktəbi atarsa, ona deyin ki, mənim o adda qardaşım yoxdur”.

Bu bir cümlə məktəbli oğlanın bütün düşüncələrini al-üst edir və onun sonrakı həyat yoluna işıq tutur. Ələddin Sultanov Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini uğurla bitirir, ölkənin görkəmli hüquqşünaslarından biri kimi tanınır, respublikanın bir neçə rayonunun, həmçinin Naxçıvan MSSR-in prokuroru olur, Azərbaycan Respublikası prokurorunun birinci müavini təyin olunur, Ədliyyə generalı rütbəsinə layiq görülür, Konstitusiya Məhkəməsinin hakimi təyin olunur… və ölkə prezidentinin Sərəncamı ilə “ Şöhrət” ordeni ilə təltif olunur.

***

Qurban Sultanov 1945-ci lin 9 may qələbəsini Çexoslovakiyanın (İndiki Çexiyanın) Praqa şəhərində qarşılayıb. O, müharibənin keşməkeşli yolunu 1945-ci ilin 29 oktyabrında kapitan rütbəsində və 2-ci dərəcəli əlil kimi başa vuraraq, doğma Vətəni Azərbaycana qayıdıb.

Yenidən zirvədə – bu dəfə tikinti cəhbəsində

Qurban Sultanov Vətənə döndükdən sonra Azərbaycan Dəmiryolu İdarəsinin Həmkarlar İttifaqı Komitəsində işə başlayıb, 1 il sonra – 1946-cı ildə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində təlimatçı vəzifəsinə təyin olunub. Orada iki il ərzində idarəçilik təcrübəsini təkmilləşdirdikdən sonra, yenidən istehsalata qayıdıb.

Qurban müəllim 1948-ci ildə Bakıda yaradılan böyük idarədə – “Azərneftelektrikquraşdırma” trestində işləyib. Orada baş mühəndis vəzifəsində çalışan Qurban müəllim, bir neçə aydan sonra Baş Qərb ərazi tikintisinin ən nüfuzlu təşkilatlarında Əsaslı tikinti şöbəsinin rəisi, daha sonra isə Layihə-Tikinti İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Daha sonra isə Qurban Sultanov “Azərdəniznefttikinti” sistemində məsul vəzifələrdə fəaliyyətini davam etdirib. Bir neçə ildən sonra, Qurban müəllim Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasında Tikinti şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Q.C. Sultanov 1970-ci ilin axırlarında yeni yaradılmış Sənaye tikinti nazirliyinə Ulu öndər Heydər Əliyevin razılığı ilə əvvəlcə nazir müavini, sonra isə nazir vəzifəsinə təyin edilmişdir. O, hər zaman Ulu Öndərin diqqət mərkəzində olmuş, onun respublikaya rəhbərlik etdiyi dövrlədə verdiyi tövsiyə və tapşırıqları ləyaqətlə yerinə yetirmişdir.

Qurban müəllim 1974-cu ildən uzun muddət Respublikanın Tikinti Materialları Nazirliyinin tabeçiliyində olan Bak Şifer və Keramika Məmulatları Kombinatının direktoru vəzifəsində çalışmışdır.

Qurban Sultanovun ölkənin tikinti qurucluq sahəsindəki fədakar əməyi dovlət tərəfindən yüksək qiymətləndirilib. O, 1964-cu ildə Azərbaycan SSR-in Əməkdar İnşaatçısı fəxri adına layiq görülmüş, 1966-cı ildə xalq təsərrüfatının yeddiillik planının yerinə yetirilməsində əldə etdiyi nailiyyətlərə görə “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif edilmiş, 60-cı illərdə isə Gəncə şəhər Sovetinin və Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.

Qurban müəllim inşaatçı kimi necə möhtəşəm idisə, insan kimi də mənəvi keyfiyyətləri ilə seçilirdi. Azərbaycan inşaat tarixini onsuz təsəvvür etmək sadəcə mümkün deyil. O, bu günkü gənc nəslə örnək ola biləcək zəngin fəaliyyət illəri ilə əsrlərlə yaşamaq haqqı qazanmış nadir insanlardandır.

Qurban Camal oğlu Sultanov 1998-ci il sentyabrın 30-da 80 yaşında haqq dünyasına qovuşub.

Sıravi fəhləlikdən nazir vəzifəsinəcən ucalan, Böyük Vətən Müharibəsinin qanlı illərindən qalib sərkərdə kimi çıxan, faşist Almaniyası üzərində tarixi qələbəmizdə böyük xidmətləri olan komandir kimi zəngin həyat yolu keçərək müdriklik məqamına çatan Qurban Camal oğlu Sultanovun xidmətləri bu gün də sevilə-sevilə xatırlanır, sabah da xatırlanacaqdır.

Zərbalı MİRZƏ,

Əməkdar Jurnalist

Oxşar xəbərlər

Leave a Comment